315
pulemyotların şaqqıltısından qulaq tutulurdu. Kəndi mühasirə etməyə
vaxt çatmadı və əlverişsiz bir yerdə-dağ yamacında-açıqlıqda qalan
əsgərlərə kəndə daxil olmaq əmri verildi. “Ura” və “Allah Əkbər”
sədaları altında hücuma keçən əsgərlər yamacla aşağı yumalanaraq və
qaçaraq kəndə girirdilər. Gizir Telman və əsgər Qabil ermənilərə atəş
açaraq döyüşçülərin irəliləməsini asanlaşdırırdılar. Evlərin arasında və
tövlələrin yaxınlığında meşə talasında döyüş gedirdi. Həsən yenə
hamıdan qabaqda idi. Bayaqdan onlara güllə atan erməniyə tərəf atəş aça-
aça qaçırdı. Palıd ağacının arxasına özünü çatdıran Həsənin yanında əl
qumbarası partladı. Qəlpələr ağacın gövdəsinə dolaraq qabığını qopardı,
Həsənə isə bir qəlpə belə dəymədi. Özünə səngər seçdiyi palıd ağacının
arxasından ermənini nişan aldı. Tətiyi çəkən kimi düşmən əsgəri qarlı
dərəyə yuvarlandı. O, əsgərlərimizə atəş açan digər düşməni axtarmağa
başladı. Erməni bir evin tinində gizlənmişdi. Hərdən qalxıb atəş açır və
yenidən gizlənirdi. Həsənin nişan almağı ilə erməninin qışqırmağı bir
oldu... Yarım saatlıq döyüşdə Həsənə yüzlərlə güllə və qumbara atılsa da
iri gövdəli palıd ağacı onu qoruyurdu. Həsən isə öz atəşi ilə
əsgərlərimizin kəndə tərəf irəliləməsinə imkan yaradırdı. Döyüşə-döyüşə
irəli sürünən əsgələrimiz artıq kəndi düşməndən azad etmişdilər. Onlarla
erməni meyidi evlərin arasında və meşə talasında qalmışdı. Bir neçə
erməni isə meşə ilə qaçaraq canını qurtara bilmişdi. Döyüş bir az
səngimişdi. Buradan kəndin yuxarısındakı yandırılmış evlər yaxşı
görünürdü. Böyüyüb boya-başa çatdığı, indi isə ermənilər tərəfindən
qarət edilərək yandırılmış evlərini uzaqdan gördükdə Həsən gövrəldi və
palıd ağacını qucaqlayaraq hönkür-hönkür ağladı. Bu
həm qələbə, həm də
kədər yaşı idi. Axı onun doğma kəndi düşməndən azad edilmişdi.
Yoldaşları onun yanına gələrək onu təbrik etdilər. Həsən isə hələ də palıd
ağacını qucaqlamışdı. O sanki ağacla pıçıldaşır, ağacla danışırdı. Ona
qovuşduğuna hələ də inanmırdı. Onun bütün uşaqlıq dünyası və
yaddaşındakı xatirələrin çoxu bu ağacla bağlı idi. Onun ilk sevgisinə də
bu palıd ağacı şahidlik etmişdi. Həsən bu qocaman palıd ağacını öz
doğma anasını, kəndini, obasını sevdiyi qədər sevirdi. Döyüş demək olar
ki, qurtarmışdı. Tək-tək avtomat və pulemyotların səsi gəlirdi. Qəfildən
atılan düşmən gülləsi palıd ağacının gövdəsinə dəyib çovudu və Həsənin
yanındakı döyüşçülərdən birini yaraladı. Əsgərlər cəld yerə uzanaraq
silahlarını atəş açılan səmtə yönəltdilər. İri bir daşın arxasında gizlənən
düşmən onları nişan alımışdı. Nadir bircə atəşlə düşməni məhv etdi.
Həsənə atılan güllələrin qarşısını isə öz nəhəng gövdəsi ilə yenə də palıd
ağacı kəsmişdi. Ağacın gövdəsinə sancılan güllələrin yeri hələ də
tüstülənirdi.