______________Milli Kitabxana_____________
285
Tanınmış xalçaşünas Lətif Kərimov Azərbaycanda xovlu
xalçaların iki üsulla, xovsuz xalçaların isə yeddi növ texnologiya
ilə toxunduğunu qeyd edir. Xalının bukle üsulu ilə toxunduğunu
yazan məşhur xalçaşünas alim prof. Kurt Erdmann “İlməkli şərq
xalısı” adlı əsərində bunu Noppen türü adlandıraraq yazır: “Bu cür
toxumada çözgü teli (arış) arasından keçirilən atqı ipliyi (arğac)
həm də çözgü üzərinə yerləşdirilmiş incə çubuqlara da sarılır.
Çubuqları çəkəndə Noppen türü alınır və artıq ortadan yarılanda
ilməkli xalının xovuna bənzər görüntü yaranır”.
2. Rənglər. Azərbaycanda ta qədim çağlardan bitki
kökündən və yarpağından təbii boya alınması gələnəyi vardı.
Haqqında danışdığımız xalının toxunduğu əsrdə yaşayan Herodot
Qafqazda yarpağını əzib suda qarışdıranda boya alınan ağac növü
olduğunu yazır və özəlliklə bu boyanın solmadığını, hopduğu
parça yuyulanda itmədiyini vurğulayırdı. Qarabağ xalçaları mis
rəngi, qırmızı, al, palıdı, qızılı sarı, mavi rəngləri və bu rənglərin
çalarları ilə seçilir. Pazırıq xalısında da bu rənglərdən istifadə
olunmuşdur.
3. Naxışlar. Xalının orta bölümündə 24 ədəd hun gülü
deyilən nilufər çiçəyinin simvolu vardır. Bu naxışın azacıq fərqli
variantı ilə üçüncü zolağın içi də bəzədilmişdir. Nilufər çiçəyi
işıqda deyil, qaranlıq düşəndə açıldığı üçün onun qaranlıq
dünyada yaşam simvolu vardır. Oğuz xalçalarında bu naxışdan
geniş istifadə olunur. Soldakı şəkildən göründüyü kimi, həmin
naxışı Qarabağ xalçaları da yaşadır.
4. Süjet və simvolika. Xalıdakı digər naxışlar, onların
simvolik anlamı və bunların oğuz xalçalarında yaşaması haqqında
geniş bilgi verməyə lüzum yoxdur. Burada qısa da olsa, yalnız
səkkiz guşəli damğa, at və marallara aid simvolika üzərində
dayanmaq gərəkdir, çünki bunlar əsas atributlar olub, həmin
xalının hansı məqsədlə toxunduğunu açıq sərgiləyir:
a) Atlar olan ikinci bölmədə yuxarı sol tərəfdə iki təkər və
ya səkkiz guşəli ( ) ulduz şəkli vardır. Bunlar əgər təkərdirsə,
onda elbəyin araba ilə basdırılmasına (bu kurqanda araba qalığı
vardı) işarə və bu araba ilə o biri dünyaya gedəcəyinin
simvoludur. Lakin xalıda araba şəkli olmadığı üçün bu versiya
|