Anahtar kelimeler: Doğa Kitabı, vahiy, insan, Hakikat, Doğu, Batı.
Sosial-siyasi elmlər
Cəmiyyətin həyatında informasiyanın və informasiya mübadiləsinin əhəmiyyəti
Aslan Aslanov
Sürətlə qloballaşan müasir dünyanın beynəlxalq münasibətlər sistemində informasiya inkişafın hərəkətverici qüvvəsinə çevrilmişdir. Yeni dünya düzənində mass-medianın elmi-nəzəri və praktik konsepsiyasını araşdıran alimlərin tədqiqatlarında belə bir fikrə tez-tez rast gəlmək olur ki, hazırda dünyanın güc mərkəzlərinin siyasətini məhz informasiya formalaşdırır. İndi istər qabaqcıl dövlətlər, istərsə də inkişaf etməkdə olan ölkələr beynəlxalq əlaqələr sistemində münasibətlərin prioritetlərini toplanmış və təhlil edilmiş informasiya əsasında müəyyənləşdirir.
Bu amili nəzərə alan tədqiqatçılar yazırlar ki, hələ ötən əsrin 60-70-ci illərindən başlayaraq sənaye cəmiyyəti kompyuter texnologiyalarının sürətli inkişafa yol açdığı yeni epoxaya daxil olmuşdur. Futuroloq A.İoseliani “İnformasiya cəmiyyəti” adlı əsərində qeyd edir ki, bu epoxaya keçid bilavasitə informasiya iqtisadiyyatının yaranması zərurəti ilə əlaqədardır (9, 325).
Elmi ədəbiyyatda informasiya cəmiyyəti, onun sosioloji, fəlsəfi və futuroloji mahiyyəti barədə müxtəlif fikirlər vardır. Bəziləri onu informasiya iqtisadiyyatının, bir başqaları modernləşdirmənin, digərləri postindustrial sistemin meydana gətirdiyini yazırlar. İnformasiyanın bəşəriyyətin həyatında həlledici amilə çevrilməsi barədə konseptual proqnozların patriaxlarından olan Elvin Toffler yazır ki, informasiya cəmiyyəti haqqında müxtəlif elmi konsepsiyaların ortaya çıxmasında postindustrial pradiqması əsas götürülmüşdür (13, 67).
Görkəmli filosof alim, akademik Ramiz Mehdiyev “Azərbaycan: qloballaşma dövrünün tələbləri” adlı fundamental əsərində yazır: “Modernləşmə dünya birliyinə nüfuz edərək, “ikinci dalğa”nı – industrial svilizasiyanı tədricən əvəzləyir. Dünya sivilizasiyasının dalğaları əvəzlənərək, tarixi inkişafın qatlarına yeni münasibətlər, iqtisadi prioritetlər və imkanlar, habelə siyasi normalar və təsisatlar gətirir, fərdin sosial simasını dəyişdirir. İndi dünyanın üçüncü Toffler dalğasının qoynunda olduğu bir vaxtda, informasiya cəmiyyətinin reallıqlarını təzəcə mənimsəyən yeni müstəqil dövlətlərdə təbii modernləşmə başlayır” (12, 63).
Bu konsepsiyalardan irəli gələn qənaəti ümumiləşdirərək, informasiyanın cəmiyyət həyatındakı əhəmiyyətini qısaca belə ifadə etmək olar: cəmiyyətin inkişafının yeni mərhələsində iqtisadiyyatın və sosial həyatın əsas resurslarından biri informasiyadır.
Müasir dünyamızda informasiya həm də çox baha qiymətə satılan, mübadilə edilən və kifayət qədər etibarlı vasitələrlə qorunan məhsuldur. Bununla bərabər, digər resurslardan fərqli olaraq, informasiya maddi sərvətlərin elə yeganə növüdür ki, o, heç vaxt tükənmir, əksinə, getdikcə daha da artır, işləndikcə köhnəlmir, keyfiyyətcə yeniləşir, eyni zamanda, ondan təbii əmtəə növlərindən səmərəli faydalanmaqda, onların qorunmasında, yenilərinin yaradılmasında istifadə olunur. Çünki informasiyanın ehtiva etdiyi elmi və təcrübi biliklər olmadan təbii sərvətlərin hasilatı, emalı və bazara – istehlakçıya çatdırılmasının yeni üsullarını yaratmaq mümkün deyildir.
Digər mühüm məqam ondan ibarətdir ki, maddi sərvətlərlə bağlı sövdələşmələr rəqabət doğurduğu halda, informasiya mübadiləsi əməkdaşlığa rəvac verir və burada meydana çıxan rəqabət intellektual mahiyyət daşıyır. Bu mənada informasiya elə sərvətdir ki, onu təəssüflənmədən başqaları ilə bölüşmək olar. İnformasiya istehsalı və istehlakının digər üstün xüsusiyyəti də vardır: maddi sərvətlərin istehsalı və istehlakı ətraf mühitə ciddi ziyan vurduğu halda, informasiyadan istifadə texnogen təhlükə doğurmur, eyni zamanda, insanlarda ekoloji bilikləri artırır, təbiət haqqında təsəvvürlərdəki qeyri-müəyyənliyə aydınlıq gətirir.
İnformasiya resursları bütövlükdə insanın intellektual fəaliyyəti prosesində yaranan və formalaşan məlumatlar toplusundan ibarət olduğuna görə, hər bir ölkənin inkişaf istiqamətlərini müəyyənləşdirməkdə, qərarların qəbul edilməsində, strateji, taktiki və operativ məsələlərin həllində ondan geniş istifadə edilir. Bəs bütün informasiyalardan bu məqsədlə istifadə etmək olarmı? Suala birmənalı olaraq “yox” cavabı veriləcəkdir. Problem bəzi hallarda informasiyanın yoxlanılmamış, ilk mənbədən dəqiqləşdirilməmiş faktlar əsasında və ya qərəzli mövqedən yazılması ilə bağlıdır. Hazırda qlobal internet şəbəkəsində hər gün kifayət qədər çox sayda informasiya yerləşdirilir. Ancaq bu məlumatların heç də hamısı nəinki işə yaramır, hətta fərdin şüuruna zərərli təsir göstərir, sivilizasiyalar və dövlətlər arasında nifaq toxumu səpir. Müasir dünyada maraq qrupları bu qəbil informasiyalardan öz məqsədləri üçün məharətlə istifadə edirlər.
Bu amili nəzərdə tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB ölkələri Milli İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçıları ilə görüşdə demişdir: “Ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin fəaliyyətindən çox şey asılıdır. Həqiqi məlumatın vaxtında verilməsi operativ qərarların qəbulu, proseslərin düzgün şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol oynayır... Lakin təəssüf ki, bəzən əksinə də olur. Bəzən hansısa yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya ikitərəfli münasibətlərə müəyyən dərəcədə zərər də vura bilər. Buna görə də KİV nümayəndələri öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdırlar” (4, 1).
Buradan aydın görünür ki, tarixi inkişafın müasir mərhələsində kütləvi informasiya vasitələrinin cəmiyyət həyatında rolu və əhəmiyyəti qeyri-adi dərəcədə artmış, mass-medianın qarşısında qoyulan ictimai-siyasi tələblər və peşəkarlıqla bağlı meyarlar dəyişmişdir. Vaxtilə inkişaf etmiş ölkələrdə, o cümlədən keçmiş SSRİ-də dövlətin siyasətinə uyğun olan informasiyanı ictimai şüura aşılamağa xidmət edən xüsusi qurumlar var idi. Bu qurumlar informasiyanın həqiqi elmi-ictimai məzmunundan daha çox onun təbliğati-ideoloji mahiyyətinə əhəmiyyət verirdi. Kütləvi şüura yalnız dönə-dönə süzgəcdən keçirilmiş faktlar deyil, həm də həmin faktların geniş ictimaiyyət tərəfindən qavranılması üsulları yeridilirdi, yəni əslində, auditoriyaya əvvəlcədən formalaşdırılmış fikirlər təlqin olunurdu.
Totalitar rejimin süqutundan sonra birqütblü dünyada mətbuat nəinki ideoloji buxovlardan azad olmuş, yeni keyfiyyətlərlə zənginləşərək ən müxtəlif mövzularda saysız-hesabsız informasiyanın yer aldığı qlobal şəbəkəyə çevrilmişdir. İnternet adlanan bu planetar şəbəkəyə məcazi mənada “Ümumdünya hörümçək toru” tərifini verənlər haqlıdırlar. Tarix elmləri doktoru Əli Həsənov yazır: “Elmi-texniki inqilabın və elektron texnologiyaların sürətlə informasiya və kommunikasiya sahələrini əhatə etməsi üçüncü minilliyin başlanğıcında planetin geosiyasi məkanını “vahid məkan-zaman çərçivəsinə” salaraq bütövləşdirmiş və virtuallaşdırmışdır… Dünyanın transmilli kütləvi informasiya vasitələri ölkələrin milli hüdudlarını aşaraq vahid, virtual informasiya və təbliğat məkanı yaratmışdır” (8, 486).
Bu virtual məkanda hər kəs nəinki onu maraqlandıran informasiyanı əldə edə, hətta fikir mübadiləsi apara, şərh verə bilər. Təsadüfi deyil ki, mətbuatın müasir tipoloji sistemlərinin təsnifatını verməyə çalışan tədqiqatçılar mass-medianın qlobal, yaxud regional, rəsmi, yaxud qeyri-formal, ciddi, yaxud bayağı-bulvar, demokratik, yaxud totalitar, yazılı, yaxud audiovizial cütlərini təklif edilər. Bu təsnifatdan aydın görünür ki, cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, mətbuatda bu barədə informasiya olmasın. Buna görə də “informasiya cəmiyyəti” termininin yaranması və ona önəm verilməsi tamamilə təbiidir. Çünki informsiya cəmiyyətini əvvəlki sosial quruluşlardan mahiyyətcə fərqləndirən ən əsas cəhət bu cəmiyyətin iqtisadi sistemində informasiyanın həlledici əhəmiyyətə malik olmasıdır.
Lakin informasiya cəmiyyəti haqqında elmi konsepsiyalarda bu iki sözün ehtiva etdiyi anlayışa genetik mənada yanaşmalara da rast gəlmək mümkündür. Məsələyə belə yanaşanlara görə, informasiya cəmiyyətinin yaşı bütövlükdə bəşəriyyətin yaşından heç də az deyildir: cəmiyyətin inkişafının bütün mərhələlərində informasiya onun zəruri atributlarından biri olmuşdur.
Əlbəttə ki, hətta ibtidai sivilizasiyalarda da, digər formasiyalarda da təkamülün əsas aktorlarından biri informasiya olmuşdur. “Böyük Rusiya Ensiklopediyası”nda deyildiyi kimi, cəmiyyətin inkişafının ilk mərhələsində yaşamaq uğrunda mübarizədə, evlərin inşasında, geyimlərin hazırlanmasında, ərzaq təminatında, məhsul ehtiyatlarının yaradılmasında və qorunmasında, müharibə-müdafiə və hərbi yürüşlərdə təchizat və silahlanmada, təbabətin meydana gəlməsində və inkişafında mövcud biliklərin toplanması, ötürülməsi və ondan təkamülün təminedici vasitəsi kimi istifadə olunması labüd hala çevrilmişdi. İlk texniki avadanlığın meydana gəlməsi, nəqliyyat vasitələrinin getdikcə təkmilləşdirilməsi, metaldan istifadə və bu sahələrdə mövcud təcrübələrin öyrənilməsi informasiyasız mümkün ola bilməzdi. Cəmiyyətin inkişafında istehsalın artmasının sənayeləşdirməyə gətirib çıxarması kimi böyük təkamüldə informasiyanın nə dərəcədə mühüm rol oynadığını təsəvvür etmək mümkündür. Bu, formalaşmaqda olan postindustrial sivilizasiyası ilə sosial quruluşun ən qədim formaları arasında genetik əlaqənin olmasını göstərir. Təəccüblü deyil ki, indiyə qədər hələ heç bir iqtisadçı ibtidai icma dövrü ilə müasir sivilizasiya arasındakı varislik əlaqəsini izləməyə cəhd göstərməmişdir. Halbuki müasir cəmiyyətlə müqayisədə bizim uzaq əcdadlarımızın həyatında informasiyanın əhəmiyyəti heç də az olmamışdır. Çünki informasiya bütün dövrlərdə işə yaramış və ictimai transformasiyanın başlıca mənbəyi olmuşdur (6, 490).
Əgər “informasiya ...ictimai transformasiyanın başlıca mənbəyi olmuşdur”sa, alimlər nə üçün “informasiya cəmiyyəti” konsepsiyasını əsaslandırmaq üzərində bu qədər baş sındırırlar? İnformasiya cəmiyyəti tarixi reallıqdır, yoxsa utopiya? “Həqiqət müqayisədə meydana çıxır” prinsipi ilə yanaşsaq, suala “tarixi reallıqdır” cavabını verməli olacağıq. Çünki informasiya cəmiyyəti kateqoriyasını sənaye cəmiyyəti və ondan əvvəlki cəmiyyətlərlə müqayisə edəndə, artıq yeni sosial quruluşun tarixi reallıq olduğu aydın görünür.
Sənaye cəmiyyətindən əvvəlki cəmiyyətlərin tarixinə diqqət yetirsək görərik ki, insanların yaşamaq uğrunda mübarizəsinin rəhni əzələ qüvvəsi idi. Belə cəmiyyətdə rifah təbii amillərdən – yağışdan və quraqlıqdan, torpağın vəziyyətindən, iqlimin sərt və ya mülayim keçməsindən asılı olurdu.
Sənaye cəmiyyəti isə çevikdir, istehlak tələbatını istehsal vasitələrini inkişaf etdirməklə tənzimləyir. Bu cəmiyyətdə insan təbiəti dəyişdirmək istəyən qüvvəyə çevrilir, dünya texniki xüsusiyyət qazanır və daha da rasional olur, həyatın ritmi insan zəkasının məhsulu olan ən müasir texnikanın sürəti və iş ahəngi ilə ölçülür.
Bəs informasiya cəmiyyətini fərqləndirən xüsusiyyətlər hansılardır? İnformasiya cəmiyyəti zəngin və daha geniş, çoxçeşidli xidmətlərə əsaslanır. Bu cəmiyyətdə əsas rol oynayan yalnız əzələ qüvvəsi və enerji deyil, onu tənzimləyən və inkişafa təkan verən, yol göstərən informasiyadır. Hazırda ətraf aləm haqqında biliklərin toplanmasının da aid olduğu informasiya xarakterli proseslər, əslində, cəmiyyətin inkişaf istiqamətini və sürətini müəyyən edir. Buna görə də “informasiya cəmiyyəti” termininin yaranması və ona böyük önəm verilməsi tamamilə təbiidir.
Dünyada informasiyanın əhəmiyyəti durmadan artır, hazırda bu sektor bütövlükdə iqtisadiyyatın digər sahələrindən daha sürətlə inkişaf edir. Bu sahənin inkişafı Azərbaycanda da sürətlə gedir. Təsadüfi deyil ki, Azərbaycanda sənayenin neft-qaz sektorundan sonra inkişaf sürətinə və yatırılan sərmayələrin həcminə görə informasiya-kommunikasiya texnologiyaları sahəsi ikinci yerdədir. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nda deyilir: “Hazırda İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanmış “İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabat”da Azərbaycan 134 ölkə sırasında 60-cı yeri tutmaqla bir çox nüfuzlu ölkələri qabaqlamışdır və MDB-nin iştirakçısı olan dövlətlər arasında lider olmuşdur” (5, 2). Azərbaycanda biliklərə əsaslanan informasiya cəmiyyəti qurulması istiqamətində görülən işlərin təməli Prezident Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” ilə qoyulmuşdur (3, 144).
Milli Strategiyanın əsas məqsədi “informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir” (3, 148). Bu məqsədə çatmağın yolları da Milli Strategiyada konkret göstərilmişdir: “Ölkənin informasiyalaşdırılması yolu ilə informasiya cəmiyyətinin formalaşdırılması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və ən başlıcası, siyasi amillərə malik olan mürəkkəb prosesdir, onun müvəffəqiyyətlə həyata keçirilməsinə cəlb olunan siyasi-inzibati, maliyyə, insan, texniki və s. resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsini tələb edir” (3, 149).
Milli Strategiyada informasiya cəmiyyəti quruculuğunun əsas istiqamətləri aşağıdakı kimi təsnif edilmişdir:
– qlobal informasiya mühitinin yaradılması;
– informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması;
– informasiyanın əmtəəyə çevirlməsi, informasiya və bilik bazarının yaradılması və inkişafı;
– təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artması;
– demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial təsisatların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması.
Milli Strategiyanın qəbul olunmasından bir müddət sonra – 2003-cü il dekabrın 10-da Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bu gün biz yeni informasiya cəmiyyəti haqqında söhbət edirik... Hesab edirəm ki, bu sammitin sənədlərinin Azərbaycan üçün xüsusi əhəmiyyəti vardır” (7, 164).
Son illərdə Azərbaycanda informasiya cəmiyyətinin qurulması və bunun tərkib hissəsi kimi informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi istiqamətində məqsədyönlü iş gedir. “Sahənin normativ-hüquqi bazası inkişaf etdirilmiş, telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, ən yeni texnologiyaların tətbiqi genişləndirilmişdir” (5, 2).
Aparılan araşdırmalara əsasən bu qənaətə gəlmək olar ki, informasiya cəmiyyətinin yeni mərhələsində “kütləvi mətbuat və kütləvi mədəniyyət” kommersiyalaşır, “müxtəlif tipli informasiya məhsullarının genişmiqyaslı istehsalının biznesin maraqlarına tabe etdirilməsi meyli” meydana gəlir. Əslində, burada cəmiyyətdə yeni təfəkkürün yaranmasından söhbət gedir. Yəni informasiya cəmiyyətinin inkişaf səviyyəsi dövlətin inkişafının iqtisadi, siyasi, hərbi və başqa sahələrinə təsir göstərir. Bu da artıq dünyada və ölkədə sərhədsiz informasiya məkanının formalaşdığını göstərir. Bu məkanda informasiyanın toplanması, işlənməsi, saxlanması və insanlar, təşkilatlar və dövlətlər arasında maneəsiz, sərhədsiz, razılaşdırılmış, tarazlaşdırılmış mübadiləsi baş verir.
İnformasiya məkanının formalaşdığını bir sıra əsas komponentlər təsdiq edir. Bunlardan birincisi qlobal və milli informasiya resurslarıdır. İkinci əsas komponent müasir tələblərə cavab verən informasiya-telekommunikasiya infrastrukturudur. Üçüncü komponent kütləvi informasiya sistemidir. Dördüncüsü informasiya məhsulları və xidmətləri bazarıdır. Bu komponent növbəti amili - açıq dünya şəbəkələri ilə əlaqəni şərtləndirir. Nəhayət, sonuncu komponent mükəmməl informasiya qanunvericiliyi sisteminin qurulmasıdır. Bu komponentlərin hamısı Azərbaycanda vardır və deyə bilərik ki, ölkəmiz dünya informasiya məkanının fəal subyektlərindən biridir.
Proqnozlara görə, 10-15 ildən sonra iqtisadi potensial getdikcə daha sürətlə tükənməkdə olan xammal ehtiyatları və enerji resursları ilə deyil, yeni elmi texnologiyaların inkişaf səviyyəsi ilə müəyyən ediləcəkdir. Artıq dünyada informasiya texnologiyaları hazırlayan şirkətlərin göstəriciləri də bunu sübut edir.
Tədqiqatçı alim V.Kuznetsov dörd il əvvəlin statistikasına istinad edərək yazır ki, hazırda ABŞ-da resursların təqribən 60 faizi və məşğul əhalinin 80 faizi informasiyanın işlənməsi ilə əlaqədar sahələrin payına düşür. İnformasiyanın inkişafı baxımından ABŞ başqa ölkələri 8-10 il qabaqlayır və dünyada total hökmranlığı əldən verməməyə çalışır. ABŞ-da 5 mindən çox firma ictimaiyyətlə əlaqələrin öyrənilməsi və məsləhət xidmətləri ilə əlaqədar sahədə çalışır. Onların illik gəliri yüz milyonlarla ölçülür. İri firmaların hamısında ictimaiyyətlə əlaqə şöbələri fəaliyyət göstərir. Bu sahədə 250 mindən çox reklamçı və 30 mindən çox jurnalist çalışır. 200-dən çox universitet və kollecdə bu sahə üçün mütəxəssis hazırlanır (10, 47).
Göründüyü kimi, ABŞ-da informasiyanın istehsalı və mübadiləsi üçün mükəmməl elmi, texniki, sosial, siyasi və iqtisadi mexanizmlər yaradılmışdır. Bu mexanizmlərin hər biri öz funksiyası çərçivəsində dünyada gedən proseslərə dair informasiyaları toplayıb təhlil etmək, super dövlətin qlobal məkanda nüfuz dairəsini möhkəmləndirmək və genişləndirmək işinə xidmət edir. Həmin iş digər vasitələrlə yanaşı, həm də informasiyanın mübadiləsi üzərində qurulur.
İnformasiya mübadiləsi ölkə daxilində yerli qanunverilicik aktları, beynəlxalq aləmdə isə dövlətlər, transmilli qurumlar arasında imzalanmış müqavilələr və sazişlər əsasında həyata keçirilir. İnformasiya mübadiləsi ilə əlaqədar ilk beynəlxalq sazişlər XIX əsrə aiddir. O vaxt bu müqavilələr əsasən teleqraf rabitəsinə aid idi. Radionun, sonradan televiziyanın kəşfi nəticəsində yayım şəbəkəsinin qanunvericilik yolu ilə tənzimlənməsi zərurəti yaranmışdır. Tarixdən bəllidir ki, istər ideoloji sistemlərin, yaxud müharibə edən tərəflərin təbliğatına qarşı aparılan mübarizə işi informasiya mübadiləsinin yeni parametrlərini müəyyənləşdirmiş və onun tənzimlənməsində xüsusi rol oynamışdır. Müharibə dövrlərinə aid elmi-tarixi ədəbiyyatın müəlliflərinin qənaətinə görə, qanlı-qadalı illərdə informasiyanın təsir gücü silahın gücündən heç də az olmamışdır. “Mütəxəssislərin fikrincə, müharibə, xüsusilə də İkinci Dünya müharibəsi yalnız ABŞ-da deyil, həm də Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrdə ictimaiyyətlə əlaqələrin inkişafı üçün təkan olmuşdur” (11, 62).
Ölkələr arasında informasiya mübadiləsi həm rəsmi dövlət qurumları (diplomatik nümayəndəliklər, yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri, hökumətlərarası komissiyalar, müvafiq nazirliklər və s.), həm də milli xəbər agentlikləri vasitəsilə həyata keçirilir. Müstəqil Azərbaycan Respublikasında bu funksiyanın yerinə yetirilməsində rəsmi dövlət informasiya agentliyi olan AzərTAc-ın da mühüm rolu vardır. Dünyanın müxtəlif ölkələrinin milli xəbər agentlikləri ilə informasiya mübadiləsinə dair müqavilə və sazişlərin imzalanması AzərTAc-ın fəaliyyətinin üstün istiqamətlərindən biridir. Bu barədə agentliyin Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsində deyilir: “AzərTAc xarici ölkələrin informasiya agentlikləri və digər kütləvi informasiya orqanları ilə mübadilə və ya kommersiya şərtləri əsasında informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayır” (2, 104).
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra AzərTAc informasiya mübadiləsinə dair ilk rəsmi sənədi 1992-ci ildə Türkiyə Cümhuriyyətinin Anadolu Agentliyi ilə bağlamışdır. Hazırda Asiya və Avropanın 25 dövlətinin milli xəbər agentlikləri ilə imzalanmış müqavilə və sazişlər əsasında informasiya mübadiləsi aparılır (www.azertag.gov.az / “Bizim tərəfdaşlar bölməsi”). Son illər Azərbaycanın regionun geosiyasi həyatında oynadığı rola artan marağın nəticəsidir ki, bu müqavilə və sazişlərin böyük əksəriyyəti müvafiq ölkələrin milli agentliklərinin təşəbbüsü ilə bağlanmışdır. Rusiyanın İTAR-TASS, Ukraynanın Ukrinform, Yaponiyanın Kyodo, İndoneziyanın ANTARA, İtaliyanın ANSA, Bolqarıstanın BTA, Misirin MENA, İordaniyanın PETRA, Küveytin KUNA, Qazaxıstanın Kazinform, Monqolustanın Montsame agentlikləri və digər nüfuzlu milli agentliklər informasiya mübadiləsi sahəsində AzərTAc-ın tərəfdaşlarıdır. AzərTAc cəmiyyət həyatının ən müxtəlif sahələrinə dair yenilikləri təkcə müqavilələr və sazişlər əsasında deyil, həm də birbaşa əlaqələr yolu ilə beynəlxalq aləmdə və ölkədə yayır. Hazırda AzərTAc dünyanın 90-dan çox dövlətinin milli xəbər agentliyi ilə informasiya mübadiləsi aparır.
AzərTAc-ın dünyanın ən böyük informasiya alyanslarının – Şərqdə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının – OANA-nın (www.oananews.org), Qərbdə Avropa Xəbər Agentlikləri Alyansının – EANA-nın (www.newsalliance.org) üzvü olması həmin regionlardakı dövlətlərin ictimai-siyasi və mədəni həyatına dair xəbərləri Azərbaycan cəmiyyətinə, respublikamızda gedən proseslər barədə informasiyaları isə həmin ölkələrin auditoriyasına çatdırmağa imkan vermişdir.
Asiya və Sakit okean regionunda 33 ölkənin 39 informaiya agentliyinin üzv olduğu OANA-nın saytında 2009-cu ildə AzərTAc-ın 5015 informasiyası yerləşdirilmişdir. Həmin xəbərlər Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrini – Prezident İlham Əliyevin xarici və daxili səfərlərindən, qəbul və görüşlərindən hazırlanmış informasiyalardan tutmuş, iqtisadiyyatı, mədəniyyəti, elm və təhsili, hərbi iş və hüququ, idman xəbərlərini əhatə etmişdir. OANA-ya üzv olan ölkələrin agentlikləri arasında AzərTAc il ərzində qurumun informasiya resursunda yerləşdirilmiş məlumatların sayına görə 1-3-cü yerləri bölüşmüşdür. Gün ərzində agentliyimizin ən azı 10-12 xəbəri OANA-nın internet portalının baş səhifəsində yerləşdirilir ki, bunların da böyük əksəriyyəti günün ən çox oxunan xəbərləridir.
AzərTAc EANA-nın üzvü olan milli infromasiya agentlikləri ilə qarşılıqlı faydalı əməkdaşlıqdan da səmərəli surətdə istifadə etməyə çalışır.
AzərTAc Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının – BSANNA-nın (www.bsanna. news.ukrinform.ua) üzvü kimi də Azərbaycan haqqında xəbərlərin bu qurumun informasiya resursunda geniş yer almasına xüsusi diqqət yetirir. Keçən il BSANNA-nın internet saytında AzərTAc-ın 3423 informasiyası yerləşdirilmişdir.
Hazırda Türkdilli Xəbər Agentlikləri Birliyində – TKA-da (www.tkaonline.org) sədrlik edən AzərTAc 2009-cu ildə üzv agentliklər arasında əlaqələrin inkişaf etdirilməsinə səy göstərməklə yanaşı, Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinə dair xəbərlərin geniş yayılması üçün Birliyin informasiya resursunun imkanlarından geniş istifadə etmişdir. Həmin il TKA-nın saytında AzərTAc-ın 4587 xəbəri yerləşdirilmişdir.
AzərTAc MDB-nin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının – ANİA-nın (www.ania-news.info), Asiya Xəbər Agentlikləri Konsorsiumunun – AsiaPulse-nin (www.asiapulse.com) internet resursları ilə informasiya yayımı işini daha da genişləndirir. AsiaPulse ilə bağlanmış müqaviləyə əsasən, bu konsorsium Azərbaycanın iqtisadi inkişafı, əlverişli biznes və investisiya mühiti, respublikamızın iştirakı və təşəbbüsü ilə həyata keçirilən transmilli layihələr haqqında informasiyaları 30 ölkənin biznes strukturları və dövlət qurumları arasında yayır. Konsorsiumun tərəfdaşları arasında Sinxua (Çin), İRNA (İran), ANATRA (İndoneziya), habelə Yaponiya, Avstraliya, Koreya Respublikası, Tayvan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və digər ölkələrin nüfuzlu informasiya agentlikləri vardır.
Mübadilə prosesində informasiyanın xüsusiyyətləri və formaları haqqında məsələ də böyük əhəmiyyət kəsb edir. Tədqiqatçılar dövlətlər arasında mübadilə olunan informasiyaları “mənşəyinə” görə iki qrupa – rəsmi (formal) və qeyri-rəsmi (qeyri-formal) informasiyaya bölürlər. Bunlardan birincisi rəsmi strukturlarda və ictimaiyyətlə rəsmi əlaqə kanallarında, ikincisi isə qeyri-rəsmi strukturlarda və kanallarda dövr edir. Formal informasiya sosial idarəetmə sistemində rəsmi orqanlar tərəfindən hazırlanır və ötürülür, xarici əlaqələrin qurulmasında çox mühüm və həlledici rol oynayır. Rusiyalı sosioloq V.Afanasyev yazır ki, formal informasiya məzmunundan və formasından asılı olmayaraq, aşağıdakı beş ümumi tələbə cavab verməlidir:
1) maksimum dəqiq olmalı, həqiqi vəziyyəti əks etdirməlidir (informasiyanın qəsdən təhrif edilməsinə gəldikdə isə, bu, etika problemlərinə aiddir);
2) yetərli olmalıdır. İnformasiyanın yetərli olmaması sosial ünsiyyəti zəiflədir, onun səmərəsini azaldır. Lakin informasiyanın azlığı kimi, onun çoxluğu da işin zərərinədir, çünki bu, ümumi informasiyanın içində ən başlıca və mühüm olanı aydınlaşdırmağı və başa düşməyi çətinləşdirir;
3) informasiya vaxtında daxil olmalıdır. Hətta son dərəcə qiymətli informasiya da ünvan sahibinə çox gec və ya çox tez çatanda əhəmiyyətini itirir. Sonuncu halda informasiya kifayət qədər aktual təsir bağışlasa da, onu alan şəxs buna diqqət yetirməyə bilər;
4) informasiya anlaşıqlı olmalıdır. Bu, istifadə olunan informasiyanın məzmunu və ifadə forması baxımından semantik birtiplilik hesabına əldə edilir. İnformasiyanın məzmununda yekrənglik mətnlərdə ümumi qəbul edilmiş və müəyyən olunmuş anlayışlardan, terminlərdən, işarələrdən, göstəricilərdən istifadə edilməsini nəzərdə tutur. İnformasiyanın verilmə forması, ilk növbədə, onun daşıyıcısı ilə bağlıdır və forma razılaşdırılmalı, hətta standartlaşdırılmalıdır. Məsələn, geniş əhali təbəqələri üçün hakimiyyət orqanlarının bu və ya digər hərəkətlərini izah edən informasiya sadələşdirilmiş formada təqdim edilməlidir; İnformasiyanın ötürülməsinin bir formasından digərinə, məsələn, sənəd formasından çap formasına keçmək imkanının olması da faydalıdır;
5) informasiya maksimum yığcam olmalı, onun bütün vətəndaşlar tərəfindən asan qavranılması təmin edilməlidir (1, 52).
Bəs qeyri-rəsmi informasiya nədir? Onu rəsmi informasiyadan necə fərqləndirmək olar? Müasir media məkanında bu cür informasiyalar bloqgerlər şəbəkəsi tərəfindən hazırlanıb dövriyyəyə buraxılır. Qeyri-rəsmi informasiyaların mənbəyi qeyri-rəsmi kanallardır. Bu informasiyalar müəyyən maraq qrupları tərəfindən şayiələr, uydurmalar və fərziyyələr əsasında hazırlanır. Müasir kommunikasiya sistemində rəsmi informasiya azlıq təşkil edəndə qeyri-rəsmi informasiyanın həcmi artır. Ona görə də internet resurslarından əldə edilən informasiyaların etibarlılığının yoxlanılmasının, o cümlədən məlumatı yayanın identikləşdirilməsinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.
Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək bu qənaətə gəlmək olar ki, informasiya və onun mübadiləsi müasir cəmiyyətin həyatında inkişafın mühüm tərkib hissəsidir.
Dostları ilə paylaş: |