Antik dövr
Hələ qədim dövrdə həqiqətin tək mənbəyi kimi təbiəti götürənlər onu öyrənmək üçün vasitələr arayıb-axtarmışlar. Məsələn, ilahi istedada malik şəxslər (maqlar, şamanlar və s.) müxtəlif qüvvələr vasitəsilə, ayrı-ayrı rituallarla, dualarla təbiətin sirlərinə şamil olmağa, təbiət hadisələrinə müdaxilə etməyə, hətta onları özlərinə tabe etməyə çalışmışlar. Təbiətin sirri ilə yanaşı, qədim miflərin, əfsanələrin bildirdiyinə görə, insanlar əbədiyyətin sirrini də təbiətin özündə axtarmışlar. Buna nümunə olaraq, Qədim Şumer abidəsi olan «Bilqamıs dastanı»nı göstərmək olar. Burada Tanrılar əbədilik sirrini naməlum çiçəkdə gizlədirlər. Onu tapan Bilqamıs (insan) olsa da, bu hikmət, əbədilik sirri həmin çiçəyi yeyən ilana qismət olur. Təbiətdə gizlədilən sirr yenə təbiətdə qalır (Geniş bax: 2). Eyni halı həqiqəti, bütün varlıqların tək mənbəyini gah havada, gah odda, gah da suda axtaran qədim yunan fəlsəfəsində də müşahidə etmək mümkündür.
Bunlarla yanaşı, təbiəti yetərli bir mənbə kimi görməyib digər mənbələrlə onu tamamlamaq istəyən filosoflar da olmuşdur. Məsələn, fəlsəfəsinin əsasını dərkedilən dünya və tanrılar haqqında biliklər (16, 256) təşkil edən, təbiət və Yaradanı (ilahi vəhyi) eyni, iç-içə mənbələr kimi götürən Pifaqor (e.ə. VI əsr) belə hesab edir ki, O, “bütün qüvvə və yaradılmışların yaradanı, hər şeyin ilkin başlanğıcı, səmada – nurun mənbəyidir. O, həm də ümumi ata, hər şeyin düşüncəsi və canı, bütün çevrələrin hərəkətverici başlanğıcıdır” (16, 268). O, rəqəmlər vasitəsilə nəinki varlığı, varoluşu izah etməyə və onları dərk etməyə, həm də kosmosla harmoniyaya girməyə cəhd edir və “ilkin surəti və ilkin başlanğıcı dərk və ifadə etmək çətin olduğuna, sözlərlə aydın izah oluna bilmədiyinə görə, aydınlıq üçün rəqəmlərə müraciət edir” (16, 428). Onun fikrinə görə, “həqiqi varlıq maddi deyil, cismani deyil və yeganə əbədi və təsirlidir. Qalan hər şey var olanla eyni addadır – maddidir, cismanidir, doğulub və məhv olandır və sözün həqiqi mənasında var deyil” (16, 254) və o, “rəqəmləri təqlid etdiyi üçün vardır” (16, 255). Bu səbəbdən, Pifaqor həqiqətə çatmaq, onu dərk etmək üçün əsl mahiyyətə can atmaq, onunla harmoniyada olmağı əsas və yeganə şərt kimi qəbul edir.
Pifaqordan fərqli olaraq Platon irəli daha bir addım atır və öz müəlliminin yolunu davam etdirərək insanı düşüncə obyektinə çevirir və «insanı ilahi sərvətin bir hissəsi» (19, 639 (62 b)) hesab edir. Lakin insan sadəcə ilahi sərvət deyil, həm də bütün varlıqları öz düşüncəsində ehtiva edir. Sokratın fikrinə görə, «Şeylər iki cürdür: əbədi, yaradılmayan və daim yaranan, lakin heç vaxt varlığı olmayan. Düşüncə və fikirlə dərk edilənlər, görünür ki, daim var olanlardır; rəy və ağılsız hisslərə tabe olanlar isə yaranır və məhv olurlar, heç vaxt həqiqətən var olmurlar» (18, 469 (28 a)). Onu da xüsusilə vurğulayaq ki, Sokrat fəlsəfəsində söhbət maddiyyat fövqünə qalxa bilən insandan gedir, çünki «filosof ilk növbədə ruhunu bədənindən azad etməklə özünü müşahidə edə bilir» (19, 642 (65 a)). Deməli, insan maddiyyatdan uzaq olmaqla bütövə – hissəsi olduğu ilahi mülkə birləşmək və bununla da hər şeyi dərk etmək qüdrətindədir: «Məgər düşüncədə – yalnız orada – həqiqi varlıqdan nə isə onun qarşısında açılmırmı?» (19, 643 (65 c)). Göründüyü kimi, Platon həqiqi varlığın sirlərini haradasa kənarda – təbiətdə, ilahi qüvvədə deyil, insan ruhunda cəmləşdirir – mərkəz nöqtəyə insanı qoyur. Filosof yazır: “Əgər bütün ruh bütövlükdə öz fəlsəfi başlanğıcının ardınca gedirsə və ziddiyyətlərlə parçalanmırsa, onda onun hər hissəsi nəinki qalan hər bir şeyi ədalətlə edə bilər, həm də bunda özünün xüsusi məmnuniyyətlərini, ən yaxşıları və gücü çatdığı qədər ən həqiqiləri tapa bilər” (17, 346).
Antik dövrdə fəlsəfə özündə bir çox elmləri ehtiva etmiş və zaman-zaman bu elmlərdən hər biri müstəqillik əldə edərək özünə spesifik bir inkişaf yolu seçmişdir. Bu özünü mənbələrə münasibətdə də göstərmişdir, xüsusilə Platon fəlsəfəsində. Belə ki, mənbələr bir-birilə sıx bağlı olsa da, sanki bir-birlərini tamamlasa da, hər üçü vahid bir mənbədən qaynaqlanmışlar. Bu mənbələrin bölünməsi və get-gedə nisbi müstəqillik qazanmaq istiqamətində inkişaf etməsi ilk olaraq Aristoteldən başlamışdır. Təsadüfi deyil ki, orta əsrlərdə də bir mənbənin digərlərini kölgələməsinə imkan yaradan fəlsəfi cərəyanların mərkəz nöqtəsində məhz Aristotel təlimi durmuşdur. Buraya nümunə olaraq həm xristian, həm də islam aləmində yaranmış fəlsəfi məktəbləri göstərmək olar. Onu da əlavə edək ki, məhz məktəblərin müstəqilləşməsinin nəticəsidir ki, din və elm bir-birindən sürətlə əks qütblərə çəkilmiş, aralarında ziddiyyətlər, barışmazlıqlar artmışdır.
Dostları ilə paylaş: |