Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə327/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   323   324   325   326   327   328   329   330   ...   470
SOLTAN  DADAŞOV  

(27.5.1906 - 7.9.1968) 

 



Ali təhsil görmüş ilk milli musiqili teatr rejissorumuzdur. Xalq oyun tamaşalarının poetika 

göstəricilərini dərindən bilir və onun estetik prinsiplərindən məharətlə istifadə edirdi. Klassik 

muğam operalarımıza, operettalarımıza verdiyi quruluşlar zəngin milli koloriti ilə seçilirdi. "Leyli və 

Məcnun", "Əsli və Kərəm" operalarına monumental səpkili, lirik-romantik ruhda quruluşları birinci 

dəfə Soltan Dadaşov verib. 

Rejissor kimi quruluş verdiyi operaların partiturasını  əzbər bildiyi üçün qurduğu 

kompozisiya, verdiyi mürəkkəb mizanlar musiqi ilə sözün harınonik, üzvi qovuşuğunun poetik 

təcəssümünə xidmət edib. Həssas musiqi duyumu və fenomenal musiqi yaddaşı onun səhnə 

təfsirlərinə möhtəşəmlik hüsnü verirdi. 

Təxəllüsü "Zaki" olan Soltan Baba oğlu Dadaşov 1906-cı il mayın 27-də Bakıda doğulub. 

Kiçik yaşlarında ruhani təhsili alıb. Fərasət və diribaşlığına, oxumağa həvəsli olmasına görə atası 

onu türk-rus məktəbinə verib. Qabaqcıl  şagird kimi müəllimlərin sevimlisi olan yeniyetmə Soltan 

buradan da realni məktəbə keçib. Oxuduğu məktəblərdə keçirilən müsamirələrdə, bayram 

şənliklərində  təsnif və el nəğmələri oxuyurdu. Erkən gənclik illərindən klassik şairlərdən 

Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin ədəbi irsini 

dərindən mənimsəmişdi. Bəlağətli  əruzun  əlvan və mürəkkəb vəznlərini dərindən bilən qiraət 

xiridarı kimi tamaşaçı-dinləyicilərin rəğbətini qazanmışdı. 

Düşüncə  tərzinə, idrak və  təfəkKürünə görə  həmyaşıdlarından irəli gedən Soltan Dadaşov 

məktəbdə dram dərnəyi yaratmışdı. O, şagird dostları ilə Mirzə  Fətəli Axundzadənin 

komediyalarından, Nəcəf bəy Vəzirovun məsxərələrindən, Ha-şım bəy Vəzirovun məzhəkə  və 

vodevillərindən parçalar seçib tamaşalar hazırlayırdı. Özü bu səhnələrdə həvəskar aktyor-ifaçı kimi 

də çıxış edirdi. 

1920-1921-ci illərədə Soltan Dadaşov Bakıdakı  Mərkəzi fəhlə klubunun dram dərnəyinin 

fəallarından olub. Sovet hökumətinin təşkil etdiyi təbliğat və təşviqat briqadalarının fəal üzvü kimi 

Azərbaycanın rayonlarında aktyor, müğənni, dekiomasiyaçı kimi çıxışlar edib. 

1923-cü ildə milli səhnə mədəniyyətimizi peşəkar ixtisaslı kadrlarla təmin etmək məqsədilə 

Bakı Teatr Məktəbi (Texnikumu) açılıb. Soltan Dadaşov həmin məktəbin ilk məzunlarından olub və 

1924-cü ildə həmçinin Milli Dram Teatrının yardım heyətində aktyorluq edib. Texnikumda oxuduğu 

illərdə teatrın səhnəsində tamaşaya qoyulmuş bir sıra əsərlərdə epizod rollar oynayıb. 

Fərasətli tələbə olduğuna, Bakı Teatr Məktəbini  əla qiymətlərlə bitirdiyinə, rus dilində 

sərbəst danışdığına, həssas musiqi duyumuna və Milli Dram Teatrının səhnəsindəki sərbəst 

yaradıcılıq cəhdlərinə görə  və  ən  əsası, sənət müəllimi Aleksandr Tuqanovun zəmanəti ilə 

Azərbaycan Respublikasının Xalq Maarif komissarlığı (XMK) 1927-ci ildə Soltan Dadaşovu 

Moskvada təhsilini davam etdirməyə göndərib. Mərkəzi Teatr Texnikumunda dörd il təhsil alan 

Soltan Dadaşov 1931-ci ildə Bakıya musiqili teatr rejissoru ixtisası ilə qayıdıb. O, Moskvada 

Aleksey Popov, Boris Zaxava, Andrey Petrovski, Boris Suşkeviç kimi məşhur pedaqoqlardan sənət 

ixtisası dərsi almış, rejissuranın estetik və fəlsəfi əsaslarına bacarıqla yiyələnmişdi. 

Təhsilini bitirib təyinatla Azərbaycan Xalq Maarif komissarlığının sərəncamına göndərilən 

Soltan Dadaşov opera teatrına quruluşçu rejissor təyin olunub. O, opera teatrında çalışan ilk peşənar 

təhsil almış rejissor idi və buna görə də elə ilk işindən onun quruluşları əzəmətli vüsətinə, zəngin 

koloritinə və tamaşaların səhnə həllinin bəstəkarların partiturası ilə uyğun gəlMəsmə görə seçilirdi. 

Soltan Dadaşov lirik məhəbbət mövzularını formaca emosional monumentallıqla həll edir, 

klassik dünya opera incilərini azərbaycanlı tamaşaçılar üçün anlaşıqlı  bədii-estetik formalarda 

hazırlamağa üstünlük verir, vokal qabiliyyəti yüksək olan sənətçilərin aktyorluq ifalarına, obraz, 

xarakter yaratmaq məqsədlərinə geniş imkanlar açırdı. 

O, milli muğam operalarımızı monumental səpkidə hazırlamağa cəhd göstərən və bu sahədə 

dəyərli nailiyyətlər qazanan, bugünədək davam edən ənənənin təməlini qoyan cəsarətli, yaradıcı və 

novator rejissor idi. 




Hansısa klassik operanın  əsas partiyalarını azərbaycanca oxuyan vokal ustalarını  təkidlə 

aktyorluq sənətinin incəliklərinə yiyələnməyə, obrazın psixoloji-estetik, sosial-fəlsəfi mahiyyətini 

ifadəli cizgilərlə tamaşaçılara çatdırmağa təhrik edən ilk milli opera rejissoru da məhz Soltan 

Dadaşov olub. 

Soltan Dadaşov Opera və Balet Teatrında otuz səkkiz illik rejissorluğu dövründə Üzeyir bəy 

Hacıbəyovun "O olmasın, bu olsun" ("Məşədi İbad"), "Arşın mal alan", "Leyli və Məcnun" (bir neçə 

quruluşda), "Cəbhə və vətən", "Əsli və Kərəm", Müslüm Maqomayevin "Nərgiz", "Şah İsmayıl" (bir 

neçə quruluşda), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (iki quruluşda), Cüzeppe Verdinin 

"Riqoletto", "Traviata", Soltan Hacıbəyovun "Gülşən" (balet), İbrahimov Məmmədovun "Tülkü və 

Alabaş", Rucero Leonkovallonun "Məzhəkəçilər" əsərlərinin quruluşçu rejissoru olmuşdur. 

Aşqabad Dövlət Azərbaycan Teatrı "dram və opera teatrı" adı ilə  fəaliyyət göstərdiyi 

vaxtlarda Soltan Dadaşov həmin kollektivdə tamaşa hazırlamağa dəvət edilib. Rejissor 1937-ci ilin 

dekabrında Aşqabad teatrında Müslüm Maqomayevin "Şah  İsmayıl" operasının məşqlərinə 

başlamışdır. Operanın premyerası 1938-ci il yanvar ayının 16-da göstərilmiş  və  təntənəli keçən 

tamaşa sənət ocağının yaradıcılığında hadisə kimi qiymətləndirilmişdir. 

1938-ci ildə Moskvada keçirilən Azərbaycan  Ədəbiyyatı  və  İncəsənəti Dekadasında 

(ongünlüyündə) "Arşın mal alan" operettasının böyük uğurundan sonra Bakıda müstəqil Musiqili 

komediya Teatrı yaratmaq barədə Dövlətin qərarı oldu. Teatrın ilk işi kimi Zülfüqar bəy 

Hacıbəyovun "Evliykən subay" operettası seçildi. Operettanın rejissorluğu Soltan Dada-şova 

tapşırıldı və əsərin ilk tamaşası 30 may 1938-ci ildə "Rote Fane" parkının (İndiki "Nizami" parki) 

möhtəşəm yay salonunda göstərildi. Quruluşçu rejissor tamaşada əsas rolları Məmmədli Vəlixanlıya 

(Kərbəlayı Hacı), Münəvvər Kələntərliyə (Pərzad),  Əhməd Qəmərliyə (Xosrov bəy),  İbrahim 

Şünasiyə (Məşədi Səfi), Heydər Məlikova (Muxtar bəy) tapşırmışdı. 

Soltan Dadaşov 1941-ci il may ayının 21-də Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında 

monumental, etno-mədəni xalq mərasim oyun-tamaşasını tamaşaçılara təqdim etdi. Filarmoniyada 

göstərilən bu tamaşa milli musiqi folkloru xəzinəmizin poetik vüsətini, etnogenezislə bağlı estetik-

psixoloji məziyyətlərini böyük ustalıqla səhnədə təcəssüm etdirə bilmişdi. 

1945-ci ildə Bakıda ilk dəfə Dövlət səviyyəsində Azər-baycan sirki təşkil olunanda 

rejissorluq işi Soltan Dadaşova tapşırıldı. Onun rejissorluğu, proqramlara milli "zorxana", 

"qaravəlli", "hoqqa" oyun estetikalarının prinsip və formalarını cəsarətlə gətirməsi ilə sirk kollektivi 

Moskvada, Peterburqda, Minskdə, Riqada, Vilnüsdə, Tallində çıxışlar edib. 

1967-ci ildə Soltan Dadaşov sirk proqramında milli folklorumuzun bütün estetik 

gözəlliklərini, etno-mədəni tariximizin oyun-tamaşa səciyyələrini təcəssüm etdirən xüsusi "Novruz" 

proqramı hazırlayıb. 

Opera və Balet Teatrında işləyən Soltan Dadaşov 1949-cu ildə bağlanmış Azərbaycan Dövlət 

Musiqili Komediya Teatrının aktyorlarını, əsasən Filarmoniyanın estradasında çalışan sənətçilərini 

bir yerə cəm edib. 1954-cü ildə dövlət sözü yazılmadan Azərbaycan Musiqili Komediya Teatrı kimi 

truppanın fəaliyyətinə nail olub. "Arşın mal alan", "Məşədi İbad", dramaturq Məhərrəm Əlizadənin 

və bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?", dramaturq Süleyman Rüstəmin və bəstəkar Səid 

Rüstəmovun "Durna" operettalarını burada tanıa-şaya hazırlayıb. Məhz bu kollektivin güclü 

bazasında truppa 1956-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kimi fəaliyyətə 

başlayıb və bugünədək yaradıcılığını davam etdirməkdədir. 

Soltan Dadaşovun rejissor üslubunun novatorluq xüsusiyyətləri, məzmun və forma həllində 

milli xalq oyunlarından bəhrələnmə  cəhdləri Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin də 

diqqətini cəlb etmişdi. İyirmi yaşına çatanda Kamal sənətkar kimi qəbul olunan Soltan Dadaşovun 

rejissorluğu ilə 1933-1936-cı illər  ərzində GTT-də Qriqori kornellinin "Qaçaq Səməd", Zəfər 

Nemətovla  Əli Həsənovun "Qaralar Ölkəsində",  Əli Həsənovla  Əliməmməd Atayevin "Sürət", 

"Çelyuskinçilər", Mirmehdi Seyidzadənin "Nərgiz"  əsərləri tamaşaya qoyulmuşdur. Onun 




rejissorluğu ilə Dağıstan Muxtar Respublikasındakı Süleyman Stalski adına Ləzgi Dövlət Dram 

Teatrında M.Xurişlova ilə M.Çistyakovanın "Şahid Sulak" (1960) pyesi tamaşaya hazırlanıb. 

Soltan Dadaşovun yazdığı, Mirzə  Ələkbər Sabirin yaradıcılığının bədii məziyyətlərini, 

kəskin satirasının ictimai ma-hiyyətini təcəssüm etdirən "Keçmişin məişət səhnələri" librettosuna 

Vasif Adıgözəlov musiqili komediya bəstələyib. Həmin əsər 27 may 1962-ci ildə rejissor Əliheydər 

Ələkbərovun quruluşunda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulub. 

1934-cü ildən pedaqoji fəaliyyətlə  də  məşğul olan Soltan Dadaşov uzun illər Azərbaycan 

Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Milli opera teatrı tarixini, onun 

görkəmli sənətkarlarının yaradıcılıq yolunu dərindən bilən Soltan Dadaşov "Mirzə Fətəli Axundzadə 

adına Azərbaycan Dövlət Opera və Balet Teatrı" kitabının (Bakı, Azərnəşr, 1958), xalq artisti 

Hüseynağa Hacıbababəyov barədə monoqrafiyanın (Bakı, ATC, 1958) müəllifidir. Azərbacan 

estradasında rejissorluq etmiş, Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı üçün 

rəngarəng proqram kompozisiyaları hazırlamışdır. 

Azərbaycan musiqili teatrının inkişafında xidmətlərinə  və rejissorluq sənətində qazandığı 

ciddi nailiyyətlərə görə Soltan Dadaşov 23 fevral 1940-cı ildə Azərbaycan Respublikasının əməkdar 

incəsənət xadimi və 26 aprel 1958-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 

Sənətkar 7 sentyabr 1969-cu ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin