İkinci bölmə Birinci fəsil Peyğəmbərdən (s) nəql olunan şiə hədisləri
◘Hər gün günəş doğan zaman iki mələk onun kənarında fəryad edib deyir: “Camaat! Allaha tərəf tələsin! Az, lakin kifayət edəcək qədər olan mal-dövlət çox və qəflətə səbəb olacaq çoxlu mal-dövlətdən yaxşıdır.
◘İki iş var ki, onları yerinə yetirərkən kimsənin mənə kömək etməsindən xoşlanmıram − biri dəstəmaz, digəri isə öz əlimlə dilənçiyə verdiyim sədəqə. Çünki sədəqə Allahın əlinə çatır.
◘İki söz var ki, həmişə eşidilməz (yə`ni, gözlənilməzdir). Bu iki sözə gərək riayət edilsin. Bunların biri ağılsızın dediyi gözəl sözdür. Bunu qəbul edin. Digəri isə, ağıllı insandan eşitdiyiniz ağılsız sözdür. Bu sözə isə e`tina etməyin.
◘Mənim ümmətimdən iki zümrə var ki, əgər onlar ləyaqətli olsalar hamı ləyaqətli olar. Yox əgər ləyaqətsiz olsalar hamı ləyaqətsiz olar.
Soruşdular: “Ey Allahın rəsulu, onlar kimlərdir?”
Buyurdu: “Rəhbərlər və fəqihlər.”
◘Behiştin xoş ətri beş yüz illik məsafədən hiss olunur. Lakin bu iy bir valideynlərinə əziyyət verib onları incidənlərə, bir də dəyyuslara qismət olmaz.
Soruşdular: “Dəyyus kimlərdir?”
Buyurdu: “Dəyyus, qadınlarının başqa kişilərlə əlaqə saxladığını bilib, buna qarşı heç bir çarə fikirləşməyən biqeyrət kişilərdir.”
◘İkiüzlü insanlar qiyamət səhnəsinə başı üstə, ikidillilər isə üzləri üstə süründürülərək gətirilərlər. Atəş onların bədənindən elə püskürər ki, bədən üzvləri əriyib tökülər. Onları belə tanıtdırarlar: “Bunlar dünyada ikiüzlü və ikidilli olanlardır!”
◘Dünyada ikiüzlü olanların Qiyamət günü atəşdən iki dili olar.
İnsanlar ölən zaman iki dəstə olurlar. Bir dəstə rahat olur, digəri isə başqalarını rahat edir. Birinci dəstə mö`minlərdir ki, dünya çətinliklərindən azad olurlar. İkinci dəstə kafirlərdir ki, ölməkləri ilə bitkilər, heyvanlar və insanlardan bir çoxu onların şərindən rahat olurlar.
◘Həqiqi mö`min o kəsdir ki, öz varını kasıblarla bölüşdürsün və insanlar barəsində insaflı olsun.
◘Mö`min o kəsdir ki, yaxşı işindən xoşhal, pis işindən narahat olsunlar.
◘Həzrət Əlidən (ə) rəvayətdir ki, Peyğəmbər (s) söhbət əsnasında buyurdu: “Alimlər iki zümrədirlər. Onlardan birincisi elminə əməl edən şəxslərdir; bunlar nicat tapanlardır. Digəri isə bildiklərinə əməl etməyənlərdir; Bunlar nicat tapmazlar. Cəhənnəm əhli onların pis iyindən əziyyət çəkər. Ən böyük peşmançılıq və həsrət o alimə məxsusdur ki, camaatı haqqa tərəf də`vət edir və camaat da onun sözünə baxıb Allaha itət etməklə behiştə varid olur, lakin həmin alim öz elm və biliyinin əksinə əməl etmək və nəfsani istəklərinə uymaq vasitəsi ilə cəhənnəmə gedir.”
◘Həzrət Əli (ə) bu barədə belə buyurub: “Sizin üçün iki şeydən çox qorxuram. Onlardan biri nəfsani istəklərə uymaq, ikincisi isə uzun-uzadı arzu və xəyallardır. Nəfsani istəklərə uyub onun ardınca getmək haqq yolunun üzərində olan bir səddir. Uzun-uzadı arzu və xəyallar isə axirəti insanın yadından çıxarar. Dünya getməkdə, axirət isə gəlməkdədir. Bunların hər birinin özünün övladları var. Hər birinin övladları da onun arxasınca gedir. Əgər bacarsanız dünyanın yox, axirətin övladı olun. Siz bu gün hesabsız əməl evindəsiniz. Sabah isə əməlsiz hesab evinə gedəcəksiniz.”
◘Üzürsüz olaraq ayaq üstə bövl etmək və sağ əllə özünü yumaq cəfakarlıq (və İslam əxlaqına qarşı nəzakətsizlikdir).
◘Yenə də o Həzrətdən (ə) nəql edirlər ki, buyurub: “Həya iki qisimdir. Birincisi insanın zəifliyindən, ikincisi isə imanın qüvvətindən irəli gəlir. Birincisi lazım olan məsələləri öyrənməkdən irəli gələn, ikincisi isə günah zamanı Allah qarşısında edilən həyadır.”
◘Yenə də buyurub: “İki nəfər mənim şəfaətimdən faydalanmaz. Biri zülümkar padşahın qapısını qoruyan şəxs, ikincisi isə dində ifrata varmaqla həddini aşan təəssübkeş dindar.”
◘Yenə də buyurub: “Adəm övladı qocalsa da iki xislət onda cavan qalar; hərislik və uzun-uzadı xam-xəyal və arzular.”
◘İmam hüseyn (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Dünyaya məhəbbət bəsləmək qəm-qüssəni artırar, zahidlik və pərhizkarlıq isə qəlb və bədənə aramlıq bəxş edər.”
◘Yenə də buyurub: “İnsanın iki şeydən xoşu gəlmir. Biri ölümdür. Baxmayaraq ki, ölüm mö`minin çətinliklərdən qurtarıb səadətə qovuşmasına səbəb olur. Digəri isə var-dövlətin azlığı.”
◘İki xislət heç vaxt müsəlmanın qəlbinə daxil olmaz. Biri xəsislik, digəri isə bədəxasiyyətlik. Xəsisliklə iman heç vaxt bir qəlbə yerləşməz.
◘Yenə də buyurub: “İki şey var ki, onlardan başqa heç nəyə paxıllıq etmək olmaz. Biri budur ki, Allah bir kəsə bol var-dövlət verib, o da həmin var-dövləti Onun yolunda paylayır. Digəri isə budur ki, bir kəsə Qur`anla ünsiyyət yaradıb, ona yaxşı bələd olmaq kimi böyük bir ne`mət qismət olub və həmin kəs də gecə-gündüz onu oxuyur.”
◘Həzrət Fatimeyi-Zəhra (ə) öz atasına ərz etdi: “Həsən (ə) və Hüseyn (ə) sənin övladlarındır. Onlara bir şey əta et.” Peyğəmbər (s) buyurdu: “Həsənə (ə) öz heybət, zəhm və alicənblığımı, Hüseynə (ə) isə kərəm və şücaətimi əta etdim. (Yə`ni, Allahdan istədim ki, onları bu xüsusiyyətlərlə zinətləndirsin.”
◘Səfvan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Həsənə (ə) heybət və gözəl davranışımı, Hüseynə (ə) isə səxavət və mehribanlığımı (əta etdim).”
◘Peyğəmbər (s) buyurub: “İşa namazından sonra yalnız iki nəfər oyaq qala bilər; namaz qılan və müsafir.”
◘Mənim ümmətimin cəhənnəmə getməsinə səbəb olacaq əsas şey ağız və cinsiyyət üzvü arasındakı nahiyədir. Onları cənnətə aparacaq ümdə şey isə xoş xasiyyət və günahlardan çəkinməkdir.
◘Allah-təala buyurub: “And olsun Öz izzət və cəlalıma! Bəndəmin qəlbində nə iki qorxu, nə də iki arxayınlıq hissi yerləşdirmərəm! Dünyada Məndən qorxan şəxsə axirətdə qorxu yoxdur və onun qəlbini aramlıqla dolduraram. Dünyada məndən qorxmayıb özünü qəzəbimdən amanda hiss edən şəxsin qəlbini isə axirətdə qorxu ilə dolduraram və onun üçün heç bir aramlıq yoxdur.”
◘Mənim ümmətimin islah olması üçün əvvəlinci iki əsas şey günahlardan çəkinmək və yəqindir.
Onların həlak olması üçün isə ən axırıncı iki şey isə paxıllıq və tamahkarlıqdır.
Dostları ilə paylaş: |