NƏŞRİyyatdan



Yüklə 1.21 Mb.
səhifə7/14
tarix29.05.2017
ölçüsü1.21 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   14

ÇIRAQBAN ŞƏHƏR

Mən də Adil kimi gözəl bir axşam çağı bu çırağban kaşanələr şəhərinə ilk dəfə gələndə gözümlə gördüklərimin həqiqət olduğuna inana bilməmişdim. O zaman gecə yarıya kimi paytaxtın küçələrində gəzdikcə ayaqlarımın yerə dəydiyini hiss etmişdimsə də, Moskvada olduğuma inana bilməmişdim. Kreml saatının doğma səsini dönə-dönə, lap yaxından eşitmişdimsə də, Moskvada olduğuma inana bilməmişdim. Geniş prospektlərlə yanımdan şütüyüb keçən saysız-hesabsız minik maşınlarının işığından gözlərim qamaşmışdısa da, Moskvada olduğuma inana bilməmişdim. Nəfəs aldıqca yüngül və təmiz havadan ciyərlərimə bir sərinlik yayıldığını duymuşdumsa da, Moskvada olduğuma inana bilməmişdim. İnana bilməmişdim ki, bütün bunlar bir yuxu deyil, sabah da, o biri gün də, həmişə, istədiyim vaxt mənim üçün təkrar oluna biləcək böyük səadətdir!

O axşam paytaxtın mərmər kimi hamar asfalt döşənmiş geniş Qorki küçəsi adamla dolu idi. Burada böyük aynalı, əlvan işıqlı vitrinlər cürbəcür şeylərlə bəzənmişdi. Onlardan bəzisində qadın, kişi müqəvvalarına geydirilmiş ipək paltarlar, bəzisində şlyapalar, xəz papaqlar, rəngbərəng çəkmələr, digərində uşaq oyuncaqları, şirniyyat şeyləri, dadlı meyvələr vardı. Bir sözlə, istədiyin şeylərin hamısını bu vitrinlərdə tapmaq olardı.

O gün Hərbi-Dəniz Donanması bayramı idi. Moskvalılar yaylım atəşinə tamaşa etmək üçün meydanlara çıxmışdılar. Səkilərdən adamlara toxunmadan keçmək mümkün deyildi. Küçənin ortasında yeddi-səkkiz cərgədə hər iki tərəfə axışan maşınlar elə nizamla gedirdi ki, sanki onlar görünməz tellərlə bir-birinə bağlanmışdılar. Bu mənzərəyə qıraqdan tamaşa edəndə çox qəribə görünürdü: irəli axışan maşınların hamısı faralarında güclü ağ işıq gətirir, uzaqlaşanlar isə arxasında kiçik qırmızı çıraqlar aparırdı.

O axşam mən “Oxotnı ryada” yenicə çatmışdım ki, Kreml saatı səkkizi vurdu. Elə bu vaxt qəflətən ətrafı boğuq gurultu bürüdü, hər tərəfdən işıq fəvvarələri yuxarı qalxdı. Sonra bu fəvvarələr səmada yanar söyüd ağacına bənzər bir şəkil aldı və başımın üstündə yavaş-yavaş aşağı enməyə başladı. İndi yaylım atəşinin bu saysız-hesabsız işıqları göydən asılmış əlvan çilçıraqları xatırladırdı. Azacıq sonra, sanki bu çilçıraqların lampaları yerindən qopdu, qırılmış boyunbağı dənələri kimi yerə töküldü. Meydana toplaşan adamlar dayanıb bu ürək fərəhləndirən işıqlara baxır və yenə ikinci atəşdən diksinməmək üçün qulaqlarını tutub tez-tez gözlərini qırpırdılar. Sonra bir də, bir də, dalbadal yaylım atəşi açıldı və eyni mənzərə dönə-dönə təkrar olundu.

Araya əvvəlki sakitlik çökəndən sonra mən başımı qaldırıb göyə baxdım. Yuxarıda – zümrüd səmada hələ də bir neçə qırmızı işıq yanırdı. Lakin mən səhv etmişdim. O işıqlar Kremlin ulduzları idi! Onlar əbədi sönməz işıqlardı!

Mən şəhərə aludə olduğumdan, o qədər gəzmişdim ki, qıçlarımın yorulduğunu, ancaq evə gələndən sonra hiss etdim.

Gecə də açıq pəncərə qabağında oturub xeyli vaxt Moskvaya baxdım. Paytaxtın küçələrində yenə əlvan lampalar göz qırparaq yanırdı. Sanki onlar axşamdan yerə tökülən yaylım atəşinin işıqları idi, hələ də sönməmişdi.

Təsadüfə bax ki, Adil də, mən də Moskvaya eyni vaxtda gəlmişik. Lakin şəhər böyük, adam çox, görüşə bilməmişik. Ehtimal ki, o günlərdə ikimiz də Qızıl meydanın geniş sinəsində addımlamış, başında beşguşəli ulduzlar yanan Kremlin qüllələrinə, Mavzoleyə, Minin və Pojarskinin məğrur tunc heykəllərinə baxmış, Lenin muzeyinə tamaşa etmişik. Ancaq görüşə bilməmişik. Əgər mən Adili görsəydim, Bakıdan çıxandan sonra baş verən bütün əhvalatı yerli-yerində ondan soruşub öyrənər və sizə nəql edərdim. Bu mənə qismət olmadığından, sizə Adilin haqqında sonradan eşitdiklərimi danışacağam.

... Saleh müəllimin köməyi ilə Bakı universitetindən Moskvaya köçürülmək razılığı alan Adil, bütün sənədlərini hazırladıqdan sonra tərəddüd etdi. Ceyran gözlərinin qabağında durdu. Sanki qızın səsini də eşitdi. “Bəs məni atıb hara gedirsən, Adil?”, “Yox, Ceyran, mən daha bundan sonra sənə lazım deyiləm. Unut məni! Birdəfəlik qəlbindən çıxarıb at. Mən sənin təmiz adına ləkə vurmaq istəmirəm. Bilirəm, sonra sən mənə yalançı deyəcəksən. Deyəcəksən ki, ağız dolusu doğruluqdan, təmizlikdən dəm vuran sən özün çirkin əməllərin şahidisən, ancaq hər şeyi gizlədirsən.. Sən haqlısan, Ceyran! Mən nə edə bilərəm, gücüm, ancaq buna çatır. Səndən ayrılmaq mənə çətin olsa da gedəcəyəm.”

Adil yolxərci üçün də atasına ağız açmaq istəmədi. Anasının yadigarı – qızıl saatını satdırmağa məcbur oldu. O, bilet almağa gedən günü Saleh müəllimlə görüşdü. Müəllim cibindən çıxardığı bileti ona uzatdı.

− Al, oğlum, − dedi, − mən sənin vəziyyətini bilirəm.

Adil utandı. Son vaxtlar ona atalıq qayğısı göstərən bu kişinin sözünü yerə salmadı. Bileti alıb müəllimə təşəkkür etməyə söz tapmadı.

Ertəsi günü Adili ötürmək üçün Saleh müəllim vağzala gəlmişdi. Rəhman da orada idi.

Müəllim deyirdi:

− Nə lazımın olsa, utanma, yaz göndərim. Elə məni də öz əmin bil.

Əgər Adil bacarsaydı, müəllimdən bircə xahiş edərdi: onun vasitəsilə Ceyrana ikicə kəlmə söz çatdırardı: “Bağışla, Ceyran!” Ancaq bu mümkün deyildi.

− Yaxşı yol, oğlum, darıxma. Vaxtın olanda məktub yaz, − deyə qatarın yola düşməsinə az qaldığını görən müəllim qolu üstünə saldığı Adilin paltosunu ona verib ata məhəbbətilə alnından öpdü. – Dərslərində sənə müvəffəqiyyət arzu edirəm!

− Çox sağ olun, Saleh müəllim! – Rəhman da keçib oğlu ilə görüşdü. Adilə pul təklif etdisə də, o almadı. Kişi yenə nəsə demək istədi, bacarmadı, dodaqları titrədi, gözləri doldu. Dəsmalını çıxarıb qırağa çəkildi.

Parovoz fit verdi. Müəllim həsir şlyapasını çıxarıb başı üstündə yellədi. Qatar yola düşdü.

Pəncərədən görünən mənzərələr əvvəlcə yavaş-yavaş, sonra sürətlə dəyişməyə başladı. Adil Bakıdan uzaqlaşdı.

... Qatarın Biləcəriyə çatmasına az qalmışdı. Provodnik bir-bir kupelərə girib biletləri yoxlayırdı. Növbə Adilə yetişəndə o, qalxıb paltosunun cibini qurdaladı. Biletlə birlikdə əlinə iki təzə yüzlük çıxdı. Adil o dəqiqə məsələni anladı. Bu pulları Saleh müəllim qoymuşdu! “Eybi yoxdur, sənin xəcalətin mənim boynuma!” deyə Adil ürəyində Saleh müəllimə bir daha təşəkkür etdi.

Ceyranla tanış olduqdan sonra tez-tez vaxtı öyrənməyə adət etmiş Adil, indi də qeyri-iradi olaraq pencəyinin qolunu yuxarı çəkib biləyinə baxanda bədənini tər basdı. Kupedə onunla üzbəüz əyləşmiş kişi Adilin saatı unudaraq evdə qoyduğunu zənn edib dilləndi:

− Altıya iyirmi dəqiqə qalır, oğlum.

− Altıya iyirmi dəqiqə qalır, qızım, − deyə yataq otağında, ayna qabağında saçlarını darayaraq görüşə tələsən Ceyranın sualına anası cavab verdi. Xurmayı tellərini xüsusi səliqə ilə hörüb əl-üzünü yuduqdan sonra, Ceyran ara qapını örtdü. Adilin xoşuna gələn ağ tuflilərini geyib xalatını soyundu. Ertədən ütüləyib hazırladığı mavi ipək paltarını çıxarıb bəzək stolunun qabağına keçdi. Qız, bədənnüma aynada, mərmərdən tökülmüş kimi dümağ qollarını, girdə, ətli çiyinlərini, qabarıq sinəsini görcək yanaqları qızardı. Ceyrana elə gəldi ki, bu dəqiqə evin hansı bucağındasa gizlənmiş Adil xəlvəti ona baxır. O, sövqi-təbiiliklə paltarını başına salıb aşağı əyildi; qollarını yarıçılpaq döşlərinin üstünə qısıb tələsik geyindi, sonra ayağa qalxıb oğrun-oğrun ətrafına baxdı...

Ceyran rəsm albomu və “neqro” karandaşlarını götürüb evdən çıxanda görüşə hələ on dəqiqə qalırdı. “Eybi yoxdur, vaxtından tez çatacağam, − deyə o qədər də tələsmədi. – Geciksəm də Adil məni gözlər.”

Üfüq, mis kimi qızarmışdı. Yol kənarındakı cökə, ayland ağaclarının yarpaqları xəfif yeldən asta-asta əssə də, havada hələ istilik duyulurdu. Şəffaf, təmiz səmada topa-topa ağ buludlar görünürdü. Evlərin küçələrə baxan pəncərələrinin bəzisi taybatay açılmış, bəzisinə ağ pərdələr çəkilmişdi. Sağ tərəfdəki səkiyə kölgə düşmədiyindən adamların çoxu sol səki ilə gedirdi.

Ceyran dəniz vağzalının yanından Kirov prospektinəburulub İyirmialtılar bağına gəldi. Vaxta hələ vardı. Qız gəzinmək, komissarların heykəllərinə tamaşa etmək istədi. Ceyran, rəssamlıq texnikumunda oxuyanda bu heykəllərin haqqında az eşitməmişdi. O, bunların hamısının tarixçəsini, nə vaxt və hansı heykəltəraş tərəfindən hazırlandığını bilirdi. Hətta fotoşəkillərini belə öz albomunda əzizləyirdi. Bu, adi bir həvəs deyildi. Ceyran da gənc bir sənətkardı. Elə buna görə də bağda rast gəldiyi hər mənzərəyə − əlvan çiçəklərə, skamyalarda cərgə ilə oturan adamlara diqqətlə baxırdı.

Ceyran görüş yerinə gəldi, bənövşə kimi boynunu burub sevdiyi oğlanın yolunu gözləməyə başladı. O, intizarlı nəzərlərini gah sağa, gah sola çevirir, gah da dönüb arxaya baxırdı. “Gecikir! Dayan, qoy gəlsin, onun qıvrım saçlarını elə qarışdıracağam ki...”

Ceyran çox gözlədi. Vaxtdan yarım saat ötdü. Ancaq qız evə dönmək istəmirdi. “Yəqin bir səbəb var, yoxsa mütləq gələrdi.” O, bu fikirlərlə getməyə hazırlaşırdı ki, Saleh müəllimin, həsir şlyapası əlində, yavaş addımlarla ona tərəf gəldiyini gördü.

− Qızım, sən burda nə gəzirsən? – deyə müəllim yaxınlaşıb əl verdi. – Sən də mənim kimi təmiz havaya çıxmısan?

Ceyran yalan deməyə məcbur oldu.

− Bəli.

− Görürəm rəsm albomu ilə, karandaşla gəlmisən.

− Bəli, bunları götürdüm ki, bəlkə bir şey çəkdim.

− Lap əcəb eləmisən, − deyə Saleh müəllim, çarhovuzla üzbəüz skamyaya çatanda dayandı.

− Otur, qızım.

Ceyran müəllimin yanında əyləşdi.

− Bir şey çəkə bildinmi?

− Yox, çəkmədim, həvəsim gəlmədi.

Müəllim zarafata keçdi:

− Yaxşı, bəs evdən çıxanda həvəsini niyə özünlə gətirmədin?

− Gətirmişdim, burda itirdim.

İkisi də güldü.

Lakin qızın ürəyi narahat idi. Vaxtdan xeyli keçsə də, o, dörd gözlə ətrafa baxırdı. Birdən Adil ağacların dalından çıxıb bura gəlsəydi, Ceyran çox pis vəziyyətdə qalacaqdı; müəllimi qoyub onun yanına qaça bilməyəcəkdi.

− Hə... elə burdan ötürdüm, səni görüb gəldim, − deyə müəllim bir papiros yandırdı. – İşlərin necə gedir, qızım?

− Mənə, müəllim, muzeydə iş verirlər, ancaq hələ götürməmişəm.

− Niyə?


− Bəlkə, Leninqrada, rəssamlıq akademiyasına getdim.

Ceyran bu sözləri deyəndə Adili düşündü. Hələ bu barədə Adillə məsləhətləşməmişdi. Bəlkə heç o razı olmayacaqdı, iş elə gətirəcəkdi ki, Ceyran həmişəlik Bakıda qalacaqdı. İndi qız bütün işlərdə Adillə razılaşmaq istəyirdi. “Yox, yəqin daha Leninqrada getməli olmayacağam. Axı Adil Bakıda, universitetdə oxuyacaq”, deyə Ceyran əvvəllər bu barədə düşünməmiş olsa da, indi bir anda hər şeyi qət elədi.

Əlbəttə, Leninqrad akademiyasına getsən, ağıllı iş görərsən. O akademiya çox böyük sənətkarlar yetirib... – Müəllim sözünə azacıq ara verdikdən sonra astadan əlavə etdi: − Bizim qonşuda Adil adlı bir oğlan vardı, bəlkə evimizə gələndə özünü də görmüsən. Bu gün o da oxumağa Moskvaya yola düşdü. Mən də onu ötürməyə getmişdim.

Sanki ətrafdakı ağaclar kökündən qopub Ceyranın başına fırlandı, yer ayaqlarının altından qaçdı. Qıza elə gəldi ki, bu dəqiqə oturduğu skamyanın söykənəcəyindən yapışmasaydı, yıxılacaqdı.

Müəllim yenə Adilin haqqında danışırdı. Ancaq Ceyran onu eşitmirdi.

Qız dizləri üstündə tutduğu albomu nə vaxt yerə saldığını bilmədi. Tez əyilib albomu götürdü, həyəcanlandığını büruzə verməmək üçün başını aşağı dikib soruşdu:

− Siz o meynəli həyətdəki tarçalan oğlanı deyirsiniz?

− Ay sağ ol, özüdür ki, var! Qıvrımsaç oğlan. Ceyran, onun xətrini o qədər istəyirdim ki!..

Müəllim fikrini tamamlamadı; Adilin ailə həyatında baş verən hadisələri Ceyrana açıb danışmağı lazım bilmədi.

− Hə... – deyə Saleh müəllim papirosunu söndürüb davam etdi: − Elə o da birdən bu fikrə düşdü. Beş-on gün bundan qabaq yanıma gəlmişdi...

Ceyran təəccüblə soruşdu:

− Beş-on gün?!

− Hə, on gün, ancaq olar. Dedi ki, Moskvaya getmək istəyirəm. Dedim get, oğlum, ali təhsilini də mərkəzdə al, əməlli-başlı bir hüquqşünas olub gələrsən.

Daha şübhə yeri qalmamışdı! Əgər Ceyran tək olsaydı, bu dəqiqə ikiəlli üzünü qapayıb hönkür-hönkür ağlayacaqdı.

Qız, müəllimin ona baxdığını görüb özünü doğrultmağa çalışsa da, bacarmadı.

− Nə var, Ceyran, gözümə birtəhər dəyirsən?

− Heç, bir şey yoxdur. Moskvaya getməkdən söz düşdü, ürəyim birtəhər oldu. Axı, mən də Leninqrada getmək istəyirəm.

− Darıxma, darıxma, sən də gedərsən. Bu il olmasın, gələn il olsun. Leninqradın da, Moskvanın da qapıları üzünüzə açıqdır.

İndi Ceyran nəinki Adilin yolunu gözləmir, hətta ürəyində onu məzəmmət edirdi. “Dünyada gör necə adamlar varmış! – deyə o qədər də yaxından tanımadığı bir oğlana bu tezliklə könül bağladığı üçün özünü danlayırdı. – Sən demə, o, çoxdan Moskvaya getməyə hazırlaşırmış! Hələ bir məni də aldadıb bu gün görüşə çağırır. Mən axmaq da onun sözlərinə inanıb şəklini çəkməyə gəlirəm.”

Ceyran bütün həyatı boyu heç vaxt bugünkü kimi pis vəziyyətə düşməmişdi. Qız, keçən həftə Adildən ayrılarkən onun saçlarını qarışdırıb qaçdığını düşündükdə xəcalət çəkirdi. Sanki əynindəki paltarı qızmış dəmir kimi bədənini yandırırdı. “İndi başa düşdüm ki, mən nə qədər ağılsızlıq eləmişəm. Keçən həftə onunla dəniz gəzintisinə də çox nahaq çıxdım. Eh! Adamları tanımaq nə qədər çətinmiş! Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış?!”

Ceyran otura bilmədi.

− Bağışlayın, müəllim, − deyə ayağa qalxdı, − mən çoxdan gəlmişəm, evdə nigaran qalarlar.

− Xoş getdin, qızım, hərdən qoca müəllimini də yada sal.

Ceyran, müəllimə razılıq edərkən üzünə xoş bir ifadə vermək istədi. Lakin sifəti elə qəribə şəklə düşdü ki, onun bu dəqiqə ağlayacağını, güləcəyini təyin etmək çətindi. Ceyran yolu necə gəldiyini, evə nə vaxt çatdığını bilmədi. Otağına girən kimi paltarını soyunmadan çarpayıya yıxıldı.

Əziz xatirə kimi saxladığı mürəkkəb qabı yazı stolunun üstündə gözünə dəydi. Ceyran ilan vurmuş kimi yerindən sıçrayıb pəncərəni açdı, mürəkkəb qabını götürüb küçənin ortasına, daşlara çırpdı...

Bir tərəfdən Moskvanın qaynar həyatı, şəhərin gəzməli yerləri, digər tərəfdən universitetdə dərslərin başlanması və səs-küylü yataqxana Adilin kədərini dağıtdı. Gülərüz, şən yoldaşlarının şirin söhbətləri qaşqabaqlı, qəlbi kinli Diləfruzun acı sözlərini unutdurdu. Indi Adil atası haqqında da əvvəlki qədər düşünmürdü. Lakin Ceyranı heç cür yaddan çıxarmırdı. Qızla olub keçənlər Adilə uşaqlıq xatirələri qədər uzaq, çox uzaq görünürdü. Onun məhəbbəti, yarandıqdan sonra öz gözəlliyilə bircə gün fəxr edib məhv olan alabəzək kəpənəklərin ömrü kimi gödək olmuşdu. Bir də Ceyranın üzünü görmək ona qaranlıq gecədə günəşi görmək qədər çətin gəlirdi. Bəzən o qarşısına çıxan bir qızı Ceyrana oxşadanda ürəyi yerindən oynayırdı. İstər-istəməz dönüb bir də ona baxır, keçən günləri xatırlayırdı. Ceyrana göndərdiyi məktubların geri qayıtdığı yadına düşəndə bütün ümidləri alt-üst olurdu. “Kim bilir, bəlkə o, tamam üz döndərib məndən, − deyə Adil düşünürdü. – Yoxsa, belə etməzdi, bu vaxta kimi bir cavab yazardı.”

Buna baxmayaraq Adil Ceyrandan yenə əlini üzmürdü. Hər dəfə Bakıdan məktub alanda əvvəlcə zərfin üstündə Ceyranın adını axtarırdı. Lakin gələn məktubların çoxu Saleh müəllimdən olurdu.

Evdə özünü kimsəsiz sayan Adil, indi onunla fakültədə oxuyan tələbələrlə qaynayıb-qarışırdı. Yataqxanada çarpayısı Adillə yanaşı olan Borisi isə o, özünə yaxın dost sayırdı.

Boris də Adil kimi hündür, enlikürəkli, dolubədənli bir oğlan idi. Onun girdə sifəti, güclə görünən ensiz seyrək qaşları və bizim Xəzərin suları kimi mavi gözləri vardı. Boris yayda da, qışda da üç-dörd gündən bir, başına ülgüc çəkdirdiyindən heç kəs onun saçlarının nə rəngdə olduğunu görməmişdi. Bəzi yoldaşları ona sataşıb deyərdilər:

− Mən Boryanın saçlı vaxtını görmüşəm, yaşıl rəngdədir.

Bir başqası da bu zarafata qüvvət verərək əlavə edərdi:

− Onda təqaüdü gecikdirmişdilər, qırxdırmağa pulu olmamışdı.

− Məncə, Boryaya ürək vermək nahaqdır, uşaq-zad deyil ki, − deyə başqa bir tələbə söhbətə qarışardı. – Özü də mənə danışıb ki, anadangəlmə keçəldir.

Boris inciməzdi. O, Adillə yaşıd idi. Ancaq dərin söhbətlərini, mübahisə etdiyi vaxtlarda isbat üçün gətirdiyi dəlilləri və bəzi yoldaşlarına verdiyi ağıllı məsləhətləri eşidəndə, adama elə gəlirdi ki, o, üzdən cavan görünür, əslində yaşı çoxdur. Boris elmi mübahisəni çox sevər və əksər hallarda qalib çıxardı. O, təkcə hüquqşünaslıq fakültəsinin tələbələrilə deyil, ədəbiyyat, tarix, hətta fizika-riyaziyyat sahəsində oxuyanlarla da mübahisəyə girişərdi. Yeri gələndə Şekspirin, Puşkinin, Çexovun əsərlərinə təhlil verər, Napoleon, Kutuzov kimi sərkərdələrdən söhbət açar, Arximed, Paskal, Nyuton qanunlarından danışardı. Borisin dediklərinin çoxu kitablarda olmasa da, onun sözlərinə heç kim şübhə etməzdi.

“Boris bizim universitetin canlı ensiklopediyasıdır!” İlk tanışlıqdan sonra Adil ona belə ad vermişdi. Lakin yoldaşları Adildən qabaq onun adını “professor Boris Vasilyeviç” qoymuşdular.

Borisin çarpayısının başı üstündən bir qız şəkli asılmışdı. Neft-texnoloji fakültədə oxuyan bu moskvalı qız Borisin canı-ciyəri Nataşa idi. Nataşa o qədər də gözəl deyildi: qısa sarı saçları, arıq sifəti, xırda gözləri və fındıq kimi balaca burnu vardı. Əgər Nataşaya Borisin gözü ilə baxsaq, ondan gözəl ikinci bir qız təsəvvür etmək çətindi. Elə bir-birini yaxşı tapmışdılar. Məgər Boris çox yaraşıqlı idi? Məsələ gözəllikdə deyil, ürək təmiz olsun!

Hər tənəffüsdə bir yol görüşmələrinə baxmayaraq, Nataşanın adı Borisin dilindən düşməzdi. İş o yerə çatmışdı ki, hərdən Boris yataqxanada olan oğlan yoldaşlarına da çaşıb “Nataşinka” deyərdi.

Borisin bir pis xasiyyəti vardı, həddindən artıq səliqəsiz və pinti idi. İxtisasından kənar kitabların mütaliəsilə o qədər məşğul olardı ki, özünə baxmağa, üst-başını qaydaya salmağa, dərs ləvazimatını səliqə ilə saxlamağa əhəmiyyət verməzdi. Yataqxanada pəncərələrə, stolların, dolabçaların üstünə, paltar şkafına – hara baxsaydın Borisin şeylərini görərdin. Hər iki gündən bir gah qələmini itirər, gah mühazirə yazdığı dəftərini axtarar, gah da kepkasını harda qoyduğunu unudub yataqxananı ələk-vələk elərdi. Belə hallarda Boris yuxudan duran kimi yoldaşlarından hər hansının gözünə dəyən qələmini götürər, kepkalardan da birini başına basıb dərsə yollanardı. Bu da mümkün olmayanda soyuğa, yağışa əhəmiyyət verməzdi, gödək paltosunun yaxalığını qaldırıb başıaçıq yataqxanadan universitetə qaçardı. Yoldaşlarını özünə güldürməmək üçün “başımı soyuğa öyrədirəm, canıma xeyri var”, deyərdi. Boris, ancaq Nataşagilə gedib-qayıdandan sonra bir balaca səliqəyə düşərdi. Qız onun köynəyini, qalstukunu ütülər, pencəyinin qırılmış düymələrini tikər və həmişə də üzünü danlardı.

− Borya, heç bilmirəm bu pintilikdə səndən nə hüquqşünas olacaq!

− Sözündə bir az həqiqət var, Nataşacan, ancaq bu işdə məndən çox sən təqsirkarsan.

− Mən nə üçün?

− Çünki evlənməyi sən yubadırsan. Məsələ tək mənlik olsaydı, indi kukla kimi səliqəli bir oğlandım, bir düjün də uşağımız vardı.

Belə vaxtlarda Nataşa zarafatla Borisin üzünə vurar, və qızarıb qaçardı.

Adil Borisə elə öyrəşmişdi ki, o, yataqxanada olmayanda darıxar və tez-tez pəncərədən bayıra boylanıb dostunun yolunu gözlərdi. Lakin aralarındakı yaxınlığa baxmayaraq, ona nə Ceyran barədə, nə də ögey anasının rəftarı haqqında danışmamışdı. Bu onun uşaqlıq xasiyyəti idi. Sirrini başqalarına açmağı xoşlamazdı.

Bir dəfə − onda Adil beşinci sinifdə oxuyurdu – bərk qar yağmışdı. Bayırdan gələn Nərgiz isti şalı olmadığı üçün donduğundan şikayətlənmişdi. Rəhman isə buna əhəmiyyət verməmişdi. Atasının bu laqeydliyi Adili düşündürmüşdü. Bu əhvalatdan iki-üç həftə sonra, bir axşam Nərgiz oğlunun şalvarını ütüləyəndə onun cibindən bir dəstə kağız pulun yerə töküldüyünü görüb təəccüblənmişdi. Axı, bu qədər pul onun üçün haradan idi?! Anası da ki, hər gün məktəbə gedəndə Adilə üç-dörd manatdan artıq xərclik vermirdi! Səhər Adil yuxudan durcaq Nərgiz dözə bilməmişdi.

− Adil, düzünü de görüm, bu pullar sənin üçün hardandır? – deyə qadın təşviş içərisində soruşmuşdu. Anasını nigarançılıqdan qurtarmaq üçün Adil sözün düzünü deməyə məcbur olmuşdu:

− Ana, atam sənə şal almadı, mən buna dözə bilmirəm. Ona görə də bu gün iyirmi gündür ki, sənin xərcləməyə verdiyin pulları yığıram. Məktəbdə yemirəm. Yetmiş beş manat düzəlib, gələn həftə gedib sənə özüm yaxşı bir şal alacağam.

Nərgizin gözləri yaşarmışdı. Onun oğlunu öpməkdən başqa çarəsi qalmamışdı...

Sonralar isə yaşa dolduqca, öz sirrini gizli saxlamaq Adildə bir adət şəkli almışdı.

Boris, Adilin atasının bir neçə dəfə yataqxanaya gəldiyini eşitmişdisə də, onun üzünü görməmişdi.

Rəhman birinci səfərdə Adili tapa bilmədi. Bakı qatarı Moskvada az dayandığı üçün oğlunu axtarmağa vaxtı çatmamışdı.

İkinci dəfə universitet yataqxanasının yerini öyrənmiş, maşına oturub birbaş ora sürdürmüşdü. Həyətdə rast gəldiyi azərbaycanlı gəncə, oğlunun adını, familiyasını və oxuduğu fakültəni deyib, Adilin yaşadığı otağın nömrəsini öyrənmişdi. Rəhman, yüz metrlərlə uzanan koridorları gəzə-gəzə, otaqların qapısına baxa-baxa, rast gəldiyi tələbələrdən soruşa-soruşa Adilin yaşadığı yeri tapmışdı. O, qapını açıb içəri girəndə, Adilin çarpayıda uzanıb kitab oxuduğunu görcək, özünü saxlaya bilməmişdi. “Oğlum!..” deyə qollarını açıb onun üstünə cummuş və hönkür-hönkür ağlamışdı.

Rəhman gözlərini silib yan-yörəsinə baxanda ilk gördüyü şey Nərgizin şəkli olmuşdu. Adil burada da anasından ayrılmamış, Nərgizin əksini başının üstündən vurmuşdu.

Bu, Rəhmanı bir müddət susmağa məcbur etmişdi.

Sonra Rəhman gətirdiyi meyvələri, bişmiş yumurtaları, qızardılmış toyuqları və yun corabları çıxarıb dolabçanın üstünə qoymuşdu.

− Ye, oğlum, yeginən. Nə qədər otaqda adam yoxdur, doyunca ye. Sonra gələrlər, sənə bir şey düşməz.

Rəhmanın guya canıyananlıqla dediyi bu sözlər Adilə güllə kimi dəymişdi. Ancaq atasının ürəyini sındırmaq istəmədiyi üçün ona cavab verməmişdi. Kişi oğlunun kefini, işlərini xəbər aldıqdan sonra qayğıkeşlik göstərmişdi:

− Səni yataqxanada qalmağa qoymayacağam. Neçəyə olsa, özünə otaq tut, allaha şükür, ona gücümüz çatar.

− Çox sağ ol, mənim üçün burda yaxşı keçir, heç şeydən korluq çəkmirəm... Bu şeyləri də nahaq yerə gətirmisən! Mən onları yeməyəcəyəm!

− Adil... oğlum...

− Ata, bir dəfə dedim qurtardı. Xasiyyətimi ki, özün bilirsən. Mənim heç kimin köməyinə ehtiyacım yoxdur! – Sonra Rəhman Adilə dalbadal suallar vermiş, əvəzində isə qısa cavablar almışdı.

− Sənə Diləfruz xanımdan, Məmməddən, bibindən, Mənsurədən – hamıdan çoxlu salam var, − deyə Rəhman yalandan canfəşanlıq etmişdi. Adilin susduğunu görən kimi mənalı-mənalı başını silkələmişdi: − Əgər desəm ki, Diləfruz da bütün elədiklərinə indi peşman olub, inanmayacaqsan.

Adil, bu sözləri atasının dilindən eşitsə də, nə Diləfruzun göndərdiyi salama, nə də onun peşmançılığına inanmışdı.

− Bəs müəllim necədir, onu heç görürsənmi?

− Nə müəllim?

− Qonşumuzu deyirəm, Saleh müəllimi.

− Hə... O? Niyə, kefi kökdür, həmişə səni xəbər alır.

Adil Moskvaya çatan günü Saleh müəllimə teleqram vurmuşdu. Sonra ona bir neçə məktub yazıb cavab almışdı. İndi də Adili maraqlandıran yenə Saleh müəllim oldu.

Ata-oğul daha danışmağa söz tapmadılar.

Rəhman Diləfruzun tapşırığı ilə bəzi şeylər almaq üçün mağazaları gəzəcəyindən çox otura bilmədi, qalxıb, kor-peşman yola düzəldi. Ancaq o gedəndən sonra Adil atasını yaxşı qarşılamadığına görə özünü danladı.



HƏFTƏLƏR, AYLAR ÖTDÜ...

Adil Moskvaya gedəndən sonra Ceyran uzun zaman onu ürəyindən silib ata bilmədi. Qız darıxır, qiymətli bir şey itirmiş kimi həmişə düşüncəli gəzirdi. Bunu ata-anası da duymuşdu. Ceyran bu çətin vəziyyətdən çıxmaq üçün işə girməyi qərara aldı. Muzeydə rəsm eksponatları üzrə məlumatçı oldu.

Qız, Adilin gözlənilmədən onu atıb getməsini özlüyündə heç cür əsaslandıra bilmirdi. “Mən ki ona güldən ağır söz demədim, ürəyini sındırmadım... O məni nə üçün belə təhqir etdi. Eybi yoxdur, qoy bu mənə dərs olsun! Bundan sonra adamları tanımağı bacararam...”

Əvvəllər tez-tez məktub yazan Xalidə də susmuşdu. Ceyran az-çox onun kağızlarından təsəlli tapardı, indi bundan da məhrum olmuşdu. Ceyranın Xalidəyə yazmağa əli gəlmirdi. O böyük bir cinayət etmiş kimi, rəfiqəsindən utanırdı. Doğrudur, Ceyranın vicdanı təmiz idi. Adil onu nə qolları arasına alıb qucaqlamış, nə öpmüş, nə də nəvazişlə oxşamışdı. Buna baxmayaraq, Ceyran dərdini deməyə adam axtarsa da, yenə Xalidəyə bir söz yaza bilmirdi. Nə yazaydı? “Aramızda heç bir inciklik olmadan ayrıldıq; çərşənbə axşamına görüş təyin etdik, mən getdim... o gəlmədi”. Əlbəttə, bu sözlərə nə Xalidə, nə də başqası inanardı. “Axı arada bir söz-söhbət olmadan, təmiz bir oğlan da istədiyi qızı atarmı?” Xalidənin rəfiqəsi barədə belə düşünməyə haqqı vardı!

Bir səhər, hələ Ceyran işə getməzdən qabaq Xalidənin məktubu gəldi. Qəribə idi. Xalidənin sevgi macərası uzandıqca məktubları da böyüyürdü. Ceyran zərfi açıb kağızı oxudu. Xalidə kəndin təbiətinə vurulmuşdu. O bu məktubunu xəzan fəslinin təsvirilə başlayırdı. Sonra bir neçə sözlə məktəbdə dərslərin gedişindən, uşaqlarla rəftarından, kənd adamlarının ona necə hörmət elədiklərindən yazıb əsl mətləbə keçirdi. “... Nadir mənə çox dil tökdü, Ceyran, sözün düzü, ürəyim dözmədi. Mənim yerimdə olsaydın, sən də belə edərdin. Bilmirəm dilim necə hərləndi, heç özüm də xəbər tutmadım. Sabah axşam, klubdakı tamaşadan sonra onunla gəzməyə razılıq verdim. Nadirə elə bil dünyanı bağışladılar. Gözləri yaşardı, dili-dodağı əsdi”.

−Sağ ol, Xalidə! – dedi. – Heç olmasa bu gecə rahat yataram. Neçə aydı yuxum ərşə çəkilmişdi...

Ancaq sözün doğrusu, o gecə deyəsən ikimiz də narahat yatmışdıq. Mən gözlərimi yumanda xoruzlar banlayırdı.

İstirahət günü axşam “Romeo və Cületta” tamaşasına getmişdim. Nadir Romeonun rolunu elə oynayırdı ki, zalda heç kəs yerində rahat otura bilmirdi. Mən də lap dal cərgədə, qaranlıqda əyləşmişdim. Cületta ondan soruşanda ki, “Sən bura necə gəldin, Romeo?” Nadir üzünü mənə tərəf tutub ucadan dedi:

−Məni bura eşqin qanadları gətirmişdir. Cületta, eşq!.. Yaxşı ki, aramızda olan əhvalatı heç kəs bilmirdi. Pərdə örtüləndə, məndən başqa hamı əl çalırdı...

Tamaşadan sonra klubun dalında dayanıb Nadiri gözlədim. Bir də gördüm qarşıma çıxdı. Burada kəndin qırağında Söyüdlük deyilən bir yer var. Nadir mənimlə gəzməyə ora getmək istədi, etiraz etmədim. Bilmirəm necə oldusa, bir də xəbər tutdum ki, Nadirin qolları mənim boynuma sarılıb... Ceyran, tərif olmasın, pəhlivan kimi güclü oğlandır...

Xasiyyəti də pis deyil. Ancaq deyəsən, o da mənim kimi çoxdanışandır. Düzü, Nadirsiz burda darıxardım...”

Ceyran rəfiqəsinin xoşbəxtliyinə ürəkdən sevinirdi. Ancaq öz başına gəldiyi üçün bu məhəbbətin əbədi olacağına da şübhə edirdi.

Qızın məktubu yenə cavabsız qaldı. Ceyran sonralar da ona heç nə yazmadı. Xalidənin məktubları getdikcə azaldı. Bir neçə ay keçdi, poçtalyonun ayağı qapıdan kəsildi.

Aradan bir payız, bir qış, bir də yaz ötdü.

Qırmızı kirəmidli evdə həyat əvvəlki qaydası ilə davam edirdi.

Yenə həyətdəki meynə yaşıllaşmış, aynabəndin pəncərələri açılmış, Diləfruzun bəzəkli otaqlarına gün düşmüşdü.

Çay süfrəsinin qırağında oturmuş arvad, ərinə təzə sifarişlər verir, Rəhman deyilənləri unutmamaq üçün cib dəftərçəsinə qeydlər edirdi.

−Qabaqdan yay gəlir, − deyə Diləfruz təcrübəli möhtəkir kimi Rəhmanı başa salırdı, − beş-on gündən sonra şəhərdə hamı nazik paltarda gəzəcək, basanoşka geyəcək. Bakıda olmayan şeylərdən rastına nə düşsə, al, zərər eləmərik.

Kişi Diləfruzu dinlədikcə razılıqla başını tərpədir və yazırdı.

Qapı zənginin çalındığını eşidən Rəhman dəftərçəsini cibinə qoydu.

−Kimsən? – deyə başını pəncərədən bayıra uzadıb soruşdu. Küçədən tanış bir qız səsi gəldi:

−Qonaq istəmirsən, ay dayı? Mənəm də gəlmişəm. Tanımadın?..

Rəhman aşağı enib qapını açanda Mənsurə gülə-gülə həyətə girdi.

−Baho... xoş gördük. Sən hara, bura hara, ay bacı qızı?..

Mənsurə əlindəki çamadanı, qoltuğundakı bağlamanı yerə qoyubdayısını qucaqladı.

−Nə əcəb səndən, ay qız?

−Gəlmişəm də, − deyə Mənsurə sevinə-sevinə ayağının birini götürüb, o birisini yerə qoyaraq güldü.

Rəhman şeyləri qucağına aldı.

−Keç yuxarı, qızım keç... Bir danış görək, nə var, nə yox?

Mənsurə ağ kəlağayısı yellənə-yellənə, iki-üç sıçrayışla pillələri qalxdı. Lakin aynabənddə hündürboylu, dolubədənli, zəhmli sifəti olan Diləfruzu görcək dayandı. Mənsurə dayısının evləndiyini anasından eşitmişdi. Ancaq o bu evi Nərgizsiz təsəvvür etməmişdi. Buna görə də ilk dəfə gördüyü Diləfruzla qəfildən qarşılaşanda təəccübünü gizlədə bilmədi, sevinci yoxa çıxdı, onun yerinə ürəksıxıcı kədər doldu.

Diləfruz tanımadığı qızın icazə almadan ərköyünlüklə içəri girməsinə hirslənmişdi.

Mənsurənin məyus olub tutulduğunu görən Rəhman onu bu vəziyyətdən qurtarmaq üçün qabağa gəldi:

−Utanma, keç Diləfruz xanımla da tanış ol. – deyə arvadının acığını soyutmaq istədi.

Mənsurə asta-asta irəli yeriyib əlini Diləfruza uzatdı.

−Bacım qızıdır, − Rəhman Mənsurənin əvəzinə arvadına cavab verdi. – Özü də yaman şeytandır.

Yaşı on beşi ötmüş Mənsurə xeyli dəyişmişdi. O, kökəlmiş, qolları, qıçları ətə dolmuş, sinəsi qabarıb qabağa çıxmışdı. Güllü sətin paltarı hər tərəfdən bədəninə yapışmışdı. Vaxtilə siçan quyruğu kimi çiyinlərinin üstünə sallanan nazik hörükləri indi bilək yoğunluğunda olmuşdu. Qızın əsmər yanaqları kəndin havasında daha da qızarıb saflaşmışdı.

−Xoş gəlmisən, qızım, ayaqqabılarını çıxart, içəri keç! – deyə Rəhmanın və Mənsurənin gözləmədiyi halda Diləfruz onun örpəyini başından götürdü.

−Həri, çıxart ayaqqabılarını, yol gəlmisən, dincəl, − deyə arvadının bu gözlənilməz qonaqpərvərliyindən şadlanan Rəhman da onun sözərini təkrar etdi.

Mənsurə evə keçib hər tərəfə diqqətlə göz gəzdirdi.

−A... bu kimin şəklidir? − əllərini şalvar cibinə soxaraq qarnını qabağa verib damağında papiros tutmuş uşağın əksini göstərdi.

Diləfruz qəhqəhə çəkdi:

−Mənim oğlumdur, Məmməddir.

Mənsurə qaşlarını düyünləyib şəkildən uzaqlaşdı.

−Dayı, bəs Adil hardadır? – deyə çevrilib Rəhmana müraciət etdi.

Bu suala nə Rəhmanın, nə də Diləfruzun cavab vermədiyini görən qız mat qaldı.

−Əyləş, Mənsurə, − deyə kişi stullardan birini yaxına çəkdi.

Qız sözünün cavabını almamış rahatlana bilmədi.

−Dayı, Adil evdə yoxdur?

−Adili, qızım, bir ildən yuxarıdır ki, Moskvaya oxumağa göndərmişik, − deyə Rəhman köksünü ötürüb çənəsini ovuşdura-ovuşdura cavab verdi.

Mənsurə, dayısı oğlunun evdə olmadığından əvvəlcə kədərləndisə, sonra ürəyinə daman şübhədən çıxdığı üçün sakitləşdi. Keçib Rəhmanın yanında əyləşdi. Diləfruz da ağır gövdəsini divana yıxdı.

−Bəs, dayı indi ki tətildir, Adil Moskvadan niyə gəlməyib? – qız nigarançılıqdan qurtarmaq istədi. Rəhmanın əvəzinə Diləfruz cavab verdi.

−İşi çoxdur, onunçün!

Arvadın kobud bir səslə, çox acıqlı dilləndiyini hiss edən Mənsurə daha danışmadı. Yavaşca başını tərpətməklə razılığını bildirdi.

−Yaxşı, bir sən de görək anan necədir? Kənddə nə var, nə yox? – Rəhman söhbəti dəyişməyə çalışdı. – Səndən nə əcəb bizə gəlmisən?

−Kənddəkilər hamısı yaxşıdır. Anamın sizə çox-çox salamı var. Onları da Adil üçün pay göndərib. – Mənsurə bağlamaya işarə elədi.

−O da sağ olsun, sən də çox sağ ol, − deyə Rəhman gözucu bağlamaya baxdı.

Diləfruz divanda yayılıb çənəsini sinəsinə dayayaraq, qaşları altdan diqqətlə Mənsurəni süzürdü. İlk nəzərdə xoşuna gələn bu qızı indi gözlərindən çox dəcələ oxşatdığı üçün əsəbiləşirdi.

Birdən qapı gurultu ilə taybatay açıldı, Məmməd həmişəki kimi ayaqyalın, üst-başı toz-torpaq içində evə girdi. O, Mənsurəni görcək dayandı, ilk dəfə rast gəldiyi bu qıza bir daha baxdıqdan sonra irəli cumub ikiəlli onun sinəsindən itələdi.

−Köpəkoğlun qızı, düş bizim ustulumuzdan, bura anamın yeridir, − deyə atasının çarpayısından asılmış enli qayışını götürüb Mənsurənin dizinə vurdu.

Qız üz-gözünü turşudub ufuldadı.

Oğlunun hərəkətindən xoşlanan Diləfruz isə qarnını tutub qəhqəhə çəkdi.

−Məmməd, dinc dur! Qırışmal! – deyə Rəhman qalxıb qayışı onun əlindən aldı.

−Mamulya, sənə şokolad verəcəyəm, bura gəl, − deyə gülməkdən gözləri yaşarmış Diləfruz oğlunu yanına çağırdı. Məmmədi öpüb sakit eləməyə çalışdı. – Bir dəfə vurdun bəsdir, adam qonağı çox döyməz.

Məmməd rahat əyləşə bilmir, anasının əlindən çıxıb Mənsurəyə hücum çəkməyə can atırdı. Evin aşağı tərəfində pəncərənin qırağında əyləşmiş qız təəccüblə gah Məmmədə, gah da arvada baxa-baxa gözlərini döyürdü. Bayaq dayısına, kənddən nə üçün gəldiyini deməyə hazırlaşan qız, indi danışmağa cəsarət etmirdi.

Məmməd qapı ağzında qoyulmuş üstü naxışlı qırmızı çamadanı və bağlamanı görcək, bir göz qırpımında anasının qucağından qopub aşağı sıçradı: bağlamaya yaxınlaşıb açmağa başladı. Adil üçün göndərilən yağlı qoğallar, almalar, armudlar evin ortasına səpələndi. Ağzı sələli mürəbbə bankaları böyrü üstə döşəməyə diyirləndi. Məmməd bankalardan birini açıb barmağını içinə soxaraq marçıltı ilə yaladı.

−Məmməd, ay Məmməd! – deyə atası səsləndisə də, uşaq əhəmiyyət vermədi. Mənsurə lap mat-məəttəl qalmışdı.

Bir az sonra Məmməd bununlada kifayətlənmədi, bağlamanı qoyub çamadana cumdu. Mənsurə daha sakit otura bilməyib cəld ayağa qalxdı, ancaq gecikdi; çamadanın ağzı açıldı; paltarlarının ortalığa töküldüyünü görən qız qıpqırmızı oldu, tələsik cumub şeyləri çamadana yığmağa başladı.

−Onlar nə üst-başdır ay qız? – deyə Diləfruz Mənsurənin paltarlarına ötəri baxsa da əlüstü rişxənd elədi. Cəld ayağa qalxıb irəli yeridi. Qiymətli xəzinə kəşf etmiş həris adamlar kimi başını çamadana soxub paltarları qurdaladı. – Heyf! Heyf bu mallardan korlamısan! Parçaları yaxşıdır, ancaq hamısı köhnə dəbdədir. Ay qız, bunları tikdirəndə ağlın hardaydı?

Mənsurəni tər basmışdı. Dayısının yanında Diləfruz onun alt paltarlarınadək bir-bir götürüb baxırdı. Arvad abır-həya bilmədən, çamadanın dibindəki corablara, dəsmallara kimi hər şeyi çıxarıb o tərəf-bu tərəfə çevirdikdən sonra başını buladı:

− Adam da hər dərziyə müştəri olar? – dedi. – Maşallah, boy-buxun desən – səndə, fiqura desən – səndə, bunları belə niyə tikdirmisən, ətindən tökülər ki, bu platyalar. Gələydin mən səni öz dərzimlə tanış edəydim, bədəninə bir paltar biçəydi ki, hamı tamaşasına gələydi.

− Bunları mən özüm tikmişəm, xala, − deyə xəcalətdən rəng verib, rəng alan Mənsurə astadan dilləndi.

− Xala demə! Mənə bundan sonra xala demə, acığım gələr! – deyə Diləfruz üz-gözünü turşutdu. – Adım Diləfruz xanımdır.

Məmməd mürəbbə bankalarından birini yarıyadək yeyib qolu ilə ağzının şirəsini silə-silə aynabəndə çıxdı. Diləfruz Mənsurəni yataq otağına çəkdi. Qoz ağacından qayrılmış böyük aynalı şifoneri açdı.

− Bax, paltarı belə tikdirərlər!

Arvad burada bütün geyimlərinin, şlyapalarının, tuflilərinin alınma, tikilmə tarixçəsini Mənsurəyə danışdı. Söhbət arasında bir-iki dəfə Laloçkanın adını çəkib zövqlü qız kimi onu da təriflədi.

− Nə bilim, mənim bəzənməkdən xoşum gəlmir, − deyə qaranlıq otaqda Diləfruzun ürəksıxıcı söhbətlərindən darıxan Mənsurə cavab verdi. – Mən sadə geyinməyi sevirəm.

− A... axmaq olma a... “sadə geyim!” – Diləfruz şifonerin qapısını örtüb aynanın qabağında fırlanaraq özünə baxdı. – Adamı üst-başla, paltarla tanıyarlar. Gözəllik ondur, doqquzu dondur. Bu sözü eşitmisənmi?

− Onu eşitmişəm, ancaq məni Bakıya yola salanda anam başqa cür dedi. Dedi ki, adamı biliyi ilə, başı ilə tanıyarlar.

− Eh! Yaxşı ya! Sən də elə danışırsan ki, bişmiş toyuğun gülməyi gəlir. Başımda olsun lap dünyanın elmi, faydası nədir? Mənim əziz canım üçün, əgər sən yaxşı geyinməsən, cibin boş olsa, kimdir səni biliyinlə axtarıb tapan? Heç uzağa getmirəm, elə götürürəm özümü. Mən cəmisi dörd il oxumuşam. Dörd deyəndə ki, altı ilə oxumuşam, ancaq dördüncü sinfə kimi gəlib çıxmışam. Onu da oxumasaydım yaxşıydı. Qadam məktəbə! Nəğmə ilə əxlaqdan başqa bütün dərslərdən ortadan yuxarı qalxmazdım. Yaxşı, indi sənin sözün, mənim savadım azdır, mənə əhəmiyyət verən yoxdur? Məni tanımırlar? Qonum-qonşu hamısı başıma and içir! Sən nə danışırsan! – Diləfruz fısıltı ilə köksünü ötürüb buxağının tərini sildi. – “Elm!”

Mübahisənin uzanacağını görən Mənsurə susmağı məsləhət bildi. Hər ikisi böyük otağa qayıtdı. Bu dəfə qızı başqa bir səhnə heyrətə gətirdi. Onun paltarları yenə evin ortasına səpələnmişdi. Çamadana isə Məmməd ip bağlayıb sürə-sürə küçəyə aparmışdı...

Nahar zamanı Mənsurə dayısına oxumağa gəldiyini söyləyəndə Diləfruzun eyni açıldı.

− Xoş gəlmisən, öz evindir, − dedi. Arvadının bu sözlərini eşidən Rəhman qulaqlarına inanmadı. – Yəqin elə bizdə qalacaqsan, hə? – deyə Diləfruz Mənsurənin rəyini soruşdu. Qız bu suala cavab verməyə çətinlik çəkdi. O, kənddən çıxanda da heç fikirləşmədən “Adilgildə qalacağam” demişdi. Bunu anası da məsləhət görmüşdü.

Ancaq indi qız birdən-birə tutuldu, nə deyəcəyini bilmədi. Adil evdə yox idi. Diləfruz çox tündxasiyyət arvada oxşayırdı, söhbətləri də Mənsurəyə qəribə gəlirdi! Məmməd də qızı daha çox təşvişə salmışdı.

− Yataqxanada qalacağam, − deyə Mənsurə hörüyünün ucunu barmağına dolaya-dolaya utancaqlıqla cavab verdi. Diləfruz bir ana qayğısı ilə başını buladı:

− Heç elə zarafat yoxdur. Bəs kənddəkilər bizə nə deyər? Sən özgə deyilsən ki! Rəhmanın bacısı qızı, mənim də doğma balamdır. Yataqxanada işin yoxdur, bizdə qalacaqsan!

− Diləfruz xanım doğru deyir, elə burda qalarsan, − arvadının qayğıkeşliyindən ruhlanan Rəhman da onun sözünə qüvvət verdi. – Bəyəm adamsız-zadsızsan? Ölməmişik ki!

Mənsurə, bu təklifə ürəkdən razı olmadığı üçün danışmadı.

Qız yol paltarını dəyişib yenicə dincəlmək istəyirdi ki, o biri evdən Diləfruzun səsini eşitdi.

− Mənsurə, qızım, mənim əlimdə işim var, zəhmət olmasa, o qabları yu, sonra samovara od sal.

Diləfruzun Mənsurəyə buyurması belə başladı.

Adil istirahət günləri Borislə kinoya, teatra gedir, tarixi muzeylərə, Tretyakov qalereyasına baxır, havalar xoş olanda isə parkları gəzirdi. Bəzən Nataşa da onlara qoşulurdu. Qız hər dəfə gəzməyə çıxanda, kitabı əlindən yerə qoymur, tramvayda, trolleybusda, metroda fürsət tapan kimi mütaliə edirdi.

Adillə Boris isə deyib-gülür, zarafatlaşırdılar. Hərdənbir üçlükdə mübahisəyə də girişirdilər. Lakin bu çəkişmələr onların arasını əsla soyutmurdu. Əksinə, daha da mehriban olurdular. Nataşa həmişə astadan, nəzakətlə danışırdı. Qızın söhbətlərində müsahibinə qarşı hörmət hiss edilirdi. Ancaq gülməyi tutanda Nataşanı sakit eləmək çətin məsələ idi. Bəzən o qədər də gülməli olmayan bir söhbət, ya bir hadisə qızın axıb getməsinə, gözləri yaşarıncayadək uğunmasına səbəb olardı.

Nataşa Borisdən cəmi bir yaş kiçik idi. Lakin onunla yanaşı gedəndə çox balaca görünürdü. Qızın hündürdaban tufli geyməsinə baxmayaraq, boyu yenə Borisin çiynindən yuxarı qalxmırdı. Borisin əksinə olaraq Nataşa həmişə tərtəmiz, səliqə ilə geyinərdi. Bu sadə qız özünü elə səmimi aparardı ki, adam birinci tanışlıqdan onunla dostlaşmaya bilməzdi. Adil Nataşa ilə Boris arasındakı mehribanlığı gördükcə, onların məhəbbət dolu baxışlarındakı mənanı duyduqca, Ceyranı xatırlardı. Ürəyində bu gənclərə qibtə edərdi.

Nataşa da Adillə çox yaxın olmuşdu. O, hər dəfə Borisin yanına gələndə Adilə tar çaldırıb qulaq asardı. Belə hallarda təkcə qonşu otaqlarda yaşayan tələbələr deyil, yataqxananın işçiləri də onların yanına toplaşardılar. İlk günlər az da olsa qəribsəyən, Bakı üçün darıxan Adil, indi özünü sərbəst aparır, danışır, gülür, hətta yeri düşəndə qızlarla da zarafatlaşırdı.

Müəllim və professorları, onun xətrini az istəmirdilər. Həm öz diribaşlığı, həm də ağıllı cavabları ilə Adil, fakültədə bir çoxlarının sevimlisi olmuşdu. Moskva və universitet həyatı onun gözünü açmışdı.

Hüquqşünaslıq haqqında professorlardan eşitdiyi mühazirələr və oxuduğu müxtəlif kitablar onda seçdiyi sənətə böyük həvəs oyadırdı. Adil yaxın gələcəkdə kim olacağını və bu iş üçün ondan nə tələb edildiyini bilirdi. Müqəssiri, günahkarı tanımaq, doğrunu riyadan ayırmaq, haqlını haqsızdan seçmək, bir sözlə, insan hüququnu ədalətlə müdafiə etmək! Adilə belə bir ciddi vəzifə tapşırılacaqdı! O, müqəddəs sovet qanunlarının keşiyində duracaqdı! Bunun üçün hər şeydən əvvəl hüquqşünasın özü, onun ürəyi, vicdanı, damarlarından axan qanı təmiz olmalı idi. Sonra Adil, paytaxtın zəngin bilik xəzinəsi olan kitabxanalarını qənimət bilərək oxumalı, hər gecə öz yuxusundan kəsib mütaliə etməli idi.

Ədalətin keşiyində durmaq üçün adamları, ancaq dediyi sözlərlə deyil, onları gözlərindən tanımaq, ürəklərinin ən dərin guşələrində gizlənmiş sirrləri oxumaq lazımdı!

Universitet professorları Adilə belə bir hüquqşünas olmağı öyrədirdilər.

Bəzən şəhərdə məhkəmələr olanda hamıdan qabaq xəbər tutan Boris Adili də özü ilə aparırdı. Onlar yanaşı əyləşib əvvəlcədən müttəhimin nə üstə təqsirləndirildiyini və cinayətkarın cavablarını maraqla dinləyirdilər. Bu gərgin tamaşalara baxmaq ilk vaxtlar Adilə çox ağır gələrdi. Lakin hakimlərin həqiqi müdafiə etdiyini, müttəhimin cinayəti müqabilində cəzalandığını gördükcə qəlbində bir rahatlıq hiss edərdi.

− Elə də lazımdır! Xalqın, dövlətin əmlakını oğurlayan adama, mən də bu cəzanı verərdim! – deyə məhkəmə zalından çıxanda hakimin hökmündən razı qaldığını dostuna bildirərdi.

Belə söhbətlər zamanı Boris də dostunun sözünə qüvvət verərdi:

− Doğru deyirsən, gələcəkdə bizim də vəzifəmiz adamları islah, tərbiyə eləmək olacaq. Bir məsəl də var, Adil, deyərlər meşə çaqqalsız olmaz. Nadürüst adamlar az da olsa, hələ aramızda vardır.

... Universitetdə tələbəlik həyatı o qədər maraqlı keçirdi ki, Adil, təqvim vərəqi kimi tez-tez dəyişən ayların necə ötdüyünü hiss etmirdi.

Dərsdən sonra Boris Nataşagilə getdiyi üçün yataqxanada tək qalıb darıxan Adil gəzməyə çıxmışdı. O, gəlib Puşkin meydanına nə vaxt çatdığını bilmədi. Küçəni burulub Tver bulvarına keçdi. Xiyabanda, ağaclar altında qoyulmuş skamyaların çoxunda cavanlar cüt-cüt oturmuşdular – bir qız-bir oğlan. Üstünə işıq düşən skamyaların əksəriyyəti boş idi. Bəzilərində isə nisbətən yaşı ötmüş adamlar əyləşmişdi. Adil xiyabanın ortası ilə irəlilədikcə, sanki ona acıq vermək məqsədilə, oğlanlardan biri yanındakı qızın əlini ovcuna alıb bərk-bərk sıxır, o biri sevgilisinin saçlarını oxşayır, bir başqası da qəhqəhə çəkib gülürdü. Elə bil: “Sən tək gəzirsən, bizim yanımızda isə sevdiyimiz gözəl qızlar oturub!” demək istəyirdilər.

Adil Ceyranı xatırladı. Qızın qara xallı üzü, qələm qaşları, qaynar gözləri, lalə kimi tər dodaqları, uzun kirpikləri Adilin xəyalında canlandı. O, bu dəqiqə Ceyranı görməyə ruhi bir ehtiyac hiss etdi. Bu gün birinci dəfə olaraq Adil, Ceyrana xəyanət elədiyini başa düşdü. “Axı, mən ona təmiz ürəklə yanaşmışdım. Ceyranı aldatmayacaqdım. Bəlkə o, heç ailəmizin nə işlə məşğul olduğuna əhəmiyyət verməyəcəkdi? Tutaq elə Ceyran mənim vəziyyətimdə olaydı, onda mən nə edərdim? Əlbəttə, buna görə ondan soyumazdım... Kim bilir, indi bəlkə, elə mən də, Bakıda bu oğlanlar kimi ağac altında, sakit bir yerdə əyləşib Ceyranla pıçıldaşırdım, ona ürəyimi açırdım. Eh, Ceyran, sənə dərdimi deməyə də imkanım olmadı. İmkan olmadı ki, səni nə qədər sevdiyimi dilimə gətirim. Barı o vaxt özünü mənə qarşı soyuq göstərsəydin, bu ayrılıq qəlbimi o qədər də yandırmazdı.”

Adil Arbat metrosuna yenicə yaxınlaşmışdı ki, tanış bir azərbaycanlı qızın gəldiyini görüb ayaq saxladı. Əvvəlcə qızı haradan tanıdığını xatırlaya bilmədi. Sonra tez hər şey yadına düşdü: gələn qız Laloçka idi!

Adilin Moskvaya getdiyini eşidən Laloçka daha qırmızı kirəmidli evə gəlməyi məsləhət bilməmişdi. O, niyyətinin baş tutmadığına heyfslənsə də, “cəhənnəmə ki, nə çoxdur şəhərdə cavan! – deyə özünə toxtaqlıq vermişdi. – Adil olmasın, Kamil olsun, Fazil olsun! Bəlkə elə bəxtimə ondan da yaxşısı – böyük qulluq sahibi, altında lap “Pobeda”sı olan bir adam çıxacaq”.

Laloçka məzuniyyət vaxtı bu xəyalla hər gün bəzənib qırmızı redikülünü biləyinə keçirərək, gündüzlər də, axşamlar da küçələri gəzmişdi. Lakin bəxti gətirməmişdi. Laloçkanın gözü tutan oğlanlar elə bil onu görməmiş, görənlər də etinasız baxıb ötmüşlər. Onun nə gözəl geyiminə, nə xüsusi səliqə ilə zəncir kimi həlqə-həlqə çiyinlərinə tökülmüş saçlarına “kompliment” deməmişdilər.

Şəhərdə günlərinin yeknəsəq keçdiyindən darıxan Laloçka, dəmir yolunda rəis işləyən əmisinin yanına gedib gəzməli şəhərlərdən birinə bilet düzəltməsini xahiş etmişdi. Qardaşı qızının məzuniyyət vaxtını səmərəli keçirməsini istəyən əmisi, Moskva qatarına bilet vermişdi. Lakin Laloçka yola çıxmazdan əvvəl Diləfruzla görüşüb hər ehtimala qarşı Adilin ünvanını almışdı.

İndi Laloçka ikinci həftə idi ki, Moskvaya gəlmişdi. Ancaq hər gün univermaqları, komisyon mağazalarını gəzdiyindən, paytaxtın nə tarixi yerlərini, nə muzeylərini görmüş, nə də onun kino, teatr tamaşalarına baxmışdı. Bir dəfə universitetə Adilin dalınca getmişdisə də, onu görə bilməmişdi.

Qəfildən Adillə rastlaşanda o çox sevindi. Lakin Bakıya tələsməli olduğu üçün heyfsiləndi.

Adil Laloçkaya yüngültəbiətli bir qız kimi baxsa da bu gün onunla görüşməyə məcbur idi. Belə də oldu. Bir-birinin kefini xəbər aldıqdan sonra, Laloçka istiqamətini dəyişib Adillə getdi.

Onlar metroya da birlikdə mindilər. “Oxotnı ryadda” Adil düşməli olduğunu bildirəndə, qız da ayağa qalxdı.

−Elə mən də mehmanxanaya o meydandan gedirəm, − dedi.

Adil Laloçkanın ayrılmaq istəmədiyini aydın duyurdu. O, qızın hərəkət və danışığında bir dəyişiklik də hiss edirdi. Sanki bu heç Adillə yüngül zarafatlar edən, ona atmacalar atan Laloçka deyildi. Elə buna görə də Adilin ondan uzaqlaşmağa üzü gəlmədi: “Hər kimdirsə hörmət eləmək lazımdır. Tək qızdır, Moskvaya gəldiyi ilk dəfədir. Bir də axı hər şeydən əvvəl Bakıdan gəlib. Bəlkə, burda məndən başqa heç kimi tanımır”. Adil Laloçkanı mehmanxanaya qədər ötürməyi özünə borc bildi. Ancaq onun uzağa gedəsi halı yox idi, yaman acmışdı.

−Bağışlayın, mehmanxana uzaqdırsa sizi ötürüm, − deyə Adil bu barədə bir də qızın rəyini öyrənmək, əgər azacıq etiraz edərsə ondan ayrılmaq istədi. Laloçka süni utancaqlıqla, astadan:

−Sizə zəhmət olar, − dedi və bir az ara verib əlavə etdi: − Mən heç bu vaxta kimi bayırda yubanmamışdım.

Adil onu ötürməzdən əvvəl yaxın bir qəhvəxanaya girib ayaqüstü şam etməyi lazım bildi. Fikrini Laloçkaya deyəndə qız da razı oldu:

−Mən də səhər yeyənəm.

Laloçka yalan demirdi. O, saat doqquzdan axşama kimi dükanlarda gördüyü geyimlərə, şlyapalara, çəkmələrə, rediküllərə o qədər baxmışdı ki, aclığı, yorğunluğu tamam unutmuşdu.

Adillə qəhvəxanaya girəndə qıza elə gəldi ki, bu dəqiqə onu qırmızı kirəmidli evə gəlin gətirirlər.

Yemək uzun sürmədi.

Adil, qızı mehmanxanaya kimi ötürüb geri qayıdanda ürəyində bir yüngüllük hiss etdi: “Yaxşı ki, birtəhər yola saldım. Yoxsa əl çəkən deyildi”.

Ancaq Adilin gözlədiyi kimi olmadı. Ertəsi gün Laloçka yenə universitetə gəlib onu kinoya dəvət elədi.

−Üzr istəyirəm, dərs hazırlamalıyam, mən gedə bilməyəcəyəm, − deyə Adil boyun qaçırmağa çalışdı. Qız təkid etdi:

−Getməsəniz inciyərəm, − deyə redikülünü açıb iki bilet çıxardı. – Görürsən? Günortadan alıb hazırlamışam.

Adilin başqa çarəsi qalmamışdı. Bu gəzinti ona əziyyət də olsa, getməyə məcbur idi.

Kino-teatrın zalına girəndə Laloçka onunla daha sərbəst davranmağa başladı; yerlərini tapıb yenicə əyləşmişdilər ki, işıqlar söndü. Laloçka əvvəlcə redikülünü, sonra da şlyapasını çıxarıb Adilə verdi.

−Zəhmət olmasa, bunları saxla, başımı darayım.

Əlacsız qalan Adil şlyapa ilə redikülü aldı.

Qız tələsmədən saçlarını darayırdı. Arabir də qaranlıqda xumarlanan gözlərilə Adili süzür, gülümsəyirdi. “Sən öləsən, işə düşmədik! – deyə Adil yerində rahat otura bilmirdi. – İndi mən bununla nə danışacağam?..”

Laloçka özünü qaydaya saldıqdan sonra boynunu yana burub Adilə pıçıldamağa başladı:

−Moskvada darıxmırsan?

−Xeyr.


−Mən dünənəcən yaman darıxırdım.

Ekranda kadrlar dəyişdikcə zaldakı qaranlıq gah qatılaşır, gah da adamların sifəti işıqlanırdı.

−Bakıya haçan gedəcəksiniz? – deyə bu dəfə Adil soruşdu.

Qız sevindi:

−Nə üçün soruşursan?

−Elə-belə.

Laloçka başını Adilin çiyninə əydi, utanırmış kimi bir an susdu. Sonra dönüb onun sifətinə baxaraq cavab verdi:

−Sabah axşam yola düşməliyəm. – Adilin dinmədiyini görən qız əlavə etdi: − Məni ötürməyə gələcəksən?

−Niyə gəlmirəm, gələrəm.

Bu ara arxa cərgədə əyləşən qoca kişi, başını qabağa uzadaraq:

−Bir az sakit! Mane olursunuz! – deyə bütün zaldakıların eşidəcəyi bir səslə onlara acıqlandı. Kişi başını geri çəkəndə necə oldusa Adilin üzünün sərt tükləri Laloçkanın yanaqlarına sürtündü.

−Üzr istəyirəm, − deyə Adil bir az Laloçkadan yana çəkildi.

Kinonun jurnalı hələ qurtarmamışdı. Ekranda Soçinin istirahət evlərindən biri göstərilirdi.

Bunu görən Laloçka yenə dilini saxlaya bilmədi:

−Mən burda da olmuşam, − dedi.

Arxadan kişinin onlara yenə acıqlanacağından ehtiyat edən Adil bu dəfə vəziyyətini pozmadan başını tərpətdi:

−Əcəb eləmisən!

−Onda elə yaxşı kökəlmişdim ki.

−İndi də arıq deyilsən.

Laloçka gülümsündü və əlini uzadıb Adilin çeçələ barmağını ovcuna alaraq bərk-bərk sıxdı:

−Bax, sındıraram ha... Mənə niyə sataşırsan?! – dedi, sonra bir az da yuxarıdan onun biləyindən yapışdı.

Başqaları görməsin deyə, Adil Laloçkanın şlyapasını əllərinin üstünə qoydu və dönüb qıza baxdı. Laloçkanın gözləri axırdı. Uzun kirpikləri ağır-ağır qalxıb enir, dodaqlarından sanki şəhvət yağırdı. Narahat halda tez-tez nəfəs alırdı. Laloçka özü hiss etmədən arxadakı kişini yenə əsəbiləşdirmişdi...

Kino qurtarana kimi Laloçka Adilin əlini ovcundan buraxmadı. Hətta bir-iki dəfə onu öz dizlərinin üstünə də qoydu...

Adil bu hərəkətləri üçün ancaq o gecə yataqxanaya gələndən sonra yerinə uzanıb Ceyran haqqında fikirləşən zaman peşmançılıq hissi keçirmişdi.

Laloçka Adillə üçüncü dəfə Bakıya yola düşəndə görüşmüşdü; qız universitetə gəlib xudahafizləşmiş, ünvanını Adilə verərək məktub yazmasını və tezliklə Bakıya qayıtmasını ondan dönə-dönə xahiş etmişdi...




1   2   3   4   5   6   7   8   9   10   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə