34
Maddə 46. İnformasiya ehtiyatının açıqlığı
46.1. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə
informasiya ehtiyatında onun haqqında olan məlumatı əks etdirən
çıxarış həmin şəxsin yazılı və ya elektron müraciəti əsasında bir iş
günü müddətində verilir.
46.2. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə
yetirilməsi ilə əlaqədar dövlət orqanlarına informasiya ehtiyatının
məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir.
Maddə 47. İnformasiya ehtiyatında olan məlumatların
mühafizəsi
47.1. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan
orqanlar (vəzifəli şəxslər) informasiya ehtiyatında olan
məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi
məqsədi ilə istifadə edə bilərlər.
47.2. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan
orqanlar (vəzifəli şəxslər) informasiya ehtiyatında olan məlumatların
mühafizəsini təmin etməlidirlər. Bu Məcəllənin 46-cı maddəsində və
digər qanunlarda müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin
məlumatlar açıqlana bilməz.
47.3. İnformasiya ehtiyatında olan məlumatlar beş il
müddətində saxlanılır.
III BÖLMƏ
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAAT
35
FƏSİL 10
ÜMUMİ MÜDDƏALAR
Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın
vəzifələri
İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin
hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini
qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında,
hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta
törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb
etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə
inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar
etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
Maddə 49. İnzibati xətalar haqqında işlər üzrə icraatın
aparıldığı dil
49.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında
işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki
əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.
49.2. İşdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə
icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər
hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək
hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada
36
tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin
olunur.
Maddə 50. İnzibati xətalar haqqında işlərə açıq baxılması
50.1. Dövlət və ya kommersiya sirrinin, şəxsi və ailə sirlərinin,
yaxud qanunla qorunan digər sirlərin yayılmasına gətirib çıxara
bilən hallar, həmçinin inzibati xətalar haqqında işlər üzrə icraatda
iştirak edən şəxslərin, onların yaxın qohumlarının təhlükəsizliyinin
təmin edilməsi halları istisna olmaqla, inzibati xətalar haqqında
işlərə açıq baxılır.
50.2. İnzibati xətalar haqqında işlərin qapalı baxılmasına
zərurət olduğu halda, bu barədə qərardad qəbul edilir.
Maddə 51. İnzibati xəta haqqında iş üzrə məlumatların
yayılmasının yolverilməzliyi
51.1. İnzibati xəta haqqında iş üzrə məlumatlar yalnız
icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin), belə məlumatlar zərər çəkmiş şəxsin şəxsi
maraqlarına toxunduqda isə, habelə zərər çəkmiş şəxsin icazəsi ilə
və onların mümkün hesab etdiyi həcmdə elan oluna bilər.
51.2. İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya
videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat
aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto
və ya videoçəkiliş, yaxud səsyazma materialları kütləvi informasiya
vasitələrində yayımlana bilməz.
37
Maddə 52. Vəsatətlər
52.1. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən
şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana
(vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna
malikdirlər.
52.2. Vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır.
Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad
qəbul edilir.
Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd
edən hallar
53.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə
icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:
53.0.1. inzibati xəta hadisəsi olmadıqda;
53.0.2. inzibati xəta tərkibi olmadıqda;
53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə;
53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə;
53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt
ləğv olunduqda;
53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş
müddətlər başa çatdıqda;
53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin,
səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati
xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar
38
olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında
qərar olduqda;
53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxs öldükdə;
53.0.9. bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə
barışdıqda.
Maddə 54. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı
prokuror nəzarəti
54.1. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat
zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün
vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə
icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və
qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir.
54.2. Bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205,
249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 531, 558.2,
558.3, 559, 563.2, 567, 568, 569, 573, 595.2, 596, 601 və 606.1-
ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə
icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir.
Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati
xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar
qəbul etmək hüququna malikdir.
54.3. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin
baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən
məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş
39
üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək
hüququna malikdir.
54.4. Prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü
maddələrində nəzərdə tutulan məlumatlara baxaraq on beş gün
müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması
haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd
edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın
surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan
onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı
prokurora və ya məhkəməyə şikayət verilə bilər.
54.5. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması
haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan
məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə
tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə
icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü
maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və
ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.
54.6. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar
haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar
haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir.
Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər
ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi
barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında
ondan vəsatət daxil olmasın.
Maddə 55. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər
55.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər:
40
55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni
nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və
tərcüməçilərə verilmiş məbləğlərdən;
55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə
(daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən
ibarətdir.
55.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər
üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində
inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin
üzərinə qoyulur.
55.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği
məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş
sənədlər əsasında müəyyən edilir.
55.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh
tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam
verilməsi haqqında qərarda göstərilir.
Maddə 56. Zərər çəkmişlərə, şahidlərə, onların qanuni
nümayəndələrinə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ
56.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına,
səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq
zərər çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin,
ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin
çəkdikləri xərclər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada ödənilir.
56.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına,
səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid,
41
ekspert, onların qanuni nümayəndələri, mütəxəssis, tərcüməçi və
hal şahidləri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət
ərzində iş yerində onların əməkhaqqı saxlanılır.
56.3. Mütəxəssisin, ekspertin və tərcüməçinin əməyi müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
Maddə 57. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi
qaydada verilməsi
57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına
bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında
işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər)
hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli
vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi -
göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz
verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi
imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını
hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın
əməkdaşına tapşıra bilər.
57.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana
(vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza
etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan
(vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər
tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq
vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə
verilir.
42
57.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun
yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan
sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən
birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış
yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti
orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan
sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin
kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə
münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi
sənədi ünvan sahibinə verməlidir.
57.4. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin
çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı
gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə
bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana
(vəzifəli şəxsə) xəbər verməlidir.
57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda
rəsmi qaydada verilmiş hesab edilir:
57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş
hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan;
57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş
hallarda:
57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına
çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan;
57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin
çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana
(vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan;
57.5.3. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş
halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan.
43
Maddə 58. Qəbzin məzmunu
58.0. Bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş
qəbzdə aşağıdakılar göstərilməlidir:
58.0.1. inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın
adı və ünvanı;
58.0.2. sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının
adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;
58.0.3. verilən sənədin adı;
58.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;
58.0.5. sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda
olmama, səhv ünvan və sair);
58.0.6. sənədin verildiyi şəxs;
58.0.7. sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə
orqanı nümayəndəsinin imzası.
Maddə 59. İnzibati xəta haqqında iş üzrə sənədi qəbul
etməkdən imtina
59.1. Ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik
yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi
qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə
müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə
və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati
xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur.
59.2. İnzibati xəta haqqında iş üzrə sənədin ünvan sahibi
tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri
44
üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya
onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.
59.3. İnzibati xəta haqqında iş üzrə sənədin ünvanlandığı şəxs
tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə
baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi
üçün maneə deyildir.
Maddə 60. Bildirişlər
60.1. Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş
vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını
işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər
haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər
prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün
çağırırlar.
60.2. Bildirişdə aşağıdakılar göstərilməlidir:
60.2.1. məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin)
adı, ünvanı və əlaqə üçün məlumatlar (telefon, faks, elektron poçt
ünvanı və sair);
60.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;
60.2.3. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana
çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı;
60.2.4. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana
çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan;
60.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya
çağırılması;
60.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin
adı;
45
60.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün
sübutların təqdim edilməsinə dair təklif;
60.2.8. ünvan sahibinin olmadığı təqdirdə, bildirişi qəbul edən
şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair
qeyd;
60.2.9. bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan
sahibinə çatdırmamasına görə bu Məcəllənin 531-ci maddəsində
məsuliyyət nəzərdə tutulduğu barədə qeyd;
60.2.10. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə və ya
səlahiyyətli orqana gəlməməsinin nəticələri və gəlməməsinin
səbəbləri barədə məlumat vermək vəzifəsinə dair qeyd.
60.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və
vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq
prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir.
60.4. Bildiriş bu Məcəllənin 57-ci maddəsində nəzərdə
tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında
işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini
təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də
əlavə məlumat verilir.
FƏSİL 11
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN
İŞTİRAKÇILARI, ONLARIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
Maddə 61. Barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılan şəxs
46
61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin aşağıdakı hüquqları vardır:
61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış
olmaq;
61.1.2. izahat vermək;
61.1.3. sübutlar təqdim etmək;
61.1.4. vəsatət və etirazlar vermək;
61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından
istifadə etmək;
61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi
tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək;
61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə
danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;
61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə
vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin
görüntülərinin elektron daşıyıcıda surətini almaq;
61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta
xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat
vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət
həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın
göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə
məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın
fotoşəklini almaq.
61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə
edə bilər.
61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə
47
şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının
yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun
və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil
olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
61.4. İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını
məcburi hesab edə bilər.
61.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından
kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada
çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında
işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılan şəxsin iştirakı məcburidir.
61.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara
mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə
iştirakdan kənarlaşdırılırlar.
Maddə 62. Zərər çəkmiş şəxs
62.1. İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər
dəymiş şəxs zərər çəkmiş şəxs sayılır.
62.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır:
62.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış
olmaq;
62.2.2. izahat vermək;
62.2.3. sübutlar təqdim etmək;
62.2.4. vəsatət və etirazlar vermək;
62.2.5. hüquqi yardımdan istifadə etmək;
48
62.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək;
62.2.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə
danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;
62.2.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə
vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin
görüntülərinin elektron daşıyıcıda surətini almaq;
62.2.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta
xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat
vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət
həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın
göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə
məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın
fotoşəklini almaq.
62.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər
hüquqlardan da istifadə edə bilər.
62.4. İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin
iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o
hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona
vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını
təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə
vəsatət rədd edilmiş olsun.
62.5. Zərər çəkmiş şəxs bu Məcəllənin 67-ci maddəsində
nəzərdə tutulmuş qaydada şahid kimi sorğu-sual edilə bilər.
Maddə 63. Fiziki şəxsin qanuni nümayəndələri
63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda,
|