Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
27
Aşağı çənədə dodaq səthi protezin ağzın dairəvi əzələsi ilə yaxşı fiksasiya olunması üçün ön
dişlərin boynu nahiyəsində bir qədər qabarıq modelləşdirilir.
Aşağı dodaq yüyəninin və dodaq dartılarının çox inkişafı zamanı süni dişətinin kənarı ağzın
açılması zamanı onların gərginləşməsi nəzərə alınaraq modelləşdirilir. Dil səthi ön dişlər nahiyəsində
dilin rahat hərəkəti və yerləşməsi üçün bir qədər yastılanmalıdır. Bazisin kənarlarına dairəvi forma
verilir. Protezin arxa kənarları aşağı çənə budağının daxili səthində molyararxası üçbucaqda
yerləşməlidir. Bu, əzələsiz zona adlanan yerlər protezin yaxşı fiksasiyasına kömək edir. Bu nahiyədə
mumdan pelotlar modelləşdirilib paslanmayan poladdan hazırlanmış yayvari məftillə bazisə
birləşdirilir. Modelləşdirmədən sonra mum bazis modeldən çıxarılır, qızdırılmış şpatellə kənarları
hamarlanır və yenidən model üzərinə qoyulur, sonra artikulyatorla birlikdə klinikaya yoxlanma üçün
göndərilir.
Dişsiz çənələrə protez hazırlanmasında sərt bazis modelləşdirilməsində süni dişlərin ətrafına
diqqət verilməlidir. Yanaq səthi və dilaltı çıxıntıların mumdan formalaşdırılması həkim tərəfindən
klinikada protezin yoxlanması zamanı aparılır.
Hər bir süni diş boyun nahiyəsində süni diş ətində 1 mm-ə qədər oturdulmalıdır. Mum dişlərin
bütün səthlərindən çıxarılır, dişarası elə modelləşdirilir ki, dişətiarası sahəsi təbii görkəm alsın. Hər
dişin boynu yaxınlığında dişətinin təbii konturları yaradılır. Yuxarı çənə protezinin bazisi bütün
uzunluğu boyunca bərabər qalınlıqda modelləşdirilir. Bunun üçün qızdırılmış şpatellə dişlərdən 3-5
mm aralı məftil qövs çıxarılır, mum bazis kəsilərək çıxarılır. Yenidən mum lövhəsi qızdırılır, modelin
damaq səthinə qoyulur, ehtiyatla sıxılır, artıqlar kəsilir və qızdırılmış şpatellə əvvəlki mumla
birləşdirilir. Bazisin qalınlığının bərabərliyi işıqda yoxlanır.
Aşağı çənə bazisi bir qədər qalın modelləşdirilir, çünki sahəsi çox kiçikdir. Bu çənədə məftil
qövs küvetdə mumun əridilməsindən sonra çıxarılır. Mumun artıqları bütün dişlərin səthindən
təmizlənir, son dəfə bazisin qalınlığı yoxlanılır, bazis bütün perimetri boyunca xarici sərhəddi tərəfdən
bərkidilir. Dişləri oda toxundurmadan, ehtiyatla, bazis qızdırıcı üzərində gəzdirilir, üzəri hamarlanır,
sonra modellər küvetə gipslənir. Mum əridilir, plastmas hazırlanır, mumun yerinə qoyulur, preslənir,
plastmasın artıqları götürülür, son dəfə preslənir. Polimerləşmədən sonra protez küvetdən çıxarılır,
kənarları işlənir, cilalanır və hazır protez klinikaya göndərilir.
|