mamçıya pul verdiyini xatırlayırdı), ya axşam əmir həzrətləri və
müşavirilə söhbətdən, əlbəttə, həm də kiçik ziyafətdən sonra
gəlib yorğunluqdanmı, gərginlikdənmi yatağına daş kimi
yıxılandan sonra oğurlamışdılar. Hücrənin qapısını bağlayıb-
bağlamadığı yadında deyildi, hər halda, belə bir əhvalat baş
veribsə, deməli, bağlamayıb, ya da soyğunçular qapını səssiz-
küysüz açmağı bacarıblar.
260
Qismətindən, oğrular doktor Veysmanın adamı vermiş əlli
min markalıq çeki, görünür, lazımsız kağız parçası sayıb
götürməmişdilər. Olan-qalan qiymətli əşyasını – cib saatını
satıb piyada Dəməşqə gedən karvana qoşuldu: artıq bu yolun
yolçusudusa, onu gözləyən çətinlikləri də irəlicədən gör-
məlidi: gələcəkdə bəxtinə bu cür səfərlər çox çıxacaq, belə
şeylərə indidən hazır olmalıdı. Yolda araba, fayton, ya dəvə
karvanı rastlaşar, ya da avtomobillə gedən bir Allah bən-
dəsinin rəhmi gəlsə, ayağını yerdən götürər. Yükü cəmi-
cümlətanı bir dəst dəyişəkdən, bir-iki kitabdan, kağız-kuğuz-
dan ibarətdi.
Həmin səfərdə başına gələn bir əhvalat sonralar heç vaxt
yadından çıxmayacaqdı. Yolüstü müsafirxanaların birində
gecələmək üçün dayandılar, Leopold Veys ümumi hücrədə
özünə güclə yer tapa bildi. Dörd nəfər idilər. Üzbəüzdə
çömbəlib oturan bədəvi dəstərxanını döşəməyə sərdi, ağır-
ağır ayağa qalxıb pəncərəni açdı. Sifəti qaraşın idi, cizgiləri
aydın sezilirdi. Bədəvi əlini uzadıb bayırdan bir kökə götür-
dü, bölüb yarısını Leopolda uzatdı. Leopold təəccüblə onun
üzünə baxdı. Bədəvi gülümsədi:
“Tafaddal”.
Leo artıq bu sözün mənasını bilirdi, bədəvi “buyurun” de-
yirdi. Kökənin yarısını alıb başını tərpətməklə təşəkkür elədi.
Bədəvi sözləri boğazında qaynada-qaynada nəsə dedi.
Hücrədəki yol yoldaşlarından biri almanca bilirmiş, bədəvinin
dediklərini tərcümə elədi:
“Deyir, siz də yolçusunuz, mən də yolçuyam. Mənim yo-
lumla sizin yolunuz eynidi”.
Leopold mütəəssir oldu: bu səhralar övladı Allah adamı-
dı, Onun məsləhət bildiklərini eləyir, hamını da buna borclu
sayır.
...Dəməşqdə çox ləngimədi, karvanlara qoşuldu, atlarla,
arabalarla, faytonlarla Konyaya, Bursaya, ordan Konstantino-
pola çatdı. O günlərdə təkcə şəhər yox, bütün məmləkət
261
dəyişiklik havası yaşayırdı: müttəfiq qoşunları çəkilib getmiş,
Cümhuriyyət elan olunmuş, millətçilər hökumət qurmuşdu-
lar. Leopold Veys bu məqamda Konstantinopolda, indi hamı-
nın adlandırdığı kimi, İstanbulda olmasını da taleyin lütfü
sayırdı.
Almaniya konsulluğunda vəziyyəti uzun-uzadı araşdırı-
landan, “Frankfurter Zeitunq”un redaksiyasına teleqram vu-
rub müsbət cavab alandan sonra şəxsiyyətini təsdiq eləyən
sənəd verdilər. “Şərq ekspressi”nə əyləşəndə Leopold Veys
artıq Vyanada qatardan düşəcəyini bilirdi. Üç ildən bəri
görmədiyi atasıyla münasibətlərini qaydaya salması bu
səfərin uğursuzluğunu unutmağa kömək eləyərdi. İrəlidə
təxirəsalınmaz işləri vardı, bəlkə də sonralar belə fürsət bir də
əlinə keçməyəcəkdi.
Atası, əlbəttə, Leopoldun qəzetçilikdə qazandığı uğurlar-
dan xəbər tutmuşdu, hələ Şərq reportajlarından bəzilərini də
oxumuşdu. Hələ oğlunu ciddi sənət sahibi görmək istəsə də,
deyəsən, artıq gerçəkliklə barışmışdı: nə olar, əgər Leopold
bu sahədə özünü təsdiq eləmək istəyirsə, qoy belə olsun,
amma ailəsinə və millətinə mənsubiyyətini unutmasın.
“Səni bir də görəcəyimi düşünmürdüm, – görüşəndən, üç
il ərzində olub-keçənlərdən xəbər tutandan sonra Akiva
kövrək səslə dilləndi. – Bilirəm ki, daha Vyanada yaşamaq
fikrində deyilsən”.
“Görməli işlərim var, – Leopold üstüörtülü danışdı. – Dün-
yada maraqlı hadisələr bəxş verir, belə vaxtda mən Vyanada
oturub qala bilmərəm”.
O, payız günündə atasıyla vidalaşıb Frankfurta yola
düşəndə bir daha Vyanaya qayıdacağını, atasını görəcəyini
dəqiq bilmirdi. Zamanın axarına qoşulub gedirdi, harda da-
yanacağını taledən başqa kimsə bilməzdi...
262
***
Frankfurtda çox duruş gətirə bilmədi. Əlbəttə, qəzetin
rəhbərliyi onun başına gələn hadisədən təəssüfləndi, amma
bacarıqlı oğlanı əldən buraxmamaq üçün daha yaxşı şərtlər
irəli sürdü, üstəlik, sənədlərini qaydaya salmağa kömək elədi.
Leopoldsa səbirsizlik göstərir, Berlinə can atırdı. Ən ümidsiz
vəziyyətində Elzanın xəyalıyla yaşamışdı, pay-piyada Əm-
mandan Dəməşqə gedəndə də, Osmanlı məmləkətinin şəhər-
lərindən keçəndə də, kədərli atasının gileylərinə qulaq asan-
da da Elzanın surəti gözlərinin qabağından getməmişdi.
Üstəlik, müsafirxana hücrələrində, otel otaqlarında, qatarda
qələmə aldığı səfər təəssüratlarını çap etdirmək fikrindəydi,
bütün bunları da bir neçə ay ərzində başa çatdırıb yeni səfərə
çıxmalıydı.
Əlyazmalarını çapa hazırlamaq, Elzayla ünsiyyətdə olmaq
bütün vaxtını alırdı. Elzanın yaşca böyük, həm də bir uşaq
anası olmasının ondan ötrü əhəmiyyəti yox idi, başlıcası, bir-
birini gözəl başa düşürdülər, Elza da ona əməlli-başlı vurul-
muşdu, birgə lap dünyanın o başına getməyə hazır idi – bü-
tün bunlar bəs idi. Növbəti səfərindən qayıdandan sonra
evlənəcəkdilər...
Frankfurtla Berlin arasında gediş-gəlişləri köhnə dostlarını
axtarıb tapmağa mane olurdu. Şübhəsiz, Aleksandr Brailovs-
kini, Şərq vurğunu Leo-Əsəd bəyi unutmamışdı,
görüşsəydilər, yenə danışdıqlarına necə heyranlıqla qulaq
asacağını xəyalında canlandırıb gülümsəyirdi. Fikrincə, Leo-
Əsəd bəy dərrakəli oğlan idi, gələcəkdə ondan nəsə bir şey
çıxacaqdı, çünki arzulamağı bacarır, fantaziyaları hüdudsuz-
du, üstəlik, inadkardı, təsəvvüründə canlandırdıqlarını
gerçəkləşdirməyə can atır.
...Cəmi üç aydan sonra bütün işlərini yoluna qoymuş, El-
zanın sevgisindən məst olmuş, səfər təəssüratlarından ibarət
“Qeyri-romantik Şərq” kitabını çap etdirmiş Leopold Veys
yenə “Şərq ekspressi”nin birinci dərəcəli vaqonundakı yum-
263
şaq kupesində oturmuşdu, yol çantasında mətbəə qoxusu
hələ çəkilməmiş kitablarla yanaşı Elzanın bağışladığı ipək
köynəklər, corablar, cib dəsmalları, bir də oğlu Haynrixlə
birgə çəkdirdiyi şəkli, dodaqlarındasa sevdiyi qadının məs-
tedici öpüşündən qalan şirin sızıltı vardı. Bütün yolboyu,
hətta, İstanbul boğazında mindiyi gəmiylə Port-Səidə, oradan
da Qahirəyə çatanacan o sızıltı çəkilib getmədi.
...Elzaya mümkün qədər tez qayıdacağını vəd eləmişdi,
amma səfəri gözlədiyindən xeyli çox, düz il yarım çəkdi...
Qahirədə əl-Əzhar şeyxi Mustafa Əl-Marağiylə həmsöhbət
oldu, Quranın ilahi ismarışları barədə onun maraqlı şərhlərinə
qulaq asdı. Yayın əvvəllərindəsə İordaniyaya gedib yenə əmir
Abdullah və Rza Tofiqlə görüşdü, Dəməşqdə, Beyrutda,
Trablisdə oldu...
Hər yerdə nüfuzlu din və elm adamlarını tapıb söhbətə
çəkdi, kağıza köçürüb Frankfurta göndərdi. Amma o
söhbətlərində təkcə özünə lazım olacaq mətləblər də vardı:
aydan-aya ərəblərin milli xüsusiyyətlərinə, ərəb dilinin
incəliklərinə daha dərindən vaqif olduğunu duyur, adamla-
rın rəğbətini qazanmaq üçün təkcə dil qabiliyyətindən yox,
maddi imkanlarından da istifadə eləyirdi.
Elə o vaxt, Hələbdən Deyr əz-Zərə gedəndə Quzey Ərəbis-
tanının Şəmmar qəbiləsinin şeyxi Zeyd ibn Qanimlə tanış
oldu. Əlbəttə, qəbilə həyatı yaşamaq, aşağı təbəqəyə mənsub
adamların düşüncələrini öyrənmək, müşahidələrini kağıza
köçürmək gözəl fürsət idi. Leopold Veys qəzetinin oxucuları-
na cəmiyyətin ehtiyac duyduqlarını ötürür, özünə, daha doğ-
rusu, “missiyası”na lazım olanlarsa, yaddaşına həkk eləyirdi.
Yolları Şərqi Anadoludan, İrandan, Əfqanıstandan keçdi.
Altı ay qaldığı Əfqanıstanda puştunlarla, bəluclarla,
özbəklərlə, taciklərlə aullarda, torpaq qazmalarda, çadırlarda
yaşadı...
Rastlaşdığı adamlar iyirmi beş yaşlarındakı cavanı səyyah,
alim, ilahiyyatçı sayıb hörmətlə yanaşır, qibtəylə baxırdılar,
264
bu da Leopoldun xoşuna gəlirdi. Üstəlik, onun İslam haqqın-
da dedikləri adamları heyrətləndirirdi. Heratda cavan quber-
nator ona qulaq asıb demişdi: “Siz ki, əsl müsəlmansınız,
bundan özünüzün də xəbəriniz yoxdu”.
Bu isə elə Leopold Veysin can atdığı hədəf idi...
O ilin payızında Heratdan, Mərvdən, Səmərqənddən,
Buxaradan keçib Daşkəndə çatdı. İdeologiya sarıdan düşmən
olan bir ölkənin vətəndaşını, üstəlik, sovetlətin əleyhinə yazı-
lar dərc eləyən qəzetin müxbirini sərhəddən asanca buraxma-
ları ona çox təəccüblü gəldi. Daşkənddə qatara əyləşib Mosk-
vaya çatanacan bu sirri çözməyə çalışdı, amma həqiqəti heç
sonralar da öyrənə bilmədi.
Başqa aləmin, başqa quruluşun – sovet dövlətinin paytaxtı
Moskva onda anlaşılmaz təəssürat oyatdı: rastlaşdığı adam-
lar miskin yaşayışlarını ideoloji təkəbbürlə ört-basdır eləməyə
çalışırdılar, bu da Leopolda istər-istəməz istehzalı gülüş do-
ğururdu.
Moskvadan Frankfurta gedəndə bir şeyi dəqiq bilirdi:
daha həyatının bu mərhələsinə yekun vurmaq lazımdı; artıq
iyirmi altı yaşına girib, yaşıdlarıyla müqayisədə xeyli həyat
təcrübəsi var, üstəlik, taleyinə yazılmış missiyayla ciddi məş-
ğul olmaq vaxtı çatıb; bundan ötrü qəzetdəki işinə son qoy-
malıdı, çünki nə qədər sərfəli olsa da, vaxtını çox alır; həm də
Elzayla evlənmək vaxtı yetişib, rahat həyat tərzi Şərqi və is-
lam dinini daha dərindən öyrənməsinə kömək eləyəcək.
“Frankfurter Zeitunq”da ondan daha sanballı kitab – yeni
səfər təəssüratları gözləyirdilər, amma artıq bir yerdə duruş
gətirmək, verdiyi sözü yerinə yetirmək iqtidarında deyildi,
Berlinə can atırdı. Onun eşq macərasından xəbərdar olan re-
daktor başının qadına qarışdığını irad tutanda araları açıldı,
mübahisələri də qəzetlə vidalaşmasına səbəb oldu.
Nə olar, Leopold Veys artıq Şərq məsələlərilə bağlı nüfuz
sahibiydi, iş tapmaqda çətinlik çəkməyəcəkdi. Hər hansı
qəzetə məqalələr, şərhlər, xülasələr yazıb həyatını təmin
265
eləyəcəkdi. Həm də Elzanın maddi ehtiyacı yox idi, ondan
sevgidən başqa bir şey ummurdu.
Elzanın gözlədiyi sevgini də artıqlamasıyla verdi, talelərini
birləşdirməklə bağlı onu çox dilə tutmalı olmadı. Az sonra
beş-üç dost-tanışın şəhadətilə evlənib Berlində məskən saldı-
lar. Leopold Veys yazı-pozusuyla yanaşı Geopolitika Akade-
miyasında mühazirələr oxumaq üçün də dəvət aldı. Belə gö-
rünürdü ki, çoxdan arzuladığı sakit həyata qovuşub, bundan
sonra yaşamında ciddi dəyişiklik baş verməyəcək.
***
...Amma təkcə özünün bildiyi və məqamını gözlədiyi o
dəyişiklik o ilin payızında baş verdi: Leopold Veys və Elza
Şeyman müsəlmanlığı qəbul elədiklərini bildirdilər...
Leopold bunu dost-tanışlarına doqquz yaşında olan vaxt
gördüyü yuxuyla izah elədi: o yuxusunda görmüşdü ki, met-
ro qatarında gedir, bir müddət sonra yer üzünə çıxır, ucsuz-
bucaqsız səhrada xaxırdılmış dəvəni, dəvənin belindəki üzü
niqablı, başı çalmalı, qısaqol əbalı adamı görür, hiss eləyir ki,
həmin adam onu gözləyir; dinməz-söyləməz qatardan düşüb
onun tərkinə minir, zamansızlıq içində yol gedir, nəhayət, is-
tisi olmayan, lakin gözqamaşdırıcı işığa rast gəlirlər; bələdçisi
ilahi səslə “Bura günbatanın ən ucqar şəhəridi” deyib onu
dəvədən endirir.
Leopold Veys onun Həzrəti Muhamməd olduğunu on yeddi
il sonra dərk eləyir.
“Elzayla bir axşam gəzintidən qayıdırdıq, – təəccüblənən
dost-tanışlarına deyirdi. – Qəfildən sezdim ki, metro vaqo-
nundakı adamların hamısının sifətində dərin və gizli əzab
var. Sezgimi Elzaya söylədim. Elza da adamlara nəzər salıb
“Elə bil, cəhənnəm əzabı çəkirlər, – dedi. – Görəsən, özləri
bunu dərk eləyirlərmi?” Mənə elə gəldi ki, bu onların daim
güzəran dalınca qaçmalarıyla bağlıdı. Evə qayıdanda masa-
nın üstündə açıq qalmış Quranı
gördüm, örtüb kənara qoy-
266
maq üçün əlimi uzadanda nəzərlərim Təkasür surəsinə sataş-
dı, qəfildən də surənin bayaq metroda gördüklərimi əks et-
dirdiyini sezdim. Deməli, adamlar tamaha, acgözlüyə tapın-
mışdılar, tamah, acgözlüksə onları heç vaxt bu qədər
bürüməmişdi; ifritə adamların boyunlarına minmişdi, qır-
mancını ürəklərinin başına endirir, onları uzaqlarda işvəylə
göz vuran hədəflərə doğru aparırdı. Quranda Muhamməd
Peyğəmbərin səsindən daha güclü, daha uca səs zamanları
aşıb insanların qulağına çatırdı. Həmin məqamda hiss elədim
ki, islam dinini qəbul eləmək mənim taleyimə yazılıb.
Düşüncələrimi Elza da bölüşdü”.
Bir neçə gündən sonra iki şahidlə Berlindəki kiçik müsəl-
man icmasının başçısı olan tanış indusun yanına getdiyini,
Dostları ilə paylaş: |