ƏLİ QURBANOV (20.6.1898-4.10.1962)
Yaradıcılığı Tiflis Dövlət Azərbaycan Dram Teatrı və Akademik Milli Dram Teatrı ilə sıx
bağlı olan Əli Mirzəli oğlu Qurbanov 20 iyun 1898-ci ildə Tiflisdə dünyaya göz açıb. Atası dəmir
yolunda fəhlə işləyib, anası Zinyət (aktyor Möhsün Sənaninin xalası) mollalıq edib. Əli bir neçə il
məktəb təhsili almış, saz və tar çalmağı öyrənmişdi.
Əli Qurbanov 1915-ci ildə özündən iki yaş kiçik xalası oğlu Möhsün Sənaninin təşkil etdiyi
Üzeyir bəy Hacıbəyovun "O olmasın, bu olsun" əsərinin tamaşasında Rüstəm bəy obrazını oynayıb.
Bundan sonra "İbrət" və "İttihad" truppalarında, sonra dövlət teatrında fəaliyyət göstərib. 1925-ci
ilin ikinci yarısında Milli Dram Teatrının kollektivinə çağırıb. Ömrünün sonunadək burada işləyib.
Aktyor AMDT-da milli dramaturqlarımızdan Səməd Vurğunun "Vaqif" (Vidadi), "Xanlar"
(Əzizbəyov), Azər baba ("Fərhad və Şirin"), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Sərdar),
Mirzə İbrahimovun "Məhəbbət" (Əhmədi-biqəm), "Həyat" (Qurban və Cəlal), İlyas Əfəndiyevin
"Bahar suları" (Mədət), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Piri baba), Süleyman
Rüstəmin "Qaçaq Nəbi" (Alı kişi), Hüseyn Cavidin "Səyavuş", "Şeyx Sənan" (Piran və Keşiş),
Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Cavad ağa), Mehdi Hü-seynin "Nizami" (Qivami),
Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Əsgər bəy), dünya klassiklərindən Vilyam Şekspirin
"Hamlet" (Klavdi), "Otello" (Brabansio), "Qış nağılı" (Qoca çoban), "Kral Lir" (Qloster),
Aleksandr Puşkinin "Dubrov-Ski" (Arxip), Aleksandr Ostrovskinin "Tufan" (Kuliqin), Jül Vernin
"Kapitan Qrantın uşaqları" (Ayriton), Viktor Hüqonun "Gülən adam" (Lord Mounten), Jan Batist
Molyerin "Skapenin kələkləri" (Jeront), Nazim Hikmətin "Türkiyədə" (Aşıq Hicrani) əsərlərinin
tamaşalarında müxtəlif xarakterli rollar oynayıb. Aktyor həm də "Azərbaycanfilm" kinostudiyasında
müxtəlif filmlərə çəkilib.
Əli Qurbanov 4 dekabr 1938-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 4 may
1940-cı ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Aktyor 4 oktyabr 1962-ci ildə Bakıda vəfat edib.
Əli Qurbanov ehtirası, daxili imkanları yumşaq ifadə vasitələri üzərində köklənmiş, xarakter
etibarı ilə dramatik personajlara meyilli, obrazın zahiri rəsmindən daha çox insani mahiyyətinə
diqqət yetirən aktyor idi.
|