Verilmiş sözləri müxtəlif qrammatik formada işlətməklə cümlə qurmaq. Məsələn, şagirdlərə o, bu əvəzliklərini bir cümlədə mübtəda, bir cümlədə II dərəcəli üzv kimi işlətmək tapşırığı verilir(III sinif). Müəllim bundan əlavə xeyli rəngarəng iş növlərindən, çalışmalardan, iş vərəqlərindən istifadə edə bilər.
Rabitəli nitq anlayışı
İbtidai siniflərdə nitq inkişafı üzrə işlər aşağıdakı istiqamətlərdə həyata keçirilir:
➢ nitqin səs mədəniyyəti üzrə iş;
➢ lüğət üzrə iş;
➢ cümlə qurmaq vərdişləri üzrə iş;
➢ ədəbi tələffüz üzrə iş;
➢ rabitəli nitq üzrə iş;
➢ üslubiyyat üzrə iş və s.
İbtidai siniflərdə nitq inkişafı üzrə yazılan bütün əsərlərdə göstərilir ki, nitq inkişafının əsas istiqamətləri üzrə aparılan işlərin son nəticəsi rabitəli nitqin inkişafetdirilməsidir. Deməli, nitq inkişafının ən yüksək pilləsirabitəli nitqdir.
Rabitəli nitqə verilən tələblər aşağıdakılardır:
❖ Rabitəli nitq məzmunca dolğun olmalıdır. Daxili məzmunu zəif olan nitq pedaqoqlar tərəfindən bar verməyən çiçəyə bənzədilir. F.Köçərli yazırdı ki, doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur.
❖ Rabitəli nitq məntiqi cəhətdən ardıcıl olmalıdır. Rabitəli nitqi təşkil edən cümlələr məntiqi cəhətdən ardıcıl olmalı və bir-birini tamamlamalıdır.
❖ Rabitəli nitq üslub cəhətdən düzgün qurulmalı, leksik cəhətdən zəngin olan cümlələrlə ifadə olunmalıdır.
❖ Rabitəli nitq konkret, yığcam olmalıdır, uzunçuluğa yol verilməməlidir.
❖ Rabitəli nitq saf, təmiz olmalıdır, hər cür tüfeyli sözlərdən, ləhcə və şivələrdən uzaq olmalıdır.
❖ Rabitəli nitqə verilən başlıca tələblərdən biri də fikrin sərbəst ifadə edilməsidir.
❖ Rabitəli nitq şagirdlərdə müstəqilliyi inkişaf etdirməli, onların yaradıcılıq meylini gücləndirməlidir.
İbtidai siniflərdə yalnız Azərbaycan dili dərslərində deyil, digər dərslərdə də şagirdlərin rabitəli nitqini inkişaf etdirmək müəllimin başlıca vəzifəsi olmalıdır. Azərbaycan dili kurikulumuna əsasən rabitəli nitqin inkişafı üzrə işə I sinifdən başlamaq lazımdır. Belə ki, I sinfin sonunda şagird nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir. Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir, dinlədiyi fikrə münasibətini bildirir. Müşahidə etdiyi əşya, hadisə və şəkillər üzrə danışır. Dialoqlarda sadə nitq etiketlərindən, sadə bədii ifadələrdən, müvafiq jest və mimikalardan istifadə edir. Bu, o deməkdir ki, I sinifdə şifahi rabitəli nitq üzrə iş aparılmalıdır. Bunun üçün müəllim “Azərbaycan dili” kitabındakı şəkillərdən, şagirdlərin həyatı əməyi, oyunu, əyləncələri və s. bağlı olan müxtəlif əyani vasitələrdən, onları maraqlandıran hadisə, əhvalat və əşyalardan istifadə edərək onların şifahi rabitəli nitqlərini səbrlə, təmkinlə inkişaf etdirməli, həmçinin yazılı rabitəli nitqə hazırlamalıdır. Isinfin ikinci yarısından başlayaraq rabitəli nitqininkişafında mühüm vasitə sayılan ifadə, inşa, esselərdən istifadə etmək məsləhətdir. Şagirdlərin müstəqil ifadə, inşa, esse yazıya hazırlanmaları üçün ilk növbədə onlara öz fikirlərini şifahi şəkildə ifadə etmək vərdişləri aşılanmalıdır.
Şagird təfəkkürünün və nitqinin inkişafında müstəsna əhəmiyətə malik olan ifadə, inşa və esselər mürəkkəb çalışma növləridir. İfadə, inşa və esselər şagirdlərin yaradıcılığını, müstəqilliyini və fəallığını inkişaf etdirir.Müəllim şagirdlərin ifadə, inşa və esse yazmağı öyrənmələrinə xüsusi həssaslıqla yanaşmalıdır, çünki burada şagirdlər onlar üçün çətin sayılan bir sıra əməliyatlarla qarşılaşırlar. Onlar fikirlərini ifadə etmək üçün müvafiq sözlər tapmalı, tapılan sözləri yerli-yerində düzgün işlətməli, bu sözləri bir-birinə qoşaraq qrammatik cəhətdən düzgün cümlələr qurmalı, nəhayət, həmin cümlələri bir məzmun ətrafında birləşdirib rabitəli nitq şəklinə salmalı olurlar. Ona görə də rabitəli nitqə hazırlıq mərhələləri olan lüğət üzrə iş, cümlə qurmaq vərdişlərinin inkişafı, düzgün tələffüz və düzgün yazı təmrinlərinə ciddi yanaşılmalıdır.
İbtidai siniflərdə aparılan ifadə və inşalar yuxarı siniflərdə aparılan ifadə və inşalardan fərqlənir. İbtidai siniflərdə aparılan ifadə və inşalar öyrədici xarakter daşıyır, həcmcə kiçik olur, məzmunca sadə olur. İbtidai siniflərdə aparılan ifadə və inşaların planı müəllim tərəfindən verilir, ya da müəllimin iştirakı ilə tərtib olunur, ifadə və inşaların yazılması da bilavasitə müəllimin nəzarəti ilə aparılır. Esselər nisbətən kişik olsa da yaradıcı xarakter daşıyır. Şagirdlər təklif olunan mövzuya dair 4-5 cümlə qurur ki, bu cümlələr onların təfəkkürünün məhsulu kimi meydana çıxır. Müəllim imkan olduqca, hər bir dərsin sonunda esse yazdırarsa, şagirdlərin ifadə və inşa yazılarında daha yüksək səmərə əldə edə bilər.