Azərbaycan səhnəsində çıxış edən milliyyətcə rus aktrisaları arasında dili çox yaxşı bilən,
birbaşa respublikanın xalq artisti adına layiq görülən (21 iyul 1949), ömrünün sonunadək səhnədən
ayrılmayan, uzun illər "Yeva xanım" imzası ilə çıxış edən Yeva (Yevgeniya) Nikitiçna
Olenskayadır.
1900-cu ildə Qubada doğulmuş Yeva xanım Azərbaycan dilini uşaqlıqdan öyrənmişdi.
İyirminci əsrin əvvəllərində (1907) ailəsi Bakıya köçən Yevanın böyük bacısı Aleksandra (Şura)
Olenskaya müxtəlif Azərbaycan teatr truppalarında aktrisalıq edirdi. Onun səyi və təşəbbüsü ilə
Yeva ilk dəfə 13 yaşında səhnəyə çıxıb və taleyini ömürlük teatr sənətiylə bağlayıb.
Yaradıcılığa başladığı ilk illərdən "Nicat", "Səfa" truppalarının, "Zülfüqar bəy və Üzeyir bəy
Hacıbəyov qardaşlarının müdiriyyəti" opera və dram dəstəsinin hazırladıqları tamaşalarda oynayıb.
Yeva Olenskaya 1922-ci ilin axırlarından 1925-ci ilin əvvəllərinədək Bakı Türk Azad Tənqid və
Təbliğ Teatrında işləyib və sonra yenə Milli Dram Teatrının kollektivinə qayıdaraq otuz dörd il
sərasər bu səhnədə çıxış edib. Yeva xanım həm milli dramaturgiya nümunələrində, həm də tərcümə
əsərlərinin tamaşalarında dramatik, faciə, komik və xarakterik rollar yaradıb.
Pyesləri tamaşaya qoyulan klassik və çağdaş Azərbaycan dramaturqlarından Mirzə Fətəli
Axundzadənin "Hacı Qara" (Sona və Teybə), "Lənkəran xanının vəziri" (Şölə xanım), Əbdürrəhim
bəy Haqverdiyevin "Pəri cadu" (Şamama), "Köhnə dudman" (Pərviz xanın qızı), "Dağılan tifaq"
(Nazlı), Cəfər Cabbarlının "Almaz" (Xanımnaz və Yaxşı), "Oqtay Eloğlu" (Gülgəz), "Sevil" (Tafta
və Gülüş), "Od gəlini" (Solmaz), "Yaşar" (Tanya), Səməd Vurğunun "Vaqif" (Hərəmxana qarısı),
"Fərhad və Şirin" (Məhmənə banu), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Yasəmən və
Qəmər), Hüseyn Cavidin "Afət" (Altunsaç), "Şeyx Sənan" (Tamara-Xumar), "İblis" (Xavər),
"Knyaz" (Lena), Cəlil Məmmədquluzadənin "Ölülər" (Zeynəb və Nazlı) əsərlərinin tamaşalarında
uğurlar qazanıb. Dünya ədiblərindən Vilyam Şekspirin "Hamlet" (Ofeliya), "Romeo və Cülyetta"
(Cülyettanın dayəsi), Fridrix Şillerin "Məkr və məhəbbət" (Millerin arvadı), "Qaçaqlar" (Amaliya),
Onore de Balzakin "Ögey ana" (Marqarita), Biçer Stounun "Tom dayının koması" (Eliza), Jül
Vernin "80 gün dünya səyahətində" (Aoda), "Kapitan Qrantın uşaqları" (Elmina), Viktor Hüqonun
"Gülən adam" (Dea), Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" (Arxipovna), Aleksandr
Fadeyevin "Gənc qvardiya" (Vera nənə), Tur qardaşlarının "Bir evin sirri" (Erna Kurtsius), Karlo
Haldoninin "Mehmanxana sahibəsi" (Ortenziya), Nazim Hikmətin "Türkiyədə" (Tərcüməçi), Yuri
Yanovskinin "Prokurorun qızı" (Leokadiya Lvovna), Aleksandr Şteynin "Şəxsi iş" (Derqaçova)
əsərlərinin tamaşalarındakı rolları maraqlıdır.
Yeva xanım dramatik obrazların ifasında sözləri xüsusi psixoloji intonasiyalarla söyləyirdi,
tələffüzü aydın və qrammatik cəhətdən dəqiq səslənirdi. Xarakterik nənə, yaşlı qadın, ağbirçək kənd
adamı obrazlarını xüsusi şövq və məlahətlə, zərif, yumşaq boyalarla oynayırdı.
Yeva Olenskaya 19 may 1959-cu ildə Bakıda vəfat edib.
Dostları ilə paylaş: