Firmanın maliyyəsi, gəlirləri və vergi ödənişləri 1. Firmanın maliyyəsi və maliyyə resursları 2. Firmada maliyyənin təşkili və planlaşdırılması 3. Firmanın gəlirləri və mənfəəti 4. Firmanın vergi ödənişləri 1. Bazar münasibətləri şəraitində pulun fasiləsiz hərəkəti baş verir, bütün
ödənişlər pul vasitəsilə həyata keçirilir. “Maliyyə” anlayışı latın sözü olan
“finansia” (pul tədiyəsi, pul ödənişi) sözündən əmələ gəlmişdir. Pulun hərəkəti
zamanı tərəflər-firma, idarə, təşkilatlar və dövlət arasında, yəni pulu ödəyənlər və
onu alanlar arasında ictimai-iqtisadi münasibətlər əmələ gəlir. Maliyyə
münasibətlərinin ümumi məcmusunda bir-birilə sıx qarşılqlı bağlı olan aşağıdakı
sahələri-təsərrüfat subyektlərinin maliyyəsi, sığorta və dövlət maliyyəsi-bir-
birindən fərqləndirilir. İdarəetmənin bütün səviyyələrində (strateji, taktiki,
operativ) maliyyə resurslarının rolu bu və digər dərəcədə vacibdir, lakin firmanın
inkişaf planında bunlar xüsusilə mühüm əhəmiyyət kəsb edirlər. İstehsal firmasının
maliyyəsi aşağıdakı funksiyaları yerinə yetirir:
- firmanın istehsal potensialının formalaşdırılması və artırılması, onun optimal
strukturunun təmin edilməsi;
- cari maliyyə-təsərrüfat və kommersiya fəaliyyətinin təmin edilməsi;
- sosial siyasətin həyata keçirilməsində və əhalinin rifah halının
yüksəldilməində təsərrüfat subyektinin iştirakının təmin edilməsi.
Firma və müəssisənin maliyyə xidmətinin başlıca vəzifələri aşağıdakılardır:
a) ümumi maliyyə təhlili və qiymətləndirilməsi;
b) firma və ya müəssisənin maliyyə resursları ilə təmin edilməsi (başqa sözlə,
vəsait mənbələrinin idarə edilməsi);
c) maliyyə resurslarının bölgüsü (firmanın investisiya siyasəti və maliyyə
aktivlərinin idarə edilməsi).