17 avqust 1994-cü il saat 20.54 Bu gün tabor komandirindən icazə alaraq hərbi hissənin
qərəgahına getmişdim. Orada döyüş yoldaşlarım: briqada komandirinin
müavini polkovnik-leytenant Qorxmaz Qarayevlə, 4-cü taborun qərərgah
rəisi baş leytenant Hüseyn Nəbiyevlə, tabor komandiri mayor Allahverdi
Hacıyevlə, tabor komandirinin silahlanma üzrə müavini baş leytenant
Ziyafət Tağıyevlə, baş leytenant Əhəd İsmayılovla, leytenant Zahid
Hüseynovla, baş leytenant Əziz Abbasovla, kapitan Hicran Abbasovla,
baş leytenant Nizami Bayramovla, kapitan A.Nağızadə ilə və başqa döyüş
yoldaşları ilə görüşdüm. Bir qədər onlarla söhbət etdikdən sonra öz
“doğma evimə” səngərə qayıtdım.
Tağım komandiri kiçik leytenant Yadigar Ağayev (ləqəbi
“Koroğlu”dur) ön mövqedə növbədədir, digər tağım komandiri gizir
Əlövsət Həsənov gecə növbədə olduğu üçün yuxusuzdur, indi qazmada
dincəlir. 3-cü tağım komandiri gizir Şahin Bəxtiyarov və bölüyün baş
çavuşu Qurban söhbət edirlər. Qurbanın kefi yuxarıdır; axı bizim bölüyün
futbol komandası minaatanların komandasını udub-6:2. Mən özüm də
oynayırdım. Müavinim Şahları kəndə-taborun qərərgahına göndərdim,
sənəd apardı.
Bu gün səhər yeməyinə verilən çörək az oldu. Bu barədə tabor
komandirinə məlumat verdim.
Bölüyün əsgərlərindən ikisi özbaşına kəndə getmişdi. Mən onları
yanıma çağırdım və intizamı pozduqları üçün xəbərdarlıq etdim.