Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə110/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   470
ƏDİL İSGƏNDƏROV 

 (5.5.1910-18.9.1978) 

 

Azərbaycan monumental rejissurasının görkəmli siması, Akademik Milli Dram Teatrının 



aktyor ansamblının formalaşmasında böyük xidmətləri olan rejissor, xarakterik ekran rollarının 

yaradıcısı  Ədil Rza oğlu  İsgəndərov 5 may 1910-cu ildə  Gəncədə doğulub.  Əsil adı  Ədil olan 

sənətkar əksər sənədlərdə rusca deyimə uyğun "Adil" kimi təqdim edilib. 

Teatr sənətinə orta məktəbin son siniflərindən maraq göstərib. Gəncədəki İşçi klubunun dram 

dərnəyində  iştirak edib. Bakıda və Moskvada tələbə olarkən tətilə  gələndə  Ədil  İsgəndərov  İşçi 

klubunda Cəfər Cabbarlının "Od gəlini", "Sevil", Aleksandr Şirvanzadənin "Namus", Vano 

Mçedaşvilinin "Qaçaq Kərəm" pyeslərini həvəskarlarla tamaşaya hazırlayıb. Özü həmin tamaşalarda 

Balaş ("Sevil"), Şəkinski ("Oqtay Eloğlu"), Qaçaq Kərəm rollarını oynayıb. 

Ədil İsgəndərov 1928-1931-ci illərdə Bam Teatr Məktəbinin rejissor-aktyor şöbəsində təhsil 

alıb. Tələbə ikən Milli teatrın tamaşalarında kütləvi səhnələrə  çıxıb, epizod rollar oynayıb. Bu 

baxımdan "Hacı Qara"dakı Yasovul obrazı daha maraqlı olub. Teatr məktəbini bitirərkən o, 

dostlaşdığı  Cəfər Cabbarlının tövsiyəsi ilə Moskvaya ali təhsil almağa gedib. Dövlət Teatr Sənəti 

İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Tələbəlik illərində Moskva Bədaye Akademik Dram 

Teatrında, Vaxtanqov teatrında ciddi sənət təcrübələri keçib, zəngin təcrübə toplayıb. 

Son kursda oxuyarkən  İsgəndərov diplom tamaşası hazırlamaq üçün Bakıya göndərilib. 

Akademik teatrda 1935-ci ilin payızında Aleksandr Korneyçukun "Platon kreçet" əsərinin Mustafa 

Mərdanov və Ülvi Rəcəb tərəfindən "Polad Qartal" adı ilə  təbdil edilmiş variantının məşqlərinə 

başlayıb. Tamaşanın premyerası 3 yanvar 1936-cı ildə oynanılıb. Rejissorun ilk müstəqil işi  əla 

qiymətləndirilib. Yenidən Moskvaya qayıdan  Ədil  İsgəndərov iyun ayında təhsilini başa vuraraq 

Akademik Milli Dram Teatrına təyinat alıb. 

Teatra sıravi rejissor götürülən  Ədil  İsgəndərov 1937-ci ildə xeyli müddət baş rejissor 

vəzifəsində əvəzedici-icraçı olub. 15 may 1938-ci ildə isə Akademik teatra baş rejissor təyin edilib. 

Bir müddət sonra baş rejissor vəzifəsi bədii rəhbər vəzifəsi ilə  əvəzlənib və  həmin kreslonu tutan 

Ədil  İsgəndərov 1954-cü ildə  həm də teatrın direktoru kimi fəaliyyətə başlayıb. Teatrda böyük 




islahatlar aparan, güclü kollektiv formalaşdıran, zəngin və  əlvan repertuar quran Ədil  İsgəndərov 

gözlənilmədən 22 oktyabr 1960-cı ildə  həm tutduğu vəzifələrdən, həm də ümumiyyətlə teatrdan 

uzaqlaşdırılıb. Riyakar intriqanın güdazına gedən  Ədil  İsgəndərovu müdrik çağında, yaradıcılıq 

üslubunun yüksək peşəkarlıq səviyyəsində formalaşdığı  əlli yaşında teatrdan uzaqlaşdırmaq milli 

mədəniyyətimizə, təbii ki, ilk növbədə Akademik Milli Dram Teatrına ciddi zərbə vurdu. 

Monumental romantik-realist teatr məktəbini formalaşdıran  Ədil  İsgəndərov Milli Dram 

Teatrının səhnəsində Mirzə  İbrahimovun "Həyat" (1937 və 1954), "Məhəbbət" (1942), Cabbar 

Məcnunbəyovun "Yanar dərə" (1938), "İliç buxtası" (Ələsgər  Şərifovla birgə. 1958), Səməd 

Vurğunun "Vaqif" (1938), "Xanlar" (1939), "Fərhad və  Şirin" (1941), Cəfər Cabbarlının "Aydın" 

(1940), "1905-ci ildə" (1955), "Dönüş" (1960), Sabit Rəhmanın "Xoşbəxtlər" (Şəmsi Bədəlbəyli ilə 

birgə. 1941), "Nişanlı  qız" (1953), Mehdi Hüseynin "Nizami" (1942), "Cavanşir" (1957), Rəsul 

Rzanın "Vəfa" (Ələsgər  Şərifovla birgə. 1943), Məmməd Səid Ordubadinin "Dumanlı  Təbriz" 

(Ələsgər  Şərifovla birgə. 1945), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (1947), "Od içində" 

(1951), İlyas Əfəndiyevin "İşıqlı yollar" (1947), "Bahar suları" (1948), Vilyam Şekspirin "Otello" 

(1949), Aleksandr Şirvanzadənin "Namus" (1952), Nazim Hikmətin "Türkiyədə" (1953), Hüseyn 

Cavidin "Şeyx Sənan" (Ələsgər  Şərifovla birgə. 1956), Adil Babayevin "Cəfər Cabbarlı 

qəhrəmanları arasında", (Ələsgər Şərifov və Əliheydər  Ələkbərovla birgə.   1960), İslam  Səfərlinin 

"Ana ürəyi" (1960) pyeslərinə quruluşlar verib. 

1959-cu ildə Akademik teatr Moskvaya Azərbaycan incəsənəti dekadasma gedəndə  Ədil 

İsgəndərov "Otello" və "Fərhad və  Şirin" tamaşalarına ciddi şəkildə  əl gəzdirib,  əsas ifaçıları 

dəyişdirib. Müəyyən kompozisiya dəyişiklikləri aparıb. Aktyor ansamblına bəzi ifaçılar  əlavə 

edilməklə hər iki tamaşa premyera kimi təqdim olunub. 

Azərbaycan Dövlət Opera və Balet Teatrında Reynqold Qlierin "Şahsənəm" (1938), 

Azərbaycan Dövlət Rus Dram Teatrında Səməd Vurğunun "Vaqif", Bakı Erməni Dövlət Dram 

Teatrında Mirzə  İbrahimovun "Həyat", Cəfər Cabbarlının "1905-ci ildə"  əsərlərini tamaşaya 

hazırlayıb. Onun yazdığı "Partizan Məmməd" (Sabit Rəhmanla birgə) pyesi Gənc Tamaşaçılar 

Teatrında, "Dağlar qoynunda" komediyası (bəstəkar Əşrəf Abbasov) Musiqili Komediya Teatrında 

oynanılıb. 

Ədil İsgəndərov 1937-ci ildən Bakı Teatr Məktəbində, sonralar isə Azərbaycan Dövlət Teatr 

İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, neçə-neçə kursa rəhbərlik edib. 1956-cı ildən 

professor idi. Azərbaycan SSR Ali Sovetinin dördüncü və beşinci çağırış deputatı olub. Teatrdan 

uzaqlaşdırılandan sonra "Azərbaycanfilm" kinostudiyasında sıravi rejissor işləmiş, 1966-1974-cü 

illərdə oranın direktoru olmuşdur. Özü "Əhməd haradadır?" kinokomediyasının ekran rejissorudur. 

Kino sənətimizin inciləri sayılan "Yeddi oğul istərəm", "Nəsimi" kimi filmlər məhz onun direktor 

olduğu dövrdə çəkilib. 

Görkəmli rejissor çoxlu filmə çəkilib. Onların içərisində "Uzaq sahillərdə" (Rosselini), "Qara 

daşlar" (Xəlilov), "Qanun naminə" (Kamilov), "Dərviş Parisi dağıdır" (Hatəmxan ağa), "Məşədi 

İbad" (Qoçu), "Axırıncı  aşırım" (Kərbəlayı), "Arxadan vurulan zərbə" (Prokuror), "26-lar" (Eser 

nümayəndəsi), "Romeo mənim qonşumdur" (Professor) filmlərindəki müxtəlif səpkili rolları  bədii 

dəyəri, ifadə vasitələrinin orijinallığı, aktyor oyun üslubunun estetik gözəlliyi ilə daha uğurlu ekran 

nailiyyətləridir. 

Ədil  İsgəndərov  "Şərqin səhəri"  (Ənvər Məmmədxanlı) tamaşasındakı rejissor işinə görə 

1948-ci ildə Stalin mükafatı (sonralar "SSRİ Dövlət mükafatı" adlandırıldı) ilə  təltif olunub. 

Görkəmli teatr xadimi böyük sənət nailiyyətlərinə görə Azərbaycan respublikasının  əməkdar 

incəsənət xadimi (4 dekabr 1938), xalq artisti (17 iyun 1943) və SSRİ xalq artisti (9 iyun 1959) fəxri 

adlarına layiq görülüb. 

Ədil Rza oğlu  İsgəndərov 18 sentyabr 1978-ci ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri 

xiyabandadır. 




Ədil  İsgəndərov Milli Dram Teatrında güclü kollektiv formalaşdırmaqla və  aşağıdakı 

yenilikləri gətirməklə özünün rejissorluq məktəbini yaradıb. 

Ədil  İsgəndərov milli teatrda aktyorun səhnədə suflyora möhtac olmasma birdəfəlik son 

qoydu. 


Ədil İsgəndərov ayrılıqda hər aktyorun, bütövlükdə ansamblın yaradıcılıq qüdrətini səhnədə 

özlərinə tanıtdı. 

Ədil İsgəndərov rus, geniş şəkildə Qərbi Avropa teatrı köklərindən şirələnmiş sənət ocağına 

güclü milli ruh aşıladı. Alınma teatr estetikasının və xalq oyun-tamaşalarının üzvi vəhdətini yaratdı, 

onların qovuşuğundan yaranan poetikanın estetik göstəricilərinin əsasını qoydu. 

Ədil  İsgəndərov dünyada, əsasən Rusiyada mövcud olan mütərəqqi aktyor sənəti 

nəzəriyyələrinin toplusundan hasil olan sistem yaradaraq onu cəsarətlə Akademik teatrdakı  səhnə 

ustalarımızın rol üzərində işlərinə şamil etdi. 

Ədil İsgəndərov teatrın canlı fəaliyyət orqanizınındə (məşqdə, tamaşanın gedişində, qastrol 

səfərlərində və sairə) ciddi nizam-intizam yaratdı. 

Ədil  İsgəndərov teatrın  ətrafında Səməd Vurğun, Mehdi Hüseyn, Sabit Rəhman,  Ənvər 

Məmmədxanlı, İlyas Əfəndiyev kimi güclü müəlliflər "ordusu" topladı. 

"Ədil  İsgəndərov teatrı" ifadəsinin elmi-nəzəri  əsasında duran canlı teatrın səmərəli 

fəaiiyyətinə nail oldu. 

Ədil  İsgəndərov həmin məktəbin güclü aktyor heyətini tərbiyə edib yetişdirdi. Məsələn, 

Ələsgər  Ələkbərov, Hökümə Qurbanova, Rza Əfqanlı, Leyla Bədirbəyli, Məlik Dadaşov,  Əjdər 

Sultanov, Həsənağa Salayev... 

Bütövlükdə Azərbaycanın bütün səhnə  sənətinə örnək olan Milli Dram Teatrını akademik 

səviyyəyə qaldırdı. "Akademik" adını həm mənəvi, həm də rəsmi (16 dekabr 1959) təsdiqləməklə 

kollektivin şöhrətini keçmiş SSRİ respublikaları arasında ən yüksək yerlərdən birinə ucaltdı. 

Ədil İsgəndərovun baş rejissorluğu dövründə gənc milli rejissor kadrlarına ciddi quruluşlar 

etibar edildi, get-gedə güclü rejissor kollektivi formalaşdı. Şəmsi Bədəlbəyliyə, Məcid Zeynalova, 

Səftər Turabova, Əliheydər Ələkbərova, Ağəli Dadaşova, Əşrəf Quliyevə müstəqil quruluşlar həvalə 

olundu. 


Özünün bədii rəhbərliyi dövründə  rəssamlardan Nüsrət Fətullayevi,  İsmayıl Axundovu, 

Əsgər Abbasovu, Kazım Kazımzadəni, Bədurə  Əfqanlını, Sadıq  Şərifzadəni, bəstəkarlardan Qara 

Qarayevi, Niyazini, Soltan Hacıbəyovu, Səid Rüstəmovu, Fikrət Əmirovu, Cahangir Cahangirovu, 

Zakir Bağırovu, Elmira Nəzirovanı teatr həyatı ilə sıx bağladı. 

Ədil İsgəndərov milli teatr tariximizdə yeganə rejissordur ki, onun quruluş verdiyi "Vaqif" 

tamaşası min dəfədən (mininci tamaşa 31 may 1977-ci ildə oynanıb), "Fərhad və Şirin" 450 dəfədən, 

"Xoşbəxtlər" 350 dəfədən çox səhnədə göstərilib. 

Azərbaycan kino sənətinin milli kadrlarla təminatında (rejissor, operator, ssenariçi) Ədil 

İsgəndərov böyük işlər gördü. Milli aktyorlarımızın filmlərə daha çox çəkilmələri üçün ciddi inzibati 

və yaradıcılıq işləri görməklə yanaşı, əsaslı reformalar apardı. 

Dünya şöhrətli klassik sənətkarlarımızın, qəhrəmanlarımızın obrazlarının səhnədə və ekranda 

canlanmasında, klassik əsərlərimizin ekranlaşmasında da Ədil İsgəndərov səmərəli islahatlar aparıb. 

Ədil  İsgəndərovun rejissor poetikasının  ən başlıca prinsiplərindən biri o idi ki, bu düha 

götürdüyü pyesdəki mürəkkəb xarakterlərə aktyor axtarışı "ağrısını" çəkmirdi. O, həm 

yaradıcılıqlarına, həm də insani xüsusiyyətlərinə dərindən bələd olduğu aktyorlara, onların potensial 

güclərinə bab gələ bilən repertuar qururdu, truppanın gücünə uyğun pyesə müraciət edirdi. 

Ədil İsgəndərova qədər heç bir rejissor truppadakı öncül aktyorlar üçün üç, beş, hətta yeddi 

illik yaradıcılıq plan-prospektinin işlək və estetik mexanizmini yaratmamışdı.  İstər  Ələsgər 

Ələkbərov, istər Rza Əfqanlı, istər Hökümə Qurbanova üçün zirvəyə aparan sənət qələbələri 

pilləsinin möhtəşəm, fundamental özülünü məhz Ədil İsgəndərov qoyub. 

 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin