MÜHAZİRƏ 15
Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin (QXDTİ) mahiyyəti
Qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər FH zonasında ilk növbədə yerinə yetirilən işlərin məcmusudur:
- insanların xilas edilməsi və onlara yardım edilməsi;
- zədələnmə ocaqlarının lokallaşdırılması və yayılmasının qarşısının alınması;
- ikincili zədələyici amillərin əmələ gəlməsinin qarşısının alınması;
- maddi və mədəni sərvətlərin xilas edilməsi və mühafizəsi;
- həyat fəaliyyətinin minimal ehtiyaclarının təmin edilməsi.
Qəza-xilasetmə işləri dedikdə – FH baş vermiş zonada insanların, maddi və mədəni sərvətlərin xilas edilməsi, təbii mühitin mühafizəsi, FH-ın lokallaşdırılması, FH-ın zədələyici amillərinin təsirinin qarşısının alınması və ya minimal səviyyəyə qədər azaldılması başa düşülür.
Digər təxirəsalınmaz tədbirlər dedikdə qəza-xilasetmə işlərinin hərtərəfli təmin olunması, zərərçəkmiş əhaliyə tibbi və başqa yardımların edilməsi, insanların sağlamlığı və həyatını, əmək qabiliyyətini təmin edən minimal şəraitin yaradılması başa düşülür.
Real şəraitdə qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirləri bir-birindən ayırmaq çətindir və bu bölgü şərtidir. Qısa olaraq həmin işləri Xİ (xilasetmə işləri) və DTT (digər təxirəsalınmaz tədbirlər) kimi qeyd edirlər.
Xİ və DTT, adətən, gecə-gündüz, hər bir havada fasiləsiz olaraq aparılır. Böyük qəzalar və fəlakətlər zamanı Xİ və DTT işlərinin həcmi böyük olduğu üçün işlər 2-3 növbədə təşkil olunur. Növbələr birbaşa iş yerlərində dəyişdirilir. Bu zaman ağır mühəndis texnikası ərazidən çıxarılmır, yeni gələn növbəyə iş yerində təhvil verilir. FH-ın nəticələri o zaman aradan qaldırılmış hesab olunur ki, insanların həyatına və sağlamlığına təhlükə yaradan amillər aradan qaldırılmış olsun və ya təsiri minimal səviyyəyə qədər endirilsin.
FH nəticələrinin aradan qaldırılması fövqəladə hal zonasındakı bütün vətəndaşlar və təşkilatlar üçün məcburidir.
Qəza-xilasetmə işlərinə daxildir:
hərəkət marşrutu yollarının və iş yerlərinin kəşfiyyatı;
hərəkət ediləcək yollarda və iş yerlərində yanğınların söndürülməsi;
xilasetmə işlərinin aparılmasına mane ola biləcək mümkün amillərin aradan qaldırılması;
zədələnmiş, xarabalığa çevrilmiş, yanan binalardan, su basmış, qaz və tüstü ilə dolmuş, çökmüş otaqlardan zədələnmişlərin axtarışı və tapılıb çıxardılması;
zədələnmişlərə ilkin tibbi və həkim yardımının edilməsi və onların tibb müəssisələrinə köçürülməsi;
təhlükəli zonalardan əhalinin çıxarılması;
insanların sanitar təmizlənməsi, heyvanların veterinar təmizlənməsi, texnikanın, mühafizə və geyim vasitələrinin dezaktivasiyası, dezinfeksiyası və deqazasiyası, ərazinin və tikililərin, ərzağın, suyun, ərzaq xammalın və yemin zərərsizləşdirilməsi.
Qəza-xilasetmə işləri qısa müddətdə yerinə yetirilməlidir. Ona görə ki, zədələnmişlərə tez bir müddətə yardım edilməlidir, əks halda ikincili zədələyici amillərin (yanğın, partlayış, subasma və s.) təsirindən dağıntılar və itkilər arta bilər. Qəza-xilasetmə işlərinin aparılmasına şərait yaratmaq, ikincili zədələyici amillərin təsirindən sonrakı dağıntı və itkilərin qarşısını almaq, həm də zərər çəkmiş əhalinin və iqtisadiyyat obyektlərinin fəaliyyətini təmin etmək üçün təxirəsalınmaz tədbirlər yerinə yetirilir (şəkil 5.1).
Şəkil 5.1. Dəmir yolu nəqliyyatında qəza-xilasetmə işləri
Bura daxildir:
- dağıntı və zərər çəkmiş zonalarda yolların, keçidlərin salınması;
- qaz, enerji, su kəməri, kanalizasiya, istilik və texnoloji sistemlərdə xilasetmə işlərinin aparılması üçün təhlükəsiz şərait yaratmaq məqsədilə qəzaların lokallaşdırılması;
- dağılmaq təhlükəsi olan və xilasetmə işlərinin aparılmasına mane olan bina və tikililərin konstruksiyalarının bərkidilməsi və uçurulması;
- xilasetmə işlərinin aparılmasının təmin edilməsi üçün dağılmış və zədələnmiş kommunal-enerji xətlərinin təmiri və bərpa edilməsi;
- partlamamış döyüş sursatlarının və partlayış təhlükəli əşyaların aşkar edilməsi, zərərsizləşdirilməsi və məhv edilməsi;
- zədələyici amillərin mümkün təkrarı təsirindən mühafizə məqsədilə zədələnmiş mühafizə qurğularının təmir və bərpa edilməsi;
- fövqəladə hadisə baş verən ərazidə sanitar təmizləmə işlərinin aparılması;
- zərər çəkmiş əhalinin həyat təminatının ilk növbədə təmin edilməsi.
Bunlardan xilasetmə işlərinə aşağıdakılar aiddir:
- adamlara bilavasitə yardım göstərilməsilə əlaqədar olan işlər – fəlakət yerlərində və oraya gedən yollarda vəziyyəti öyrənmək üçün kəşfiyyat aparılması;
- sahələrdə işə girişmək mümkün olsun deyə, yanğınları söndürmək, yaxud məhdudlaşdırmaq;
- zədələnmiş, yanan, tüstü, qaz bürümüş binalardan, uçqunlar altından adamların tapılıb çıxarılması;
- üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qurğularının açılıb oradan adamların xilas edilməsi;
- süzücü-ventilyasiya sistemli zədələnmiş sığınacaqlara hava verilməsi;
- zədəlilərə ilk tibbi yardım göstərilməsi və onların müalicə müəssisələrinə köçürülməsi;
- adamların təhlükəli sahələrdən çıxarılması, lazımi hallarda sanitariya təmizliyindən keçirilməsi, həmçinin avadanlığın, ərazinin, ərzaq və suyun zərərsizləşdirilməsi.
Digər təxirəsalınmaz işlər isə xilasetmə işlərini sürətlə və təhlükəsiz yerinə yetirmək, habelə fəlakətin genişlənməsinin qarşısını almaq məqsədilə görülən tədbirlərə deyilir.
Digər təxirəsalınmaz işlərə aiddir:
- uçqunlarda və zəhərlənmə baş vermiş sahərlərdə maşın yolu və keçidlərin düzəldilməsi;
- qaz, elektrik, texnoloji şəbəkələrdə, su, kanalizasiya xətlərində qəzaların məhdudlaşdırılması;
- xilasetmə işlərinin aparılmasına mane olan və ya təhlükə törədən qurğu və konstruksiyaların bərkidilməsi;
- dağıdılmış – zədələnmiş rabitə, işıq, su xətlərinin müvəqqəti bərpa edilməsi və s. kimi işləri aid etmək olar.
Bütün bu işlər eyni zamanda yerinə yetirilir. Hər bir konkret halda görüləcək xilasetmə və digər təxirəsalınmaz işlərin həcmi və növü bu dağıntı (zədələnmə) ocağını törədən fəlakətin xarakterindən asılı olur.
Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə işlərinə aiddir:
1. Uçqunlarda maşın yolu və keçidlərin düzəldilməsi. Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə işləri aparılarkən ilk növbədə mühafizə qurğularına, uçqun altında, yanan binalarda adamlar qalmış sahələrə, digər təxirəsalınmaz iş yerlərinə getmək üçün maşın yolları və keçidlər düzəldilir. Bu məqsədlə mexanikləşdirilmiş MM dəstələrinin qüvvələrindən istifadə edilir.
Keçid yollarının düzəldilməsi üsulları uçqunların növündən və ölçüsündən asılı olur. Az və qismən uçqunlar olan sahələrdə küçələrin maşın işləyən hissələrini və məhəllə daxilindəki keçidləri uçqunların üzərində düzəltmək daha asan başa gələr. Bu məqsədlə uçqunun üst səthini buldozer vasitəsilə təmizləyir, hamarlayır və basıb bərkidirlər.
2. Uçqun altında qalmış sığınacağın açılması və adamların oradan çıxarılması. Adamlar özləri sığınacaqlardan çıxa bilmirlərsə, belə sığınacaq uçqun altında qalmış qurğu hesab edilir. Onları qazıyıb açmağa başlamazdan əvvəl içəriyə qaz, su dolub-dolmadığını, ümumiyyətlə oradakı vəziyyəti öyrənirlər. Xilasetmə işlərinin aparılması ardıcıllığı bundan asılı olacaqdır.
3. Uçqunların altından, zədələnmiş və yanan binalardan adamların xilas edilməsi. Daha mürəkkəb və çətin işdir. Bu işə dağıdılmış obyektin bütün sahələrini nəzərdən keçirib adamlar qalmış yerləri tapmaqdan başlayırlar. Dağıntı ocağında zədələnmişləri tapmağın əsas üsulu – uçqunlar yaranan sahədə başdan-başa axtarış aparmaqdır. Bu zaman xilasedicilər elə məsafədə hərəkət etməlidirlər ki, biri digərini görüb-eşidə bilsin, habelə bütün sahəni diqqətlə nəzərdən keçirmək mümkün olsun.
Radiasiya qəzaları zamanı əhalinin mühafizəsi üçün yerinə yetirilən əsas tədbirlər aşağıdakılardır:
- qəza faktının aşkar edilməsi və onun barəsində xəbərdarlıq;
- qəza rayonunda radiasiya şəraitinin kəşfiyyatı;
- radiasiya nəzarətinin təşkili;
- radiasiya təhlükəsizlik rejiminin yaradılması və saxlanması;
- qəza baş verən kimi əhali arasında, qəza obyektinin heyəti və qəza nəticələrinin ləğvində iştirak edənlərdə yod profilaktikasının aparılması;
- əhalinin, qəza obyektinin heyəti və qəza nəticələrinin ləğvində iştirak edənlərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi və həmin vasitələrdən tstifadə;
- qəza zonasındakı əhalinin müdafiəsini təmin etmək üçün mühafizə qurğularında mühafizə edilməsi;
- əhalinin, qəza obyektinin heyəti və qəza nəticələrinin ləğvində iştirak edənlərin sanitar təmizlənməsi;
- qəza obyektinin, istehsal, sosial, yaşayış təyinatlı obyektlərin, ərazinin, nəqliyyatın, kənd təsərrüfatı sahələrinin və digər texniki vasitələrin, mühafizə vasitələrinin, geyimin, əmlakın, su və ərzağın dezaktivasiyası;
- ərazinin çirklənmə səviyyəsi yolverilən həddən artıq olduqda həmin ərazidən əhalinin təxliyəsi.
Zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Bunlar əsasən aşağıdakılardır:
- işlərin icrası ilə əlaqəsi olmayan şəxslərin xilasetmə işləri aparılan sahələrdə qalmasına icazə verilmir;
- icraya başlamazdan əvvəl iş yerini diqqətlə nəzərdən keçirmək, yenidən zədələnmə qorxusu olan sahələrə nişanlar qoymaq, divarların və s. hissələrin uçulması təhlükəsi olarsa, onları əvvəlcədən tamamilə dağıtmaq və ya bərkidib təhlükəsiz etmək lazımdır;
- binaların müxtəlif mərtəbələrində eyni zamanda iş aparılmasına yol verilmir;
- xüsusi ehtiyac olmadan zədələnmiş binalara, xüsusən də təkbaşına girmək məsləhət görülmür;
- qaz dolmuş binalarda iş aparılarkən kibritdən və digər açıq alovdan istifadə etməməli, maşın və mexanizmlərin mühərriklərini işə salmamalı, işdən əvvəl binaları küləyə verməklə qazdan təmizləməli, lazımi hallarda yalnız 12 voltluq akkumulyator əl fənərlərindən istifadə etməli, qığılcım çıxarmayan metaldan düzəldilmiş, yaxud qalın yağlanmış alətlər işlədilməlidir;
- uçqunlardakı elektrik məftilləri ilə əlaqədar bütün işlər rezin əlcəklər, çəkmələr geyəndən sonra aparılmalıdır; mümkün olan hallarda işə başlamazdan əvvəl elektrik enerjisini kəsmək lazımdır;
- zəhərli sahələrdə bütün xilasetmə işləri fərdi mühafizə vasitələrində aparılmalıdır;
- burada icazəsiz əleyhqazı çıxarmaq, papiros çəkmək, su içmək, çörək yemək olmaz;
- radioaktiv zəhərlənmə sahələrində işləyən adamların şüalanma dozalarına ciddi nəzarət edilməlidir;
- deqazasiya və dezaktivasiya işləri mühafizə vasitələrini çıxarmadan və bu işlər üçün ayrılmış yerlərdə yerinə yetirilməlidir.
Təhlükəsiz iş qaydalarına düzgün əməl etməklə zədələnmə ocaqlarında əlavə bədbəxt hadisələrin qarşısına almaq olar.
Zədələnmə ocaqlarında, habelə təbii fəlakət rayonlarında qəzaların məhdudlaşdırılması məqsədilə görülən işlərə xilasetmə və digər təxirəsalınmaz işlər deyilir.
Dostları ilə paylaş: |