Musa qasimli elmira hüseynova



Yüklə 0.56 Mb.
PDF просмотр
səhifə2/6
tarix08.12.2016
ölçüsü0.56 Mb.
1   2   3   4   5   6

Əlimərdan bəy Ələkbər oğluTopçubaşov 

6 oktyabr ‐ 26 dekabr 1918 

 

Azərbaycanın  görkəmli  siyasi  xadimlərindən,  diplomatlarından  və 



hüquqşünaslarından  biri  olan  Əlimərdan  bəy  Topçubaşov  1865‐ci  ildə  Tiflis 

şəhərində  qulluqçu  ailəsində  dünyaya  gəlmişdir.  İlk  təhsilini  I  Tiflis 

gimnaziyasında  almış  və  1884‐cü  ildə  oranı  müvəffəqiyyətlə  bitirərək 

Peterburq  Universitetinin  tarix‐filologiya  fakültəsinə  daxil  olmuşdur.  Lakin 

birinci  semestrdən  sonra  o,  hüquq  fakültəsinə  keçmiş  və  1888‐ci  ildə  oranı 

müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır. 

Peterburq 

Universitetinin 

hüquq 

fakültəsinin 



Elmi 

Şurası 


Ə.Topçubaşovun mülki  hüquq  kafedrasında  saxlanması  və  professor  vəzifəsi  almaq  üçün  hazırlaşması 

haqqında  qərar  qəbul  etmişdir.  Lakin  1889‐cu  ildə  qəbul  edilmiş  universitet  haqqında  çar  qanunu 

xristian  olmayan  Ə.Topçubaşova    müvafiq  vəzifəni  tutmağa  icazə  verməmişdir.  Ə.Topçubaşov  bu 

hadisədən  sonra  Tiflisə  gələrək  məhkəmədə,  vəkil  vəzifələrində  çalışmış,  Tiflis  geodeziya  məktəbində 

hüquqşünaslıqdan dərs vermişdir. 

1896‐cı  ildə  Bakıya  gələn  Ə.Topçubaşov  vəkilliklə  məşğul  olmuş  və  bir  sıra  mürəkkəb  məhkəmə 

proseslərini  udmuşdur.  Bu  nailiyyətlər  şəhər  əhalisi  içərisində  ona  böyük  nüfuz  və  hörmət 

qazandırmışdır. 

O, 1897‐ci ildən 1917‐ci  ilin axırlarına kimi «Kaspi» qəzetinin yaradıcılarından  və redaktorlarından 

biri olmuşdur. Bu illərdə onun yuzlərlə məqalələri dərc olunmuşdur. Həmin məqalələrdə Ə.Topçubaşov 

Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, 

nəzəri,  Rusiya  imperiyasında  yaşayan  müsəlmanların  vəziyyəti,  çarizmin  ayrı‐seçkilik  siyasətini 

pisləyən publisistik məqalələrlə çıxış etmişdir. 

Ə.Topçubaşov  jurnalistliyə  başladığı  dövrdən  Bakının  siyasi  və  ictimai  mübarizə  səhnəsinə  daxil 

olmuş,  ömrünün  sonuna  kimi  bu  mübarizənin  ön  sıralarında  getmiş  və  onun  başçılarından  birinə 

çevrilmişdir. 

1905‐1907‐ci  illər  rus  inqilabı  dövründə  Azərbaycanın    bir  çox  ziyalısı,  o  cümlədən  Ə.Topçubaşov 

xalqın  azadlıq  mübarizəsinə  qoşulmuşdur.  O  bu  dövrdə  çar  hökumətinə  zəhmətkeşlərin  mənafeyini 

müdafiə edən bir sıra petisiyalar yazmış, iclas, yığıncaq, mitinqlərdə çıxış etmiş, Bakı Dumasının üzvü, 

sonralar  sədri  olmuş,  Rusiyada  yaşayan  müsəlmanların  vahid  təşkilatının  –  «İttifaqi  müslümün» 

yaradılması  və  fəaliyyətində  iştirak  etmiş,  onun  proqram  sənədlərini    tərtib  etmiş,  Nijni‐Novqorodda, 

Sankt‐Peterburqda    keçirilmiş  I‐  IV  qurultaylar  demək  olar  ki,  onun  sədrliyi  ilə  keçmiş,  “İttifaqi 

müslümün”qurultaylar tərəfindən  seçilmiş MK‐nın daimi bürosunun üzvü olmuşdur. 

1905‐ci  ilin  sentyabrında  çarizm  Bakı  proletariatını  inqilabi  mübarizədən  çəkindirmək  məqsədilə 

neft  sənayeçiləri  ilə    fəhlə  nümayəndələrinin  müşavirəsini  keçirməyə  icazə  verdi.  Müşavirəyə 

nümayəndələr  göndərmək  üçün  seçkilər  keçirildi.  Müşavirəyə  seçilən  nümayəndələr  arasında 

Ə.Topçubaşov  da  olmuşdur.  Müşavirə  sentyabrın  30‐da  Sankt‐Peterburqda  açılmış  və  Ə.Topçubaşov 

müşavirədə  Bakı  fəhlələrinin  acınacaqlı  vəziyyəti  haqqında  məlumat  verərək  onların  mənafeyini 

müdafiə etmişdir. 

Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə  qüvvətləndiyindən qorxan çarizm 1905‐

ci  ilin  dekabrında  Dövlət  Dumasına  seçkilər  haqqında  qanun  verdi.  1906‐cı  ilin  mart‐aprel  aylarında 

Bakı və Yelizavetpol (indiki Gəncə) quberniyalarında  ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. 

Azərbaycandan  Birinci  Dövlət  Dumasına  Z.Ziyadxanov,  M.Əliyev,  Ə.Xasməmədov  və  b.  yanaşı 

Ə.Topçubaşov da seçilmişdir. 

1906‐cı  il  aprelin  27‐dən  iyulun  8‐nə  qədər  Sankt‐Peterburqda  Birinci  Dövlət  Duması  fəaliyyət 

göstərmişdir. Ə.Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak etmiş, 

hökumətin  aqrar  və  köçürmə  siyasətini  pisləmiş,  Rusiyadakı  azsaylı  xalqlara,  əsasən  müsəlmanlara 

9


 

muxtariyyət  verilməsi  tələbinin  tərəfdarı  olmuşdur.  Dövlət  Dumasında  Rusiyanın  müsəlman 

əyalətlərinin deputatları bilavasitə Ə.Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaratmışlar. 

Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 200‐

ə yaxın deputat  Dumanın qovulmasına etiraz edərək 1906‐cı il iyulun 9‐10‐da Vıborqda iclas keçirdilər 

və «Vıborq müraciətnaməsi»ni qəbul etdilər. Bu müraciətnaməni imzalayanlardan biri də Ə.Topçubaşov 

olmuşdur. 

Ə.Topçubaşovun  siyasi  və  ictimai  fəaliyyəti  1917‐ci  illər  Fevral  inqilabından  və  Oktyabr 

çevrilişindən  sonra  daha  da  genişlənmiş  və  o,  Azərbaycanın    dövlət  müstəqilliyi  uğrunda  mübarizəyə 

var qüvvəsi ilə qoşulmuşdur. 

1917‐ci  il  martın  5‐də  Bakıda  İctimai  təşkilatların  Şurası  və  onun  İcraiyyə  Komitəsi  yaradıldı. 

M.Hacınski, İ.Frolov, İ.Heydərov və b. ilə yanaşı Ə.Topçubaşov da Komitənin tərkibinə daxil oldu. İyul 

ayında  isə  Komitənin  33  nəfərdən  ibarət  yeni  heyət təşkil  olundu.  Ə.Topçubaşov  yeni  Komitənin sədri 

seçilmişdir. 

1917‐ci il martın 29‐da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. 

Onun tərkibinə M.Rəsulzadə, M.Hacınski, Ə.Topçubaşov və b. seçildi. 

Bu təşkilatın rəhbərlərinin gərgin əməyi və fəaliyyəti nəticəsində 1917‐ci il aprelin 15‐20‐də  Bakıda 

Ümumqafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay Ə.Topçubaşovun sədrliyi altında keçdi. O, 

sədr  kimi  ilk  çıxışında  çar  hökumətinin  xalqlara  qarşı  apardığı  zidd  siyasəti  pisləyərək  dedi  ki,  köhnə 

rus hökumətinin Rusiyada yaşayan qeyri‐rus xalqlara münasibətdə yeritdiyi siyasət parçalamaq siyasəti 

olmuşdur, bu vaxtilə ermənilər və müsəlmanlar arasında özünü göstərmişdir.  

1917‐ci il avqustun 12‐15‐də Moskvada Dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırdığı 

bu  müşavirəyə  Rusiyanın  müxtəlif  yerlərindən  gəlmiş  34  müsəlman  nümayəndə  arasında  Azərbaycan 

nümayəndəsi  ‐  Ə.Topçubaşov  da  var  idi.  Avqustun  13‐də  Moskva  müşavirəsinin  müsəlman 

nümayəndələrinin  iclası  keçirildi.  Burada  müşavirədə  çıxış  edəcək  nümayəndənin  məruzəsini 

hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Ə.Topçubaşova 

tapşırdı.  Ə.Topçubaşov  müşavirədəki  nitqində  qeyd  etdi  ki,  Rusiyada  yaşayan  müsəlmanlar  çarizmin 

devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, 

inqilabi nailiyyətləri ‐ azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər.  

1917‐ci il sentyabrın 5‐6‐da və 12‐də  Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası 

çağırıldı.  İclasda  Komitənin  sədri  Ə.Topçubaşov,  sədrin  müavinləri  M.Rəsulzadə  və  F.Xoyski  seçildi. 

Oktyabr‐noyabr  aylarında  isə  Ə.Topçubaşov  ümumi  seçki  hüququ  əsasında  Bakı  Şəhər  Dumasına 

keçirilmiş seçkilərdə iştirak etmiş və Dumaya üzv seçilmişdir. 

Ə.Topçubaşov  1918‐ci  il  30  mart‐1apreldə  Bakıda  bolşevik  və  daşnakların  sovet  hakimiyyətini 

müdafiə  bayrağı  altında  azərbaycanlılara  qarşı  törətdiyi  kütləvi  qırğın  zamanı  onun  tezliklə 

yatırılmasına  çalışanlardan,  aprelin  1‐də  A.Caparidzenin  başçılıq  etdiyi  «sülh  konfransı»nın 

iştirakçılarından və İnqilabi Müdafiə Komitəsinin tələblərini qəbul edənlərdən biri olmuşdur. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranmasını  böyük  sevinclə  qarşılayan  Ə.Topçubaşov 

F.Xoyskinin 1918‐ci ilin iyununda  təşkil etdiyi II kabinədə  portfelsiz nazir, oktyabrında isə xarici işlər 

naziri vəzifəsinə təyin edilmişdir. 

AXC  yarandığı  gündən  etibarən  bir  hüquqşünas  alim  kimi  onun  dünya  ölkələri  tərəfindən 

tanınması,  diplomatik  əlaqələrinin  yaranması  sahəsində  var  qüvvəsilə  çalışmışdır.  Azərbaycan 

hökuməti  Osmanlı  imperiyası  və  onun  vasitəsilə  Avropa  ölkələri  ilə  diplomatik  əlaqələr  yaratmaq 

məqsədilə  Ə.Topçubaşovu  fövqəladə  səlahiyyətli  nazir  kimi  İstanbula  göndərmişdir.  F.Xoyskinin  o 

dövrlərdə  İstanbulda  olan  Azərbaycan  nümayəndəliyinin  sədri  M.Rəsulzadəyə  göndərdiyi  teleqramda 

oxuyuruq:  «Hökumətin  1918‐ci  il  20  avqust  qərarı  ilə  Azərbaycan  hökumətinin  üzvü  Əlimərdan  bəy 

Topçubaşov  Osmanlı  imperator  hökumətinə  Azərbaycan  Respublikasının  mənafeyinə  aid  bütün 

məsələlər üzrə fövqəladə səlahiyyətli nazir kimi göndərilir». 

1918‐ci  il  avqustun  23‐də  Gəncədən  yola  düşən  Ə.Topçubaşov  Tiflis,  Batum  marşrutu  ilə  hərəkət 

edərək, çox çətinliklrədən sonra sentyabrın axırlarında İstanbula çatmışdır. 

10


 

Ə.Topçubaşov  Türkiyəyə  gəldikdən  sonra  qısa  müddətdə,  yəni  1918‐ci  ilin  oktyabr‐noyabr 

aylarında  Osmanlı  sultanı,  bir  neçə  nazir  və  diplomatla  görüşmüş,  onlara  Azərbaycanın  siyasi  və 

iqtisadi  vəziyyəti  haqqında  məlumatlar  vermiş  və  müxtəlif  məsələlər  ətrafında  fikir  mübadiləsi 

aparmışdır.  Mondros  müqaviləsinin  Azərbaycana  aid  hissəsi  ilə  əlaqədar  olaraq  Türkiyə  Xarici  İşlər 

Nazirliyinə etiraz notası vermişdir. O, göstərirdi ki, müqavilə «Azərbaycanın işğalını asanlaşdırır və bu, 

ölkəni  təhlükə  qarşısında  qoyur…  Azərbaycan  Respublikasına  məxsus  olan  dəmiryollarının  xarici 

dövlətə güzəştə gedilməsi beynəlxalq hüquqla bir araya sığmır». 

1918‐ci il dekabrın 7‐də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə 

başladı.  Milli  Şuranın  və  Müsavat  Partiyasının  sədri  M.Rəsulzadə    parlamenti  açaraq  bu  münasibətlə 

onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin‐amanlığının müdafiəçisi olmağa çağırdı. 

Eyni  zamanda  M.Rəsulzadə  parlamentin  sədrinin  və  müavinin  seçilməsini  təklif  etdi.  İstanbulda 

olmasına  baxmayaraq,  Azərbaycanda,  o  cümlədən  bütün  Qafqazda  məşhur  olan  və  hörmət  qazanmış 

Ə.Topçubaşov  yekdilliklə  Azərbaycanın  ilk  parlamentinin  sədri  seçilmişdir.  Tarixçi  F.Kazımzadənin 

yazdığı  kimi:  «Parlamentin  prezidenti  seçilən  Ə.Topçubaşov  yüksək  təhsilli  hüqüqşünas,  öz 

görüşlərində  dözümlü  idi».  Dekabrın  28‐də  isə  parlament Paris  sülh  konfransına  gedəcək  nümayəndə 

heyətinin tərkibini seçdi. Bu tərkibə Ə.Topçubaşov (sədr), M.Hacınski (sədr müavini), Ə.Şeyxülislamov, 

Ə.Ağayev, M.Məhərrəmov və C.Hacıbəyli, M.Mehdiyev daxil oldu. 

1919‐ci  il  yanvarın  20‐də  Paris  sülh  konfransında  iştirak  edəcək  Azərbaycan  nümayəndə  heyəti 

İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Bu zaman Ə.Topçubaşov 

Türkiyə,  İran,  Rusiya,  ABŞ,  Böyük  Britaniya,  Fransa  diplomatları  və  nümayəndələri  ilə  görüşlər 

keçirmiş, onlara Azərbaycanın siyasi və  iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir 

müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir. 

Parisə  təkcə  Azərbaycan  nümayəndələri  deyil,  Don,  Kuban,  Dağlılar  İttifaqının,  Ukrayna  və 

Gürcüstan  nümayəndələrinin  bir  hissəsi  də  buraxılmamışdı.  Onlar  da  İstanbulda  idi.  Bu  ölkələrin 

nümayəndələri  Parisə  viza  almaq  üçün  birlikdə  mübarizə  aparmağa  başladılar.  Ə.Topçubaşovun 

başçılığı  ilə memorandum hazırlandı  və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük  Britaniya 

ali komissarı admiral Vebbə təqdim etdilər. 

Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919‐cu il aprelin 22‐də Azərbaycan nümayəndə heyəti 

Ə.Topçubaşovun  rəhbərliyi  ilə  Parisə  yola  düşdü.  May  ayının  əvvəllərində  Parisə  gələn  Azərbaycan 

nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri 

ilə  görüşmüş  və  siyasi‐iqtisadi  vəziyyətlə  əlaqədar  söhbətlər  aparmışlar.  Bu  bir  ay  ərzində 

Ə.Topçubaşovun  başçılığı  ilə  Azərbaycan  nümayəndələrinin  ən  başlıca  müvəffəqiyyətlərindən  biri 

dövrünün görkəmli siyasi xadimi ABŞ prezidenti V.Vilsonla görüşü ölmüşdür. 

1919‐cu  il  mayın  28‐də  ABŞ  prezidenti  V.Vilson  Ə.Topçubaşovun  rəhbərliyi  ilə  Azərbaycan 

nümayəndələrini  qəbul  etdi.  Ə.Topçubaşov  ABŞ  prezidentinə  Azərbaycanın,  o  cümlədən  Qafqazın 

siyasi‐iqtisadi  vəziyyəti,  azərbaycanlılar  haqqında  ətraflı  məlumat,  Paris  sülh  konfransına  təqdim 

ediləcək 3 maddədən ibarət memorandumu verdi. Görüşdə Azərbaycan nümayəndələri istəklərinə nail 

olmasalar  da,  V.Vilson  onları  əmin  etdi  ki,  «…bundan  sonra  Azərbaycan  xalqı  öz  azadlıq  və 

müstəqilliyini qoruyub saxlamaq… işində böyük Amerikanın köməyini və yardımını alacaqdır». 

Ə.Topçubaşovun  bilavasitə  iştirakı  ilə  hazırlanmış  «Qafqaz  Azərbaycanı  Respublikasının 

nümayəndələrinin Paris sülh memorandumu» sülh konfransının katibliyinə təqdim edildi. Bu sənəd  14 

bölmədən ibarətdir. Burada konfrans nümayəndələrinə Azərbaycanın tarixi‐etnoqrafik, iqtisadi və siyasi 

vəziyyəti haqqında geniş və ətraflı məlumat verilirdi. 

Azərbaycan  nümayəndə  heyəti  Ə.Topçubaşovun  rəhbərliyi  ilə  öz  fəaliyyətlərini  gündən‐günə 

genişləndirərək  Gürcüstan,  Latviya,  Estoniya,  Şimali  Qafqaz,  Belorusiya,  Ukrayna  nümayəndələri  ilə 

birlikdə 1919‐cu il iyunun 13‐də, iyulun 7‐də, oktyabrın 8‐də Paris sülh konfransı sədrinə etiraz notası, 

bəyannamə, məktub göndərdi. 

1920‐ci  il  yanvarın  15‐də  Azərbaycan  nümayəndələrindən  Ə.Topçubaşov  və  M.Məhərrəmov, 

Gürcüstan  nümayəndələrindən  İ.Sereteli  və  Z.Avalov  Fransa  Xarici  İşlər  Nazirliyinə  dəvət  edildilər. 

Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11‐də Ali Şura üzvləri və müttəfiq dövlətlər 

11


 

tərəfindən de‐fakto tanındığını bildirdi və Ə.Topçubaşova Paris sülh konfransının rəsmi sənədini verdi. 

Ə.Topçubaşov  Azərbaycanın  siyasi  vəziyyəti  haqqında  qısa  məlumat  verib  böyük  dövlətlər  tərəfindən 

tanınma    üçün  təşəkkürünü  bildirdi.  Eyni  zamanda  bildirdi  ki,  Azərbaycan  Respublikası  böyük 

dövlətlər tərəfindən həm kömək, həm də müstəqilliyinin de yure tanınmasını gözləyir. 

Azərbaycan  Respublikasının  dünyanın  böyük  dövlətləri  tərəfindən  tanınması  Ə.Topçubaşovun 

başçılığı  ilə Azərbaycan nümayəndələrinin uğurlu  diplomatik fəaliyyətinin nəticəsi idi. Çətin və gərgin 

əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikası‐

nın  baş  naziri  N.Yusifbəyova  yazırdı:  «Siyasət  qədər  çox  elastik  və  dəyişkən  heç  nə  yoxdur…bizim  də 

azad  və  müstəqil  yaşamaq  ümidlərimizin  möhkəmləndiyi  bir  dövr  başlanır.  Biz  heç  vaxt  ümidimizi 

itirmirdik… Ona görə də belə hərəkət edirdik ki,  xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla 

olursa olsun müstəqillik əldə edəcəyimizə inanırdıq… 

Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz 

bu səadətə bərabər olan heç nə tanımırıq». 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  görkəmli  xadimi  Ə.Topçubaşov  1920‐1934‐cü  illərdə  Parisdə 

yaşamış,  ictimai‐siyasi  fəaliyyətini  davam  etdirmiş,  Azərbaycanın  tarixi,    coğrafiyası,  ədəbiyyatı,  AXC‐

nin  yaranması,  ədəbi  xadimlər  haqqında  kitab,  qəzet  və  jurnallarda  məqalələr  yazmışdır.  Siyasi 

mühacirətin görkəmli  xadimlərindən biri kimi  Ə.Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri 

ilə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilmə‐

si məsələsini qaldırmış, ikitərəfli əlaqələrə dair problemləri müzakirə etmişdir. O,1920‐ci il iyulun 5‐16‐

da Spa (Belçika), 1921‐ci il  fevralın 21‐dən martın 14‐ə kimi keçirilən London (Böyük Britaniya), 1922‐ci 

ilin aprel‐may aylarında keçirilən Genuya (İtaliya) konfranslarında və b. iştirak etmişdir. Ə.Topçubaşov 

1934‐cü il noyabrın 8‐də Parisdə vəfat etmişdir. 

 

*** 



 

 



Azərbaycan tarixi. C.2. Bakı, 1964. 

 



Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973. 

 



Azərbaycan Sovet Ensiklopediyası. C.IX. Bakı, 1986. 

 



Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918‐1920. Bakı, 1990. 

 



Azərbaycan Cümhuriyyəti (1918‐1920). Bakı, 1998. 

 



Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivi. PF‐274. 2‐ci cild. 

 



Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918‐1920). Vneşnəə politika (dokumentı i 

materialı). Baku, 1998. 

 

Balaev A. Azerbaydjanskoe naüionalğno‐demokratiçeskoe dvijenie 1917‐1920 qq. Baku, 1990. 



 

Böyük diplomat və görkəmli siyasi xadim (Ə.M.Topçubaşovun 135 illiyinə həsr olunmuş elmi‐



nəzəri konfransın materialları). Bakı, 1998. 

 



Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918‐1920). Bakı, 1993. 

 



İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917‐1918‐ci 

illər). Bakı, 1957. 

 

«Kaspi» qəzeti, 1906, 2 iyun, №117; 1917,18 aprel, №85; 20 aprel, №86; 23 aprel, №89; 17 avqust, 



№183; 19 avqust, №185; 25 avqust, № 190; 14 sentyabr, № 206. 

 



Qasımov M. Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914‐

1918‐ci illər). 3 hissədə. 2‐ci hissə (1917‐ci il noyabr – 1918‐ci il noyabr). Bakı, 2001. 

 

Qasımov M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti. Bakı, 2001. 



 

Qasımlı M. Avropa və Amerika ölkələrinin müasir tarixi. I hissə. 1918‐1945‐ci illər. Bakı, 2003. 



 

Quliyev V. Əlimərdan bəy Topçubaşov. – «Xalq qəzeti», 1997, 30 mart. 



 

League of Nations. Admission of Azerbaidjan to the leaque of Nations. Memorandum by the 



Secretaru‐General. ‐ The Great Britain Archive.‐Foreign Office,371/4948/285662. 

12


 

 



Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı, 1990. 

 



Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990. 

 



Topçubaşov Ə.M. Azərbaycanın təşəkkülü. – Azərbaycan EA xəbərləri (tarix, fəlsəfə və hüquq 

seriyası). 1990, №3. 

 

Topçubaşev A.M. Memorandum, predcəvlennıy naxodəhimisə v Konstantinopole Poçetnım 



predstaviteləm derjav Antantı  çlenom pravitelğstva Azerbaydjanskoy Respubliki, çrezvıçaynım 

ministrom poslannikom pri pravitelğstvax Blistatelğskoy Portı, Armenii i Qruzii A.M.Topçubaşevım 

(noəbrğ 1918 q.). ‐ Baku, 1993. 

 

 



 

 

 



 

 

13



 

 

Fətəli xan İsgəndər xan oğlu Xoyski 

26 dekabr 1918 ‐ 14 mart 1919; 

24 dekabr 1919 ‐ 1 aprel 1920 

 

Azərbaycanın  görkəmli  dövlət  və  siyasi  xadimlərindən,  müstəqil 

Azərbaycan dövlətinin yaradıcılarından biri və onun ilk baş naziri Fətəli xan 

Xoyski  olmuşdur.  F.Xoyski  1875‐ci  il  noyabrın  25‐də  Şəki  şəhərində  anadan 

olmuşdur. 

F.Xoyskinin  əsli  Cənubi  Azərbaycanın  Xoy  şəhərindəndir.  Onun  atası 

İsgəndər  xan  Şimali  Azərbaycanın  Şəki  şəhərinə  köçmüşdür.  Xoy  xanları 

nəslindən  olan  İsgəndər  xan  Rusiya  təbəəliyini  qəbul  etmiş  və  ona  çar 

ordusu general‐leytenantı rütbəsi verilmişdir.  

F.Xoyski  1892‐ci  ildə  Yelizavetpol  (indiki  Gəncə)  klassik  gimnaziyasını  bitirdikdən  sonra  Moskva 

şəhərinə gedərək Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Moskva mühiti gənc Fətəli 

xana böyük təsir etmiş, onun dünyagörüşünün formalaşmasında  mühüm rol oynamışdır. O, ilk gündən 

hüquq fakültəsinin qabaqcıl tələbələrinə qoşularaq tədbirlərdə fəal iştirak etmişdir. 

1897‐ci  ildə  Moskva  Universitetinin  hüquq  fakültəsini  birinci  dərəcəli  diplomla  bitirən  F.Xoyski 

Tiflis  Məhkəmə  Palatasının  sərəncamına  göndərilmişdir.  F.Xoyski  1897‐1907‐ci  illərdə  Yelizavetpol, 

Kutaisi, Yekatirinodar dairə məhkəmələrində kiçik məhkəmə məmuru, katib, böyük məhkəmə məmuru, 

istintaq sahəsi müdiri, qəza, dairə məhkəmə prokurorlarının müavini və s. vəzifələrdə çalışmışdır. Gənc 

Fətəli  xan  məhkəmələrin  rus  dilində  və  qeyri‐ruslara  qarşı  ədalətsiz  aparıldığının  şahidi  olmuş,  işləri 

zalımcasına aparan məmurlara qarşı onda  nifrət oyanmışdır. 

II Dövlət Dumasına keçirilən seçkilərdə Bakı və Yelizavetpol quberniyalarından X.Xasməmmədov, 

İ.Tağıyev, Z.Zeynalov və b.  ilə yanaşı  Yelizavetpol quberniyasında ədalətli məhkəmə işçisi kimi böyük 

hörmət qazanmış F.Xoyski də deputat seçilmişdir. II Dövlət Duması 1907‐ci il fevralın 20‐dən iyunun 3‐

nə  qədər  fəaliyyət  göstərmişdir.  F.Xoyski  Dumanın  Müsəlman  deputatları  fraksiyasının  və  bürosunun 

üzvü  olmuş,  şəxsi  toxunulmazlıq,  Dövlət  Dumasının  55  üzvünün  cinayət  məsuliyyətinə  cəlb  edilməsi, 

amnistiya haqqında qanun layihəsi komissiyalarının tərkibinə seçilmişdir. Dumanın bir sıra iclaslarında 

çıxış edərək çarizmin aqrar, seçki, vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran siyasətini 

kəskin  tənqid  etmişdir.  F.Xoyski  Dumada  müzakirə  edilən  aqrar  məsələ  ilə  əlaqədar  çıxışında  torpaq 

məsələsinin  çox  lazımi,  çətin  və  təxirəsalınmaz  olduğunu  qeyd  etmişdir.  O,  demişdir  ki,  hökumət  bu 

çətin məsələni kəndli torpaq bankları və köçürmə yolu ilə həll etmək istəyir, Rusiya şəraitində köçürmə 

heç bir xeyirli nəticə verməz. 

1907‐ci il mayın 18‐də II Dövlət Dumasına Rusiyada milli və dini fərqlərə görə vətəndaşların siyasi 

və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvi haqqında layihə təqdim edilmişdir. Bu layihəni 

173 deputat, o cümlədən F.Xoyski də imzalamışdır. 

II Dövlət Duması qovulduqdan sonra Yelazavetpola gələn F.Xoyski 1907‐1912‐ci illərdə andlı iclasçı 

işləmişdir. 

F.Xoyski 1913‐1917‐ci  illərdə  Bakıda  dairə məhkəməsində andlı  iclasçı kimi fəaliyyət göstərmişdir. 

Bakıda  bu  dövrdə  bir  sıra  siyasi  və  ictimai  tədbirlər  həyata  keçirilirdi.  F.Xoyski  bir  ziyalı  kimi 

tədbirlərdə,  yeni  yaranmaqda  olan  xeyriyyə  cəmiyyətlərində  və  siyasi  təşkilatlarda  yaxından  iştirak 

etmişdir. 

F.Xoyski  1917‐ci  il  Fevral  inqilabından  və  Oktyabr  çevrilişindən  sonra  siyasi  və  ictimai  mübarizə 

hərəkatına  daha  fəal  surətdə  qoşulmuş,  qısa  müddət  ərzində  Azərbaycan  xalqının  azadlığı  və 

müstəqilliyi uğrunda aparılan hərəkatın liderlərindən birinə çevrilmişdir. 

1917‐ci  il  martın  29‐da  Bakıda  Müsəlman  Milli  Şurasının  Müvəqqəti  İcraiyyə  Komitəsi  yaradıldı. 

Onun tərkibinə M.Rəsulzadə, M.Hacınski, Ə.Topçubaşov və b. ilə yanaşı F.Xoyski də daxil olmuşdur. Bu 

14


 

təşkilatın gərgin fəaliyyəti nəticəsində 1917‐ci il aprelin 15‐20‐də Bakıda  Ümumqafqaz müsəlmanlarının 

qurultayı çağrıldı. F.Xoyski qurultayın çağrılmasında və gedişində fəal iştirak etmişdir. 

1917‐ci  il  sentyabrın  5‐6‐da  və  12‐də  Bakı  Müsəlman İctimai təşkilatları  Komitəsinin  növbəti  iclası 

keçirildi.  İclasda  komitənin  yeni  tərkibi  seçildi.  Ə.Topçubaşov  sədr,  M.Rəsulzadə  və  F.Xoyski  sədrin 

müavinləri seçildilər. 

1917‐ci  il  oktyabrın  29‐da  ümumi  seçki  hüququ  əsasında  Bakı  Şəhər  Dumasına  seçkilər  keçirildi. 

Yeni seçilmiş Dumanın ilk iclası noyabrın 10‐da çağrılmış və burada F.Xoyski 46 səslə Şəhər Dumasının 

sədri seçilmişdir. 

F.Xoyski  1917‐ci  il  noyabrın  15‐də  Tiflisdə  Y.Gegeçkorinin  sədrliyi  ilə  yaradılmış  Müstəqil 

Zaqafqaziya hökuməti ‐ Zaqafqaziya Komissarlığının xalq maarif komissarı vəzifəsini tutmuşdur. 

1918‐ci  il  fevralın  23‐də  Tiflisdə  Zaqafqaziya  Seymi  işə  başladı.  Seymin  tərkibinə  azərbaycanlı, 

gürcü  və  erməni  nümayəndələri  seçilmişdir.  Azərbaycandan  Müsavat  Partiyasından  və  bitərəf 

demokratik qruplardan  30  nəfər,  o  cümlədən  F.Xoyski  də  iştirak  etmişdir.  Bu  partiya  və təşkilatlardan 

əlavə  Müsəlman  Sosialist  Partiyasından  7,  İttihaddan  3,  Hümmət  Partiyasından  4  nümayəndə  iştirak 

edirdi.  Ümumiyyətlə, Zaqafqaziya Seymində 44 azərbaycanlı deputat var idi. O, eyni  zamanda Seymin 

Müsəlman  fraksiyasının  üzvü  olmuşdur.  F.Xoyski  Seymin  və  Müsəlman  fraksiyasının  iclaslarında 

dəfəlrlə  çıxış  edərək  Güney  Qafqaz  xalqları  arasında  əmin‐amanlıq  yaradılmasını,  qazanılmış 

müstəqilliyin  qorunub  saxlanılmasını,  Türkiyə  ilə  sülh  bağlanmasını  və  münasibətlərin 

yaxşılaşdırılmasını irəli sürmüşdür. 

1918‐ci  il  aprelin  22‐də  Seym  səs  çoxluğu  ilə  Zaqafqaziyanı  müstəqil,  demokratik  və  federativ 

respublika  elan  etdi.  Seym  aprelin  26‐da  A.Çxenkelinin  sədrliyi  ilə  Zaqafqaziya  federasiyasının  yeni 

hökumətinin  tərkibini  təsdiq  etdi.  F.Xoyski  yeni  yaradılmış  hökumətin  tərkibinə  ədliyyə  naziri  kimi  

daxil olmuşdur. 

1918‐ci il mayın 25‐də F.Xoyskinin sədrliyi ilə Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclası 

keçirildi. Bu iclasa F.Xoyskinin təklifi ilə Zaqafqaziya Seyminin sədri K.Çxeidze, Seymin üzvləri Sereteli 

və  Gegeçkori  gəldilər.  A.Sereteli  gürcü  fraksiyası  adından  bildirdi  ki,  Güney  Qafqaz  xalqlarını 

müstəqillik  ətrafında  birləşdirmək  mümkün  olmadığı  üçün  biz  Gürcüstanın  müstəqilliyini  elan  etmək 

məcburiyyətində qalırıq. F.Xoyski ona cavab verərək demişdi: «…gürcü xalqının iradəsi belədirsə, bizim 

ona  mane  olmağa  heç  bir  haqqımız  yoxdur.  Azərbaycan  türklərinə  isə  yeni  vəziyyətlə  bağlı  olaraq 

müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır». 

1918‐ci il mayın 26‐da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın 

müstəqilliyi  elan  edilməsi  ilə  əlaqədar  olaraq  mayın  27‐də  Müsəlman  fraksiyasının  fövqəladə  iclası 

keçirildi. M.Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyi ilə Milli Şuranın İcra 

Komitəsi yaradıldı. 

Müvəqqəti Milli Şuranın 1918‐ci il mayın 28‐dəki iclasında Azərbaycanın müstəqilliyini bəyan edən 

akt  qəbul  olundu.  Bu  istiqlal  bəyannaməsini  imzalayan  24  nəfərdən  biri  F.Xoyski  olmuşdur.  Həmin 

iclasda  Milli  Şura  F.Xoyskiyə  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətini  təşkil  etməyi  tapşırdı. 

F.Xoyski bir saatlıq fasilədən sonra Milli Şuranın iclasına hökumətin tərkibini təqdim etmişdir. F.Xoyski 

burada Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının ilk baş naziri və daxili işlər naziri vəzifələrinə 

seçilmişdir. 

Beləliklə,  Şərqdə  ilk  dəfə  olaraq  dini  deyil,  demokratik  əsaslar  üzərində  Azərbaycanda  dövlət 

yaradıldı.  Onun  yaradılması  və  fəaliyyətində  M.Rəsulzadə,  M.Hacınski,  M.Cəfərov,  N.Yusifbəyov  və 

Azərbaycanın digər görkəmli siyasi xadimləri ilə birlikdə F.Xoyski də xeyli əziyyət çəkmişdir. 

F.Xoyski  baş nazir  olduğu  ilk  gündən  Azərbaycan  dövlətinin  dünya  ölkələri  tərəfindən tanınması 

işinə  var  qüvvəsi  ilə  başlamışdır.  Onun  1918‐ci  il  mayın  30‐da  dünya  ölkələrinin  xarici  işlər 

nazirliklərinə  göndərdiyi  radioteleqramda  yazılırdı:  «İstanbul,  Berlin,  Vyana,  Paris,  London,  Roma, 

Vaşinqton,  Sofiya,  Buxarest,  Tehran,  Madrid,  Haaqa,    Moskva,  Stokholm,  Kiyev,  Xristianiya, 

Kopenhagen, Xarici işlər nazirinə.  

Zaqafqaziya  Federativ  Respublikası  parçalanmış,  Gürcüstan  ondan  ayrılmış,  ona  görə  də 

Azərbaycan  Milli  Şurası  ayın  28‐də  Şərqi  və  Cənubi  Zaqafqaziyadan  ibarət  olan  Azərbaycanın 

15


 

müstəqilliyini  elan  etmiş,  Azərbaycan  Respublikasının  yarandığını  təntənə  ilə  bildirmişdir. 

Yuxarıdakıları  Sizə  bildirməklə,  zati‐alinizdən  bu  barədə  hökumətinizə  xəbər  vermənizi  rica  edirəm. 

Mənim  hökumətim  müvəqqəti  olaraq  Yelizavetpol  şəhərində  yerləşir.  İmza.  Xoyski,  Azərbaycan 

Respublikası Nazirlər Şurasının sədri». 

Milli  Şura  və  F.Xoyski  başda  olmaqla  milli  hökumət  Azərbaycan  ərazisində  öz  fəaliyyətini  daha 

geniş  və  hərtərəfli  aparmaq  məqsədilə  Yelizavetpola  (Gəncə)  köçdü.  Lakin  onlar  burada  siyasi 

qüvvələrin  qızğın  mübarizəsi  ilə  üzləşmiş  oldular.  Mayın  ortalarında  Yelizavetpola    gəlmiş  Nuru  Paşa 

Milli  Şuraya  və  Azərbaycan  hökumətinə  ehtiyatla  yanaşaraq  onların  nümayəndələri  ilə  görüşmək 

istəmirdi. Belə vəziyyəti görən F.Xoyski 1918‐ci il iyunun 17‐də Milli Şuranın iclasında istefa bəyanatı ilə 

çıxış  edərək  bildirdi:  «Gurcüstan  Zaqafqaziyadan  ayrıldıqdan  sonra  bizim  ölkəmiz  hökumətsiz  və 

hakimiyyətsiz qalmışdı. Buna görə də  biz Müvəqqəti hökumət təşkil etməyə məcbur olduq. İndi biz öz 

ərazimizdəyik.  Mən  və  mənim  yoldaşlarım  bizim  istefaya  çıxmağımızı  xahiş  edirik.  Ümid  edirik  ki, 

bizim  xahişimizi qəbul edəcək və  bizim çatışmazlıqlarımızı bağışlayacaqsınız». İclas F.Xoyski hökumə‐

tinin  istefasını  qəbul  etsə  də,  yeni  hökumətin  təşkilini  təkrarən  ona  tapşırdı.  F.Xoyski    bu  ikinci 

hökumətdə  də  Nazirlər  Şurasının  baş  naziri  və  ədliyyə  naziri  vəzifələrini  tutmuşdur.  F.Xoyski 

Azərbaycanın  müstəqilliyi  və  bir  dövlət  kimi  inkişafı  uğrunda  ardıcıl  mübarizə  aparmağı  yeni 

hökumətin əsas  vəzifəsi  olaraq  bəyan etmişdir.  F.Xoyski  Yelizavetpolda  dövlət  aparatının  yaradılması, 

ayrı‐ayrı nazirlik və idarələrin təşkili ilə məşğul olmuşdur. 

F.Xoyskinin  başçılıq etdiyi  hökumət  bir  sıra  tədbirlərə  başladı.  1918‐ci  il  iyunun17‐də  Azərbaycan 

xalqına müraciət etdi. Burada göstərilirdi ki, hökumətin ən yaxın vəzifəsi bütün dövlət müəssisələrinin, 

məhkəmələrin  və  məktəblərin  milliləşdirilməsidir.  İyunun  19‐da  bütün  Azərbaycanda  hərbi  vəziyyət 

elan edildi. İyunun 24‐də Azərbaycan dövlət bayrağı haqqında qərar verildi. İyunun 27‐də Azərbaycan 

(türk) dili dövlət dili elan olundu. 

Bu dövrdə F.Xoyskinin başçılığı altında Azərbaycan hökumətinin ən mühüm işlərindən biri 1918‐ci 

il  iyulun  15‐də  Fövqəladə  Təhqiqat  Komissiyasının  yaradılması  olmuşdur.  Bu  komissiya  birinci  dünya 

müharibəsi  illərində,  Bakıdakı  Mart  qırğını  zamanı,  bütövlükdə  Güney  Qafqaz  ərazisində  türklərə  və 

digər  müsəlmanlara  qarşı  törədilmiş  vəhşilikləri  öyrənmək,  bu  işdə  günahkarları  tapmaq  və  onları 

məsuliyyətə cəlb etmək işi ilə məşğul olmalı idi. 

1918‐ci  il  avqustun  30‐da  F.Xoyski  hökuməti  1806‐cı  ildə  çar  hökuməti  tərəfindən  ləğv  edilmiş 

Gəncə şəhərinin adını bərpa etdi. Gəncə şəhəri 1935‐ci il ilə kimi öz tarixi adını daşıdı. 

1918‐ci  il  sentyabrın  15‐də  Qafqaz  İslam  Ordusu  tərəfindən  Bakı  azad  edildi.  Sentyabrın  17‐də 

F.Xoyskinin  rəhbərliyi  ilə  Azərbaycan  hökuməti  Bakıya  gəldi.  Hökumət  ilk  dəqiqədən  Bakıda  əmin‐

amanlıq yaratmağa başladı. F.Xoyski bu barədə deyirdi:  «Şəhər alınarkən nalayiq hərəkətlər olmuşdur. 

Hökumət bunu  gizlətmir… Bəlkə bir çoxlarına əziyyət, bəlkə də cəza olmuşdur. Lakin mümkün idimi, 

hökumət  bunun  qarşısını  saxlasın...  Azərbaycan  deyil,  heç  bir  hökumət  bunun  qabağını  almağı 

bacarmazdı.  Burada  müsəlmanlar  qırılmış,  namusuna,  canına  təcavüz  edilmiş,  əlindən  ixtiyarı 

qoparılmış, ... üç gün davadan sonra şəhər alınmış, əhali və qoşun şəhərə acıqlı girmiş idi… hökumət üç 

gündən sonra Bakıya  girdi. O  vaxtadək nə olmusa da hökumət gəldikdən sonra Azərbaycan hökuməti 

adından  Bakı  və  onun  ətrafı  əhalisinə  məlumatla  müraciət  etdi.  Bu  məlumatda  millətindən,  dinindən 

asılı  olmayaraq  Azərbaycanda  yaşayan  bütün  vətəndaşların  bərabər  hüquqa  malik  olduğu,  onların 

həyatı,  əmlakı  və  hüquqlarının  qorunacağı,  ictimai  qayda‐qanunu  pozanların  müharibə  qaydası  ilə 

cəzalandırılacağı göstərilirdi». 

Azərbaycan  hökuməti  Bakıya  köçdükdən  sonra  Bakı  XKS‐nin  qəbul  etdiyi  bütün  dekret  və 

qanunları  ləğv  etdi,  özünün  sosial  islahatlarını  həyata  keçirməyə  və  Azərbaycanın  bütün  ərazisində 

hakimiyyətini  bərpa  etməyə  başladı.  Lakin  Azərbaycan  hökuməti  bu  zaman  çətin  beynəlxalq  şəraitlə 

üzləşməli oldu. F.Xoyski hökumətinin dəvəti ilə Azərbaycana gəlmiş  və Azərbaycan torpağını, xüsusən 

Bakını  bolşevik‐daşnak  qüvvələrindən  azad  etmiş  türk  hərbi  hissələri  Mondros  sazişinə  görə 

Azərbaycandan çıxdı, onları ingilislər əvəz etdi. Bu zaman Bakının general‐qubernatoru olan, daşnak və 

eserlərin  təsiri  altına  düşən  general  Tomson  Azərbaycan  hökumətini  tanımaq  istəmirdi.  F.Xoyskinin 

16


 

Tomsonla apardığı diplomatik danışıqlar nəticəsində onun münasibəti dəyişildi və F.Xoyskinin başçılıq 

etdiyi Azərbaycan hökumətini tanıdığını bildirdi. 

1918‐ci  il  dekabrın  7‐də  ölkədə  ziddiyyətli  siyasi  şəraitdə  Azərbaycan  parlamenti  öz  işinə  başladı. 

Parlamenti  Azərbaycan  Milli  Şurasının  sədri  M.Rəsulzadə  təbrik  nitqi  ilə  açdı.  Sonra  söz  F.Xoyskiyə 

verildi. F.Xoyski parlamentin işə başlaması münasibətilə deputatları təbrik edərək dedi: «Bugünkü  gün 

Azərbaycan üçün böyük,  əziz mübarək  gündür ki, yuxumuzda  görməzdik, əqlimizə  gəlməzdi. Bu  gün 

o gündür ki, muxtariyyatı  əlimizə aldığımız, hökumət vəkalətilə bu bayram günü sizi və sizinlə bərabər 

özümüzü  də  təbrik  edirəm».  Sonra  o,  hökumətin  may  ayından  bəri  apardığı  daxili  və  xarici  siyasəti 

haqqında  məlumat  verdi.  F.Xoyski  nitqinin  axırında  parlamentə  müraciət  edərək  dedi:    «…hökumət 

çalışmışdır  ki,  öz  nüfuzunu    millətin  gözündə  itirməsin.  Biz  xahiş  edirik  ki,  nöqsanlarımızı  bizə 

göstəriniz…  hökumətin  ixtiyarı  bu  günə  qədər  idi…  heç  bir  hökumət  parlamenti  açıldıqdan  sonra    iş 

başında qalammaz. Ona görə mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm, hökumət hüzurunuzda 

istefasını verir». 

Parlament  F.Xoyski  hökumətinin  istefasını  qəbul  etdi  və  yeni  hökumətin  təşkilini  yenə  də  ona 

tapşırdı.  F.Xoyski  1918‐ci  il  dekabrın  26‐da  yeni  hökumətin  qarşısında  duran  vəzifələri  və  tərkibini 

Azərbaycan  parlamentinə  təqdim  etdi.  Parlament  təqdimatı  geniş  müzakirədən  sonra  qəbul  etdi. 

F.Xoyski bu hökumətdə baş nazir vəzifəsilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutmuşdur. 

F.Xoyski  hökuməti  parlament  tərəfindən  təsdiq  olunandan  sonra  ölkənin  iqtisadi  vəziyyətinin  və 

əmin‐amanlığının  bərpası  işinə  başladı.  Lakin  parlamentdə  iştirak  edən  partiyalar  arasındakı 

ziddiyyətlər onu həyata keçirməyə imkan vermirdi. Onlar F.Xoyski hökumətini aqrar, neft alveri, polisin 

qanunsuz  hərəkətlərinin  qarşısını  ala  bilməmək  və  b.  məsələlərdə  təqsirləndirirdilər.  Bu  məsələlər 

haqqında  parlamentdə  bir neçə dəfə keçirilən müzakirələrdə F.Xoyski hökuməti kəskin tənqid olundu. 

F.Xoyski parlamentinin 1918‐ci il fevralın 5‐də keçirilən iclasında çıxış edərək  onlara dedi: «O günlər ki,  

siz neçə dəfələrlə mənə müraciətən bu hökumətin  təşkilinə məni vadar etdiniz… Mən o vaxt sizə dedim 

ki,  belə  xətərləri  bir  zamanda  heç  kəs  cəsarət  edib  tamam  hökuməti  ələ  ala  bilməz…  Sizin  sidq  dil  ilə 

hökumətin dalında durub kömək edəcəyinizə ümid oluruq… əgər görsəm ki, sədaqət yoxdur, bir dəqiqə 

hökumət başında durmaram… hökumətə  kömək cürbəcür olur… heç hökumət… sorğudan inciməz… 

sorğu  da  var,  sorğu  da.  Bir  sorğu  var  ki,  atanın  oğluna  verdiyi  nəsihət,  bir  sorğu  var  ki,  zəhərli, 

bədxahlıq sorğusudur… Bu sorğu hökumətə badalaq vurmaq, biz soxmaq deməkdir». 

Onun başçılıq etdiyi hökumətə qarşı istər parlamentdə, istərsə də siyasi partiyalar arasında gedən 

danışıqlara  son qoymaq  məqsədilə  F.Xoyski    başçılıq  etdiyi  hökumətinin  istefası  haqqında  parlamentə 

məktub  göndərdi.  1919‐cu  il  fevralın  25‐də  Azərbaycan  parlamenti  F.Xoyskinin  məktubunu  müzakirə 

edib,  onun  istefasını  qəbul  etdi.  Lakin  parlament  yeni  hökumətin  təşkilinə qədər  vəzifəsini  icra  etməyi 

ondan xahiş etdi. 

F.Xoyski  istefaya  çıxsa  da,  siyasi  və  ictimai  fəaliyyətini  davam  etdirmişdir.  O,  bu  dövrdə 

Azərbaycan  parlamentinin  üzvü  kimi  Azərbaycan    hökumətinin  bir  sıra  tədbirlərində  fəal  iştirak 

etmişdir.  Siyasi,  iqtisadi  və  maliyyə  məsələlərinin  həllində,  Cənubi  Qafqaz  respublikaları  arasında 

mübahisəli  sərhəd  məsələlərinə  həsr  edilmiş  Qafqaz  konfransının  çağrılmasında,  Azərbaycanla 

Ermənistan arasında mübahisəli ərazi məsələlərinin həllinə həsr edilmiş konfransın keçirilməsində fəal 

iştirak etmişdir. F.Xoyski bu iclas və konfranslarda çıxış edərək Azərbaycanın qəti mövqeyini bildirmiş 

və bəzi qonşu dövlətlərin Azərbaycana bədxah münasibətini kəskin tənqid etmişdir. Onları dostluğa və 

ədalətli  qonşuluq  münasibətləri  yaratmağa  çağırmışdır.  O,  demişdir  ki,  Böyük  Rus  inqilabı  Güney 

Qafqaz  xalqlarının  azadlığa  çıxmasına  səbəb  olmuşdu,  mən  belə  düşünmürəm  ki,  Qafqazın  azadlıq 

sevən  oğullarının  –  istər  o  azərbaycanlı  olsun,  istərsə  də  dağlı,  gürcü  və  ya  erməni  olsun,  müstəqil 

yaşamaq ideyasında, sərbəstlik ideyasında yolları birdir. 

1919‐cu  il  dekabrın  22‐də  Azərbaycan  parlamenti  N.Yusifbəyovun  təşkil  etdiyi  beşinci  hökumət 

kabinəsində  F.Xoyskini  xarici  işlər  naziri  vəzifəsinə  təyin  etmişdir.  F.Xoyski  bu  vəzifədə  1920‐ci  ilin 

aprelinə qədər çalışmışdır. 

Paris sülh  konfransı  tərəfindən  Azərbaycanın  istiqlaliyyətinin  tanınması  münasibətilə  Azərbaycan 

parlamentinin təntənəli iclası 1920‐ci il yanvarın 14‐də keçirildi. 

17


 

İclasda  ilk  söz  xarici  işlər  naziri  F.Xoyskiyə  verildi.  Azərbaycanın  dünya  ölkələri  tərəfindən 

tanınması sahəsində ardıcıl mübarizə aparanlardan biri olmuş F.Xoyski parlamenti təbrik edərək böyük 

sevinclə bildirmişdir.: «May ayının 28‐də 1918‐ci ildə Azərbaycan  xalqı öz istiqlaliyyətini aləmə məlum 

etmişdir…  İstiqlalını  elan  etdikdən  sonra  bir  millət  gərək  cəmi  aləmə  göstərsin  və  isbat  etsin  ki,  … 

istiqlaliyyətə  layiqi  vardır…  bir  il  on  ay  müddətində  Azərbaycan  milləti  öz  həyatın,  dolanacağın 

Avropaya,  cəmi  mədəniyyət  aləminə  məlum  edib  özünü  öylə  göstərdi  ki,  Avropa  onun  həqqini 

verməklə və istiqlalını təsdiq etməyə vadar oldu… 

Bu  xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi 

türk  aləmi  üçün  böyük  bir  bayramdır.  Böylə  bir  günü  dərk  etmək  üçün  qeyri  millətlər  on  illər  ilə 

çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq». 

F.Xoyski  Sovet  Rusiyası  ilə  əlaqələr  yaratmaq  haqqında  Rusiyanın  xalq  xarici  işlər  komissarı 

G.Çiçerinlə  bir  neçə  dəfə  notalar  mübadiləsi  etmişdir.  O,  G.Çiçerinin  Azərbaycanı  general  Denikinlə 

mübarizəyə  cəlb  etmək  fikrinə  qarşı  çıxaraq,  Azərbaycanın  Rusiya  tərəfindən  tanınmasını,  rus  və 

Azərbaycan  xalqları  arasında  ədalətli,  hər  iki  dövlətin  suverenliyi  prinsiplərinə  əsaslanan  mehriban 

qonşuluq  münasibətləri  yaradılmasını  irəli  sürmüşdür.  Ancaq  F.Xoyskinin  Sovet  Rusiyası  ilə 

münasibətləri yaxşılaşdırmaq cəhətləri bir fayda verməmişdir. 

1920‐ci  il  aprelin  15‐də  parlamentdə  hökumətin  Sovet  Rusiyasına  diplomatik  nümayəndə 

göndərmədiyini  tənqid  edən  Əliheydər  Qarayevə  cavab  verən  F.Xoyski  demişdir:  «Biz  üç  dəfə  Sovet 

Rusiyasına  dostluq  əlaqələri  yaratmaq  üçün  danışıqlara  getməyə  hazır  olduğumuzu  təklif  etmişik. 

İndiyə  kimi  bizim  təklifimiz  diqqətdən  kənarda  qalıb.  Çıxış  edən  natiq nahaq  yerə  bizi  günahlandırır. 

Əgər  o,  istəyirsə  ki,  bizimlə  Rusiya  arasında  dostluq  münasibətləri  yaradılsın,  qoy  onda  o,  öz 

həmfikirlərini danışıqlara getməyə məcbur etsin». 

Azərbaycan  Xalq  Cümhuriyyəti  1920‐ci  il  aprelin  27‐də  XI  Qızıl  ordu  tərəfindən  işğal  edildi. 

F.Xoyski bu zaman Tiflis şəhərinə getmiş və orada 1920‐ci il iyunun 19‐da erməni quldurları tərəfindən 

xaincəsinə öldürülmüşdür. Xoyski Tiflisdə azərbaycanlıların qəbiristanlığında  görkəmli filosof, maarifçi 

dramaturq  M.F.Axundovun  məzarı  yanında  dəfn  olunmuşdur.  Onun  öldürülməsi  haqqında  Tiflisdə 

çıxan    «Qruziya»  qəzetinin  23  iyun  1920‐ci  il  sayında  nekroloq  dərc edilmişdir.  Xoyskinin  öldürülməsi  

bir sıra ölkələrin, o cümlədən Böyük Britaniya rəsmi dairələrinin diqqətini çəkmişdir. 

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə