MƏNİM XİLASKARIM
Sadıqov Arif Sarı oğlu, 51 yaşında:— Saat 8-də ailəmlə taksi sürücüsü Məmmədgilə gəldim. Orda
başqa adamlar da vardı. Saat 11-də Vəkil Ələkbərov, İslam Əliyev, Minəş Əliyeva kənd aşağı gəlirdilər. Minəş
dedi ki, ermənilər kəndə doluşub. Qırdıqlarını qırır, sağ qalanlarını isə qabaqlarına qatıb aparırlar. Onlarla
birlikdə orta məktəbin zirzəmisinə gəldik. Orda heç kəs olmadığını görüb, çay aşağı gəlib, çayı keçdik. Silahlılar
xəbər gətirdi ki, köhnə Kətik kəndində ermənilərin postu var. İstiqaməti dəyişib dik yuxarı qalxdıq. Xocalı
aeroportunun komendantı Əlif hacıyev xeyli adamla burda idi. O, bildirdi ki, koridor yaratmaq lazımdır. Camaat
koridorla Naxçıvanik yoluna qədər gəldi. Birdən Əsgəran tərəfə sarı bir «UAZ» keçdi. Əlifin əmrilə koridor bir
az da genişləndirildi. 200-300 metr getmişdik ki, hər iki tərəfdən bizi atəşə tutdular. Bu Naxçıvanik fermasının
üst tərəfində idi. Burda İslam Əbdüləli oğlu Əliyev öldü. Çoxlu yaralananlar oldu. Mən beş yerimdən — hər iki
budumdan, sinəmdən, əlimdən yaralandım. Yoldaşım Rəfiqəyə dedim ki, qaç, ələ keçərsən. O, məni qoyub
getmək istəmirdi. Qabaqda Taleh Abbasovun başından yaralandığını gördüm. İki yaşında oğlu da yanında idi.
Məni görəndə:
— Arif dayı, qurban olum, mənim balamı da özünlə apar, qoyma qalsın, — dedi.
Salamat əlimlə uşağın kürəyindən yapışdım. Taleh o dəqiqə keçindi. Uşaqla yüz metr gəlmişdim ki,
taqətdən düşüb yıxıldım. Yanımdan xeyli adam keçirdi. Kim olduğunu bilmirdim. Yalvardım ki, siz allah, bu
Talehin uşağını da aparın. Özü öldü. Yalvarıb
[29-30]
mənə tapşırdı. Uşağı kim isə götürüb getdi. On-on beş
metr dizin-dizin sürünüb yıxıldım. Daha bir metr də olsun sürünməyə taqətim qalmamışdı. Bir saata kimi bu
vəziyyətdə qaldım. Birdən kimsə məni qaldırıb, qoluma girdi və ağlamağa başladı. Milli ordu formasında olan
bu oğlanı tanımadım. O, mənim yeriyə bilmədiyimi görüb, məni dalına aldı. İki kilometrə qədər gətirib, Şelli
fermasının yanında maşına qoydu və yenidən meşəyə qayıtdı. Sonradan öyrəndim ki, mənim xilaskarım Xocalı
milis şöbəsinin əməkdaşı Yurin Məhəmməd oğlu Məmmədov imiş.
Nə qədər ki, yaşayıram, Yurinin hesabına yaşayıram.
Haşiyə: Yurin Məmmədov Fərrux döyüşündə başından ağır yaralanmışdı. İndi o, Bakı şəhərində
Əhmədli qəsəbəsindəki xəstəxanada müalicə olunur.
Dostları ilə paylaş: |