2. Qiymət-uçot, stimullaşdırma və bölgü funksiyalarını yerinə yetirən çox
önəmli iqtisadi vasitədir. Uçot funksiyasında qiymət, məhsul istehsalına və
satışına ictimai zəruri əmək məsrəflərini əks etdirir, istehsala çəkilən xərcləri və
onun nəticələrini müəyyənləşdirməkdə həlledici rol oynayır. Qiymət –müxtəlif
təsərrüfat proseslərinin nəticələrini dəyər baxımından ölçməyə imkan verən
iqtisadi vasitədir, göstəricidir. Qiymətin stimullaşdırma funksiyası öz əksini
resurslara qənaətdə, istehsalın səmərəliliyinin və məhsulun keyfiyyətinin
yüksəldilməsində tapır. Qiymətin bu funksiyası müəyyən mənada təhrikçilik
gücünə malik olmaqla məhsulun istehsalına və istehlakına qarşılıqlı təsiri ilə
xarakterizə olunur. Qiymət özünün tərkib hissələrindən biri olan mənfəətin
səviyyəsi ilə həm istehsalçıya, həm də istehlakçıya təsir göstərir. Qiymətin
bölüşdürmə funksiyası özünü müəyyən qrup məhsullar üzrə aksiz vergisinin, əlavə
edilmiş dəyərdən verginin və s.-nin qiymətdə nəzərə alınmasında tapır. Bununla
da, qiymət ümumi milli gəlirin dövlət büdcəsi, regionlar, sahələr, müxtəlif
mülkiyyət formalı müəssisə və firmalar, istehlak və investisiya, əhalinin müxtəlif
sosial qrupları arasında bölüşdürülməsinin mühüm vasitəsinə çevrilir.
İqtisadi məzmununa və təyinatına görə qiymətlərin aşağıdakı növləri mövcuddur: sənaye məhsuluna topdansatış qiyməti, tikinti məhsuluna qiymət,
tədarük qiymətləri, yük və sərnişin nəqliyyatının tarifləri, pərakəndəsatış
qiymətləri, əhaliyə göstərilən pullu xidmətlərin tarifləri, xarici ticarət dövriyyəsinə
xidmət göstərən qiymətlər.
Müəssisənin topdansatış qiyməti, məhsulun istehsalına və reallaşdırılmasına
sərf olunmuş xərcləri ödəyən, müəssisənin öz fəaliyyətini davam və inkişaf
etdirməyə imkan verən və nəhayət, mənfəət səviyyəsini təmin edə bilən bir
qiymətdir. Müəssisədə qiymətin formalaşmasına məhsulun faydalılığı, xərclərin
səviyyəsi, məhsulun satış üsulları və xidmət amilləri təsir göstərirlər. Sənayenin
topdansatış qiymətinə müəssisənin topdansatış qiyməti, təchizat-satış təşkilatlarının
xərcləri və mənfəət, aksiz və əlavə olunmuş dəyərə vergi daxil edilir. Təsərrüfat
praktikasında tikinti məhsuluna qiymətlərin üç növündən istifadə olunur: hər bir
obyektin tikintisinə çəkilən xərclərin ölçüsünü əks etdirən smeta dəyəri; nümunəvi
(tipik) tikinti obyektinin son məhsul vahidinin orta smeta dəyərini əks etdirən
preyskurant qiyməti (1m
2
yaşayış sahəsinə, 1m
2
rəngsaz işinə və s.); sifarişçi və
podratçılar arasında müqavilə əsasında müəyyən olunan müqavilə qiyməti.