Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   2   3   4   5   6   7   8   9   ...   28
qalaydıq.
– Bilirsən, gələn dəfə Davud xan bizim evimizə gələndə mən ona nə deyəcəm?
– Asif cavab gözləmədən sözünə davam etdi. – Mən onunla bir balaca söhbət
edəcəm. Kişi kimi. Ona anama dediklərimi deyəcəm. Hitler haqqında. Onların lideri
vardı. Böyük lideri. Uzaqgörən rəhbər idi. Mən Davud Xana deyəcəm ki, yadda
saxlasın, əgər Hitlerə başladığını bitirməyə imkan versəydilər, dünya indi tamam
başqa, daha yaxşı dünya olardı.
– Baba deyir ki, Hitler dəli idi və o, çoxlu günahsız adamın ölümünə əmr verib,
– deyəndən sonra susmağın qızıl olduğunu xatırlayıb ağzımı yumdum, amma artıq
deyilən deyilmişdi.
Asif astaca güldü.

– O lap mənim anam kimi danışır. Anam almandır, bəlkə də, doğrusunu o bilir.
Amma onlar istəyirlər ki, sən buna inanasan, elə deyil? Onlar istəmirlər ki, sən
həqiqəti biləsən.
Mən bilmirdim, “onlar” kimdir, nəyi gizlədirlər. Bunu heç öyrənmək də
istəmirdim. Kaş heç nə deməyəydim. Kaş indi başımı qaldırıb görəydim ki, Baba
üzüyuxarı qalxır.
– Amma məktəbdə keçilməyən kitabları da oxumaq lazımdır, – Asif sözünə
davam edirdi. – Mən oxudum, gözlərim açıldı. İndi mənim öz dünyagörüşüm, öz
fikirlərim var. Onları yeni prezidentlə də paylaşacağam. Bilmək istəyirsən, bu
nədir?
Başımı tərpətdim. O, onsuz da mənə deyəcəkdi; Asif həmişə öz suallarını özü
cavablandırardı.
Onun mavi gözləri Həsənə dikildi.
– Əfqanıstan puştuların torpağıdır. Həmişə belə olub, həmişə belə olacaq. Biz
əsl əfqanlarıq, təmiz əfqanlar, daha bu yastıburunlar yox. Onun milləti bizim torpa-
ğımızı, vətənimizi çirklədir. Onlar qanımızı korlayırlar. – O, əli ilə lövhəni silirmiş
kimi jest edib, qollarını açdı. – Mən deyirəm ki, Əfqanıstan puştular üçündür. Mən
belə hesab edirəm.
Asif yenə gözlərini mənə çevirdi. O, dərin yuxudan yenicə ayılmış adama
bənzəyirdi.
– Hitler üçün artıq çox gecdir, – dedi. – Amma bizimki hələ qabaqdadır.
Asifin sözarası əlini cins şalvarının arxa cibinə saldığı gözümdən qaçmadı.
– Mən prezidentdən xahiş edəcəyəm, şahın gücü çatmadığı işləri tamamlasın.
Əfqanıstanı çirkli, kəsif həzaralardan təmizləsin.
– Asif, qoy yolumuzu gedək, – dedim. Həmin anda səsim titrədiyinə görə
özümə nifrət edirdim. – Biz səni narahat etmirik axı...
– Oo, siz məni narahat edirsiniz, – deyib, Asif əlini cibindən çıxardı. Cibindən
nəyi çıxardığını görəndə ürəyim düşdü. Əlbəttə. Günəşin şüaları onun beşbarma-
ğının paslanmayan metalında bərq vururdu.
– Sən məni çox narahat edirsən. Əslində, sən məni bu həzaradan da çox
narahat edirsən. Sən onunla necə danışa, oynaya bilirsən, necə imkan verirsən ki, o
sənə toxunsun?
O bunu dedikcə, səsi ikrahdan dəyişirdi. Vəli ilə Kamal razılıq əlaməti olaraq
başlarını tərpədir və dodaqaltı nəsə deyirdilər. Asif gözlərini qıydı, başını buladı.
Yenidən danışmağa başlayanda, səsi də üzü kimi əyilmişdi:
– Sən axı necə ona “dostum” deyə bilirsən?
O mənim dostum deyil, qulluqçumdur! Bu sözlər az qala ağzımdan çıxmışdı.
Doğrudanmı düşündüyüm bu idi? Əlbəttə ki, yox. Yox. Mən Həsənə yaxşı
davranırdım, dost kimi, bundan da ötə, qardaş kimi. Amma əgər belə idisə,
Babanın dostları öz uşaqları ilə bizə qonaq gələndə mən niyə Həsəni oyunlara
qatmırdım? Niyə mən Həsənlə ancaq başqa heç kim olmayanda oynayırdım?

Asif beşbarmağına sığal çəkib, mənə baxdı. Baxışından qanım dondu.
– Problemin bir hissəsi sənsən, Əmir. Sən və sənin atan kimi axmaqlar bu
adamları ağuşuna almasaydı, biz indiyə onlardan canımızı qurtarmışdıq. Onların
hamısı layiq olduqları yerə – Həzaracata gedərdi. Siz Əfqanıstanın üz qarasısınız.
Mən onun ağılsız gözlərinə baxdım və anladım. Dedikləri boş söz deyildi. O,
həqiqətən də bu barədə düşünürdü. Doğrudan da mənə pislik etmək istəyirdi. Asif
yumruğunu qaldırıb mənə yaxınlaşdı.
Arxamda çox sürətli bir hərəkət baş verdi. Gözümün ucu ilə Həsənin tez əyilib
qalxdığını gördüm. Asif gözlərini məndən çəkib, Həsənə baxdı və mavi gözlər gözlə-
nilməzlikdən bərəldi. Arxamda baş verənlərə baxan Kamal və Vəlinin də üzlərinə
heyrət ifadəsinin çökdüyünü gördüm.
Geriyə çevrildim və Həsənin quşatanı ilə üz-üzə gəldim. Həsən ağ elastik
qaytanı son həddə qədər çəkmişdi. Arasında qoz boyda daş var idi. Quşatan düz
Asifin sifətinə yönəlmişdi. Qaytanın müqavimətindən Həsənin əli titrəyir,
qaşlarının üstündə tər damcıları görünürdü.
– Ağa, xahiş edirəm, bizi rahat buraxın, – Həsən batıq səslə danışırdı. O, Asifə
“ağa” deyə müraciət etməli idi. O anda mən adamın başqalarından daha aşağı
pillədə olduğu fikri ilə necə barışdığını düşündüm.
Asif dişlərini qıcadı:
– Aşağı sal onu. Anadan yetim həzara.
– Xahiş edirəm, bizi rahat burax, ağa.
Asif gülümsədi:
– Bəlkə, sən fikir vermədin, amma biz üç nəfərik, siz isə iki nəfər.
Həsən çiyinlərini çəkdi. Qıraqdan baxan onun heç qorxmadığını sanardı.
Amma Həsənin üzü mənim ilk görüntü xatirəm idi və mən onun bütün cizgilərinə,
üzündəki civzələrdən tutmuş qırışlarına qədər hər şeyə bələd idim. Və o anda
görürdüm ki, Həsən qorxub. Əməlli-başlı qorxub.
– Sən haqlısan, ağa. Amma yəqin, sən fikir vermədin ki, əlində quşatan olan
yalnız mənəm. Bircə hərəkət eləsən, səni daha “Qulaqyeyən Asif” yox, “Təkgöz
Asif” çağıracaqlar, çünki gördüyün bu daşı sol gözünə tuşlamışam.
Həsən bunları elə sakit səslə dedi ki, hətta mən də bu arxayın səsin altında
gizlənmiş qorxunu duymaqda çətinlik çəkdim.
Asifin ağzı əyildi. Vəli ilə Kamal heyrətdən donmuşdular. Kimsə onların
Allahına qarşı çıxmışdı. Onu aşağılamışdı. Bunu edənin sısqa bir həzara olması daha
dəhşətli idi. Asif gözünü daşdan çəkib Həsənə baxdı. Sanki, Həsənin üzündə
hansısa sualın cavabını axtarırdı. Görünür, tapdığı cavab Asifi Həsənin ciddiliyinə
inandıra bildi, çünki, o yumruğunu aşağı salmışdı.
– Sən məni yaxşı tanımalısan, həzara, – Asif ağır-ağır dilləndi. – Mən çox səbirli
adamam, bu günküylə iş bitməyəcək.
Sonra mənə tərəf çevrildi:

– Sənin də görəcəyin hələ qabaqdadır, Əmir. Bir gün mənimlə təkbətək
qarşılaşmalı olacaqsan. – Asif bunu deyib bir addım geri çəkildi. Əlaltıları da onun
ardınca geri addımladılar.
Getməmişdən əvvəl Asif:
– Sənin həzaran bu gün çox böyük səhv elədi, Əmir, – dedi, sonra dostlarıyla
birlikdə çevrilib uzaqlaşdı. Təpəni enib hasarın arxasında gözdən itənə qədər
onların dalınca baxdım.
Həsən titrəyən əllərilə quşatanı kəmərinə bağlamağa cəhd edirdi.
Dodaqlarında təbəssümə bənzər bir ifadəylə, sanki, məni sakitləşdirməyə çalışırdı.
Amma əlləri elə titrəyirdi ki, şalvarının aşırmasını beşinci cəhddə bağlaya bildi. Evə
qayıdarkən yol boyu bir kəlmə də kəsmədik. Təşviş içindəydik, çünki Asif və onun
dostları istənilən küncdən çıxıb üstümüzə hücum edə bilərdilər. Gözlədiyimiz baş
vermədi. Əslində bu bizi az da olsa arxayınlaşdırmalıydı. Lakin arxayın da ola
bilmirdik. Heç sonralar da.
SONRAKI BİR NEÇƏ İL ƏRZİNDƏ iqtisadi inkişaf və islahat sözləri Kabildə bir
çoxlarının dilindən düşmürdü. Ləğv olunan konstitusional monarxiya quruluşunun
əvəzində prezident üsuli-idarəsilə respublika quruldu. Bir müddət ölkənin
üzərindən gəncləşdirmə və ideya dalğası keçdi. Adamlar qadın hüquqları və yeni
texnologiyalar barədə danışırdı.
Amma Kabildəki Ərq kral sarayında yeni dövlət başçısı yaşasa da,
ümumiyyətlə, həyat elə əvvəlki kimi davam edirdi. Adamlar şənbədən cümə
axşamına qədər işləyir, cümə günləri Qarğa gölü sahilində, parklarda və Pağman
bağlarında piknikə çıxırdı. Kabilin dar küçələrində adamla dolu rəngli avtobuslar və
yük maşınları şütüyür, maşınların arxa bamperini yəhərləmiş konduktorlar isə qatı
Kabil ləhcəsində marşrut istiqamətini qışqırırdı. Ramazan bayramında kabillilər bir
aylıq orucdan sonra ən yaxşı paltarlarını geyinib qohum, əqrəbalarını ziyarətə
gedərdi. Küçədə, evlərdə, hər yerdə bir-birini qucaqlayıb, öpüb, “bayramın
mübarək” deyənləri görmək olardı. Uşaqlar əllərində hədiyyə ora-bura qaçar, ya
da yumurta döyüşdürərdi.
1974-cü ilin qışının əvvəlində bir gün Həsənlə mən həyətdə qardan qala
düzəldəndə Əli oğlunu içəri çağırdı.
– Həsən, Ağa sahib səninlə danışmaq istəyir.
Əli, əynində ağ paltar, qarlı həyətə açılan qapının ağzında əlini qoynunda
çarpazlayıb, dayanmışdı. İsti nəfəsi soyuq havada buxara çevrilirdi.
Həsənlə bir-birimizə baxdıq. Bu anı bütün gün gözləmişdik: Həsənin ad günü
idi.
– Ata, bilirsən? Hədiyyənin nə olduğunu desənə? – Həsən xahiş etdi. Onun
gözləri parıldayırdı.
Əli çiyinlərini çəkdi:
– Ağa sahib bunu mənimlə müzakirə eləməyib.

– Yaxşı da, Əli, de görüm. – Mənim də səylərim nəticə vermədikdə, ehtimallar
irəli sürməyə başladım. – Nədir, rəsm albomudur? Bəlkə, yeni tapança?
Həsən kimi Əli də yalan danışa bilmirdi. Hər il ad günümüzdə Babanın Həsənə,
ya mənə nə aldığını bilmədiyini deyərdi. Amma hər dəfə gözlərindən onun yalan
danışdığını bilər və hədiyyələr barədə məlumatı ondan qoparardıq. Bu dəfə isə o,
deyəsən, yalan danışmırdı.
Baba Həsənin ad gününü heç vaxt yaddan çıxarmazdı. Əvvəllər o, Həsəndən
nə istədiyini soruşardı. Amma Həsən hədiyyə istəyəcək qədər cəsarətli
olmadığından Baba elə öz bildiyini alardı. Bir dəfə ona yapon istehsalı oyuncaq yük
maşını, başqa bir dəfə isə elektrik lokomotiv və qatar hədiyyə etmişdi. Bundan
əvvəlki il Baba Həsəni dəri kovboy papağıyla sevindirmişdi. Bu kovboy papağı bizim
sevimli vestern sıralamamızda “Möhtəşəm yeddilik” filmini birincilikdən çıxarmış
“Yaxşı, pis, zalım” filmində Klint İstvudun qəhrəmanının papağının tam eynisi idi.
Bütün qışı növbə ilə papağı taxar, filmin məşhur musiqisini oxuya-oxuya qar
təpələrinin üstünə dırmaşar, əsl kovboy və şerif kimi bir-birimizə güllə atardıq.
Evə girəndə əlcəklərimizi və qara batmış ayaqqabılarımızı qapının ağzında
çıxarmalı olduq. Zala girəndə Babanı içində odunlar çatırdayan dəmir sobanın ya-
nında qəhvəyi kostyum və qırmızı qalstuk geymiş alçaqboylu, daz hindistanlı ilə
birgə oturmuş gördük.
– Həsən, – Baba ehmalca gülümsəyərək dedi. – Ad günü hədiyyənlə tanış ol.
Həsənlə mən heç nə başa düşmürmüş kimi bir-birimizə baxdıq. Heç yerdə
hədiyyə kimi bükülmüş qutu yox idi. Çanta, ya torba da görünmürdü. Oyuncaq da
yox idi. Sadəcə, arxamızda Əli, qarşımızda isə Baba və bu riyaziyyat müəllimini
xatırladan çəlimsiz hindli vardı.
Qəhvəyi kostyumlu hindli kişi gülümsəyib, Həsənə əlini uzatdı.
– Mən doktor Kumaram, – dedi. – Səninlə tanış olmağıma şadam.
Qonaq fars dilində sözləri yayan, qatı hindi ləhcəsi ilə danışırdı.
Həsən çaşmış halda “Salam əleykum” deyə cavab verdi. O başını nəzakətlə
əyəndə gözləri ilə arxasında dayanmış atasını axtardı. Əli yaxına gəlib əlini Həsənin
çiyninə qoydu.
Həsənin sual və intizar dolu nəzərləri Babanın gözlərinə dikildi:
– Mən doktor Kumarı Nyu Delidən buraya çağırmışam. Doktor Kumar plastik
cərrahdır.
Hindli Doktor Kumar sözə qarışdı:
– Sən bilirsən, bu nədir?
Həsən başını buladı və kömək üçün mənə baxdı. Mən də çiyinlərimi çəkdim.
Cərrahiyyə barədə bildiyim ancaq bu idi ki, kor bağırsağı ağrıyanları cərraha apa-
rırlar. Bunu da ona görə bilirdim ki, müəllimimiz sinif yoldaşımızın cərraha gec
aparıldığı üçün kor bağırsaq iltihabından öldüyünü danışmışdı. Biz ikimiz də Əliyə
baxdıq, amma onun simasından heç nə anlamaq olmurdu. Üzü həmişəki kimi
donuq idi, amma deyəsən, gözləri dolmuşdu.

– Bir sözlə, mənim işim insanların bədənindəki qüsurları düzəltməkdi. Bəzən
də sifətlərində, – doktor Kumar dedi.
– Aaa.. Həsən ancaq bu səsi çıxara bildi. – O, gah doktor Kumara, gah Babaya,
gah da Əliyə baxırdı. Əlini üst dodağına apardı və təkrar etdi: “Aaa...”
– Mən bilirəm ki, bu, qeyri-adi hədiyyədir, – Baba dedi. – Və yəqin ki, sənin
ağlında tutduğun hədiyyə deyil. Amma bu hədiyyə bütün ömrün boyu səninlə
qalacaq.
– Ahh, – Həsən dodaqlarını isladıb, boğazını arıtladı. – Ağa sahib, bu... bu...
çox...
– Heç nə olmayacaq. – Doktor Kumar gülümsəyərək sözə qarışdı. – Bir damcı
da ağrıtmayacaq. Əslində, mən sənə dərman verəcəyəm və sən heç nəyi
xatırlamayacaqsan.
– Ohh, – Həsən hələ də kəkələsə də, rahatlıqla gülümsədi. Bir az rahatlamışdı.
– Mən qorxmuram, Ağa sahib, sadəcə...
Onlar Həsəni aldada bilərdilər, amma məni yox. Mən bilirdim ki, həkim
“ağrıtmayacaq” deyirsə, işin xarabdır. Bir il əvvəl sünnət olunmağımı xatırladım.
Həkim mənə eyni sözləri demişdi. Demişdi ki, bir damcı da ağrıtmayacaq. Amma
gecə keyitmə dərmanının təsiri keçib gedəndən sonra mənə elə gəlirdi ki, belimə
qıpqırmızı yanan kömür basırlar. Baba məni sünnət etdirmək üçün niyə on yaşımın
tamam olmağını gözləmişdi, bilmirəm. Amma ona bunu heç vaxt
bağışlamayacağam.
Həmin anda, Həsənə hədiyyə verilən məqamda isə mən arzulayırdım ki, kaş
Babanın mərhəmətini qazanmaq üçün mənim də bir fiziki qüsurum olaydı. Bu,
ədalətli deyildi. Həsən heç nə etmədən Babanın rəğbətini qazana bilmişdi; sadəcə,
bu axmaq dovşan dodağıyla doğulmaq kifayət imiş.
Əməliyyat yaxşı keçdi. Sarğı açılanda biz hamımız bir qədər şokda idik, amma
doktor Kumar öyrətdiyi kimi, bunu göstərməməyə çalışdıq. Çox da asan deyildi,
çünki Həsənin üst dodağı şişmiş açıq ət parçasına bənzəyirdi. Tibb bacısı ona
güzgünü verəndə mən Həsənin dəhşətdən ağlayacağını gözləyirdim. Həsən
güzgüyə baxanda Əli onun əlini sıxırdı. O isə uzun-uzun baxdıqdan sonra anla-
madığım bir şey pıçıldadı. Qulağımı onun ağzına yaxınlaşdırdım. O yenidən
pıçıldadı:
– Təşəkkür.
Sonra isə onun dodaqları əyildi və həmin anda mən onun nə etdiyini bilirdim.
O, gülümsəyirdi. Anasının bətnindən çıxdığı anda etdiyi kimi.
Sonra şiş çəkildi və yara da sağaldı. Bir müddət sonra dodağının üstündəki
çəhrayı çapıqdan başqa heç nə əvvəlki dovşan dodağı və əməliyyatı xatırlatmırdı.
Növbəti qışa isə zəif bir iz qalmışdı. Bu da taleyin ironiyası idi. Çünki o qışdan sonra
Həsən daha gülümsəmədi.

8 Sniker – gündəlik geyilən idman ayaqqabısı növü
9 T-shirt – qısaqol, boğazsız köynək
ALTI
Qış.
Hər il qar yağanda ilk işim bu olur. Səhər tezdən, elə pijamamda evdən çıxır,
qollarımı açır, sanki, havanın sazağını qucaqlamağa çalışıram. Evin qarşısındakı
cığır, atamın maşını, hasarlar, ağaclar, damlar və uzaqda görünən təpələrin hamısı
qarla örtülmüş olur. Gülümsəyirəm. Göy üzü tərtəmiz, mavi rəngdə, qar isə elə
ağappaq olur ki, baxanda adamın gözləri ağrıyır. Bir ovuc təzə qarı ağzıma
doldurur, ətrafı bürüyən, yalnız ara-sıra qarğa qarıltısıyla pozulan səssizliyi
dinləyirəm. Sonra ayaqyalın pilləkənləri düşür və Həsəni çağırıram.
Qış Kabildə bütün uşaqların sevimli mövsümü idi. Hər halda dəmir soba
almağa pulu çatan ailələrin uşaqları çox sevinərdilər. Səbəb isə çox sadə idi. Buzlu
günlərdə məktəb bağlı olardı. Məndən ötrü qış həm də uzun məktəb sıralarının,
Bolqarıstanın paytaxtının hansı şəhər olduğunu əzbərləməyin sonu, Həsənlə
sobanın yanında kart oynamaq, çərşənbə axşamı səhərləri Cinema Parkda rus
filmlərinə baxmaq, səhərlər qar adam düzəltdikdən sonra plovla şirin şalğam
qovurması yemək mövsümünün başlanğıcı idi.
Bir də, əlbəttə ki, çərpələnglərin. Çərpələng uçurmağın. Bəxti gətirməyən bir
neçə uşaq üçün qışın gəlişi ilə məktəb bitməzdi. Məktəbdə könüllü qış kursları var
idi. Əlbəttə ki, tanıdığım uşaqların heç biri öz könlüylə bu kurslara yazılmazdı. Bunu
onların əvəzinə valideynləri edirdi. Bəxtimdən Baba belə valideynlərdən deyildi. Bi-
zim küçənin qarşı tərəfində yaşayan bir Əhməd vardı. Atası həkim idi. Əhməd
epilepsiyadan əziyyət çəkirdi və həmişə yun jilet və qalın şüşəli qara eynək taxan
bu biçarə oğlan Asifin daimi qurbanlarından biri idi. Hər səhər yataq otağımın
pəncərəsindən həzara qulluqçunun ailənin qara Opeli üçün yoldan qarı
kürüdüyünü görürdüm. Yun jilet və qış paltosu geymiş, çantası dəftər-kitabla dolu
Əhmədin atası ilə birgə evdən çıxıb maşına minməsinə tamaşa edər, maşının
həyətdən çıxmasına, döngədən burulub uzaqlaşmasına baxıb, sonra flanel
pijamamda yatağıma girərdim. Yorğanı çənəmə qədər qaldırıb pəncərədən
şimaldakı qar papaqlı təpələrə baxardım – ta yenidən yuxuya gedənə kimi.

Kabilin qışını sevirdim. Gecələr qar dənələrinin pəncərəmi yumşaqca
döyəcləməsini, gündüzlər qara rezin uzunboğaz çəkmələrim altında qarın xırtılda-
masını, külək küçəni, həyəti dolaşıb vıyıldayanda dəmir sobanın istisinə
qızınmağımızı sevirdim. Amma ən çox ağaclar qarla, yollar buzla örtüləndə Baba ilə
mənim aramdakı donun bir az əriməsinə sevinərdim. Bunun da səbəbi çərpə-
lənglər idi. Baba ilə mən bir evdə, amma fərqli dünyalarda yaşayırdıq. Çərpələnglər
bu iki dünya arasında bir vərəqlik sərhəd idi.
HƏR QIŞ Kabilin müxtəlif qəsəbələri çərpələng uçurma yarışları təşkil edərdi.
Və Kabildə yaşayan bütün oğlanlar üçün yarış günü soyuq mövsümün ən vacib
günü idi. Yarışdan əvvəlki gecəni gözümə yuxu getməzdi. Yerimdə o yan-bu yana
çevrilər, divara kölgə salıb, barmağımla heyvan fiqurları düzəldər, hətta yorğana
bürünüb qaranlıq balkonda oturardım. Özümü əsas döyüşdən əvvəl səngərdə
yuxuya getməyə çalışan əsgər kimi hiss edərdim. Əslində həqiqətdən o qədər də
uzaq deyildim. Kabildə çərpələng yarışına getmək elə müharibəyə getmək kimi bir
şey idi.
Bütün müharibələrdə olduğu kimi, bu savaşa da hazırlaşmaq lazım idi. Bir
müddət Həsən və mən özümüz çərpələng düzəldərdik. Payızda bizə verilən həftəlik
xərcliyi yığar, Babanın vaxtilə Heratdan gətirdiyi saxsı atın içində saxlayardıq. Qış
küləkləri əsməyə başlayanda və qar yerdə qalanda, atın qarnındakı yapışqanı açıb,
pulları çıxarardıq. Bazara gedib, bambuk, yapışqan, ip və kağız alardıq. Saatlarla
çərpələngin ortası və çarpaz dirəyi üçün bambuk budaqlarını yonar, havada yaxşı
süzməsi üçün nazik kağızdan parçaları kəsər və əlbəttə ki, çərpələngi idarə etmək
üçün xüsusi şüşəli lifdən ip – tar düzəldərdik. Bütün elementlər vacib idi. Bu
savaşda çərpələng tapança idisə, tar da onun gülləsi idi, çünki rəqibin
çərpələnginin yolunu məhz tarla kəsib yerə aşırırdıq. Biz həyətə çıxıb üç yüz metrə
qədər ipə şüşə qırıntısı və yapışqan hopdurardıq. Sonra tarı quruması üçün
ağacların arasından bağlayardıq. Ertəsi gün döyüşə hazır tarı taxta kələfə dolayar-
dıq. Qarın əridiyi və bahar yağışlarının dövrəyə girdiyi vaxta qədər artıq Kabildəki
hər oğlan uşağının əli üfüqi çatlar və qabarla örtülmüş olardı. Bütün qışı çərpələng
uçurmuş uşaqların əlindəki hər bir çatın öz tarixçəsi vardı. Məktəb başlayanda
dostlarımla yığışıb döyüş qabarlarımızı müqayisə edərdik. Kəsiklərin yeri iki həftə
boyunca sağalmaz və kəskin ağrısa da, şikayətlənməzdim. Bu kəsiklər yenə də
ildırım kimi tez keçib gedən sevimli fəslimizi xatırladardı bizə. Sonra hər sinfin
kapitanı fit verər və uşaqlar sevimli qışın yenidən dərs vaxtilə əvəzlənməsinə dərin
təəssüf hissi ilə öz siniflərinə dağılışardı.
Tezliklə bizə aydın oldu ki, Həsənlə mən çərpələng uçurmağı çərpələng
düzəltməkdən daha yaxşı bacarırıq. Bizim düzəltdiyimiz çərpələnglərdə hər zaman
nə isə səhv olurdu. Odur ki, Baba çərpələng almaq üçün bizi Seyfonun dükanına
aparmağa başladı. Seyfo demək olar ki, kor idi və gündəlik qazancını “moçilik”dən
– ayaqqabı təmirindən çıxarardı. Amma o, həm də, Kabilin ən məşhur çərpələng

ustası idi. Kabil çayının palçıqlı sahilindən keçən izdihamlı Meyvənd küçəsindəki
xırdaca daxmasını emalatxanaya çevirmişdi. Həbsxana kamerası boyda bu dükanın
qapısından əyilmədən keçə bilməzdin. Sonra isə dəmir qapağı qaldırıb taxta nərdi-
vanla Seyfonun dillər əzbəri olan çərpələnglərini saxladığı rütubətli zirzəmiyə
düşməli olurduq. Baba hər birimizə 3 eyni cür çərpələng və kələf-kələf şüşəli ip
alardı. Əgər mən fikrimi dəyişib, daha böyüyünü və daha bahalısını istəsəydim,
Baba istədiyimi alardı. Amma onda eyni cür çərpələngdən Həsənə də alardı.
Hərdən istəyərdim ki, o belə etməsin. Mənə fərq qoymasını, Babanın sevimlisi
olmağı arzulayırdım.
Çərpələng yarışı Əfqanıstanda ta qədimdən qış ənənəsidir. Təyin olunan gün
səhər tezdən başlayan yarış qalib çərpələng göydə tək qalana qədər bitməzdi. O
illərin birində, yadımdadır, yarış gün batana qədər bitməmişdi. Adamlar səkilərin
və damların üstünə toplaşıb uşaqlarına azarkeşlik edərdilər. Küçələr itələşən,
dartışan çərpələng uçuranlarla dolardı, gözünü qıyıb səmaya dikən uşaqlar rəqibin
xəttinə girib, onun çərpələngini yerə salmaq üçün fürsət axtarardılar. Hər
yarışçının bir köməkçisi olurdu ki, – mənimki də Həsən idi, – ip kələfini saxlayıb
xətti idarə eləsin.
İllərin birində qonşuluğa köçmüş əsilzadə hindi ailəsinin uşağı bizə dedi ki,
onlarda çərpələng uçurmanın çox qəti qayda-qanunu varmış.
– Siz yalnız çərçivələnmiş ərazidə dayana bilərsiniz. Küləyin istiqamətinə görə
hərəkət bucağınızı da doğru seçməlisiniz, – deyə hindli dostumuz fəxrlə öz
qaydalarını izah edirdi. – Özü də çərpələngin ipi üçün alüminium məftildən istifadə
etmək olmaz.
Həsənlə mən bir-birimizə baxıb, qəhqəhə çəkdik. Britaniyalıların artıq bir
əsrdir ki, anladığı həqiqət balaca hindliyə hələ çatmamışdı, ruslar da bunu 1980-ci
illərin sonuna öyrənəcəkdilər – əfqanlar azad insanlardır. Əfqanlar ənənələri sevir,
qaydalara isə nifrət edirlər. Qaydalar çox sadə idi – heç bir qayda yoxdur. Çərpə-
ləngini uçur, rəqibininkinin yolunu kəs, əlindən gələni beş qaba çək.
Amma bununla iş bitmirdi. Əsl əyləncə çərpələng kəsilib yerə düşəndən sonra
başlayırdı. Həmin məqamda çərpələng uçuran uşaqların qaçmaq növbəsi gəlirdi.
Qonşu evlərin üzərində süzüb kiminsə həyətində, ağacın üstündə ya damında
dövrə vura-vura enənə qədər çərpələngi izləyən uşaqların həmin anda amansız
mübarizəsi başlayırdı. İlanın düşdüyü yerə birinci çatmaq, çərpələngi götürmək
lazım idi. Yarışçılar dəstə-dəstə küçələrin canına düşür, bir-birini itələyə-itələyə
qaçırdı. Onlara baxanda İspaniyada öküzlərdən qaçan adamlar barədə oxuduğum
bir rodeo təsviri gözümün önündə canlanardı.
Bir dəfə qonşu uşaqlardan biri çərpələngini götürmək üçün şam ağacına
dırmaşmalı olmuşdu. Ağacın budağı uşağın ağırlığına dözməyib sındı və oğlan 10
metr hündürlükdən yerə yıxıldı. Onurğası sınan biçarə ömrünün sonunadək əlil
qaldı, gəzə bilmədi. Amma o, çərpələng əlində yıxılmışdı. Və çərpələng uçuranın əli

çərpələngin üstündə olanda onu uşağın əlindən heç kim ala bilməzdi. Bu, qayda
deyildi, ənənə idi.
Yarışçılar üçün ən ləzzətli mükafat qış yarışının sona qalan çərpələngi idi. Bu,
uşaqların çox-çox sonra da evə gələn qonaqlara fəxrlə göstərəcəkləri ən şərəfli
qənimət idi. Göyün üzü çərpələnglərdən təmizlənəndə və sona qalan iki finalçı
səmada süzəndə bütün yarışçılar son mükafatı ələ keçirməyə hazırlaşardı. Onlar
çərpələngin enəcəyi yerə çatmaq üçün ən əlverişli saydıqları mövqeni tutardılar.
Yay kimi açılmağa hazır əzələlər gərilər, boyunlar göyə doğru uzanar, gözlər

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin