İndiki zamanla müqayisədə edilən tövbə İndiki zamanla nisbətdə tövbə iki cürdür:
1. Hal-hazırda mürtəkib olduğu günahı Allaha qürbət qəsdi ilə tərk etsin.
2. Başqası haqqında etdiyi sitəm və haqsızlıqdan əl çəkib həmin kəslər haqqında etdiyi zülmün, haqsızlığın əvəzini ödəsin.
Gələcək zamanla müqayisədə edilən tövbə Gələcək zamanla da nisbətdə tövbə iki cürdür:
1. Etdiyi günahı gələcəkdə bir daha təkrarlamayacağına qəti qərar verməsi; hətta onu öldürsələr, yandırsalar belə [bir daha həmin günaha bulaşmamalıdır.] İstər öz ixtiyarı ilə olsun, istər zorla olsun, bir daha həmin günahı etməyə razı olmamalıdır.
2. Özünə söz verməlidir ki, gələcəkdə etdiyi tövbəsini sındırmayacaq, verdiyi sözünün üstündə duracaqdır. Hətta sözünün üstündə dura bilməsi və bir daha həmin günaha düşməməsi üçün, həmin günaha qayıtdığı təqdirdə nəzir verəcəyini və ya kəffarə ödəyəcəyini və ya həmin günahdan saxlayacaq digər maneə növünü özü ilə şərt kəsə bilər.
Nə qədər ki, öz sözündə qəti olmayıb və ya fikrində həmin günaha qayıtmaq ehtimalı olsa, sabitqədəmlik əldə edilməyəcəkdir. Bu şərtləri Allaha qürbət qəsdi ilə etməlidir ki, Peyğəmbəri-əkrəmin (ə) buyurduğu: “Günahdan tövbə edən kəs, heç bir günahı olmayan kəs kimidir”1 – zümrəsinə daxil olsun.
Bütün bu dediklərimiz ümumi tövbə ilə əlaqədar idi.
Allah-taala bu camaat haqqında buyurub: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün.”2 Və həmçinin buyurmuşdur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər.”3
Xas və əxəss tövbə
Xas tövbə övla işin tərk edilməsini bildirən tövbədir. Bu tövbənin şəraiti də ümumi tövbədə yad edilən kimidir. Allah-taala bu barədə buyurmuşdur: “Allah çətin saatda bir qismin ürəyi (şəkk-şübhəyə düşüb peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə (s), onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi.”4 Və amma əxəss tövbə iki şeyə nisbətdə hasil olur:
1. Salikin tutduğu yoldan qeyrisinə iltifatından və diqqətindən tövbə etməsi. Bu barədə demişlər: “Sağ və sol – hər iki tərəf azdırıcıdır.”1 2. Seyri-süluk əhlinin keçməsi vacib olan mərhələdən enməsi və o mərhələdə dayanmasından edilən tövbə. Onların orada dayanması günah sayılır. Yəni kamalın bir mərhələsini başa vurmaqla kifayətlənməməli, həmin mərtəbədə qalmaqla razılaşmamalıdır ki, bu iş onlar üçün günah hesab olunur. Buna görə də demişlər: “Yaxşıların bəyənilən işləri müqərrəblər üçün günah hesab olunur”2 Bunun üçün də seyri-süluk əhli kamalın hər mərhələsinə yetişdikdə daha yüksək mərhələyə diqqət yetirməli, həmin mərhələdə dayanmağı özlərinə günah bilməlidirlər. [Əgər belə bir günahla qarşılaşmalı olsalar] tövbə, istiğfar, israrın tərki, keçmişdə buraxdıqları səhvlərdən peşmançılıq və Allah dərgahında ağlayıb-sızlamaqla özlərini paklamalıdırlar.
“Kim Allaha tövbə etsə və xalis bəndə olsa, Allah da onun üçün olar. Allah (günahından) tövbə edənləri, təmiz və pak olanları sevər!”3