ROMAN TRİFONOV (5.8.1896-5.4.1966)
Opera müğənnisi, pedaqoq, məxməri səsi olan Roman Maksimoviç Trifonov Saratovda
doğulub. Oranın konservatoriyasında ali vokal təhsili alan (1927) Roman Trifonov Moskva Teatr
Sənəti İnstitutunda və ikinci MBAT-da (Mockva Bədaye Akademik Teatrı) da səhnə sənətinin
incəliklərini mənimsəyib. Kiyev (1928 - 1931), Saratov, Odessa, Sverdlovsk (1931-1936), Peterburq
(1936-1940) şəhərlərinin opera teatrlarında solist olub. Peterburq teatrında Mixail Qlinkanın
eyniadlı operasında İvan Susaninin partiyasının əvəzsiz ifaçısı sayılıb. 1940-1947-ci illərdə Daşkənd
Opera və Balet Teatrında çalışan müğənni Özbəkistanın xalq artisti (1945) fəxri adına layiq görülüb.
Roman Trifonov 1948-ci ildə Bakıya gəlib və Azərbaycan Dövlət Opera və Balet teatrına
solist qəbul olunmaqla yanaşı, bir il sonra konservatoriyanın kafedra müdiri təyin edilib. Üzeyir bəy
Hacıbəyovun "Koroğlu" (İbrahim xan), Cüzeppe Verdinin "Siciliya gecələri" (Proçda), "Trubadur"
(Fernando), Leo Delibin "Lakme" (Nilakant), Pyotr Çaykovskinin "İolanta" (Kral Rene), "Mazepa"
(Koçubəy), Jorj Bizenin "Karmen" (Tsuniqa), Aleksandr Darqomıjskinin "Su pərisi" (Dəyirmançı),
Şarl Fransua Qunonun "Faust" (Mefistofel), Coakkino Rossininin "Sevilya bərbəri" (Don Bazilio),
Mixail Qlinkamn "İvan Susanin" (İvan Susanin), Sergey Vasilenkonun "Suvorov" (Suvorov),
Cahangir Cahangirovun "Azad" (Xan), Modest Musorqskinin "Boris Qodunov" (Boris Qodunov və
Varlaam), "Xovanşina" (Dosifey), Boris Zeydmanın "Ağıldan bəla" (Famusov) operalarında əsas
partiyaları məharətlə ifa edib.
Azərbaycan Milli operasının əlli illiyi münasibətilə 26 aprel 1958-ci ildə Roman Trifonova
Azərbaycan Respublikasının xalq artisti fəxri adı verilib. 5 aprel 1966-cı ildə Bakıda vəfat edib.
|