NƏŞRİyyatdan



Yüklə 1.21 Mb.
səhifə5/14
tarix29.05.2017
ölçüsü1.21 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

QAPINI DİLƏFRUZ AÇDI

Həyət qapısı döyülürdü.

Axşam yeməyindən sonra yumşaq çarpayıya uzanmış Diləfruz üç saata yaxın idi ki, div kimi yatır, nə Məmmədin ağlamasını, nə də qapının döyülməsini eşidirdi. Rəhman səfərdə olduğundan, arvad küçə qapısını hələ ertədən bağlamışdı. Diləfruzun xorultusu otağı götürmüşdü.

Bir neçə dəfə zəngi basan Adil Diləfruzun oyanmadığını görcək, qapını yumruğu ilə bərkdən döydü. Nəhayət, Diləfruz tənbəl-tənbəl dikəlib gərnəşdi, divar saatına çəpəki bir nəzər saldı. Saat on ikidən xeyli keçmişdi.

Diləfruz Adilin evdə olmadığını tamam unutmuşdu. İndi bunu xatırlayan kimi qan beyninə vurdu. Üstünə örtdüyü döşəkağını kənara atıb, ayaqlarını çarpayının qabağında yerə döşənmiş xallı pələng dərisinin üstünə qoydu. Sonra xalatını və yumşaq ayaqqabılarını geyib gözlərini ovuşdura-ovuşdura aynabəndə çıxdı, pəncərəni açıb başını bayıra uzatdı:

−Kimsən? – deyə kal səslə soruşdu.

−Aç, mənəm!

Diləfruz əl-qolunu ölçə-ölçə, dabanlarını hirslə yerə vura-vura həyətə endi. Qapının cəftəsini açıb geri çevrildi. Adil içəri gircık arvad deyinməyə başladı:

−Bəli də! Elə bu qalmışdı?! Bundan sonra gecələr Diləfruz xanım durub sənin üçün qapı açacaq? Xeyr! Onu görməzsən. Sən gedib hansı cəhənnəmdəsə özün üçün kef eləyəcəksən, mən yuxuma haram qatacağam?!

Adil, arvadın qaraqışqırıq saldığını görüb tez qapını örtdü. Diləfruzu sakit eləmək çətin məsələ idi, o, gözlərini yumub ağzını açmışdı:

−Əgər, o Rəhman adı batmış evə gələr, mən bunların hamısını onun ovcuna qoyaram. Mənim bu əziz canım üçün. – O, şappıltı ilə açıq sinəsinə vurdu. – Əgər deməsəm itin qızıyam! Görərsən!

Adil pilləkənə tərəf addımladı.

−Əvvəla, bunun üçün atam mənə heç bir söz deməz. Desə də haqsızlıq edər! Mən səni hər gecə narahat eləsəm, onda haqlısan. Döyülən qapını evdə olan açmalıdır! – deyə Adil pillələri qalxıb aynabəndə keçdi. Diləfruz xalatının ətəyini dizlərinə qədər qaldırıb onun dalınca yüyürdü.

−Həri, atan bunun üçün sənə heç bir söz deməz?! Demək it-itin ayağını basmaz?! Arxayınsan atana?..

Adil sərt bir hərəkətlə geri döndü. Alt dodağını dişləri arasında sıxıb kinli-kinli arvadın gözlərinin içinə baxdı.

−Xahiş edirəm, ağzının qaytanını çək! – dedi. – Vağzalda yığdığın sözləri bizim evdə danışma!

−Necə, necə?!. Sizin evdə?!.

−Bəli! Bizim evdə! Əgər qapını açmaq sənin şirin yuxuna haram qatırsa, gələn dəfə bağlamaya bilərsən! Əgər bu sənə böyük əziyyət verirsə, mən hasardan da aşa bilərəm.

İndiyədək Adildən belə kəskin cavab eşitməyən Diləfruzun gözləri bərələ qaldı.

−Həri?.. İndi belə oldu? Neynək! Elədiyim yaxşılıqlar gözündən gəlsin! Sənin də, atanın da! Mən axmaq, mən külbaş. –O, başına ikiəlli bir qapaz vurdu. – Taqsırın hamısı mənim özümdədir. Gül kimi evimdən-eşiyimdən avara düşüb bu xarabaya neyçün gəlirəm ki, hər itdən belə sözlər eşidim?!

Arvad deyindikcə səsinə qüvvət verirdi. Adil onun xasiyyətinə bələd olduğundan, cavab qaytarmamağa çalışırdısa da bacarmırdı.

Anasının qışqırığından vahimələnən Məmməd daha bərkdən ağlamağa başladı.

Arvadın getdikcə qızışdığını görən Adil o biri otağa keçib qapını örtdü. Paltarını soyunub yerinə uzandı.

Diləfruz susmaq bilmirdi. O, Məmmədin çığırtısına əhəmiyyət vermədən, tez-tez gəlib ara qapını açır, Adili hədələyərək ağzına gələni deyirdi.

−Heç eybi yoxdur! Görərsən! Mənim əziz canım üçün bu xarabada ya sən qalacaqsan, ya mən!

−Sən qalacaqsan! – deyə Adil sakit, lakin ciddi tərzdə cavab verdi: − O üz ki səndə var, tək məni yox, atamı da bu evdən didərgin salacaqsan.

−İndi ki bunu bilirdin, bəs niyə əvvəldən demirdin? Təzə gələndə az qala atan da, sən də ayağımın altından öpmək istəyirdiniz.

−Mən o qələti eləmərəm.

Arvadı yenidən od götürdü.

Bir az sonra səs-küyə Saleh müəllimgil də oyanmışdı, onların da işıqları gəlirdi.

Diləfruz ara vermədən danışır, ağacdələn kimi yeknəsəq səslər çıxararaq qışqırırdı.

Saat ikiyə yaxın ara bir az sakit olsa da, Adil yata bilmirdi. O, ögey ananın bu dava-dalaşından nə vaxt yaxa qurtaracağını düşünürdü.

Adili fikir götürmüşdü: “İnsanlar arasında nə böyük fərq olur. Ceyranı görəndə bütün dərdin dağılır, özünü hamıdan xoşbəxt hesab eləyirsən. Diləfruzla qarşılaşanda adama qüssə, kədər üz verir. Kaş hamı Ceyran kimi şirindil, mehriban olaydı!..”

Adil bu düşüncələrlə yenicə mürgüləmişdi ki, qapının zəngi çalındı.

Gələn Rəhman idi.

O, növbəti səfərdən satmağa gətirdiyi şeyləri zirzəmidə yerbəyer elədikdən sonra yuxarı qalxdı, evə gircək başını buladı:

−Vağzaldan bura bir çamadan şey gətirincə qorxudan lap ürəyimin içini yemişəm, − deyə astadan arvada eşitdirdi. – Axır bu işin bir xatası çıxacaq. Sən də mənim başıma ağıl qoydun da! Adam alverlə rahat çörək yeyə bilər?! Xalq necə, biz də elə. Ölmərik ki!..

Kişi soyunub yenicə dincəlmək istəyirdi ki, Diləfruz zərli sandığı yükün altından çıxarıb evin ortasına çəkdi. Rəhman, arvadın paltarlarını sandığa yığdığını görüb məəttəl qaldı:

−Onları neynirsən?

Diləfruzdan cavab gəlmədi. Rəhman əyilib arvadın üzünə baxanda onun ağladığını gördü.

−Sənə nə olub?

−Heç nə! – deyə Diləfruz burnunu çəkib əlinin dalı ilə gözlərini ovuşduraraq, titrək səslə dilləndi: − Mən it oğlunun qızı qələt elərəm ölüb-ölmüşümnən bundan sonra bir gün də bu evdə yaşaram!

−Heç dəxli mətləbə var? Axı, bir de görək nolub, yoxsa yenə qonşuyla dalaşmısan?

Diləfruz dizlərinə vura-vura şikayətə başladı:

−Daha nə olacaq?! Oğlun məni evdən qovlayır. Gecəyarı gəldiyi bəs deyil, durub qapını açmışam, üstəlik mənə dişinin dibindən çıxanı deyir. Yanan da mən, yaman da mən?! Kimə yaxşılıq elədim, pislik gördüm. Gül kimi evimi satdım, sənin başına papaq aldım, onun əyninə kostyum tikdirdim, axırı nə oldu? Kaş allah mənim ömrümdən kəsib bəxtimə calayaydı.

Adil o biri evdə bütün danışıqları eşidirdi.

−Dünya dağılsa da, mən bu xarabaqalmışda yaşamaram!

Günü sabah Məmmədi götürüb gedəcəyəm!

Rəhman enli qaşlarını düyünləyib arvadın qarşısında daş kimi hərəkətsiz dayanmışdı. O, Adilin Diləfruzu təhqir edəcəyinə heç cür inanmırdı.

−Hanı o şirin vədlərin! – deyə Diləfruz xarabalığa qonan bayquş kimi sandığın üstündə oturub hey ulayırdı. – Yadından nə tez çıxdı? Sən həmin o Rəhman deyilsən ki, a... birinci dəfə İçərişəhərə, evimizə gedəndə məni pişim-pişimlə dilə tutmuşdun? Hə!.. Səninləyəm, niyə danışmırsan?

−Heç dəxli mətləbə var?

−Sən həmin o Rəhman deyilsən ki, a... deyərdin oğlum Adil fağır uşağın biridir, səni doğma ana kimi sevəcək? Hanı? Nə oldu? Fağır uşaq belə olar? Adamı doğma ana kimi belə sevərlər? Yox!.. Mən daha bir gün də bu dağılmışda qalsam atam Mirməmmədin qızı deyiləm. – Arvad bura çatanda yenidən hönkür-hönkür ağlamağa başladı. – Bu evə gələni düz iki kilo üç yüz qram arıqlamışam, paltarlarım əynimdən düşür...

Diləfruz guya ürəyi xarab olduğu üçün özünü sandığın üstündən yerə yıxmaq istədi. Lakin Rəhman uzaqda dayandığından, onu tuta bilməyəcəyini görüb bir neçə dəfə “vay, vay” deyərək ərini səslədi. Rəhman yaxına gələndə arvad ağır gövdəsini onun qolları arasına saldı, gözlərini süzüb iniltili bir səslə:

−Termometr! –deyə ürəyini tutub pıçıldadı.

...Səhər açılırdı. Adil hələ də yatmamışdı.

Saat onu vuranda Məmmədin səsinə əvvəlcə Adil durdu. Bir az sonra Diləfruz da oyandı. Rəhman isə yerində qurdalandı, ancaq gözlərini açmaq istəmədi. Uşaq ikinci dəfə çığıranda Rəhman hirsindən dişlərini bir-birinə qısıb öz-özünə deyindi:

−Qoymaz ki! Qoymaz ki, bir az gözümüzə yuxu getsin, köpəkoğlu elə bil ki, eşşəkdən süd əmib, ağlayanda qoduq kimi anqırır.

Rəhman evdə olan vaxtlar Diləfruz əlini ağdan-qaraya vurmazdı. Çayı da kişi qoyar, evi də o süpürər, uşağı da o saxlardı. Öz vəzifəsini yaxşı bilən Rəhman bu gün də qalxıb Məmmədi qucağına aldı. Uşağı yırğalayaraq, onu sakit eləmək üçün oxumağa başladı:

Ay mənim şuluq oğlum,

Cumbulu, totuq oğlum,

Səhər sübh açılmamış,

Ağlayar qoduq oğlum...

“Qoduq” sözünü eşidən Diləfruz ərinə çəpəki bir nəzər saldı. Ancaq kişinin Məmmədi marçıltı ilə öpdüyünü görcək danışmadı.

Adil durub əl-üzünü yumağa aynabəndə çıxanda Diləfruz çevrilib arxadan qanlı-qanlı onu süzdü. Sonra sağ əlini yorğanın altından çıxarıb şəhadət barmağını silkələyə-silkələyə ərinə tapşırdı:

−Bax... Rəhman, qulaqlarını aç, yaxşı eşit, əgər bu gün sən onun tənbehini eləsən, eləmisən. Ağzına su alıb sussan, onda mən bilirəm neyləyəcəyəm.

Rəhman sifətinə incik bir ifadə verib dedi:

−Ay Diləfruz xanım, sən öz əziz canın, daha bəsdir də. Bir hirsin soyusun də. Uşaqdır, qanmayıb, qələt eləyib atasıynan! Axı səhər-səhər yenə bu evdə küy-kələk qoparmağın nə mənası?

−Yox! Qoymaram. Qoymaram o mənim üzümə ağ olsun!

Kişi başını bulayıb arvadın eşidə bilməyəcəyi bir pıçıltı ilə:

−Heç dəxli mətləbə var! – öz-özünə şikayətləndi.

Adil içəri girəndə Rəhman onu saxladı:

−Bir otur görüm, oğlum, səniynən işim var.

Adil dəsmalı çiyninə atıb atasilə üzbəüz əyləşdi. Diləfruza sanki biz batırdılar; arvad çevik bir hərəkətlə yerində fırlanıb arxasını Adilə çevirdi. Rəhman uşağı yerə qoydu. Məmməd gecədən stol üstündə qalmış kasadan bir küftə götürüb oynamağa getdi. Rəhman kirpik çalıb susdu. Əvvəlcə Adilə, sonra Diləfruza baxıb köksünü ötürdü. Stulu altına çəkib oturdu, sanki oğlundan utandığı üçün gözlərini yerə dikdi.

Diləfruz ərinin danışmasını səbirsizliklə gözləyirdi. İstəyirdi ki, bu dəqiqə Rəhman Adilin üstünə çığırıb danlasın, təhqir etsin, üstəlik üzünə də bir-iki sillə çəksin. Onun ürəyi ancaq bundan sonra soyuya bilərdi. Lakin belə olmadı.

−Gecə hardaydın, Adil? – deyə Rəhman mülayimcəsinə soruşdu.

−Gəzməyə getmişdim, karnavaldaydım. – Adil atasının üzünə baxaraq cavab verdi.

Rəhman yenə susdu. Sanki soruşmağa heç bir söz tapmırdı.

−Demək gəzməyə getmişdin, hə? – deyə o, Adilin sözlərini təkrar etdi.

−Bəli! Getmişdim, yenə gedəcəyəm! Bunu mənə heç kim qadağan eləyə bilməz. Əgər sən buna etiraz edirsənsə, de görüm nə üçün?! Burda nə pis iş var? Ata, sənə onu deyim ki, mən Diləfruzla yola gedə bilmərəm.

Kişinin çox yumşaldığını hiss edən Diləfruz, kininin soyumadığını bildirmək üçün bir daha yerində qurdalanıb çarpayını cırıldatdı.

−Yaxşı eləmirsən, oğul, o səni əvvəllər doğma anan kimi əzizləyirdi. Bilmirəm sizə nə oldu?

−Xeyr! – deyə Adil atasının sözünü kəsdi. – Səhv edirsən, ata! Sən çox şeydən xəbərsizsən. Əvvəllər o məni çox əzizləyirdi! Bəs indi?! Sənə onu da deyim ki, mən bu vaxtadək ögey-doğmalığı heç ağlıma da gətirməmişəm. Ancaq indi o mənə ögey ana olduğunu hiss etdirdiyi üçün daha dözə bilmirəm! Universitetdə dərslər başlayan kimi mən bu evdən gedəcəyəm!

Rəhman qulaqlarına inanmadı:

−Hara gedəcəksən?!

−Gedib yataqxanada qalacağam.

Rəhman sifətinə süni bir mehribanlıq verməyə çalışdı.

−Oğlum, ağlını başına yığ, adam kəmhövsələ olmaz, bir danışdığını, nə elədiyini bilər. Diləfruzdan bu gün incimisən, sabah genə barışarsan...

−Xeyr, bizim barışmağımız çox çətin olacaq. Sən bir oğul kimi məni yaxşı tanımırsan. Biz başqa-başqa adamlarıq. Bəli, mən bu evdən baş götürüb gedəcəyəm. Bir də onu deyim ki, mən tək ona görə getmək istəmirəm!

−Bəs daha nolub ki?..

Hirsdən Adilin dodaqları və üzünün əti titrədi. Qaşlarını düyünləyib danışmadı, bu dəqiqə ağlayacaqmış kimi sifəti qırışdı.

−Ata, − deyə o birdən ayağa qalxdı. – Düzü bilmək istəyirsənsə, mən həm onun üzündən, həm də sənə görə getmək istəyirəm! Bəli, bəli, sənə görə! İndi mən çox şeydən xəbərdaram!..

−Necə, necə? Mənə görə? Mən sənə neynəmişəm? Məndən nə eşitmisən ki?

Rəhman heyrətlə gözlərini bərəldib ayağa qalxdı.

−Mən bu evdə yaşamağa utanıram! Yoldaşlarımdan xəcalət çəkirəm. Deyirlər atan alverlə məşğul olur. Ancaq sən bunu məndən gizlədirsən. Həmişə gətirdiyin şeyləri “qonşular üçün almışam”, deyirsən! Diləfruz bu evə gəlməmişdən mən belə sözlər eşitməzdim! Əgər bunlar doğrudursa, demək səni bu çirkin işə o məcbur edir, o!

Elə bu əsnada həyət qapısı döyüldü.

Diləfruz fısıldaya-fısıldaya ayağa qalxdı. Evin ortasında qoyulmuş kətili təpiyilə yıxıb qapıya çıxdı.

Rəhman onu dilə tutmağa başladı:

−Əvvəla, onu sənə kim deyib çox qələt eləyib! Sonra əgər düzünü bilmək istəsən, bir-iki kərəm qonum-qonşu tapşırıb onlara öz mayasına xırda-mırda şey gətirmişəm. Bir də hərgah eləsəm də nolar, oğlum, pul qazanmaq eyib deyil ki! Oğurluq eləmirəm, cibə girmirəm... Bir-iki dənə stəkan-nəlbəki, beş-on dənə yumurta gətirib on şahı bahasına satanda bəyəm pis iş görürəm? Məsəl var, deyərlər ağ pulu qara günçün yığırlar! Cibimə ağırlıq eləmir ki. Boş çuval dik durmaz, oğul. Mənim də çalışdığım səninçündür. Daha maşallah yekə oğlansan, sabah-birigün gərək...

−Xeyr! Mənə elə qazanılan pullardan heç nə lazım deyil. Onları ver Diləfruz öz üst-başına xərcləsin!

Aynabəndə al-əlvan geyinmiş, bəzəkli bir qız girdi. Bu, Diləfruzun təzə rəfiqəsi Laloçka idi.

−Ay Rəhman dayı, − deyə o, pəncərədən başını içəri soxub şit-şit güldü. – Xoş gəlmisən. Hanı mənim gülməxmərim?

Rəhman, Adillə bayaqkı söhbətdən sonra qıza nə cavab verəcəyini bilmədi.

−Hm... bir şey gətirməmişəm, − dedi. – Pulunu özünə qaytaracağam.

−Necə? Bəs Diluşa deyir qırmızı gülməxmər də gətirib, paltomun yaxası üçün dəri də.

Rəhman qulaqlarının dibinədək qızardı.

ANASININ ƏZİZ BALASI

Həyatda ancaq son dəbdə bəzəkli paltarlar geymək və gəzmək arzusu ilə yaşayan qonşu qız qırmızı kirəmidli evə yenicə ayaq açmışdı. O, indi dördüncü dəfə idi ki, bu evə gəlirdi. Qonşu qızla Diləfruzu dostlaşdıran onların evlərinin yaxınlığı yox, zövqlərinin yaxınlığı olmuşdu. Güvəc diyirlənib qapağını tapar, deyərlər.

Keçən ay Diləfruz qiymətli parçadan son dəbdə, ürəyə yatan bir paltar tikdirmişdi. Həmin paltarı birinci dəfə idi ki, geyinib şəhərə çıxmışdı. O, univermağa, bəzək şeyləri satılan dükanlara, komisyon mağazalarına baxa-baxa gedirdi. Bu vaxt iyirmi iki-iyirmi üç yaşlarında bəzəkli bir qız tələsik ona yaxınlaşdı:

− Ay bacı, sən allah, bir ayaq saxla görüm, bu nə qiyamət parçadır, sən geyinmisən... Bunu hardan gətirtmisən? Mamam canı, bilsəm ki, metrəsi lap min manatdır, yenə alaram. Nə gözəl də tikdirmisən! – Qız az qala paltarı Diləfruzun əynindən çıxarmaq istəyirdi, arvadın gah sağına, gah da soluna keçib həsrət dolu gözlərlə onun geyiminə diqqət yetirirdi. – Dayan, dayan bir görüm, nə fasondur. Hə, daldan iki sklad, qabaqdan pliserovkalı. Yaxası da ki, mənim krepsatin paltarım kimi buracan açıq. Fiquranıza da nə yaxşı yaraşır... Ay bacı, yerini deyinən, bu parçanı hardan gətirtmisən, hansı partnixaya tikdirmisən?

Diləfruzu heç nə bu qədər sevindirə bilməzdi. Onun paltarı cavan bir qızın, özü də belə bir qızın xoşuna gəlmişdi.

− İstəsən ikicə həftəyə sənin üçün bu parçadan da gətirdərəm, partnixamla da tanış edərəm.

− Sən allah?! Doğrudan?

− Mən söz verdim, qurtardı!

− Çox sağ ol.

Küçədə dayanıb geyim və dərzilər barədə xeyli söhbət etdikdən sonra Diləfruz onu evlərinə apardı.

− Tanış olaq, − deyə bəzəkli qız, uzun, qırmızı manikürlü dırnaqları görünən, ağ tor əlcəkli əlini Diləfruza uzatdı:

− Laloçka.

− Çox gözəl, mənim də adım Diləfruz xanımdır.

Qız onun adını öz zövqünə uyğun şəklə salaraq təkrar etdi:

− Diluşa... Elə mənimki də əvvəl Lalə idi, mamamın xoşuna gəlmədi, dəyişib Laloçka elədi.

...Diləfruz vədinə sadiq qalaraq, bir neçə gün sonra geydiyi parçadan Laloçka üçün də gətirtmiş və dərzisinin yanına aparıb, həmin fasonda paltar sifariş vermişdi.

Bu gün isə Laloçka, Diləfruza sonradan tapşırdığı şeyləri almaq üçün gəlmişdi.

O, hündür, kauçuk dabanlı qəribə bir tufli geymişdi. Qırmızı rəngli bu tuflinin üzünü bir-birinə dolaşdırılmış ensiz qaytanlar təşkil edirdi. Gödəkqollu sarı tünük parçadan olan koftasının qolundan Laloçkanın alt paltarı görünürdü. Yelpinç kimi qat-qat yaşıl tumanının üstündən bağladığı ağ enli kəmər qızın belini möhkəm sıxmışdı. Boynundakı qızıl medalyon, açıq yaxasından döşlərinin arasına sallanmışdı. Biləklərində ilanşəkilli qolbaqlar vardı. Qulaqlarında kiçik qaşlı sırğalar parıldayırdı. O, xına qoyulmuş qırmızımtıl saşlarını hər tərəfdən yuxarı darayıb təpəsində top kimi yumurlayaraq sançaqlamışdı. Uzun, ensiz qaşları elə bil alnına qara tuşla rəsm edilmişdi.

Laloçka içəri girəndə, qıpqırmızı boyanmış ətli dodaqlarını büzüb, uzun, qara kirpiklərini qaldıraraq, otaqdakı şeylərə ötərgi bir nəzər saldı. Diləfruz, ayna ilə üzbəüz qoyulmuş yumşaq divanda ona yer göstərdi.

Mersi! – deyə Laloçka, arxa tərəfdən tumanının ətəyini ehtiyatla qaldırıb əyləşdi. Diləfruz, ərinə çıxıb getməyi işarə etdi. Rəhman qalxıb haqq-hesab çötkəsini götürərək o biri otağa keçdi.

Arvad da gəlib Laloçkanın yanında oturdu.

Söhbətə yenicə başlamışdılar ki, Adil qaşqabaqlı halda köynəyinin yaxasını düymələyə-düymələyə aynabəndə çıxdı. Onu görən Laloçkanın sözü ağzında qaldı. Qız, dikəlib arxadan diqqətlə Adilə baxdı:

− Diluşa, bu oğlan kimdir? – deyə o, gözlərini aynabənddəki əlüzyuyanın qabağında dayanıb başını darayan Adildən ayırmadan soruşdu. Diləfruz rəfiqəsinin sualını cavabsız buraxdı.

− Diluşa, bu oğlan da sizdə olur? – deyə Laloçka təkrar soruşanda, arvad etinasız bir tərzdə dedi:

− Rəhmanın yetimidir.

Laloçkanın qaşları dartıldı, gözləri bərələ qaldı:

− Necə? Rəhman dayının? Bəyəm sən onun ikinci...

Bu yarımçıq cümlədən onun nə demək istədiyini başa düşən Diləfruz bir qədər tutuldusa da, özünü sındırmadı:

− Əşi, fikir vermə! Sözünü de...

− Hə, onu danışırdım, axı... – Laloçka pəncərədən boylanaraq, pilləkəni enən Adilin arxasınca baxa-baxa davam etdi: − Mamam deyir, gələn il səni qoyacağam əcnəbi dillər institutuna ingiliscə öyrənəsən. Mənim də həvəsim var ey... ancaq Diluşa heç oxumağa kirdarım yoxdur. Dəftər-kitab görəndə bağrım yarılır. Yenə maraqlı sevgi romanından-zaddan ola, adam birtəhər oxuyar. Əşi, mamamdı deyir də. Bəlkə heç oxumadım, əlimdə gül kimi sənətim var.

Harda işləyirsən, Laloçka?

− Ministerstvada.

− Maşallah! Nə işində?

− Dakladçisayam.

− Naçalnikin yanında?

− Bəli.


− Maşallah! Naçalnikin kimdir?

Laloçka sevdiyi oğlan haqqında danışırmış kimi, çiyinlərini əsdirdi. Sifətinə özündən məmnun bir ifadə verib dedi:

− Mamed Hüseynoviç! Evləri də lap şəhərin mərkəzində olur. Belə hündürboylu, yaraşıqlı oğlandır, qaraqaş-qaragöz. Çox vaxt kofesmolokom rəngində koverkot kostyum geyər. Tanıyarsan...

Diləfruz özünü xam göstərməmək üçün astaca başını tərpətdi.

− Görmüş olaram.

− Bilirsən necə oğlandır? Elə buna görə də zamistitelinin dakladçisası həmişə mənə paxıllıq eləyir. Deyirəm ona ki, ay qız, sənin naçalnikinin zəngindən də adamın zəhləsi gedir. Amma mənimki zəng vuranda elə bil musiqi çalınır, adamın oynamağı gəlir. Özüm ölüm, Diluşa, doğrudan elə belədir a...

O biri otaqdan şaqqa-şuruq səsi gəldi. Rəhman mallarını haqq-hesab çötkəsindən keçirirdi.

− O nə səsdir, Diluşa? – deyə Laloçka əyilib açıq qapıdan o biri evə baxdı.

Diləfruz əlini şappıltı ilə dizinə vurub qışqırdı:

− Rəhman! Mane olursan!

Çötkə sonuncu dəfə “şaraq” eləyib susdu. Rəhman da papağını qoyub evdən çıxdı. Diləfruz Laloçka üçün çay gətirdi. Mizin üstünə mürəbbə, peçenye qoydu, əyləşib üzünü yenə ona tutdu:

− Hə, sözün yarımçıq qaldı.

Laloçka dinmədi. Qız, gözlərini tuflilərinin burnuna dikərək fikrə getmişdi.

− Niyə danışmırsan?

Laloçka, yanaqlarına tökülmüş tellərini qulaqlarının arxasına aparıb Diləfruza baxdı.

− Heç, elə belə...

Bu dəfə ikisi də susdu.

− Laloçka, nişanlanmısan?

− A... yox... a, − deyə qız saxta bir təvazökarlıqla cavab verdi. – Hələ nə vaxtımdır ki, hara tələsirəm... Ərə gedənlər görürəm, elə çox vərəzən günə çıxıblar. Mamam deyir, səni bir kompozitora ərə verəcəyəm, mən istəmirəm.

−Neyçün istəmirsən! Get də. Qızı öz xoşuna qoysan ya mütrübə gedər, ya zurnaçıya.

Laloçka bu söhbətlərdən utanırmış kimi, başını aşağı saldı. Sonra ehtiyatla, lakin ciddi bir tövrlə:

− Diluşacan, bayaqkı oğlan həmişə sizdə olur? – deyə soruşdu.

−Bu vaxta kimi bizdə olurdu, bundan sonra yataqxanada qalacaq. Əşşi, adam sözü danışsana. Qoy bir gedim gülməxmərini, paltonun dərisini gətirim, gör xoşuna gəlir?

− A... doğrudan lap yadımdan çıxmışdı.

Diləfruz həyətə düşəndə Laloçka tez ayağa qalxdı, ara qapıdan boylanıb, yataq otağında çarpayının başından asılmış xalçaya, aynalı paltar şkafına, bəzək stolunun üstündəki ətir şüşələrinə və divarlardakı şəkillərə baxdı.

Diləfruz zirzəmidən çıxıb həyət qapısını bağlayaraq, yuxarı qalxdı. Laloçka onun əlindəki sarı tülkü dərisi ilə qırmızı gülməxmər parçanı görəndə hər şeyi unudub arvadın üstünə atıldı. Şeyləri Diləfruzun əlindən qapıb tələsik ayna qabağına keçdi. Parçanı fitə kimi özünə sarıyıb, tülkü dərisini şərf təki boynuna sarıdı.

− Mersi! – Laloçka pəncələri üstündə fırfıra kimi o tərəf-bu tərəfə fırlandı. – Diluşa, yaraşır mənə?

− Bəs necə, lap qiyamət! Nahaq deməyiblər ki, gözəllik ondur, doqquzu dondur. Arvadınkı, qızınkı geyimdir.

− Diluşa, bunların qiyməti nə qədərdir?

Diləfruz səsini ucaldıb ərklə Laloçkaya acıqlandı:

− Bax, mənim əziz canım üçün, inciyərəm! Danışdırmaram səni. Məndən elə şeyləri soruşma. Sən kimsən, mən kiməm? Pulun yoxdur, bəxşiş kimi götür.

− Yox a... çox sağ ol. Mamam ölməyib ki, neçəyə olsa alacağam.

Doğrudan da, Laloçka üçün malın qiymətinin əhəmiyyəti yox idi. Diləfruz nə qədər desəydi, qız gətirəcəkdi. Xeyli söhbət, qeybət elədikdən sonra evlərinə getməyə hazırlaşan Laloçka ayağa qalxdı və:

− Saat neçədir, Diluşa! – deyə soruşdu. – Mənimki yadımdan çıxıb evdə pianinanın üstündə qalıb.

− Hara tələsirsən, hələ tezdir.

Diləfruz, Laloçkanın nə qədər borclu qaldığını söz arası eşitdirdikdən sonra, qız şeyləri götürüb aynabəndə çıxdı.

− Bura bax, Laloçka, vxodnoy axşamı bizə gələrsən.

− Xeyir ola?

− Xeyirdir, Məmmədin üç yaşı tamam olur, ad gününü keçirəcəyik. Bax, əvvəlcədən deyirəm, padarka-zad lazım deyil. Mənim əziz canım üçün, gətirsən inciyərəm.

Həmişə belə ziyafətlərə dəvət olunması ilə fəxr edən Laloçkanın gözləri parladı.

− Kişi qonağınız da olacaq?

− Gələrsən, görərsən. Elə çoxu kişi xeylağıdır.

− Tans necə, Diluşacan?

− O sizdən asılıdır, kim istər oynar özü üçün.

− Mersi! Onda mən plastinkalarımı da gətirəcəyəm. Məndəki valslar, fokstrotlar, yəqin sizdə olmaz.

− Gətir də, nə istəyirsən, gətir...

Axşama kimi Diləfruzun yanına daha bir neçə arvad gəldi. Kimi sifariş etdiyi çay dəstgahını, kimi ipək paltarlığını alıb, razılıq edərək getdi. Dünən gecə Rəhmanın gətirdiyi malların çoxu satılıb qurtardı. Diləfruz müştərilərini yola salanda onları oğlunun ad gününə dəvət etməyi də unutmurdu.

Adilin həsrətlə gözlədiyi çərşənbə axşamı da gəlib çatmışdı. Görüş vaxtına az qalırdı. İki saatdan sonra o, bütün həftəni−gecələr də, gündüzlər də xəyalı ilə yaşadığı qızla – Ceyranla görüşəcəkdi. Hələ ertədən özünü səliqəyə salıb hazırlanmış Adil, aynabənddə oturaraq tarı sinəsinə basmışdı. O, “Sarı bülbül” mahnısını çalır və ürəyində Ceyranla danışırdı. İçəridə Diləfruzla Laloçka Məmmədin ad gününə toplaşacaq qonaqlar üçün hazırlıq görürdülər.

Bu gün Diləfruz çoxdankı arzusunu yerinə yetirmişdi: Məmmədin qışqırmasına əhəmiyyət vermədən, onu tanış bir diş həkiminin kreslosunda oturdub qabaq tərəfdən ağzına qızıl diş saldırmışdı. Ertədən göz yaşı axıdan uşaq indi dişinin ağrısından yuxuda da ufuldayırdı.

Diləfruzun məşğul olmasından istifadə edən Laloçka hərdən pəncərəni açıb Adilə baxır və ona söz atırdı. Adilin əhəmiyyət vermədiyini görən qız, dinc dura bilmirdi, aynabəndə çıxaraq gah onun saçlarını qarışdırıb qaçır, gah da şıltaqlıqla barmağını tarın simlərinə sürtərək Adili danışdırmaq istəyirdi. Evlərində qonaq hesab etdiyi Laloçkanın bu yersiz hərəkətlərinin əsl mənasını başa düşməyən Adil, nəhayət, hövsələdən çıxıb tarı qırağa qoydu, hirslə ayağa durdu:

− Məndən nə istəyirsiniz?! – deyə Laloçkanın boyalı sifətinə baxdı. Qız, ucları geriyə əyilmiş, uzun qara kirpiklərini qaldırıb əda ilə Adili süzdü. Sonra qızıl dişini göstərmək istəyirmiş kimi yanakı güldü.

− Bilmirsən nə istəyirəm?.. – O pərt olduğunu gizlədə bilmədi, yanaqları qızardı. Diləfruz eşitməsin deyə, astadan əlavə etdi: − Bu gün-sabah universitetdə oxuyacaqsan, ancaq hələ çox şeyi başa düşmürsən.

Laloçkanın bu sözlərini özünə qarşı təhqir hesab edən Adil, ona kəskin bir cavab vermək istədisə də, özünü saxladı. – Əgər məndən böyük olmasaydınız sizə yaxşı bir cavab verərdim! – deməklə kifayətləndi və nifrətedici nəzərlərlə qıza baxıb yana çevrildi.

Adilin uzaqlaşmaq istədiyini görən Laloçka onun qabağına keçdi:

− Bura bax, mən bilsəydim acığına gələcək, zarafat eləməzdim. Xahiş edirəm, incimə... Sonra əgər böyük-kiçikliyə qalsa, elə ikimiz də bir yaşda olarıq. Yəqin məni mamam gündüz, səni də anan elə o gün axşam doğub. – Qız öz sözlərindən xoşlanıb güldü. – Padumayeş! Obeddən ujinə qədər fərqimiz var. Ancaq, Adilçik, elə bilirəm, sən axşam qaranlığında doğulmusan, hə? Bilirsən neyçün belə deyirəm? Gözlərin çox qaradır, yəqin qaranlığa baxmısan...

Adil onun sözünü yarımçıq qoydu:

− Gedin bu komplimentləri başqalarına deyin! Mən siz düşünən adamlardan deyiləm!

Adil tarı götürüb içəri keçdi, əsəbi halda qapını örtüb otaqda gəzinməyə başladı.

− Bilmirəm, bu bəzəkli müqəvva bizim evi hardan tanıdı?

O, bayıra çıxmaq istəyəndə gözü anasının şəklinə sataşdı. Nərgizin təzəcə dən düşmüş saçları, sanki bir az da ağarmışdı.

Adil bu gecə onu yuxuda görmüşdü. “Necəsən, oğlum? – deyə anası oğlunun başını mehriban-mehriban sığallayıb soruşmuşdu. – Diləfruz səni incitmir ki?”, “Yox, anacan, nigaran qalma, incitmir, − deyə Adil cavab vermişdi. – Sənin şəklin elə o vaxtdan çarpayımın başından asılıb. Mən dərdimi həmişə ona deyirəm, ana.” “Saxla, oğlum, qoy barı şəklim sənə həyan olsun.”

Adil yuxuda anası ilə o qədər danışmışdı ki! Sonra anasının bağışladığı qızıl saatı hələ də əziz bir yadigar kimi saxladığını ona bildirəndə, arvad gülümsəmişdi: “İndi daha böyümüsən, oğlum. Saatı qoluna bağla”, demişdi. Adil Ceyranı sevdiyi barədə söz açmağa utanmışdı. O, anasının boynuna sarılıb ətirli saçlarından öpmək istəyəndə Diləfruzun səsinə yuxudan ayılmış və çox mütəəssir olmuşdu.

İndi gözü anasının şəklinə sataşanda Adil hər şeyi yenidən xatırladı. Nərgiz yenə nəzərlərini oğluna zilləmişdi. Adil hayana gedirdisə, sanki anası gözləri ilə onu müşayiət edirdi. – “Ana, kaş Ceyranı sən də görmüş olaydın! – deyə öz-özünə pıçıldadı. – Sən mənim bu vaxtımı çox arzulayardın!”

Adil anasının bağışladığı qızıl saatı yazı stolunun siyirtməsindən çıxarıb qoluna bağladı. Bir daha Nərgizin şəklinə baxdıqdan sonra bayıra çıxdı. Həyətə yenicə düşmüşdü ki, kimsə aynabənddən onu səslədi. Adil çevrilib yuxarı baxanda yenə Laloçkanı gördü. Qız utanırmış kimi pəncərənin pərdəsini üzünə çəkib gizləndi.

O ikinci dəfə həyətə baxanda, Adil qapını çırpıb küçəyə çıxdı.

− İnsafsız! – deyə Laloçka pərt halda böyük otağa keçdi.

Diləfruz baş-başa qoyulmuş yemək stollarının üstünə araq və şərab dolu büllur qrafinləri, qədəhləri, zərli boşqabları və gümüş çəngəl-bıçaqları düzürdü. Qab-qacağın cingiltisinə oyanan Məmməd, ağzını göyə açıb səsi gəldikcə çığırmağa başladı.

− Ağlama, Mamulyacan, ağlama, − deyə anası onu sakitləşdirməyə çalışdı. – Dur gedək, oğlum, əl-üzünü yuyum, sənə konfet verəcəyəm.

− Əvvəl ver, sonra yu! – deyə Məmməd köynəyinin qolu ilə burnunu sildi.

Anası Məmmədin üstünə bir konfet tulladı.

− Hə, dur oğlum, indi gedək əl-üzünü yuyum. Axşam qonaqlarımız gələcək.

Məmməd çiyinlərini atıb bağıra-bağıra anasına cavab qaytardı:

− Neyçün yuyum, ey... Bəlkə əl-üzümü yudum, heç qonaqlar gəlmədi...

− Uşaqla işin olmasın, − deyə Laloçka da yaxına gəldi. – Mamulya, bir dəfə gül, xalan qızıl dişinə baxsın... Ay bərəkallah!

Məmməd hırıldadı. Balasının ağzında qızıl dişin parıldadığını görən Diləfruz da ləzzətlə qəhqəhə çəkdi.

− Diluşa, neçə qonağın olacaq? – deyə Laloçka süfrəyə düzülmüş nimçələri sayıb soruşdu.

− Səninlə, ya sənsiz?

− Mən özümü bu evdə qonaq saymıram.

Laloçka bu eyhamlı sözündəki mənanın Diləfruza çatmadığını hiss etdiyi üçün bir də həmin söhbətə qayıtdı:

− Başa düşdün nə dedim?

− Necə?

− Deyirəm sən razı olsan, mən özümü həmişəlik bu evin qızı sanardım.

Laloçka küncdə alçaq dolabçanın üstündə qoyulmuş patefonu qurmağa başladı.

− Əlbəttə, − deyə Diləfruz başını qaldırmadan cavab verdi, − elə sən də mənim qızımsan.

− Diluşa, bir söz desəm, acığın gəlməz ki?

− Acığım gələr, su içərəm.

− Birdən mən sənin qızın yox, gəlinin olmaq istədim, onda?

Laloçka gözünün ucu ilə Diləfruza baxıb cavab gözlədi.

− Gəlinim?... – Arvad əlindəki qədəhi silib stolun üstünə qoydu. – Heyf ki, oğlum çox balacadır.

− Bəs böyük oğlun?

Arvad qəfildən geri çevrildi:

Sən dəli olmusan, nədir?

Patefon çalmağa başladı.

− Niyə elə danışırsan, Diluşa? Cavanlıqda özün sevəndə heç dəlilik eləməmisən?

Diləfruz əlindəki məhrəbanı çiyninə atıb gözlərini bərəltdi:

−Ay qız, sən nə deyirsən? – Arvad sifətinə ciddi bir ifadə verib ona yaxınlaşdı. – Yoxsa...

Laloçka, guya utandığından əllərilə üzünü qapadı. Diləfruz patefonu dayandırdı. Arvad nə deyəcəyini bilmədi: Laloçkanı danlasınmı, ya bu işdə ona kömək edəcəyinimi söyləsin? Bu gözlənilməz sözün müqabilində o, cavab üçün çətinlik çəkdi. Əgər Adil doğma oğlu olsaydı, Diləfruz bu işə ürəkdən razılıq verərdi; çox vaxt həsəd apardığı bu qızın ailəsilə qohum olardı. Diləfruz Laloçkanın əmisinin dəmir yolunda böyük qulluqda olduğunu da bilirdi. Bu ailə ilə birləşmək qırmızı kirəmidli evin gələcək həyatı üçün də xeyirli olardı. Ancaq indi vəziyyət tamam başqa idi. O, Adili özündən uzaqlaşdırmaq üçün gecə-gündüz yollar aradığı bir vaxtda Laloçka məhəbbətini bu evdə tapmışdı.

− Ay qız, sən bu sözləri doğrudan deyirsən?

Laloçka əzgin bir halda özünü divana yıxıb başını yana əydi.

− Mən bu barədə səninlə hələ keçən dəfə danışmaq istəyirdim, − deyə o, yaxasını açıb əli ilə sinəsini yellədi. – Ancaq utanırdım. Dedim bəlkə... bəlkə dedim, sən razı olmadın...

Diləfruz fikrə getdi. Yaxınlaşıb qızın saçlarını oxşamağa başladı.

− Yaxşı, sakit ol, mən bu barədə bir Rəhmanla da danışaram.

Laloçka suyu süzülə-süzülə evdən çıxdı. Hər şeyin öz qaydasında olduğunu görən Diləfruz o biri otağa keçdi. Ortada dayanıb divarlara diqqətlə nəzər yetirdi. Bura da təmiz və səliqəli görünürdü. Diləfruzun xoşuna gəlməyən bir şey vardısa, o da Nərgizin şəkli idi. “Yaxşı, birdən qonaqlardan bu otağa keçən oldu, − deyə o düşünməyə başladı, − deməzlərmi ki, evin yuxarı başında asılmış bu şəkil kiminkidir? Deməzlərmi ki, evin xanımı sənsənsə, bəs bu nəçidir? Yox, mən camaatı özümə güldürmək istəmirəm!”

Diləfruz Adilin çarpayısının üstünə qalxıb şəkli mıxdan çıxartdı; aşağı enib xeyli vaxt kinli nəzərlərlə Nərgizin əksinə baxdı. Sonra onu acıqla çarpayının altına tulladı.





1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə