ƏLƏSGƏR ƏLƏKBƏROV
(26.3.1910-31.1.1963)
İyirminci əsr milli teatrımızın ən görkəmli simalarından, yaradıcılığının bədii-estetik
keyfiyyətləri dünya səhnə sənətinin bəşəri meyarları ilə ölçülən dühalardan biri də Ələsgər
Ələkbərovdur. Ələsgər Hacıağa oğlu 26 mart 1910-cu ildə Bakıda yoxsul tacir ailəsində doğulub.
1918-ci ildə Bakı realni məktəbində təhsilə başlayıb.
1920-ci ildə atası rəhmətə gedib və ailənin ağırlığı anası Zübeydə xanımın üzərinə düşüb. Elə
həmin il Ələsgər təhsilini 9 saylı, üç il sonra isə işlədiyinə görə 23 saylı məktəblərdə davam etdirib.
Uşaqlıqdan şeirə, sənətə, xalq oyun-tamaşalarına maraq göstərən Ələsgər Ələkbərov 1924-cü
ildə Əbilov adına klubun qüvvətli dram dərnəyinə üzv yazılıb. Dram həvəskarlarının yazdıqları və
dərnəyin rəhbəri Mirabdulla Mirinskinin hazırladığı "Azad qadın", "Zavodda və evdə"
səhnəciklərində komsomolçu və Məmiş rollarını oynayıb.
1926-cı ildə isə Rza Təhmasibin və İbrahim Azərinin rəhbərlik etdikləri kommunal klubunda
Üzeyir bəy Hacıbəyovun "O olmasın, bu olsun" operettasında Məşədi İbad, Mirzə Cəlil
Məmmədquluzadənin "Ölülər" tragkomediyasında Mirbağır ağa rollarında çıxış edib. Sabirdən
şeirlər söyləyib. Həmin dərnəkdə İsmayıl Hidayətzadənin quruluşunda Hüseyn Cavidin "Şeyda"
dramında Musa rolunda müəyyən uğur qazanıb. Elə buna görə İsmayıl Hidayətzadənin tövsiyəsi ilə
Bakı Teatr Texnikumuna daxil olub.
Texnikumda təhsil aldığı illərdə (1927-1930) Ələsgərin əsas sənət müəllimi aktyor və
rejissor, pedaqoq Mirseyfəddin Kirmanşahlı olub. Səhnə təhsili alan aktyor texnikuma daxil olandan
az sonra Bakı Türk İşçi Teatrının yardım heyətinə götürülüb. Tələbə vaxtlarında bu teatrda xeyli
rolda səhnəyə çıxıb. Kollektivdə istedadlı gənc kimi sevilən aktyor BTİT-də Hacı Baxşəli və Mirzə
Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), Birinci polismen ("Fahişə", Viktor Marqaretin romanı
üzrə), İkinci bəhriyyə (Motros. "Hücum", Boris Lavrenyov), Andryan Andryanıç, Petrosyan ("Qızıl
trenlər" və "Konstantin Teryoxin", Vladimir kirşon), Cancur Səməd ("Cancur Səməd", Jan Batist
Molyer), Yaraşıq ("Zəlzələ", P.Romanovdan təbdil), Bedjerton ("Çin tanrısı", Fyodor Pavlov. "Tunc
büt" də yazılıb), İkinci carçı ("Paris Notrdam kilsəsi" və ya "Müqəddəs Məryəm ana məbədi",
Viktor Hüqo), Bortel ("Hind qızı", Əbdülhəq Hamid), Səlim ("İncə", Aleksandr Qlebovdan
təbdil), Baba ("Qanlı səhra", tərcümə-təbdil) rollarını oynayıb.
İşgüzarlığı ilə seçilən Ələsgər Ələkbərov təhsilini tamamlayandan sonra kollektivin aktyor
truppasına qəbul olunub. Rejissorlar ona həvəslə rol tapşırıblar. İki il ərzində Əhmədəli ("Yanğın",
Süleyman Rüstəm və Hacıbaba Nəzərli), Müsavat əsgəri ("Yollar", Hacıbaba Nəzərli), Rəcəbov
("Gizli əl", Həbib İsmayılov və Əbdübağı Fövzi), Hacı Zəki ("Kölgə", Seyid Hüseyn) kimi
xarakterik rollarda səhnəyə çıxıb.
Ələsgər Ələkbərov 1930-1931-ci illərdə İşçi Teatrında işləməklə yanaşı, Tiflis Dövlət
Azərbaycan Dram Teatrına dəvət olunub. O, bu teatrda tamaşaya hazırlanmış Cəfər Cabbarlının "Od
gəlini" (Aqşin), Hüseyn Cavidin "Knyaz" (Knyaz) faciələrinin, Aleksandr Şirvanzadənin "Namus"
(Rüstəm) dramının tamaşalarında əsas rolları ifa edib.
1933-cü il yanvar ayının 4-də və 5-də Bakı Türk İşçi Teatrı dövlətin qərarı ilə Azərbaycan
Respublikasının ikinci böyük şəhəri olan Gəncəyə köçürülüb. Orada yerli dram həvəskarlarının əsas
qüvvələri ilə birləşərək Gəncə Dövlət Dram Teatrı kimi 1933-cü ilin martında ilk tamaşasını
göstərib.
Ələsgər Ələkbərov qısa müddətdə Gəncə teatrında Rüstəm ("Namus"), Hüseyn Cavidin
"Şeyx Sənan" faciəsinin tamaşasında Şeyx Hadi və Şeyx Mərvan rollarını oynayıb. Həmin il üzü
payıza dönəndə aktyor Bakıya qayıdıb və Akademik Milli Dram Teatrının kollektivinə daxil olub.
Cəfər Cabbarlımn "Od gəlini" (Aqşin), "1905-ci ildə" (General-qubernator), Vilyam
Şekspirin "Otello" (Rodriqo), Hüseyn Cavidin "Səyavuş" (Gərşivəz), Aleksandr Korneyçukun
"Donanmanın məhvi" (Leytenant korn) tamaşalarındakı rolları ilə qısa müddətdə təcrübəli
kollektivin ansamblına uyuşub.
Ələsgər Ələkbərovun yaradıcılığının geniş diapazonda , pardaxlanması, tezliklə teatrın
aparıci aktyorlarının cərgəsinə çıxması rejissor-pedaqoq Ədil İsgəndərovun yaradıcılığı ilə sıx
bağlıdır.
Moskvada dünya şöhrətli sənətkarlardan ali rejissor təhsili alan Ədil İsgəndərov 1935-ci ildə
Akademik teatrda Aleksandr Korneyçukun "Platon Kreçet" əsərini "Polad qartal" adı ilə diplom işi
kimi tamaşaya hazırlayıb. Premyerası 3 yanvar 1936-cı ildə göstərilən səhnə əsərində Ələsgər
Ələkbərov əvvəl Nəsirov, sonra Polad rollarını oynayıb. Bununla da iki sənətkarın qüdrətli, çoxlu
bəhrələr verən yaradıcılıq ittifaqlarının təməli qoyulub və bu sənət dostluğu 24 il davam edib.
Ədil İsgəndərovun quruluşunda Ələsgər Ələkbərov geniş diapazonlu rollar qalereyası
yaradıb. Bu baxımdan aktyorun Nəsirov və Polad Qartal ("Polad Qartal", Aleksandr Korneyçuk),
Akif və Süleyman ("Həyat", Mirzə İbrahimov), Vaqif, Xanlar və Fərhad ("Vaqif", "Xanlar", və
"Fərhad və Şirin", Səməd Vurğun), Əbdək, Cavanşir ("Nizami" və "Cavanşir" Mehdi Hüseyn),
Aydın, Salamov ("Aydın" və "1905-ci ildə", Cəfər Cabbarlı), Alxan ("Bahar suları", İlyas
Əfəndiyev), Minnətov ("Vəfa", Rəsul Rza), Sultanov ("Yanar dərə", Cabbar Məcnunbəyov),
Barxudar ("Namus", Aleksandr Şirvanzadə), Aparıcı-Müəllif ("Türkiyədə", Nazim Hikmət),
Orconikidze ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Otello ("Otello", Vilyam Şekspir) obrazları
bədii-estetik cəhətdən daha məzmunludur.
Aktyorun Milli Dram Teatrında ən böyük sənət qələbələri Otello və Vaqif obrazlarıdır. O,
Vaqif rolunda 500 dəfədən çox səhnəyə çıxıb. Vaqif surətində Akademik teatrda ayrı-ayrı illərdə
Kazım Ziya, Rza Əfqanlı, Ağadadaş Qurbanov, İsmayıl Dağıstanlı, Həsənağa Salayev, Həsən
Turabov, Səməndər Rzayev, Əliabbas Qədirov, Nurəddin Mehdixanlı (Quliyev) kimi aktyorlar
uğurla çıxış etsələr də, birincilik və əvəzolunmazlıq sözsüz ki, Ələsgər Ələkbərovun adı ilə bağlıdır.
Ələsgər Ələkbərovun yaratdığı zəngin rollar qalereyasının formalaşmasında rejissorlardan
İsmayıl Hidäyətzadənin, Aleksandr Tuqanovun, Rza Təhmasibin, Aleksey Qripiçin, Səftər
Turabovun, Mehdi Məmmədovun, Ələsgər Şərifovun, Əliheydər Ələkbərovun, Tofiq Kazımovun
quruluş verdikləri tamaşaların da böyük əhəmiyyəti olub. Aktyor onların hazırladıqları tamaşalarda
faciə və dram rollarını ustalıqla ifa edib.
Aktyorun yüksək sənətkarlıqla oynadığı Elxan ("Od gəlini", Cəfər Cabbarlı), Əmiraslan bəy
Salamov ("1905-ci ildə", Cəfər Cabbarlı), Murov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski),
Şah Zeyr ("Şahnamə", Mirzə Fətəli Axundzadənin "Aldanınış kəvakib" povestinin motivləri
əsasında Cananın işləməsi), Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Kərəməli və Heydər
bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Vasili ("Lenin", Aleksey Kapler və Zlotoqorova),
Maqduf, Tibalt, Kral Lir ("Maqbet", "Romeo və Cülyetta" və "Kral Lir", Vilyam Şekspir), Yaqor
("Vətən namusu", Georgi Mdivani), Polkovnik Zorin ("Gizli döyüş", Tur qardaşları), İsgəndər
("Nüşabə", Abdulla Şaiq), Xlebnikov ("Şəxsi iş", Aleksandr Şteyn), Pərviz xan ("Köhnə dudman",
Əbdürrəhim bəy Haqverdiyev), Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil), Şahbaz (ata)
("İnsan", Səməd Vurğun), Matvey Şulqa ("Gənc qvardiya", Aleksandr Fadeyev), Henrix ("Madrid",
Mirzə İbrahimov), Əlimərdan ("Eşq və intiqam", Süleyman Sani Axundov), Proxor ("Vassa
Jeleznova", Maksim Qorki), Fərhad Kamalov ("Alov", Mehdi Hüseyn) ayrı-ayrılıqda orijinal və
məzmunlu yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilib. Fərhad Kamalov aktyorun səhnədə son
roludur. Ələsgər Ələkbərovun çoxşaxəli yaradıcılığında ekran rolları xüsusi yer tutur. Kinoya
çəkilməyə on yeddi yaşından başlayan aktyor ekranda Əhməd ("Vulkan üzərində ev"), Qurban
("Lətif"), Fuad ("Almaz"), Göydəmir ("Kəndlilər"), Aslanov ("Yeni horizont"), Fətəli xan ("Fətəli
xan"), İsmayılzadə ("Qara daşlar"), Kazım dayı ("Ögey ana"), Ferrero ("Uzaq sahillərdə"), Sərdarlı
("Kölgələr sürünür"), Rəhim bəy ("Səhər"), Don Aqilla ("Varislər". "Leninfilm"), Şeyx Əmir
("Leyli və Məcnun"), Rüstəm kişi ("Böyük dayaq") rollarını yaradıb.
Tamaşaçıların aktyor kimi böyük ehtiram və sevgi bəslədikləri Ələsgər Ələkbərov həm də
gözəl qiraət ustası idi.
O, altıncı çağırış SSRİ Ali Sovetinin deputatı olub.
Taleyini səhnəyə, aktyorluq sənətinə bağlamış Ələsgər Ələkbərov Azərbaycan
Respublikasının əməkdar artisti (4 dekabr 1938), xalq artisti (4 may 1940) və SSRİ xalq artisti (2
fevral 1961) fəxri adlarına layiq görülüb.
Uşaqlıqda rəsm çəkməyə ciddi maraq göstərən Ələsgər Ələkbərov zövqlü rəssam idi. Onun
sənət dostlarına çəkdiyi şarjlar səmimiyyəti və xarakterik cizgiləri ilə səciyyəvidir.
Bununla belə görkəmli sənət ustası Ələsgər Ələkbərov monumental səpkili tamaşalarda
romantik vüsətli rolları böyük ustalıqla ifa etdiyi kimi, realist yönümlü səhnə əsərlərində həyati
obrazları coşğun məharətlə oynayırdı. "Hacı Qara"dakı Kərəməli kimi xarakterik rollarda isə
yapışıqlı, duzlu və ürəkoxşayan idi.
Ələsgər Ələkbərov gur, aydın diksiyalı səsindən tamaşalarda obrazın düşdüyü vəziyyətlərin
xarakterik mahiyyətinə uyğun tərzdə, məhərətlə istifadə edə bilirdi.
Ələsgər Ələkbərov səhnə hərəkətlərinin plastikasındakı yumşaqlıq, zəriflik aktyor ifasına
bütövlük gətirir, oyun tərzinə monumentallıq verirdi.
Ələsgər Ələkbərov sifət ifadələri, mimika cizgiləri əlvan olduğu qədər də mənalı, dəqiq,
sərrast ünvanlı idi.
Ələsgər Ələkbərovun qəhrəman rollarında məhrəmlik, ağayanalıq və dolğun məzmunlu
vüqar vardı. Aktyorun əlvan və çoxçalarlı romantik boyaları həyat nəfəsli idi.
Ələsgər Ələkbərov 1963-cü il yanvar ayının 31-də teatrda "Səyavuş" tamaşasının məşqində
olub. Axşam isə qəfildən ürəyi dayanıb.
Qüdrətli aktyor Bakıda Fəxri xiyabanda torpağa tapşırılıb.
Dostları ilə paylaş: |