NƏŞRİyyatdan



Yüklə 1.21 Mb.
səhifə6/14
tarix29.05.2017
ölçüsü1.21 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

AYNA SULAR QOYNUNDA

Adili qınamağa haqqımız yoxdur!

Kim deyə bilər ki, mən sevgilimin ilk görüşünə vaxtından qabaq getməmişəm? Bunu qızların yanında etiraf etməsək də, birinci dəfə görüş yerinə necə getdiyimizi hamımız çox yaxşı xatırlayırıq. O yer, o görüş, o gün edilən söhbətlər insanın həyatında heç vaxt unudulmayacaq ən əziz yer, ən əziz görüş və ən əziz söhbətlər kimi əbədi bir xatirə olaraq qalır. Gəncliyin mənası da o yerdən, o görüşdən, o söhbətlərdən sonra başlayır.

Adili qınamağa haqqımız yoxdur. O da Ceyranın görüşünə xeyli qabaq gəlmişdi. Narahat ürək döyüntülərilə, kinoteatrın qabağında gəzinərək tez-tez saatına baxır, gözünü yollardan çəkmirdi.

Şəhərin işıqları yavaş-yavaş yanırdı.

Adil keçən çərşənbə axşamı karnavaldan sonra Ceyranı evlərinə ötürərkən elədikləri söhbətləri yadına saldıqca fərəhlənirdi. Bir həftə əvvəlki görüş saatlarını Adil bəlkə də bütün ömrü boyu xatırlayacaq, hər dəfə ürəyi qürurla vuracaqdı.

...Ceyranın uzaqdan gəldiyini görən Adil nə edəcəyini bilmədi. Özü də hiss etmədən qızın qabağına yeridi. Laloçka ilə söhbətdən sonrakı pərtliyini unutmağa çalışaraq gülümsədi.

Ceyran qağayı kimi ağappaq geyinmişdi. Qız utandığındanmı, yoxsa nədənsə, Adilə yetişcək başını aşağı, sinəsinə endirib susdu.

− Axşamın xeyir, Ceyran...

Adilin səsi yarıda qırılan kimi oldu. O, özünü toplayıb əlini irəli uzatdı.

− Necəsən? – deyə qızın balaca əlini ovcunda bərk-bərk sıxdı.

− Mən yaxşıyam, ancaq səni tutqun görürəm.

Adil sifətinə qayğısız bir ifadə verməyə çalışaraq:

− Tutqun deyiləm! – dedi.− Sənə elə görünür.

Onlar hara getdiklərini özləri də bilmədən, küçə boyunca gəzişməyə başladılar.

− Hara gedirik? – deyə qız soruşdu.

− Sənin xətrin hara istəyir, ora.

Ceyran bu sözlərdən xoşlanmış kimi Adilə səmimi bir nəzər saldı.

− İndi ki, ixtiyarı mənə verirsən, onda qoy mən hara istəyirəm, səni ora aparım.

− Ölümə də gedərəm.

Adil, öz cavabından razı qaldı. “Bu sözü lap yerində dedim. Bundan sonra utanmayacağam. Ceyranla açıq danışacağam – deyə düşündü. – Axı, niyə utanıram ey... Əvvəl-axır, hər şeyi ona danışmayacağam!...”

Bir azdan onlar dəniz tramvayında sahildən uzaqlaşdılar. Xəzərin dərinliklərinə getdikcə hava sərinləşirdi. Toranlıqda, uzaqdan görünən işıqlı evlər, möhtəşəm Qız qalası və bulvarda cərgə ilə əkilmiş ağaclar Ceyrana, nəhəng lövhədə çəkilmiş, gözəl bir mənzərəni xatırladırdı.

Yüzə qədər sərnişin götürən dəniz tramvayı Xəzərin ayna sularında özü ilə bir şənlik gəzdirirdi. Göyərtədə cavan bir oğlan klarneti yanıqlı-yanıqlı dilləndirir, onun yanında oturmuş qız isə asta-asta kəsmə-şikəstə deyirdi.

Adillə Ceyran dəniz tramvayının arxa tərəfində üzləri sahilə, yanaşı əyləşmişdilər.

Bakıdan xeyli uzaqlaşmışdılar. Buradan sahil o qədər işıqlı görünürdü ki, elə bil Bakının üstünə kəhkəşan səpələnmişdi.

− Görürsən, Adil? – deyə Ceyran, yəqin ki, üşüdüyündən büzüşüb başı ilə irəlini göstərdi. – Bir şəhərin işıqlarına bax!..− Qız bir qədər sahili seyr etdikdən sonra əlavə etdi: − Mən əvvəllər balkonumuza çıxıb dənizə baxanda elə bilərdim ki, Xəzər Bakıya yaraşıq verir. Ancaq yox, indi burdan görürəm ki, Bakı Xəzərə gözəllik verirmiş! Albomum yanımda olsaydı, bu mənzərəni çəkərdim.

Adil dönüb qıza baxdı.

− Sən şəkil də çəkirsən?

− Bir az bacarıram.

Onlar sahilin axşam seyrindən məftun olmuş kimi susdular. Adil, Ceyranın bir az da ona tərəf qısıldığını hiss edib soruşdu:

− Üşümürsən ki, Ceyran? Paltarın nazikdir...

− Doğrusu bir az üşüyən kimiyəm, − deyə qız yerində qurcalandı.

− Onda dur, içəri keçək.

Adil ehmalca Ceyranın əlindən tutub ayağa qaldırdı.

Onlar göyərtədən kayutaya enəndə dəniz tramvayı ağır-ağır geri dönürdü. Küncdə oturmuş ağsaçlı bir qoca öz qarısı ilə pıçıldaşırdı. Adillə Ceyran keçib kayutanın dairəvi pəncərəsi qabağında əyləşdilər. Göyərtədə çalınan klarnetin səsi ilə qızın oxuması burada da eşidilirdi. Adil kürəyini divara söykədi, sakitcə mahnını dinlədi, sonra köksünü ötürüb başını silkələdi.

− Doğrudan da, nə qiyamət çalır! – dedi. Bu sözün müqabilində Ceyranın dinmədiyini görcək əlavə etdi. – Klarnet də tar kimi gözəl alətdir!

Ancaq mən tarın səsini daha çox xoşlayıram, − deyə Ceyran altdan-yuxarı Adili süzərək, yarızarafat, yarıgerçək ona söz atdı. Adil bu eyhamı duydusa da, özünü bilməməzliyə vurdu, danışmadı.

− Sən necə, Adil? – deyə qız soruşdu. – Sənə hansının səsi xoş gəlir?

− Üçüncünün!

− Üçüncünün? O nədir?

Adil başını qaldırıb, qızın qönçə kimi açılmış dodaqlarına baxdı.

− Desəm, inciməzsən ki?

− Yox...

− O, Ceyranın səsidir. Heyf ki, mən onu çox az-az eşidirəm.

Qız utandı, üzündəki təbəssüm bir anda yox oldu. Adil öz dediyindən bu dəfə də razı qaldı. Lakin Ceyranın qəlbinə toxunduğunu güman edərək, vəziyyətdən çıxmaq məqsədilə araya söz saldı:

− Ceyran, sən karnavalda bundan çox danışırdın.

− İndi növbə sənindir, − deyə qız onun fikrini tamamladı.

− Doğrudur, Ceyran, deyəsən mən də “taxta qaşıqsız” ağzıma su alıram. O gecə karnavaldan çıxanda ürəyimdə deyirdim ki, yolda sənə hər şeyi danışaram. Ancaq heç nə deyə bilmədim. Səndən ayrılanda fikirləşdim ki, daha utanmayacağam. İndi də sənə deyəcəklərimi üçüncü görüşə qoymaq istəyirdim. Yaxşı ki, mənə ürək verdin. Ancaq heç bilmirəm nə danışım ki, səni darıxdırmasın...

− Nə xətrin istəyir, − deyə Ceyran başının hərəkətilə yoğun hörüyünü çiynindən dala atdı, geniş açılmış gözlərini Adilə zillədi. – Mən musiqini rəsmdən az sevmirəm. Ondan səhərə qədər desən də yorulmaram. Danış! Səndə maraqlı söhbətlər olar. Yəqin ki, musiqi dalınca gedəcəksən.

− Yox, Ceyran, mən tarı hərdənbir evdə tək qalıb darıxanda çalıram. Musiqi dalınca getmək fikrində deyiləm. Mən özümə tamam başqa sahə seçmişəm: hüquqşünas olmaq istəyirəm.

− Hüquqşünas?

− Bəli, universitetdə oxuyacağam.

Ceyranın fikrə daldığını görən Adil öz gələcək ixtisası barədə danışmağa başladı:

− Bilirsənmi, Ceyran, hüquqşünaslıq çox maraqlıdır. Bir də görürsən cinayətkar təqsirlərini ört-basdır edir. Hər şeyi gizlədir, səninsə borcun həqiqəti üzə çıxartmaqdır. Gərək müttəhimə elə suallar verəsən, ondan elə cavablar ala biləsən ki, örtülü işi tamam aydınlaşdırasan. Mən hələ keçən ildən bu barədə əlimə düşən kitabları oxuyuram...

Adillə çiyin-çiyinə əyləşmiş Ceyran onun dediklərinə diqqətlə qulaq asırdı.

− Demək, sən adamları mühakimə edəcəksən.

− Bəli! Oxuyub hüquqşünas olacağam. Sonra isə dövlət malını dağıdanları, alverçiləri, əyri iş tutanları – başını nə ağrıdım – Sovet hökumətinə ziyan verən adamların hamısını mühakimə edəcəyəm! Belələri bizim aramızda hələ var, Ceyran.

...Adil geri dönüb baxdıqda bayaqkı ağsaçlı kişi ilə qarını kayutada görmədi.

Dəniz tramvayı fit verdi. Kayutaya bir neçə cavan girdi. Ceyran dairəvi pəncərədən bayıra baxdıqda sahil işıqları lap yaxından sayrışırdı.

− Çatmışıq, Adil, − deyə qız ayağa qalxdı.

İkisi də göyərtəyə çıxdı... Ancaq... söhbətləri uzun çəkdiyindən gecikmişdilər; içəri girən cavanlar təzə sərnişinlərdi. Köhnə sərnişinlərdən, ancaq Adillə Ceyran qalmışdı. Dəniz tramvayı yenə sahildən uzaqlaşırdı.

Vəziyyətin nə yerdə olduğunu bilcək, Adil Ceyrana, Ceyran da Adilə baxdı. Qeyri-ixtiyari olaraq ikisi də güldü.

Başqa çarə də yox idi. Onlar yenə kayutaya keçib əvvəlki yerlərində əyləşdilər. Adil pencəyini çıxarıb Ceyranın çiyninə saldı.

− Qorxuram sənə soyuq dəyər.

Qız, ona göstərilən hörmətə görə ürəyində sevindi.

− Çox sağ ol! – dedi və əlini uzadıb Adilin köynəyinin yaxasını düymələdi: − Özünü də yaddan çıxartma.

− Mən səni görəndə hər şeyi unuduram.

− ...


− İnanmırsan?

Ceyran başını tərpətdi. Onun nəzərləri uzaqlarda yanıb-sönən mayakların üzərində, vışkaların sularda əks olunan işıqlarında gəzdi. Qız söhbətə necə başladığını özü də hiss etmədi:

− Bilirsən, Adil, mənim hələ uşaqlıqdan rəssamlığa o qədər həvəsim vardı ki! Elə bilərdim dünyada ondan gözəl sənət yoxdur. Məktəbdə dərs vaxtı bir-bir müəllimlərimizin şəklini çəkərdim. Dəftərlərimin hansını açsaydın rəsm albomuna oxşardı. Bir dəfə bunun üçün atam məni möhkəm danladı. Hesab dəftərimin cildində cəbr müəlliminin şəklini çəkmişdim. Sonra atam qaşqabağını sallayıb oturdu. Kişinin ürəyini almaq istədim. Əlim yenə dinc durmadı. Kağız-karandaş götürüb onun gülməli bir şəklini çəkdim. Altında da yazdım ki, “Yusif bəy, gəmiləri batandan sonra”.

− Atanın adı Yusif bəydir?

− Yusifdir, ancaq bəysiz. Hə, şəkli divara vurdum. Özü də yaman oxşatmışdım. Atam şəkli görəndə özünü saxlaya bilmədi. O qədər güldü ki... Sonra gəlib başımı sığalladı. “Daha sənə sözüm yoxdur, qızım” dedi.

Adil, həvəslə danışan Ceyranı axıra kimi dinlədikdən sonra:

− Bəs indi harda oxuyursan, Ceyran? – deyə maraqlandı.

− Bu il rəssamlıq texnikumunu qurtarmışam.

− Onda sən əməlli-başlı rəssammışsan ki!

Ceyran təvazökarlıqla:

− Əməlli-başlı olmasa da, özümə görə çəkirəm, − dedi. Sözünə ara verib əlavə etdi: − İstəsən gələn dəfə atamınkı kimi sənin də şəklini çəkə bilərəm.

Qızın zarafatından xoşlanan Adil:

− Yox, eləsini istəmirəm, − deyə gülə-gülə cavab verdi. – Çəkirsən, bir yaxşısını çək, yadigar saxlayım.

Ceyran, bir rəssam müşahidəsilə Adilə baxdı.

Oğlanın gözləri bu dəfə ona daha mənalı göründü. Bu gözlər Ceyrana, sanki nə isə gizli bir söz demək istəyirdi.

− Onda gələn dəfə ertədən görüşərik. Ancaq bu qıvrım saçlarını bir az səliqəyə salarsan, heç alnın görünmür!

− O da baş üstə!..

Dəniz tramvayı sahilə yan alanda sərnişinlərin düşməyə hazırlaşdığını görən Adillə Ceyran da ayağa qalxdı. Qız pencəyi çiynindən götürüb Adilə verdi və öz təşəkkürünü bildirdi.

Sahillə dəniz tramvayı arasında qısa taxta körpü uzadılmışdı. Körpü ensiz olduğundan onun üstü ilə, ancaq bir-bir keçmək mümkün idi.

Sahilə çıxmaq növbəsi Ceyrana çatanda qızın yıxılacağından qorxan Adil onun qolundan nə vaxt yapışdığını bilmədi. Ceyran ehtiyatla irəlilədikcə gah sağa, gah sola əyilir, bəzən də müvazinətinin pozulduğunu görcək, yıxılmamaq üçün tez o biri əlini də Adilə uzadırdı.

−Qorxma, qorxma, Ceyran...

Adil ürəkdən arzu edərdi ki, buradan evə qədər olan yolun hamısını belə ensiz bir körpünün üstü ilə geeyranın qolunu buraxmasın.

Quruya çıxandan sonra addımlarını qoşalayıb çiyin-çiyinə yola düzəldilər. Daha açılışmışdılar.

− Nə zərif ayaqların var, Ceyran, − deyə yolda Adil gülə-gülə ona eşitdirdi. – Elə tuflilərin də qəşəngdir...

Qız əyilib öz ayaqlarına baxdı.

− Bu tufliləri Saleh müəllimgildən gedəndə sizin məhəllədə bir arvaddan almışam.

− Bizim məhəllədə? – Adil elə bil yuxudan ayıldı. Heyrətlə qızın üzünə baxdı. – O necə arvaddı?

− Nə bilim, sarısaç, hündürboy, kök bir qadındı. Alverçiyə oxşayırdı. Mənə dedi ki, özü üçün Moskvadan gətirdib ayağını sıxır, ona görə satır. Qiyməti iki yüz altmışdır, insafsız dörd yüzə verdi.

“Yəqin o, Diləfruzdur! – deyə Adili fikir götürdü. – Bizim qonşuluqda ikinci elə qadın axı, kim ola bilər? Özü də Moskvadan gətirdib... hər şey aydındır...”

Adilin qəlbində ailəsinə qarşı bir nifrət hissi baş qaldırdı.

Qız Adilin qəfildən susduğunu görüb soruşdu:

− Niyə fikrə getdin?

− Heç... elə-belə.

Artıq çatmışdılar.

Ceyran qolunu Adilin əlindən çəkdi.

− Demək, gələn çərşənbə axşamı sən kağızla karandaş gətirirsən, − deyə Ceyrangilin qapılarında ayrılanda Adil könülsüz xatırlatdı.

Qız əlini ona uzadıb gülə-gülə dedi:

− Bəli. Hələlik, gecən xeyrə qalsın! Ancaq sən də gələndə bu saçlarını daramağı yadından çıxarma, ha...

Ceyran əlini Adilin ovcundan çəkərək şıltaqlıqla onun saçlarını qarışdırıb evə qaçdı. Qızın ayaq səsləri kəsilməyincə Adil yerindən tərpənmədi. Onu qəhər boğur, ürəyi sıxılırdı. Adil istər-istəməz Ceyranın bu sözlərini xatırladı: “Anam mənə həmişə bir şey tapşırır, deyir, kiminlə dostluq, yoldaşlı q eləmək istəsən, tələsmə, adamını yaxşı tanı. Hətta ailəsinin də kim olduğunu öyrənməyi unutma. Adamlar çox müxtəlif olurlar, onları tanımaq çətindir...” O vaxt qızın bu sözlərində heç bir məna axtarmayan Adil, indi hər şeyi anlayırdı. Sanki Ceyran bunları ona demişdi. Adilin kim olduğunu öyrənmək istəmişdi. “Mənsə... mən axmaqsa, − Adil şappıltı ilə alnına vurdu, − heç nə anlamadım! Bəlkə o, elə əvvəldən Diləfruzun kim olduğunu bilirmiş! Mənə demək istəmirmiş! Yox, yox mənimki daha Ceyranla tutmaz! O, təmiz, doğru adamlarla, ailəsi halal zəhmətlə çörək qazanan ailələrlə yaxın olmaq istəyir! Mən isə... Ah... Diləfruz! Sən axı, bizim evə neyçün gəldin!...”

Adil bütün bunları fikirləşdikcə bədənini isti tər basır, xəcalətdən nə edəcəyini bilmirdi.



ƏLVİDA, DOĞMA BAKI

Evlərinin açıq pəncərəsindən musiqi və gülüş səsləri eşidən Adil ayaq saxladı. Məmmədin ziyafət məclisi hələ davam edirdi. O, küçədə dayanıb fikirləşdi: “Demək, mən səhv etməmişəm! Atamın gətirdiyi şeyləri Diləfruz satırmış! İndi təkcə qonşular yox, Ceyran da Diləfruzu tanımağa başlayır. Bir azdan, o da hər şeydən xəbərdar olacaq. Bəs mən gələn dəfə onun üzünə necə baxacağam? Ceyran deməzmi ki, sən oğruları, alverçiləri mühakimə etməyə hazırlaşırsan, ancaq öz ailənin nə işlə məşğul olduğunu görmürsən? Ceyran bunu bilsə, mən nə deyərəm? Yox, mən daha onun üzünə baxa bilmərəm. O bundan xəbərdar olsa, məndən üz döndərər”. Bu gecə gözlənilmədən araya düşən tufli söhbəti Adilin təmiz sevgisinə sanki bir ləkə vurmuşdu: “İndi mən nə edim? Evə getsəm ürəyim sıxılacaq, tanımadığım qonaqların xoşagəlməz sözlərini eşitmək istəmirəm! Elə bu sakit küçələrdə tək-tənha gəzsəm, ondan yaxşıdır!..”

Adil pəncərədən qonaq otağına baxdı. Evin bu tərəfində küçə hündür olduğundan içəri aydın görünürdü.

Dövrəsi adamla dolu stolun üstünə cürbəcür yeməklər, par-par parıldayan şüşələr, boşqablar, şərab dolu büllur qədəhlər, göyərti və başqa şeylər düzülmüşdü. Məclis uzun sürdüyündən adamların sifətində yorğunluq, stolun üstündə pərakəndəlik hiss edilirdi. Yuxarı başda, Laloçka ilə Diləfruz əyləşmişdi. Laloçka yenə də naz-qəmzə ilə çiyinlərini əsdirərək uzun qara kirpikləri altından qonaqları süzür, özünü bu evin doğma qızı kimi aparırdı. Aşağıda, qapı ağzında oturmuş Rəhman Diləfruzun işarəsilə tez-tez ayağa qalxaraq, gah boşaldılmış qədəhlərə şərab süzür, gah boşqablara plov çəkir, gah da arvadların yelpazələrini gətirib onlara verirdi. Üstündəki qaş-daşları ilə özünü bəxtiyar sayan Diləfruz kəhrəba kimi sarı saçlarını darayıb çiyinlərinə tökmüşdü. O, elə bil gözəlliyini qonaqlara göstərmək üçün tez-tez dikəlib yan-yörəsinə baxır, dodaqlarını bir-birindən ayırmadan gülümsəyirdi.

Qonaqlar Rəhmanın, Rəhman idarə müdirinin, müdir isə özünün tabe olduğu rəisin şərəfinə badələr qaldırıb sağlıqlar deyirdilər. Kimsə şərabla dolu böyük bir qədəhi Məmmədə uzadaraq onu güclə içməyə məcbur edirdi. Uşaq qədəhi alıb ağzına aparcaq hamı əl çaldı.

Adil xeyli dayanıb onları müşahidə etdi. Birdən bu səhnədən iyrənib nifrətlə pəncərədən uzaqlaşdı. “Yaxşı ki, içəri girmədim!”

İki saat sonra o, məclisin qurtarıb-qurtarmadığını bilmək üçün təkrar pəncərəyə yaxınlaşanda, Laloçkanın evdən çıxdığını gördü. İçəridə Diləfruzla Rəhmandan başqa heç kim yox idi. Arvad stolun üstünə tökdüyü hədiyyələri bir-bir açıb baxdıqca sevindiyindən atılıb-düşürdü. Rəhman da bir yerdə qərar tuta bilməyib arvadın gah sağına, gah soluna keçərək, Məmməd üçün gətirilən şeylərlə fəxr edirdi.

Diləfruz kağız bağlamalardan çıxardığı ipək parçanı çiyninə atır, şərfi boynuna dolayır, büllur vazanı yuxarı qaldırıb şadlıqla fırlanır, oyunların ora-burasını üfüləyərək çalır, az qala qanadlanıb uçmaq istəyirdi. Arabir əlinə şəkilli uşaq kitabları və ucuz qiymətli hədiyyələr keçəndə öz-özünə deyinərək bunları evin küncünə tullayırdı.

Diləfruzla atasının bu hərəkətlərini görüb dişlərini qıcayan Adil nələr düşündüyünü özü də bilmirdi. Ancaq onu bilirdi ki, bu kiçik pəncərədən gördükləri qəlbini kin və nifrətlə doldurur.

Adil pəncərədən uzaqlaşanda arxadan kiminsə, çılpaq isti qolları onun boynuna sarıldı. O, cəld geri dönəndə Laloçkanın ətir qarışıq şərab qoxuyan boyalı dodaqları onun sifətinə yapışdı. Adili qolları arasında sıxaraq, ehtirasla dodaqlarından bir öpüş aldı.

− Qoy əvvəlcə mən başlayım, biləsən ki, sevirəm səni! – dedi.

Adil cavab verməyə imkan tapmamış Laloçka onu buraxıb qəhqəhə çəkərək qaçdı və tini burulub yox oldu.

Bir az sonra Adil içəri keçəndə Diləfruzun qəribə nəzərlərlə ona baxdığını gördüsə də heç bir şey anlamadı.

Laloçkanın öpüşündən Adilin sifətinə qırmızı ləkə düşmüşdü. Diləfruz acıqlı-acıqlı onu süzərək, stolun üstünə tökdüyü şeyləri yığışdırmağa başladı.

Oğlunun kədərli olduğunu hiss edən Rəhman özünə məxsus yumşaqlıqla onun könlünü almaq istədi:

− Nöş gəlib qonaqlarnan oturmadın, oğlum? – deyə əlini Adilin qıvrım saçlarına çəkdi.

Fikri başqa yerdə olduğundan, Adil, atasının dediklərini eşitmədi. Bu vaxt Rəhman da onun sifətindəki qırmızı ləkəni görüb təəccüb elədi. Ancaq gözlərini qırparaq danışmadı. Adil stullardan birini götürüb qıraqda əyləşdi.

− Uşağın payını qızdır, yesin, − deyə Rəhman bu gecə arvadın onun sözündən çıxmayacağını güman edərək ərklə tapşırdı. Lakin Rəhmanın gözlədiyi kimi olmadı. Diləfruz onun sözünə əhəmiyyət vermədən, hədiyyələrlə dolu böyük bağlamanı qucağına alıb o biri otağa keçdi.

− İştaham yoxdur, yemək istəmirəm, − deyə Adil əzgin halda cavab verdi və qalxıb yatmağa getdi.

O, çarpayısına yaxınlaşanda sanki dörd tərəfdən divarlar başına uçdu! “Elə təkcə bu qalmışdı?!”

Nərgizin şəkli divardan çıxarılmış, onun yerinə Diləfruzun sinəsi, qolları açıq əksi vurulmuşdu!

Adil dəli kimi o yan-bu yana çırpınaraq otağı axtarmağa başladı. Şkafın üstünə baxdı, kitab rəfinin dalını yoxladı, pərdələri çəkib pəncərələri axtardı. Nəhayət, o, anasının şəklini çarpayının altından tapanda ürəyi sancdı. Bir az gözlərini yumub nə edəcəyini, bu dözülməz təhqirin qarşısında Diləfruza hansı sözlərlə cavab verəcəyini bilmədi. Qəhərdən sanki bu dəqiqə nəfəsi kəsiləcək, boğulacaqdı. O, gözlərini açanda hər şeyi dumanlı gördü. İki gilə yaş yanaqlarından diyirlənib əlindəki şəklin üstünə düşdü. Sanki bu vaxt Nərgizin də gözləri doldu, onun da dodaqları titrəyib hərəkətə gəldi. Adil anası üçün yanan kimi, onun da ana qəlbi kövrəlib balasının halına yandı.

“Yox, mən daha bu evdə qala bilmərəm! Elə bu gecə çıxıb getməliyəm!” deyə Adil fikirləşdisə, hara gedəcəyini düşünmədi. Lakin sözündən də dönmədi. Diləfruzun şəklini divardan qoparıb yerə atdı. Təpiyi ilə qapını açıb aynabəndə çıxdı. Cəld addımlarla pillələri enib həyətə düşdü.

Məsələni duyan Rəhman ayaqyalın, başıaçıq onun dalınca yüyürdü.

− Adil, Adil!.. Oğlum, geri qayıt.. Atana yazığın gəlsin.

Rəhmanın yalvarışlarına əhəmiyyət verməyən Adil hara getdiyini özü də bilmədən, tələsik və iti addımlarla qırmızı kirəmidli evdən uzaqlaşır, uzaqlaşırdı...

Yarıqaranlıq otaqda tez-tez papirosunu sümürən Saleh müəllim gözlərini qarşıdakı stolüstü lampanın işığından ayırmadan gah alnını ovuşdurur, gah çənəsini sığallayır, gah da əsəbi halda yumruqlarını düyünləyib açaraq fikirləşirdi. Onunla üzbəüz oturub başını ovucları içərisinə almış Adil, müəllimin sifətinə baxmasa da, hərəkətlərindən həyəcan keçirdiyini duyurdu. Müəllim, Adil üçün vəziyyətdən çıxış yolu axtarırdı.

Adil evdən çıxanda, gecələmək üçün hara gedəcəyi barədə heç bir qərara gəlməmişdi. Şəhərdə onun dostları, yaxın yoldaşları az deyildi. Ancaq bu vədə heç kimi narahat etmək olmazdı. Bir də kimin evinə getsəydi, vaxtsız gəlişin səbəbini soruşacaqdılar. Adil isə dərdini deyə bilməyəcəkdi.

Axşam çağı dəniz tramvayında klarnetin səsini dinləyə-dinləyə Xəzərin ayna suları qoynunda Ceyranla şirin-şirin söhbət edən Adil, bir qədər sonra, qaranlıq küçələrdə tək-tənha, avara-sərgərdan qalmışdı; nə yatmağa yer, nə də dərdini söyləməyə adam tapmışdı. O, istər-istəməz, bir neçə il əvvəllər evlərində olduğu bibisi qızı Mənsurəni xatırlamışdı. Səhərdən-axşama kimi onunla gəzib-oynadığı çağlar, ləpədöyəndəki sakit kənd, qumsal dəniz sahilləri gözlərinin qabağına gəlmişdi. Mənsurə nə qədər qayğısız bir həyat keçirirdi! Adil anadan yetim olduğu kimi, o da atasız böyüyürdü. Ancaq Mənsurə həmişə deyib-gülür, şənlik edirdi. Adil isə... “Kaş, indi mən də Mənsurə kimi yaşayaydım!” deyə bir anlığa bibisigilin evlərində olmağa ürəyində böyük həsrət duymuşdu, Mənsurəyə qibtə etmişdi...

Adil küçələrdə çox gəzdi. Hava soyumuşdu. Lakin o üşümürdü. Sanki ürəyində yanan bir od parçası onu isidirdi. Adil Ceyranla görüşdüyü kinoteatrın qarşısına çatanda saat ikini vurdu. O səbəbini özü də bilmədən, binanın qabağındakı hündür səkiyə çıxıb dayandı. Bu dəqiqələrdə Adil sözlə deyilməsi mümkün olmayan qəribə bir hal keçirdi. Sanki ürəyində qəfildən atlı çapdı; qəlbi şiddətlə çırpındı. Adilə elə gəldi ki, indicə Ceyran yenə ağappaq geyinmiş halda ona yaxınlaşıb: “Gedək Adil, küçədə qalma, sənə soyuq olar”, deyəcək və əlindən tutub evlərinə aparacaqdır.

Lakin Ceyrandan başqa da belə adam tapılmışdı.

Saleh müəllim hansı tərəfdənsə çıxıb onun qolundan yapışdı.

− Gedək bizdə yat, − dedi və onu səkinin qırağına çəkdi. Adil çevrilib Saleh müəllimə baxanda kişinin çox həyəcanlı olduğunu hiss etdi.

İndiyədək sonsuz olan Saleh müəllim hələ Nərgizin sağlığında Adili harda görsəydi qucağına götürüb oynadardı. Onu öz doğma övladı kimi sevərdi. Hərdənbir oyuncaq, konfet və başqa yeməli şeylər alıb Adilə bağışlardı. O vaxt Saleh müəllimin Rəhmanla da arası pis deyildi. Çox zaman axşamlar çay içməyə, söhbətə birlikdə oturardılar. Ancaq Diləfruz qırmızı kirəmidli evə gələndən sonra hər şey dəyişdi. Müəllimin ayağı Rəhmangildən kəsildi, Adil də onlara əvvəlki tək tez-tez gedib-gəlmədi.

Bu gecə də Saleh müəllim yenicə yatmışdı ki, Rəhmangildən çıxan sərxoş qonaqların səs-küyünə oyandı. Lakin əhəmiyyət vermədi, gözlərini yumub özünü yuxuya verdi. Bir az sonra Rəhmanın təlaş içərisində “Adil!.. Adil..” deyə çığırdığını eşitcək hövlnak ayağa qalxdı. Məsələnin nə yerdə olduğunu bilən müəllim, cəld geyinib Adilin dalınca getdi.

Saleh müəllim küçəyə çıxcaq, ətrafa göz gəzdirdi. O, hələ uzaqdan Adili görüb tanıdı, lakin səsləmədi, dalınca düşüb hara gedəcəyini bilmək üçün onu izlədi...

Adil, Saleh müəllimlə onların evinə gəldi. Əhvalatı yerli-yerində ona nağıl etdikdən sonra, Adil qəlbində yüngüllük duydu. Sanki ürəyindən asılmış ağır bir qurğuşun parçası qırılıb düşdü.

− Saleh müəllim, mən neçə dəfə bu barədə yanınıza gəlmək istəmişəm. İstəmişəm sizdən bir məsləhət alım, − deyə araya çökən sükutu Adil pozdu, − ancaq qorxmuşam Diləfruz xəbər tutar, sizi təhqir edər... Onun da xasiyyətini özünüz yaxşı bilirsiniz.

Müəllim çeşməyini alnına qaldırıb aramla cavab verdi:

− Vaxtında sən bunları məndən gizlətməsəydin, vəziyyət bu yerə çatmazdı.

− Siz haqlısınız, Saleh müəllim. Ancaq mən çox şeydən xəbərsiz idim. Bir də təqsir özümdədir. Elə birinci gündən o arvadın hərəkətlərindən gözüm su içmirdi. İndi ümidim təkcə sizədir... – Adilin səsi titrədi. – Mən daha Bakıda qalmayacağam. Məni ya Moskvaya, ya da Leninqrad universitetinə düzəldin. Əgər atam... atam mənə bir oğul kimi baxsaydı, az-çox qayğımı çəksəydi, yenə dərd yarı idi. Ancaq o da... o da.. – Adil sözünün dalını gətirə bilmədi. Üzünü müəllimdən çevirib yenə başını əlləri arasına alaraq stola dirsəkləndi.

− Bir yaxşı fikirləş, oğlum... Moskvaya, Leninqrada getmək o qədər də çətin deyil. Ancaq qorxuram sonradan tutduğun işdən peşman olasan. Bəlkə elə Bakıda oxuyasan? Evdə yaşamaq istəmirsən, yataqxanada qalarsan, − deyə müəllim onu bu yoldan çəkindirmək istədi.

Adilin fikri qəti idi.

− Xeyr, Bakıda qalmaq istəmirəm! Onu yəqin bilirəm ki, bir aya, iki aya yenə atam gəlib məni dilə tutacaq, ürəyim yumşalacaq. Təzədən evə gedib özümü bəlaya salacağam. Uzaqda olsam yaxşıdır, Saleh müəllim, həm qulağım sakit olar, həm də oraları gəzərəm, ürəyim açılar. Siz gəlin məni bu yoldan saxlamayın.

Saleh müəllim papirosunu sümürüb tüstüsünü sinəsinə çəkdi:

− Mənə qalsa, elə bunsuz da Moskvaya getməyi sənə məsləhət görərdim, − dedi. – Ancaq bir məsələ var ki, atandan icazəsiz belə iş tutmaq yaxşı deyil...

− Saleh müəllim, − deyə Adil onun sözünü kəsdi, − əgər atam mənə atalıq etsəydi, siz haqlı idiniz. O bütün ixtiyarını Diləfruza verib. Arvadın zabitəsi gündən-günə artır. İndiyə kimi dözürdüm, amma daha bacarmıram. Evdə dərs hazırlaya bilmirəm. Yanıma dostlarım gəlmir. Sizdən nə gizlin, axır vaxtlar atam çox pis yola düşüb, Diləfruz onu alverə məcbur edir. Bunu, hətta başqaları da mənə deyib... Yəqin siz də...

− Bəli, mən də bilirəm! – deyə Saleh müəllim onun sözünü tamamladı. – Bu işi gizlində görsələr də, xəbər tutmuşam. Diləfruz Rəhmanı çox pis yola çəkir, əvvəllər o kişi belə deyildi.

Adilin daha öz ailəsi barədə şübhəsi qalmadı.

Saleh müəllim otaqda bir qədər əsəbi halda gəzişdikdən sonra gəlib onun qarşısında dayandı.

− Universitetin rektoruna deyərəm, daha doğrusu xahiş edərəm ki, sənədlərini hazırlatsın, Moskvaya gedəsən. Ancaq vaxta az qalır, gərək elə bu həftə yola düşəsən.

Adil şadlığından qalxıb uşaq kimi müəllimin boynuna sarıldı, onun geniş alnından öpdü. Ancaq Ceyranı xatırlayanda qolları boşalıb yanına düşdü.

Səhər günəşinin şüaları pəncərənin pərdələri arasından çarpayının üstünə düşəndə Ceyran gözlərini açdı. Divardan asılmış aynanın qıraqları işığı özündə əks etdirərək min rəngə çalırdı. Otağın havasında xoş bir reyhan ətri duyulurdu.

Yumşaq yorğan-döşəkdə arxası üstə uzanmış Ceyran bir müddət yerində xumarlandı. Qız yuxudan doymuş olsa da, qalxmaq istəmirdi. Dünənki görüşlərini xatırladıqca, ürəyində gah Adillə, gah da rəfiqəsi Xalidə ilə danışırdı.

Ceyran, o gecə qapılarının ağzında Adildən ayrılarkən, onun saçlarını qarışdırıb qaçmasını yadına saldıqca, həm qəlbi qürur hissilə döyünür, həm də öz-özündən utanırdı. Bəzən gəncliyin ehtiraslı məhəbbət duyğuları ağıla üstün gəlirdi. Adam dünən düşünmədən etdiyi bir hərəkətinə, fikirləşmədən dediyi bir sözünə görə bu gün peşman olur. Yenə Adil onun saçlarını qarışdırsaydı, dərd yarı idi. Sən işə bax ki, bunu Ceyran etmişdi. Əgər indi Adil burada olsaydı, Ceyranın əli heç cürə yuxarı qalxmaz, onun saçlarına toxuna bilməzdi. Ancaq dünən Ceyran nə eləmişdi?! “Deyəsən mən özüm istəmədən ürəyimi Adilə sezdirirəm. Yox, bu dəfə görüşəndə necə olur-olsun elə hərəkətlərə yol verməyəcəyəm. Danışanda da fikirləşib danışacağam.”

Ceyran əlini uzadıb çarpayısının baş tərəfindən dolabçanın üstünə qoyulmuş radio cihazının düyməsini burdu. Bir az sonra otağa oynaq musiqi yayıldı. O, qalxıb xalatını geydi. Pəncərələrin pərdələrini açdı. İçəri gözqamaşdırıcı bir işıq doldu.

Bayırda bahar gülümsəyirdi. Musiqidənmi, yoxsa Adil haqqında düşündüyündənmi, qızın qəlbi fərəhlə doldu. O, az qala əl-qolunu qaldırıb oynamaq istədi. Aynanın qabağından keçəndə dayandı, pərişan saçlarını üzündən yığıb qaydaya saldı. Sonra qrafini götürüb pəncərədəki reyhan dibçəklərinə su tökdü. Qız bu dəm nə düşündüsə, yenə aynanın qabağına gəldi. Bu dəfə çox diqqətlə gözlərinə baxdı. Ceyran səhv etmirdi; onun gözlərində Adilin təkcə əksi görünmürdü. Qalan hər şey məlum idi! Doğru demişlər, göz qəlbin aynasıdır! Ceyran bütün sirri ürəyində gizlətməyi bacarırdı. Ancaq gözlərindən qorxurdu. Yaxşı ki, dünən gecə o, Adildən ayrılıb evə gələndə anası yatmışdı. Yoxsa arvad hər şeyi duyardı. Ceyran belə işlərdə qadınların kişilərdən daha həssas olduğunu bildiyi üçün atasından çox, anasından ehtiyat edirdi.

Evi səliqəyə salıb nahar etdikdən sonra yenə öz otağına keçdi. Kağız-qələm çıxarıb srağagün Xalidədən aldığı məktuba cavab yazmaq istədi. O, bu dəfə rəfiqəsinə cavab verməyi qəsdən təxirə salmışdı. Ürəyini boşaltmağa başqa yaxın adam tapmadığından Ceyran Adillə olan hər görüşü, hər söhbəti haqqında Xalidəyə yazmaq istəyirdi. İndi Ceyran məktubun cavabını iki-üç gün gecikdirmiş olsa da, axırıncı görüşdən sonra yazmağa təzə sözü vardı. Ancaq əlinə qələm götürəndə nə yazacağını bilmədi, daha doğrusu bacarmadı. Xalidə ondan heç nəyi gizlətmirdi. Axırıncı məktubunda qız yazırdı: “... Ceyran, dünən məktubunu alıb oxuyandan sonra ürəyim yumşaldı. Həm də o qədər sevindim ki! Ona kimi elə bilirdim mən nə isə böyük bir cinayət eləmişəm. Düzdür, Nadirlə aramızda heç bir ciddi söhbət olmamışdı. Ancaq səndən nə gizlədim, ürəyimdəkini özüm bilirdim! Sənin o qıvrımsaç, qəşəng oğlan haqqında yazdıqlarını oxuyub kluba getdim. Mənim sarısaçlı qəşəngim də orda idi. Başını nə ağrıdım, bu dəfə kefimi çox kök görüb ürəkləndi. Mənə “Romeo və Cülyetta”dan elə sözlər dedi ki.. Özü də sinəsindən! Az qala mən də hamısını əzbərləmişəm. Bilmirəm işin axırı necə olacaq... Ancaq Ceyran, Nadir də pis oğlana oxşamır...”

Xalidənin səkkiz dəftər səhifəlik bu məktubu Ceyranı da həvəsləndirdi. O da ürəyini kağıza boşaltdı...

Adilin evdən getdiyi üç gün idi. Rəhmanı fikir götürmüşdü: “Görəsən uşaq harda qaldı? Başına nə iş gəldi? Gecələr kimin evində yatdı?”

Hər dəfə qapının zəngi çalınanda kişi qalxıb həyətə yüyürür, gələnin başqa adam olduğunu bilcək qolları boşalıb yanına düşürdü. Ancaq bu barədə Diləfruzu təqsirləndirib, onu danlamağa qorxurdu. Üç gün idi ki, gecələr Rəhman yata bilmir, səhərə kimi yerində qovrulurdu. “Bu nə işdi mənim başıma gəldi, − deyə düşünürdü. – Kaş heç o Məmməd qoduğun üç yaşı tamam olmayaydı!”

Sabah Moskvaya növbəti səfərə çıxacaq Rəhman evinə bir həftədən sonra qayıdacaqdı. Barı gedənə kimi Adilin harada olduğundan xəbər tutsaydı, ürəyi bir az rahatlanardı.

İndi də aynabənddə pəncərə qabağında oturmuş Rəhman nəzərlərini həyət qapısından ayırmadan, intizarla oğlunun yolunu gözləyirdi. Ərinin həyəcanlı olduğunu duyan Diləfruz gah tez-tez evə girib çıxaraq hikkə ilə qapıları çırpır, gah da onun acığına şirin dillə Məmmədi çağırıb, oğlunu əzizləyirdi.

Birdən həyət qapısının zəngi çalındı. Rəhman pilləkənləri nə vaxt endiyini bilmədi.

Gələn Adil idi!

Sevindiyindən kişinin dili-dodağı əsdi.

− Adil... yaxşı ki, gəldin... çox sağ ol, oğlum...

Adilin sifətində daşdan yonulmuş heykəldə olduğu kimi sanki heç vaxt dəyişməyəcək bir ifadə vardı.

− Bəli, gəlmişəm, ancaq yenə gedirəm!

− Necə? Sən nə danışırsan, oğul? Adam heç öz doğma atasını da atarmı? Sən gəl bu inadkarlığı buraxginən, mənə yazığın gəlsin.

− Ata, əgər mən evdə qalmalı olsam, gərək Diləfruz getsin. Bu da sənə əl verməz! – deyə Adil öz otağına keçdi. Onun qəfildən içəri girdiyini görən Diləfruzu sanki ilan çaldı. Arvad özünü itirdi.

− Rəhman! – deyə qorxaq bir səslə ərini yanına çağırdı.

− Zəhrimar Rəhman! – deyə kişi bu dəfə qorxmadan cavab qaytardı. – Yenə termometr? Mənim başıma bu müsibəti sən gətirdin! Nanəcib!

Adilin üçcə gün əvvəl çıxdığı otaq tanınmaz bir şəklə düşmüşdü: onun səliqə ilə saxladığı kitablar pərakəndə halda yerə səpələnmişdi. Stolun üstündəki kağızlar bir-birinə qarışmışdı, mürəkkəb dəstgahının yerinə Məmmədin oyuncaqları tökülmüşdü. Adilin hələ beşinci sinifdə oxuyarkən yaxşı işinə görə pioner dəstəsindən hədiyyə aldığı qlobusu, yəqin ki, Məmməd top yerinə oynatdığından, evin ortasına atılmışdı. Həmişə Adilin su verib saxladığı güllər saralıb solmuşdu. Onun çarpayısında Məmməd yatmışdı.

Adil anasının şəklini, lazım olan kitablarını və paltarlarını çamadanına yığıb tarını götürdü. Bir daha divarlara baxaraq bayıra çıxdı.

Rəhman qapıda onun qabağını kəsdi:

− Getmə, oğul! Yalvarıram sənə, getməginən, mənə qulaq as!

− Yox, ata, daha gecdir, − deyə hər iki qolunu yana açıb onu bayıra buraxmaq istəməyən atasına sonuncu dəfə diqqətlə baxdı. Adil, onun qocaldığını sanki bu gün gördü. – Sağ ol, ata, mən daha gözləyə bilmərəm.

− Hara gedirsən, oğlum? Atandan yerini də gizlədirsən?

− Moskvaya!

O biri evdə bu sözləri eşidən Diləfruzun qəlbinə sevinc doldu.

− Oğlum, adam öz doğma evini atmaz. Tüpürmə quyuya, bəlkə suyundan içməli oldun...

Rəhman başını əsdirə-əsdirə oğluna baxıb, yenə nə isə demək istədi, ancaq bacarmadı. Sanki gözlərilə ona: “Oğul, məni tək qoyub hara gedirsən?” deyə yalvardı.

Adilin çamadanı qaldırdığını görən Rəhmanın ürəyi yenə dözmədi.

− Bəs, oğlum, bilet pulu, xərclik!..

− Bilet pulum da, xərcliyim də var.

− Heç olmasa məniynən bir yerdə gedəydin.

− Xeyr, ata, mən bu gün getməliyəm. Salamat qal!

Adil çıxmaq istərkən birdən nə xatırladısa, geri döndü, üzünü, məzlum-məzlum ona baxan Rəhmana tutub içəri evdə oturmuş Diləfruzu göstərdi:

− Ata, çalış ki, o ifritə səni də bu evdən didərgin salmasın.

Diləfruz oturduğu yerdən dik qalxdı. Arvadın gözləri kəlləsinə çıxdı. Tez özünü aynabəndə atdı. Ancaq cavab vermədi. Bu dəfə Adilin sifəti ona çox dəhşətli göründü.




1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə