www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
169
türkçülüyü ideyasının nəticəsi olaraq milli istiqlalın əldə
edilməsini təbii qarşılayan Hacıbəyli «Bir yaş» məqaləsində
yazırdı ki, Azərbaycan Türk dövlətinin istiqlalı «türk irqində
sağlam bir milliyyət hissi oyatdı, millət nə olduğunu
milliyyətini unutmuş türklərə bildirdi: Onlara – sən əvvəl-
əvvəl bir türksən dedi və «türkəm» dedirtdi» [91].
Ü.Hacıbəylidə olan bu milli ruhu inkar edə bilməyən sovet
müəllifləri SSRİ dövründə yazırdılar ki, 1920-ci ilin aprel
işğalına qədər Ü.Hacıbəyli marksizmə yiyələnə bilməmiş,
«bəzi digər demokratik ziyalılar kimi, müsavatçıların «milli
istiqlaliyyət» pərdəsi altında apardıqları hiyləgər millətçilik
siyasətinin həqiqi mənasını düzgün başa düşməmişdi.
Müsavatçıların hakimiyyəti illərində o, dərin mənəvi böhran
keçirir, millətçilik təsiri altında ciddi ideya-siyasi səhvlərə yol
verirdi» [120, 7]. Sovet müəlliflərinin Ü.Hacıbəylidə «ciddi
ideya-siyasi səhvlər» kimi qələmə aldığı məsələlər, əslində
onun vətəninə, millətinə, dininə və istiqlalçılığa bağlılığı idi.
Azərbaycan türkçülüyünün formalaşmasında müəyyən
rol oynayan Ömər Faiq Nemanzadə «Mən kiməm?!» (1917)
məqaləsində günümüz üçün də aktual olan bir çox maraqlı
məsələlərə toxunmuşdur. O yazırdı ki, hər kəs öz millətini
tanıyıb onun uğrunda mübarizə apardığı bir zamanda biz öz
millətimizi sevmək belə deyil, onun quru adını da bilməyib
ortada çaşıb qalmışıq: “Kim olursa olsun, insan bir nəfər, bir
millət və ya fikri-əməl uğrunda vaxt can yandırır ki, ona o
zaman aşiq olur ki, onu yaxından tanıyıb ürəkdən sevsin,
yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil,
bayağı dostluq belə olmaz. Mən iddia etmək deyil, uca səslə
bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş
adını belə bilməyiriz» [165, 233-234].
|