Cümlədə bu və ya digər sözü, qrammatik formanı başqası ilə əvəz etmək. Bu məşqdən əvvəl sinonim sözlər barədə azacıq da olsa, şagirdlərin bildikləri yada salınmalıdır. Məsələn: Şəhərimizdə gözəl binalar tikilir. Bayırda bərk külək əsir. Şagirdlər bu cümlələrdəki “gözəl” sözünü qəşəng, yaraşıqlı, nəhəng və s. sözlərlə, bərk sözünü isə qüvvətli, güclü, şiddətli və s. sözlərlə əvəz edirlər.
Verilmiş mətndən obrazlı ifadələri seçib onları başqa cümlə içərisində işlətmək. Məsələn: IV sinif dərsliyində “Şah Abbas və vəzir” mətnində “sevincdən qanad açıb uçur”, “elm və əxlaqının ağırlığı”, “bir alimin yükünü çəkir”, “ürəkləri də elmləri qədər böyükdür” və s. obrazlı ifadələr vardır. Müəllimin tapşırığı ilə şagirdlər oradakı obrazlı ifadələri seçib cümlə içərisində işlədirlər.
Cümlədə sözlər arasındakı əlaqəni müəyyənləşdirmək. Şagirdlərcümlədəki sözlər arasındakı əlaqəni müəyyən edir və onu sıra ilə yazırlar. Məsələn: Bəsti atası ilə kəndə getmişdi- cümləsində şagirdlər: –Bəsti getmişdi, kəndə getmişdi, atası ilə getmişdi-kimi birləşmələri seçib yazırlar. Bunu sxem şəklində də vermək olar.
Verilmiş model əsasında müxtəlif sintaktik quruluşda cümlələr qurmaq. Müəllim yazı taxtasında yazır: mübtəda + II dərəcəli üzv+ xəbər; mübtəda + II dərəcəli üzvlər+ xəbər; II dərəcəli üzv +mübtəda + II dərəcəli üzv+ xəbər və s. Şagirdlər belə cümlələr qururlar: Anar məktəbə getdi. Dovşan ağ, boz rəngdə olan balalarına tərəf qaçdı. Üçrəngli bayraq meydanda əzəmətlə yellənirdi və s.
Mənanı saxlamaqla cümləni başqa formada ifadə etmək. Belə olduqda sinonim cümlələr yaranır, yəni sintaktik sinonimlər yaranır. Müəllim belə bir cümlə yazır: Ordumuz torpaqlarımızı düşməndən xilas edəcək. Şagirdlər bunun əsasında belə cümlələr qururlar: Ordumuzun köməyi ilə torpaqlarımız düşməndən xilas ediləcək. Ordumuz düşmənə qalib gələcək, torpaqlarımız xilas olacaq və s.
Dil qaydalarında öyrənilmiş dil faktının, qrammatik formanın işləndiyi cümlələri seçib yazmaq. Məsələn, cümlənin II dərəcəli üzvləri öyrənilmişdir. Şagirdlər verilmiş mətni oxuyur, II dərəcəli üzv işlənmiş cümlələri seçib yazırlar.