Solmaz Orlinskaya 1924-1933-cü illərdə burada Sevil ("Sevil"), Ledi Milford ("Məkr və
məhəbbət"), Xavər ("İblis"), Sona ("Hacı Qara"), Sevər ("Oqtay Eloğlu"), Gültəkin ("Aydın"),
Solmaz ("Od gəlini"), Süsən ("Namus"), Xuraman ("Vaqif"), Jasmen ("Knyaz"), Ofeliya ("Hamlet")
rolları ilə teatrın ifaçılıq salnaməsini zənginləşdirmişlər.
İyirmi bir yaşında Tiflis DADT-nin aparıcı aktyorlarından olan Ülvi Rəcəb lirik-romantik
aktyorluq üslubu ilə tamaşaçıların rəğbətini qazanıb. Bu səhnəyə Otello ("Otello"), Frans
("Qaçaqlar"), Kral ("Şahın bərbəri"), Dərviş ("Şeyx Sənan"), İxtiyar ("İblis"), Soltan bəy ("Arşın
mal alan"), Məhkəmə sədri Lyapkin Tyapkin ("Müfəttiş") rollarında çıxıb.
Tiflis teatrının dövlət statusu almaq üçün keçdiyi inkişaf yolunda Möhsün Sənani, xüsusən
Mustafa Mərdanov və Əşrəf Yüzbaşov səmərəli işlər görmüşlər.
Azərbaycanın xalq artisti Aleksandr Tuqanov (13.3.1871-6.3.1960) Tiflis Azərbaycan Dövlət
Dram Teatrında baş rejissor işləyəndə (avqust 1923-iyul 1924) bu kollektivdə Vilyam Şekspirin
"Otello", "Hamlet", Jan Batist Molyerin "Jorj Danden", Hüseyn Cavidin "İblis", "Şeyx Sənan",
"Uçurum", Cəfər Cabbarlının "Oqtay Eloğlu", Fridrix Sillerin "Qaçaqlar", Üzeyir bəy Hacıbəyovun
"Arşın mal alan", "Leyli və Məcnun", "Əsli və Kərəm", Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin
"Əmir Əbül Üla", Böyükağa Talıblının "Kef içində", Mirseyfəddin Kirmanşahlının "Üç cərəyan",
Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", Mirzə Cəlilin "Ölülər", Nikolay Qoqolun "Müfəttiş",
Namiq Kamalın "Akif bəy" dram, faciə, opera, operetta və komediyalarına əlvan quruluşlar verib.
Dostları ilə paylaş: |