Səkkizinci mühazirə
UŞAQLARIN YUXUGÖRMƏLƏRİ
Dəyərli xanımlar və bəylər! Deyəsən, biz gərək olduğundan çox irəli getdiyimizi
düşünməyə başlamışıq. Elə isə gəlin bir az geriyə qayıdaq. Biz yuxugörmələrin
daşıdığı gizli anlamların onlarda korlanmış (təhrif olunmuş) bir durumda üzə çıxdığını
deyərək, öz yuxuyozma texnikamızla bunu aradan qaldırmağa çalışanda işimizin daha
da uğurlu alınması üçün belə yuxugörmələri bir kənara qoyub, gizli qalan anlamı
korlanmayan (beləsi varsa), ya da çox az korlanan yuxugörmələrə üz tutmağın
gərəkliyini anlamışdıq. Bunun üçün də biz gərək indiyədək addım-addım gəldiyimiz
yolda qazanmış olduğumuz bilikləri genişləndirməyi də dayandıraq, axı elə bu
qazandığımız biliklərlə gizli anlamı korlanmış yuxugörmələri araşdırmaq, bizi gizli
anlamı korlanmamış yuxugörmələri araşdırmağın gərəkliyinə yönəltmiş olur.
Bu baxımdan, bizə gərək olan qaynaqları uşaqların yuxugörmələrində tapmaq
olar. Onlar çox qısadır, aydındır, qarmaqarışıq və çoxanlamlı deyil, onları çox
asanlıqla anlamaq olur, ən başlıcası isə bunlar yuxugörmədir. Ancaq uşaqların bütün
yuxugörmələrinin belə olduğunu düşünməyə də dəyməz. Elə uşaq yaşlarında da
yuxugörmənin gizli anlamları korlanmağa başlayır, 5-8 yaşlar arasındakı uşaqların
yazıya alınmış bir sıra yuxugörmələrində də, yaşlılarda olduğu kimi, dərin korlanma
izlərini görmək olur. Siz birdən daha erkən, 4-5 yaşlar arasındakı uşaqların yuxularına
göz gəzdirsəniz, onda burada körpəliyə uyğun yuxugörmələr adlana biləcək
yuxugörmələrlə üzləşəcəksiniz, ancaq belə körpəlikdən (infantil) yaranan
yuxugörmələr daha yaşlı uşaqlarda da olur. Habelə yaşlı insanlarda da bəlli
durumlarda körpəliyə uyğun yuxugörmələrə çox bənzəyən yuxugörmələr ola bilir.
Bu uşaq yuxugörmələrindən yararlanmaqla biz çox asanlıqla və inamla
yuxugörmənin mahiyyəti ilə bağlı sonuclara gəlib çıxacağıq, mənin inamıma görə, bu
sonuclar çox önəmli və yuxugörmələr üçün ümumi olacaqdır.
1. Bu yuxugörmələri anlamaq üçün onları araşdırmağa və bizim yuxuyozma
texnikamızdan yararlanmağa gərək qalmayacaqdır. Habelə burada yuxugörməsini
danışan uşağı sorğulamağa da gərək yoxdur. Yalnız uşağın yaşamı ilə bağlı azacıq
bilgilərimizin olması onun gördüyü yuxunu anlamaq üçün yetərlidir. Bu
yuxugörmələrdə həmişə ötən gün baş verənlərlə bağlı nəsə olur və onlara dayanaraq,
yuxunu aydınlaşdırmaq heç bir çətinlik törətmir.
Mən burada bir sıra yuxugörmə örnəkləri gətirməklə sizin özünüzün bir neçə
sonuclara gəlməyinizi istərdim.
a) 22 aylıq uşaq ad günündə təbrikçilər sırasında albalı dolu kiçik səbəti daşımalı
idi. Ona bu işinə görə yemək üçün albalı veriləcəyini boyun olsalar da, bu işi könülsüz
görür. Sonrakı gün o, gecə gördüyü yuxusunu danışır: German (ad günü olan)
albalıların hamısını yedi.
b) Üç yaş üç aylıq olan qız uşağını ilk dəfə qayıqla göldə gəzintiyə çıxarırlar.
Gəzinti qurtarandan sonra o, qayıqdan düşmək istəmir, hönkürtü ilə ağlayır. O,
qayıqla olan bu gəzintinin çox az olduğunu düşünür, yenə də qayıqla üzmək istəyir.
Ertəsi günü səhər o danışır: bu gecə yuxumda mən qayıqla göldə üzürdüm. Sözsüz,
onun yuxuda baş tutan bu “gəzintisi”, ürəyi istədiyi kimi, uzun çəkmişdi.
c) Beş yaş üç aylıq oğlan uşağını Qallştatt yaxınlığındakı Eşerntala gəzməyə
aparmışdılar. Uşaq Qallştattın Daxşteyn dağının ətəyində yerləşdiyini eşitmişdi. Onda
bu dağa qarşı çox böyük maraq yaranmışdı. Onların Auszedəki evindən bu dağ yaxşı
görünürdü, binoklla baxanda isə bu dağın Simoniqyutte yüksəkliyini də görmək
olurdu. Uşaq dəfələrlə binoklla bu yüksəkliyi izləməyə çalışmışdı, onun bu işdə hansı
uğuru qazandığı isə bəlli deyildi. Uşaq bu gəzintiyə çox böyük sevinclə qatılmışdı.
Yolboyu qarşılarına çıxan hər yeni dağı görəndə o soruşurdu: Daxşteyn budur? Hər
dəfə “yox, bu deyil” sözünü eşitdikcə onun qanı qaralırdı, çox keçmədən o susub
dayandı və yolüstü qarşılarına çıxan şəlaləyə yaxından baxmaqdan da boyun qaçırdı.
Böyüklər bunu onun yol getməkdən yorulduğuna yozdular, ancaq ertəsi gün səhər
uşaq sevinclə bildirdi: bu gecə mən yuxumda bizim Simonqyutteyə qalxdığımızı
görmüşəm. Uşaq bütün gəzinti boyunca bu yüksəkliyə çıxacaqlarını gözləmiş, ancaq
bu baş tutmayanda qüssələnmişdi. Yüksəkliyə necə çıxdığını soruşanda isə o,
böyüklərin öncədən ona danışdıqlarını söyləmişdi: yüksəkliyə doğru qazılmış
pilləkənlərlə altı saat qalxıb onun təpəsinə çatırsan.
Bu üç yuxugörmə bizə gərək olan bilgiləri almaq üçün yetərlidir.
2. Gördüyümüz kimi, bu uşaq yuxugörmələri anlamsız deyildirlər; bunların
hamısı anlaşıqlı, bütöv ruhi hadisələrdir. Elə bilirəm, mənim bir az öncə sizə yuxugör-
mənin tibbi baxımdan təhlili ilə bağlı dediklərimi unutmamısınız: belə bir yozumda
yuxugörməni musiqi çalğıçılığını bilməyən birisinin pianinonun dilləri üzərində
barmaqlarını necə gəldi gəzdirməsinə bənzətdiklərini söyləmişdik. İndicə uşaq
yuxugörmələrinin bu mülahizə ilə necə böyük ziddiyyət yaratdığını gördünüz. Eləcə
də uşaqların yuxugörmələri anlaşıqlı, bütöv ruhi hadisələr olduğu halda, böyüklərin
yuxugörmələrinin onların psixoloji durumunu yerindən oynadan qıcıqlar şəklində
yaranması da təəccüb doğurur. Böyüklər yuxugörmədə belə qıcıqlandıqları halda,
uşaqlar yuxu gördükdə də çox dərin və dadlı bir yuxuya dalırlar.
3. Uşaq yuxugörmələrinin çoxusu korlanmaya uğramadıqlarından onları yozmağa
da gərək duyulmur. Burada yuxugörmənin açıq məzmunu ilə onun gizli məzmunu çox
vaxt üst-üstə düşür. Beləliklə də, bu öyrəndiklərimizdən belə bir sonuca gəlib çıxırıq:
yuxugörmənin korlanması onun mahiyyəti ilə bağlı deyildir. Mənim inamıma görə, bu
sözdən sonra siz ürəyinizdə bir yüngüllük duyacaqsınız. Ancaq biz bir sıra
araşdırmalardan sonra elə bu yuxugörmələr üçün də gizlin məzmundan açıq məzmuna
keçiddə, azacıq da olsa, korlanmaların olduğunu görürük.
4. Uşaq yuxugörmələri, başlıca olaraq, keçən günün yaşantılarından doğulur,
buradakı təəssüflər, darıxmalar və yerinə yetməyən umacaqlarla bağlı olur. Gündəlik
yaşamda əlçatmaz olanlar bu yuxugörmələrdə birbaşa, açıq-aydın şəkildə gerçəkləşir.
Elə bilirəm, daxili və xarici cismani qıcıqların yuxunu pozub yuxugörmələr yaratdığı
ilə bağlı yuxarıda dediklərimizi unutmamısınız. Biz belə inandırıcı faktların bir
çoxunu araşdırsaq da, bunlarla yuxugörmələrin çox az bir kəsimini aydınlaşdırmağın
mümkün olduğunu öyrənmişdik. Ancaq uşaq yuxugörmələrində, demək olar, hansısa
cismani təsirlərin yaratdığı qıcıqların rolu görünmür; məncə, bu mülahizəmizdə biz
yanılmırıq, bunu uşaq yuxugörmələrinin olduqca aydın olması da göstərir, ona görə də
burada nələrinsə baxışlarımızdan yayınması ağlabatan deyildir. Ancaq bu deyilənlər
heç də yuxugörmələrin qıcıqlanmalardan yaranmasını danmır. Onda belə bir sorğu
yaranır: biz nə üçün öncədən yuxunu pozub onu yuxugörməyə yönəldən cismani
səbəblərdən başqa, həm də psixoloji səbəblərin olduğunu unutmuşuq? Axı biz yaranan
bu həyəcanların yaşlı adamların yuxusunu pozduğunu, onun xarici aləmdən ayrılıb
dərin yuxuya getməsinin qarşısını aldığını bilirik. Yaşadığı dünyada insanı narahat
eləyən nəsnələr varsa, onda o bu problemi çözmədən yatmaq istəmir. Uşaq üçün belə
rahatsızlıq yaradan, yatmağa qoymayan faktor onun yerinə yetməyən istəkləridir və o,
yuxuya gedəndə bu istəklərini yuxugörməsində gerçəkləşdirməyə çalışır.
5. Buradan da biz kəsə bir yolla yuxugörmənin gördüyü işi anlamağa gəlib
çıxırıq. Yuxugörmə, psixi qıcıqlanmaya qarşı baş verən reaksiya olmaqla, gərək
insanın düşüncələrini bu qıcıqlanmadan büsbütün azad eləyərək onun yerini tuta
bilsin, beləliklə də, bu qıcıqlanmanı aradan qaldıraraq insanın yata bilməsinə yardımçı
olsun. Yuxugörmənin, düşüncələri bu psixoloji qıcıqlardan necə və hansı tezliklə azad
eləməsi bizə bəlli olmasa da, biz artıq yuxugörmənin heç də deyildiyi kimi, yuxunu
pozan bir gerçəklik olmadığını, əksinə, onun keşikçisi olduğunu, yuxunu pozan
səbəbləri aradan qaldırdığını görürük. Düzdür, bizə elə gəlir, yuxu görməsəydik daha
yaxşı yatardıq, ancaq bu, yanlış düşüncədir; özlüyündə isə yuxugörmə bizim psixi
gərginliyimizi aradan qaldıra bilməsəydi biz heç yata bilməzdik. Heç olmasa belə yata
bilməyimiz üçün biz ona borcluyuq. Onun bizim yuxumuzu bir azca ağırlaşdırmağına
gəlincə, bu, şəhərdə insanların gecə yuxusunu pozanları qovalayan gecə keşikçilərinin
yaratdığı səs-küylə tutuşdurula bilər.
6. Yuxugörmənin başlıca özəlliyi onun insanın gerçəkləşmək istəyən
istəklərindən yaranmasıdır və bu istəklərin yerinə yetirilməsi də elə yuxugörmənin
məzmununa çevrilir. Yuxugörmənin başqa bir dayanıqlı özəlliyi isə, onun bu istəkləri
təkcə elə düşüncədən keçirməklə yetinməməsi, bu istəkləri gözəgörünmələr
(hallüsinasiyalar) şəklinə salmasıdır. “Mən göldə qayıqla üzmək istəyirəm” istəyi
“mən göldə qayıqla doyunca üzdüm” kimi bir yuxugörmə məzmununa çevrilir.
Yuxugörmənin açıq məzmunu ilə onun gizli məzmunu arasındakı fərq, beləliklə də,
yuxugörmədə gizli qalan gerçək anlamın korlanması bu sadə uşaq yuxularında da
qalır. Burada bu “korlanma” yuxugörmədə istəklərin düşüncədən “gerçəkliyə”
çevrilməsində özünü göstərir. Ona görə də bütün yuxugörmələrin yozulmasında, ən
başlıcası, baş verən bu dəyişikliyin, çevrilmənin tapılmasıdır. Dediyimiz sonuncu
özəllik bütün yuxugörmələr üçün doğrulursa, onda yuxarıda örnək gətirdiyimiz
yuxulardan biri belə yozulmalıdır: mən qardaşımı qutunun içində ilişib qalmış
gördüm, artıq burada “mənim qardaşım özünü məhdudlaşdırır” kimi yox, “mənim
düşüncəmə görə, qardaşım gərək öz hərəkətlərini məhdudlaşdırsın” kimi
anlaşılmalıdır. Göründüyü kimi, yuxugörmənin göstərdiyimiz iki başlıca özəlliyindən
ikincisi birincidən daha inandırıcı görünür. Ancaq çoxsaylı araşdırmalar yuxugörməni
könül istəklərinin yaratdığını aydınlaşdıra bilər və onun yaranmasında hansısa
qorxunun, başqa bu kimi niyyətlərin olmadığı da sübut oluna bilər, eləcə də,
yuxugörmənin başqa bir özəlliyi də onun insanın daxilində yaranan bu qıcıqları
sadəcə canlandırması yox, onları hansısa formalara salaraq söndürməsi, aradan
qaldırmasıdır. Bu, yuxugörmənin sarsılmaz və dəyişməz bir özəlliyidir.
7. Yuxugörmənin bu başlıca özəlliklərinə dayaqlanaraq, biz yenidən qayıdıb
yuxugörməni yanlış davranışlarla tutuşdura bilərik. Yanlış davranışlarda biz pozucu
niyyətlə pozulmuş məqsəd arasındakı qarşıdurmanı aydınlaşdırmış və yanlış
davranışın onların barışığından (kompromisindən) yarandığını demişdik. Bu sxem
özünü yuxugörmələr üçün də bütünlüklə doğruldur. Buradakı pozulmuş məqsəd
yatmaq istəyi sayıla bilər. Pozucu niyyəti isə psixi qıcıqla, daha doğrusu,
gerçəkləşmək istəyən istəklə əvəz eləyə bilərik. Bəlli olduğu kimi, yuxunu pozub
yuxugörmə yaradan başqa bir səbəblə biz indiyədək olan araşdırmalarımızda
üzləşməmişik. Beləliklə, burada da yuxugörmə ortalıqda olan qarşıdurmanın barışıqla
qurtarmasından yaranır. Yatırsan, ancaq könlündəki istəyin yerinə yetməsi üçün
darıxırsan; yuxugörmədə bu istəyini gerçəkləşdirirsən və yatmağa davam eləyirsən.
Habelə burada qarşılaşan iki nəsnələrdən hər biri özlərini bütünlüklə yox, yarımçıq
şəkildə gerçəkləşdirə bilirlər.
8. Unutmamısınızsa, biz bundan öncəki bir danışığımızda yuxugörməni daha
yaxşı anlaya bilmək üçün onu fantaziyanın yetirməsi olan “ayıqlıqda yuxu görmə”
olayı ilə qavramağa çalışmışdıq. Bu “ayıqlıqda yuxu görmə”, doğrudan da, bizə yaxşı
bəlli olan iddialar və erotika ilə bağlı istəklərin yerinə yetirilməsi üçün yaranır, ancaq
bunlar düşüncə səddini adlaya bilmir və heç vaxt gözəgörünən (hallüsinasiya)
obrazlara çevrilmir. Beləliklə də, yuxugörmənin başlıca özəlliklərindən ikisi burada
öz anlamlarını itirirlər, ikinci özəllik isə, ayıqlıqda əlçatmaz olan istəklərin
yuxugörmə ilə gerçəkləşməsindən büsbütün asılı olduğundan, bütünlüklə aradan
qalxmış olur. Bəlli olduğu kimi, yuxugörmənin bu ikinci özəlliyi ilə bağlı eyhamlar
danışıq dilimizdə də özünə yer eləmişdir və yuxugörmənin başlıca özəlliyi burada
istəklərin gerçəkləşməsi sayılmaqdadır. Bununla yanaşı olaraq, yuxugörmədəki
yaşantılar yalnızca istəklərin gerçəkləşməsini təsəvvürə gətirməkdirsə, yəni gecə
çağının “ayıqlıqda yuxu görmə”sidirsə və bu ancaq yatmaqla baş tutursa, habelə bu
yuxugörmə yaranmış qıcığı aradan qaldırıb insanda həzzverici duyğular yaradırsa,
onda gündüz çağının “ayıqlıqda yuxu görmə”si də, buna oxşar olaraq, insanların öz
həzlərinə çatması üçündür, doğrudan da, ancaq elə buna görə də insanlar bu
“ayıqlıqda yuxu görmə” durumuna düşürlər.
Bəlli olduğu kimi, dildə yuxugörmənin bu özəlliyini andıran çoxlu deyimlər
vardır. Elə bilirəm, bəlli atalar sözünü unutmamısınız: donuz yuxusunda palıd qozası,
qaz isə qarğıdalı görər; bu sözləri deyəndən sonra soruşulur: onda toyuq yuxusunda nə
görür? Sonra da cavab verirlər: darı. Bu atalar sözü bizi bir az da geriyə qaytarır,
indicə öz araşdırmamızda yaşlı insanlardan uzaqlaşıb uşaqların yanına dönmüşdüksə,
burada bir az da o yana – heyvanların yanınadək gedib çıxılır və yuxugörmənin bütün
durumlarda öz istəklərinin və gərəklərinin ödənilməsinə çalışmaqdan yarandığı
düşüncəsi doğruldulur. Dildə oturuşan çoxlu deyimlər də bunu bildirməkdədir, örnək
üçün: “yuxudakı kimi gözəl”, “belə yaxşı şeyi yuxuda da görməzsən”, “yatsam
yuxuma da girməzdi” kimi sözləri göstərmək olar. Doğrudur, qorxulu yuxular da,
habelə anlaşılmaz və anlamsız yuxugörmələr də olur, ancaq bəlli olduğu kimi,
insanların arasında bunlarla bağlı ürəkdən gələn deyimlər yoxdur. Danışıq dilində “pis
yuxu” deyimi olsa da, bizim danışıqlarımızda yuxugörmələrin, demək olar, hamısı
istəklərin gerçəkləşməsinə bağlanılır. Donuzla qazın yuxuda onları necə kəsdiklərini
görməsi ilə bağlı atalar sözlərinin olmaması da bundan soraq verir.
Yuxugörmədə istəklərin gerçəkləşməsi ilə bağlı məzmunun belə açıq-aydın
özünü göstərməsi, sözsüz, yuxugörmələri yazıya alan və onu araşdırmağa çalışan
yazarların gözündən qaça bilməzdi. Onlar yazıya aldıqları bu yuxugörmələrdə özünü
göstərən belə bir məzmunla sıx-sıx üzləşsələr də, bunu yuxugörmənin başlıca özəllik-
lərindən biri saymaq onların ağlına gəlməmiş, bu özəlliyin yuxugörməni yoza bilmək
üçün açar olduğunu sezməmişlər. Onların bundan nə üçün çəkindiklərini anlamaq
bizim üçün çətin deyil və bu soruya bir az sonra toxunacağıq.
Baxın, görün biz çox yüksək dəyərləndirdiyimiz bu, uşaqların yuxugörmələrindən
necə də asanlıqla çoxlu bilgilər ala bildik. Onları qısaca olaraq belə sıralamaq olar:
yuxugörmə yuxunun qoruyucusudur, o, iki çəkişən niyyətdən doğulur, bu
niyyətlərdən biri yatmaq istəyi olaraq dəyişməz qalır, o birisi isə yatmağı əngəlləmək
istəyən psixi qıcıqlanmanı ovutmaq istəyir; bu isə yuxugörmənin düşünülmüş psixi
hadisə olduğunun sübutudur; onun iki başlıca özəlliyi isə yuxugörmədə ayıqlıqda
yerinə yetməyən istəklərin gerçəkləşməsi və onların görüntülərlə (hallüsinasiya)
yaşanmasıdır. Bütün bunları danışdıqca biz, demək olar, psixoanalizlə məşğul
olduğumuzu unudaraq mühakimə yürüdürük. Bizim buradakı araşdırmalarımızı
psixoanalizlə bağlayan yalnız bir dəfə yanlış davranışlara üz tutmağımız olmuşdur.
İstənilən psixoloq psixoanalizin irəli sürdüyü ilkin fərziyyələrlə bağlı heç nə bilmədən
də uşaqların yuxugörmələrini bizim kimi yoza və aydınlaşdıra bilərdi. Elə isə, nə üçün
onlardan heç birisi bunu etməmişdir?
Birdən bütün yuxugörmələrin hamısı uşaqlardakı kimi baş versəydi, onda onların
yozulması ilə bağlı problem də biryolluq öz həllini tapardı, yuxugörənləri
sorğulamağa, onların şüurdışında nə baş verdiyini araşdırmağa, yuxugörmənin gizli
qalan anlamını tapa bilmək üçün sərbəst əlaqələndirici düşüncələrə əl atmağa da gərək
qalmazdı. Bizim bundan sonrakı işimiz bunun nə üçün belə olmadığını
aydınlaşdırmaq olacaqdır. Apardığımız sınaqların dönə-dönə göstərdiyi kimi, burada
tapdığımız və yuxugörmələr üçün ümumi sayılan özəlliklər sonradan yalnız bəlli
sayda və bəlli tipdə olan yuxugörmələrdə özünü doğrulda bilir. Burada bizi, başlıca
olaraq, maraqlandıran isə budur: uşaqların yuxugörmələrini araşdırmaqla
yuxugörmələr üçün tapdığımız və onların hamısı üçün ümumi olduğunu
düşündüyümüz özəlliklər məzmununda hansısa istəyin ödənilməsinə eyham olmayan
anlaşılmaz yuxugörmələr üçün də doğrudurmu? Bizim düşüncəmizə görə, bu
yuxugörmələr çox güclü korlanmalara uğradıqlarından, onlarla bağlı birbaşa
mülahizələr yürütmək olmaz. Hətta belə yuxuların yozulması üçün uşaq
yuxugörmələrində bizə gərək olmayan psixoanaliz texnikasından yararlanmadan
keçinmək olmadığını da düşünürük.
Ancaq böyüklərin, uşaq yuxugörmələrində olduğu kimi, korlanmaya uğramayan
və istəklərin gerçəkləşməsi üzərində qurulduğu aydın görünən yuxuları da olur. Bu
yuxular bədənin bütün ömür boyu özünü göstərən təbii istəkləri üzrə baş verir: yuxu,
susuzluq, cinsi ehtiras, habelə bu kimi başqa cismani qıcıqlar yuxugörmə doğuran
istəklərə çevrilirlər. Mən bir dəfə bir il yeddi aylıq qız uşağının yuxusunu yazıya ala
bilmişdim, bu yuxuda onun öz adı da çəkilən yemək menyusundan söz açılırdı: Anna
F., çiyələk, moruq, qayğanaq, sıyıq. Bu körpə qızcığaz çiyələk və moruq yeyərək
qarınağrısına düşdüyündən, həkimlər ona bütün günü yemək yeməyi yasaqlamışdılar,
elə aclıq keçirdiyi günün gecəsi də körpə bu yuxunu görmüşdü. Başqa bir gündə isə
bu körpənin yaşı yetmişə yaxın olan nənəsi, böyrəklərinin yaxşı işləməməsinə görə,
bütün günü aclıq keçirməli olmuşdu və o, yuxuda qonaqlıqda olduğunu və ən dadlı
yeməklər yediyini görmüşdü. Aclığa məhkum olunmuş dustaqların və uzaq
yolçuluqda uğursuzluğa düşüb ac-susuz qalanların yaşamlarını izlədikdə onların da
gecələr öz aclıq və susuzluqlarını “yatırtdıqları” yuxular gördüyü bəlli olur. Otto
Nordenşeldın 1904-cü ildə çap olunmuş “Antarktika” kitabında orada necə
qışladıqları ilə bağlı yazılarında da belə örnəklərə yer ayırmışdır: “Bizi qayğılandıran
bütün düşüncələrimiz hər gecə gördüyümüz yuxularda çox aydın və açıq şəkildə üzə
çıxırdı, ən qəribəsi isə bizim bunadək belə çoxsaylı və aydın məzmunlu yuxular
görməməyimiz idi. Bizim aramızda çox az hallarda yuxugörən yoldaşlarımız da
səhərlər, düşdüyümüz bu fantastik yerlərlə bağlı düşüncələrimizi bölüşəndə, ötən gecə
gördükləri çox uzun yuxularından danışırdılar. Onların bu yuxugörmələri indi bizim
üçün əlçatmaz olmuş gəldiyimiz yerlərlə bağlı olurdu, habelə bu yuxugörmələr indi
yaşadığımız durumla da qırılmaz tellərlə bağlanırdı... Hamımızın yuxugörmələrində
başlıca yeri yemək və içmək tuturdu. Yurddakı yaşamında gecə qonaqlıqlarında
əylənməyi çox sevən bir yoldaşımız birdən yuxuda “gecə üç cür yemək qoyulmuş
stolun arxasında günorta yeməyi yediyini görsə” bunu böyük sevinclə danışmağa
başlayırdı; tütün düşkünü olan bir başqası yuxusunda çox böyük, dağ kimi qalanmış
tütün yığını görürdü; üçüncüsü öz yuxusunda bütün yelkənlərini açıb bizə sarı üzən,
içi yemək-içməklə dolu gəmi görürdü. Birisi isə belə bir qəribə yuxu görmüşdü: onun
yanına poçtalyon gəlir və ona çatmalı olan poçtu gecikdirdiyinin səbəbini danışmağa
başlayır, sən demə, poçtalyon çaşıb ona çatası poçtu başqasına veribmiş, sonra ondan
bu poçtu almaq çox uzun çəkdiyinə görə belə gecikibmiş. Düzdür, bu yuxularda biz
başqa, gerçəkləşə bilməyən çoxlu nəsnələr də görürdük, ancaq mənim də,
yoldaşlarımın da yuxularında bir fantaziya qıtlığı gözə çarpırdı. Bu yuxugörmələrin
hamısını yazıya alan olsaydı, məncə, bu, psixoloji araşdırmalar üçün çox dəyərli bir
qaynaq ola bilərdi. Bu yuxuların başlıca özəlliyi isə onlarda bizim ən çox istədiyimiz
şeylərin əlçatan olması, istəklərimizin gerçəkləşməsi idi”. Dyu Prelin 1885-ci ildə çap
olunmuş, uğursuzluğa düşmüş səyahətçilərlə bağlı örnəklər verdiyi kitabından bir
çıxarışı da diqqətinizə çatdırmaq istəyirəm: “Adlı-sanlı araşdırıcı Munqo Parkın
ölümündən öncə yazdığı yol qeydlərindən göründüyü kimi, o, Afrikada susuzluqdan
öldüyü çağlarında yuxusunda, ara vermədən, öz yurdunun bol sulu və yaşıl çəmənli
torpaqlarını görürmüş. Başqa bir Trenk adlı səyyah aclıqdan ölümcül duruma düşdüyü
çağlarda yuxusunda sıx-sıx Sternşanze və Maqdeburq şəhərlərində olduğunu, yeməklə
dolu masanın arxasında oturduğunu görürmüş. Franklinin birinci ekspedisiyasına
qatılan Georq Bakk isə onların yeməkləri tükənib az qala acından öləcəkləri günlərdə
yuxusunda daima doyumlu yeməklər dolu süfrə görürmüş”.
Kimsə şam yeməyində çox duzlu və istiotlu yeməklər yeyibsə, onun yuxuda su
içdiyini görməsi təbii sayılmalıdır. Sözsüz, belə yuxugörmələr yatan kimsənin güclü
aclıq və susuzluğunu aradan qaldırmır; belə yuxugörmədən ayılıb çox bərk acdığını,
yaxud da susadığını duyursan və artıq gerçək yemək və su ilə aclığını və susuzluğunu
yatırırsan. Belə yuxugörmələrin praktik dəyərləri çox azdır, ancaq göründüyü kimi, bu
yuxugörmələr insanları yuxudan ayılmağa və hərəkət eləməyə sarı çəkən qıcıqları
aradan qaldırıb onların yata bilmələrinə yardımçı olurlar. Yuxuda alınan bu gerçək
olmayan həzlər, beləcə, insanlara kömək göstərmiş olurlar.
Yuxugörmə seksual qıcıqlarla bağlı yaranan istəklərin də yerinə yetirilməsi işinə
yarayır, ancaq bu qıcıqların deyilməsi gərəkən bir özəlliyi də vardır. Yuxugörmədə
gerçəkləşən seksual istəklərin aclıq və susuzluqla bağlı istəklərin yuxuda
gerçəkləşməsindən başlıca fərqi, bu istəkləri ödəməli olan obyektdən az asılı
olmasındadır. Bəlli olduğu kimi, seksual istəklər birbaşa yuxugörmənin özündə,
yuxugörən kimsənin sperma buraxması ilə gerçəkləşə bilir. Onu da deyək ki, seksual
istəklərin yuxuda gerçəkləşməsi çox vaxt ayıqlıq çağında bu istəkləri ödəməli olan
obyektlərlə ilişkilərin gerçəkləşə bilməməsi ilə bağlı olur. Yuxugörmədə gizli
məzmunun korlanması və onun məzmunca anlaşılmaz olmasına gətirib çıxaran belə
psixi qıcıqlardan biz bir az sonra danışacağıq. Seksual istəklərin yuxugörmədə sperma
buraxma yolu ilə özünü gerçəkləşdirməsi, O.Rankın dediyi kimi, gizli məzmunu
korlanmış belə yuxugörmələri araşdırmaq üçün çox yaxşı bir obyektə çevirir. Bununla
yanaşı olaraq, yaşlı insanların istəklərinin gerçəkləşməsi ilə bağlı olan bütün
yuxugörmələrində bu istəklərin gerçəkləşməsindən başqa da çoxlu məzmunlar yer ala
bilir və belə cismani yox, psixoloji səbəblərdən doğan qıcıqların anlaşılması üçün
yuxugörmənin dərindən yozulması gərəkdir.
Yaşlılarda da, uşaqlarda olduğu kimi, istəklərin gerçəkləşməsi ilə bağlı
yuxugörmələrin yaranmasının yalnız elə bu yaşlı insanların cismani istəklərindən asılı
olduğunu düşünmək doğru deyildir. Yaşlıların bizə bəlli olan, qısa və aydın
məzmunlu bir sıra yuxugörmələrinin, istəklərin gerçəkləşməsi üzərində qurulmasına
baxmayaraq, cismani yox, psixoloji qıcıqlardan törəndiyi də aydındır. Səbirsizlikdən
törənən belə yuxugörmələri eşitmiş olarsınız: tutalım, kimsə yola çıxmağa hazırlaşır,
yaxud özü üçün çox önəmli olan rəsm sərgisinin açılışını gözləyir, yığıncaqda çıxış
eləməyə, ya da çox gərəkli bir görüşə qatılmağa hazırlaşır və gecə yuxuda bütün
bunların baş verdiyini görür, məsələn, yuxuda özünü teatra getmiş görür, ya da
ayıqlıqda gözlədiyi qonaqlığa qatılıb orada tanışları ilə uzun-uzadı danışır. Başqa bir
örnəkdə isə, “öz işinə yarayan” yuxugörmə baş verir: kimsə hələ yuxuda ola-ola
yuxudan qalxıb yuyunduğunu, məktəbə gəlib çatdığını görür, beləliklə də, yuxudan
ayılmamaq üçün yuxugörməsində “yuxudan oyanıb görüləsi işlərini yerinə yetirməyə
başlayır”. Yuxugörmənin yaranmasında yaxından iştirak etdiyini dediyimiz yatıb
dincəlmək istəyi burada yuxugörmənin yaranmasında başlıca faktora çevrilir.
Beləliklə də, baxdığımız bu yuxugörmədə insanın yatmaq istəyi də başqa cismani
istəklərlə bir sırada dayanmış olur.
Münhen rəsm qalereyasında tanınmış rəssam Şvindin üzü çıxarılmış bir rəsmi
saxlanılır. Mən bu rəsmin örnəyində bu böyük rəssamın yuxugörmənin necə
yaranmasını çox doğru başa düşə bildiyini sizlərə anlatmaq istərdim. Bu rəsm
“Dustağın yuxusu” adlanmaqla, qazamatda yuxuya dalmış dustağın öz
yuxugörməsində buradan qurtulmaq istəyini gerçəkləşdirməsini əks etdirir. Ən
qəribəsi, onun qurtulmaq istəyinin gerçəkləşməsi dustaqlıqda olduğu otağın tək bir
pəncərəsindən qaçmaqla baş verir, elə bu pəncərədən düşən işıq da hər gün səhər onu
yuxudan oyadır. Bir-birinin çiyinlərində dayanmış cırtdanlar dustağın bu pəncərəyə
doğru qalxmalı olduğu yolun ardıcıllığını göstərir və ən yuxarıda dayanıb pəncərənin
dəmir barmaqlığını kəsən cırtdan isə onun istəyini gerçəkləşdirir və burada rəssamın
yaradıcılığını şişirtmirəmsə, mənə elə gəlir, barmaqlığı kəsən cırtdan üzdən bu
dustağın özünə çox oxşamaqdadır.
Uşaqların və yaşlı insanların, onlarda yaşamaqda olan körpəlik duyğularından
(infantillikdən) yaranan bir sıra yuxugörmələrindən başqa, yerdə qalan bütün yuxu-
görmələrin uğradığı korlanmalar bizim onları anlamağımızı əngəlləyir. Biz hələlik bu
yuxuların da, bizim düşündüyümüz kimi, istəklərin gerçəkləşməyə can atmasından
yaranıb-yaranmadığını kəsinliklə deyə bilmirik; çox vaxt onların açıq görünən
məzmununa görə gizlində qalan anlamlarını aydınlaşdıra bilmədiyimizdən, onların
hansı psixoloji qıcıqlardan yarandığını da, onların, doğrudanmı, qarşılaşdıqları
psixoloji qıcıqları aradan qaldırmağa çalışmaqdan yarandığını da aydınlaşdıra
bilmirik. Ola bilsin, onları da yozmaq, daha doğrusu, onların necə yarandığını
anlamaq olar, bunun üçün gərək onların uğradığı korlanmalar aradan qaldırılsın,
yuxugörmədə açıq görünən məzmunun gizli anlamı tapılsın, ancaq bundan sonra
bizim uşaqların yuxugörmələri üçün tapdığımız özəlliklərin onlar üçün də doğru olub-
olmadığını sonacan aydınlaşdıra bilərik.
Dostları ilə paylaş: |