Yuxunun fizioloji təbiəti. Beyin kötüyündə elə mərkəzlər var ki, yuxu, ayıqlıq
və yuxuda ikən hərəkətlərin tormozlanmasına cavabdehdir. Məsələn, ayıq halda olan
pişiyin yuxuya cavabdeh olan mərkəzini qıcıqlandırdıqda o büzüşərək yatır. Ayıq-
lığa cavabdeh hüceyrələri qıcıqlandırdıqda isə pişik oyanır və qulaqlarını şəkləyir.
Yuxuda ikən hərəkətlərin tormozlanması mərkəzinin hüceyrələri dağıdıldıqda onlar
gördükləri yuxunun hərəkətlərini təkrar edir.
Yuxugörmə. Yuxugörmə zamanı görmə sistemində əmələ gələn oyanma beyin
qabığının ənsə payına gəlir. Nəticədə burada olan sinir hüceyrələrinin fəaliyyəti artır.
Nadir hallarda yuxular eşitmə, qoxu və başqa duyğularla əlaqədar olur. İnsan həm
tez, həm də ləng yuxu fazalarında yuxular görür. Tez yuxu fazasında görülən yuxu-
lar, adətən, əfsanəvi yuxular olur. Ləng yuxu fazasında görülən yuxular isə real
həyata yaxın və az emosional olması ilə fərqlənir. Müəyyən olunmuşdur ki, yuxu-
görmənin xarakteri adamın keçirdiyi hislərdən və gün ərzində baş vermiş hadisə-
lərdən asılıdır.