Hakimiyyətin fəaliyyəti çoxfunksiyalı və çoxsahəlidir. Məsələn, icra
hakimiyyətinin təşkil etdiyi sahələr multitərkiblidir. Hüquq normaları da
multitərkiblidir. Kütləvi informasiya vasitələrinin fəaliyyəti isə çoxsahəli
(yəni bütün mövcud sahələr üzrə) və azfunksiyalıdır. Yəni, bütün sahələr üzrə
yalnız məlumat daşıyır, məlumat ötürür, yayır və fikir və sərbəst ifadə
azadlığını təmin edir. Kütləvi informasiya vasitələri qeyri-informasiya vasitələri üzərində hüquqi təsir yaradacaq normativ akt qəbul etmək səlahiyyətinə malik deyil. Bu vasitələr sadəcə olaraq məlumat əldə etmək
üçün qeyri-informasiya qurumlarına sorğu göndərə bilirlər.
Kütləvi informasiya vasitələrinə sadəcə olaraq elmi və ictimai fikirlərdə
“yarıhakimiyyət” adını vermək olar. Lakin bu ad hüquqi ola bilməz. Kütləvi
informasiya vasitələri sadəcə olaraq ictimaiyyətin dövlət hakimiyyəti
üzərində- dövlətin, hakimiyyətin işi barədə cəmiyyəti məlumatlandırma yolu
ilə-müşahidə funksiyasını həyata keçirirlər.