sisteminin başlanğıcı bilinən üç sayı özündən əvvəlkilərindən fərqlənir. Bütün dünya
xalqlarının say sistemində üç sayı rəqəm olmaqdan savayı, Yerin üst və alt qatı da
daxil olmaqla, bütövlükdə kainatın şaquli durumunu əks etdirir. Yəni yaradılış
miflərinin çağımıza gəlib çatmış örnəklərindən bəlli olur ki, tək Tanrı "Yaran!" əmri
ilə göyü - səmanı - kosmosu, yeraltı, yerüstü aləmi, bir sözlə, kainatı bərqərar edir.
Bununla da mifoloji kainat modeli yaranır. Başqa sözlə, üç sayı kainatın simvolik
Məişət-ailə çevrəsində insanlar çox-çox əşya və hadisələrlə əlaqədar üzə çıxan
vəziyyəti üç sayı ilə bağlı düşünməyə, zənn etməyə başlayırlar. Deyək ki, bu say bir
366
çox hallarda hətta həlledici mahiyyət kəsb edir. İstər mövsüm, istərsə də məişət
mərasimlərində üç sayının rolu güclüdür.
Misal üçün, məişət mərasimlərindən olan doğum mərasimində çətin doğuş
zamanı qadının başı üstündə daş, yaxud dəmir nəsnələr üç dəfə bir-birinə vurulur.
Uşağın qırxı tamamlananda çimizdirilərkən də sonda xüsusi ayin nəğməsi
deyə-deyə onun başından üç dəfə su axıdılır. Uşağı çimizdirənlər onu iki dəfə anaya
sarı aparıb geri qaytarır, nəhayət, üçüncü dəfədə ananın qucağına verirlər. İnama görə,
belə edildikdə uşaq böyüyəndə də anasını sayar, çağırışına tələsər, onun ayağına
gedər.
Yenicə anadan olmuş uşağın yaşamamasına şər qüvvələr səbəbkar bilinmişdir.
Odur ki, onları aldatmaq, çaşdırmaq üçün xüsusi ayin icra olunmuşdur. Bu,
"köynəkdənkeçirmə", "yaxadankeçirmə" adlanır. Uşağı yaşamayan qadının növbəti
uşağı doğulanda bunu oğul-uşaq böyütmüş bir qadın üç dəfə köynəyinin yaxasından
keçirir. Ayin üç dəfə icra olunduqdan sonra elə düşünülür ki, uşağı guya elə həmin
qadın doğub. Bu səbəbdən də şər qüvvələr daha ona yaxın gəlməz, toxunmazlar.
Məişət mərasimlərindən olan toyda da üç sayı ilə bağlı əlamətlər qədərincədir.
Nağıl və dastanlardan bəlli olur ki, ailə qurmaq istəyən cavanlar əvvəlcə bir-birlərinə
üç sual verir, bir-birlərini üç dəfə sınayır, bir-birlərinin qarşısına üç şərt qoyurlar.
Etiqada görə, oğlan evindən qız evinə gedən elçilərə şər qüvvələr də qoşulur və
xeyir işin baş tutmasına mane olurlar. Odur ki, belə vaxtlarda ev qapısının üstünə üç
sayda iynə sancırlar. Belə olduqda metal qismindən qorxan şər qüvvələr qapıdan keçə
bilmirlər, xeyir iş baş tutur.
Oğlanla qız nişanlı olduqları vaxt, adətən, oğlan evindən qız evinə bayramlarda
hədiyyə - pay göndərilir. Bu hədiyyə - pay həm pal-paltar, həm bər-bəzək, həm də
yeyilməli, məişət istifadəli nəsnələrdən ibarət olur. Cəhd olunur ki, bu
göndərilmişlərin sırasında üç nəsnə olmasın: yaylıq, kömür, soğan. Xalq inamına görə,
bunlar ayrılıq, qaranlıq, acılıq nişanəsidir.
Azərbaycanın əksər bölgələrində gəlin ata evindən yola salınarkən onun başına
üç kərə duz dolandırıb ocağa atır, sonra da gəlini üç dəfə ocağın başına dolandırırlar.
Burada duz gəlinə qarşı bədnəzərlərin kəsilməsi, od-ocaq da ər evində yurd-yuva,
ocaq salmaq arzusunun simvoludur.
Gəlin ər evinə gətirildikdən sonra onun üçün ayrılmış mənzildə üç gün şam
yandırılır. Bu, oddan qorxan şər qüvvələri zərərsizləşdirmək üçündür. Gəlin üçün
"taxt" adlanan yatağa əvvəlcə bir oğlan uşağını üç dəfə uzandırıb qalxızırlar. Bu
ayində gəlinə də uşaq anası olmaq arzusu ifadə olunub. Gəlin üçün açılmış "taxt" onun
ər evinə gəlişinin üçüncü günü yığılır, başına örtülmüş duvaq da elə bu üçüncü gündə
başından götürülür.
Məişət mərasimləri sırasında duran yas da ta qədimdən başlamış çağımız da
daxil olmaqla həmişə adamları heyrətə salan, qorxudan ölüm hadisəsi ilə bağlıdır. Üç
sayı bu mərasim ayinlərində də özünə yer tapıb. Misal üçün, ölü yuyulan yerdə üç gün
çıraq yandırılır. Ölü yerdən qaldırılanda üç kərə götürülüb yerə qoyulur. Bu onun öz
367
evindən, yurd-yuvasından həmişəlik ayrıldığını bildirmək üçün edilir. Dünyasını
dəyişən dəfn edildikdən sonra üç gün müddətində - "məzardan sonra" adlanan vaxtda
adamlar fasiləsiz olaraq gəlib onun qohum-əqrəbasına, yaxınlarına başsağlığı verirlər.
"Xətm" - tamam adlanan üçüncü gündə ehsan olaraq ölənin üçü verilir.
Deyilənlərdən belə bir həqiqət aşkar olur ki, üç sayı ümumiyyətlə işin,
hadisənin, tədbirin sona yetdiyini, qurtardığını bildirir. Bunun belə olması haqda
mənbələrdə də məlumatlar vardır. Aristotelin verdiyi xəbərə görə, qədim yunanlarda
üç sayı "qurtardı" - "tamamlandı" mənasında olub. Elə bu bizim məişətimizdə də
belədir. Bunu "Atalar üçəcən deyib", "Biz də deyək üç olsun, düşmənin ömrü puç
olsun" kimi atalar sözlərindən də görmək mümkündür.
Passiv şəkildə olsa da, hər halda Azərbaycan məişətində də üç sayının mənfi,
hətta nəhs olmasına inam vardır. El arasında belə bir deyim söylənilir:
Çayın biri qaydadı,
İkisi cana faydadı.
Üçü nəhsdi,
Dördü bəsdi.
Çıxdın beşə,
Vur on beşə.
Çay nədi,
Say nədi.
Buradakı "üçü nəhsdi" misrasındakı fikirdə, sözsüz, mənfi anlam vardır. Başqa
bir misal. Adətən, iki dəfə uğursuzluğa uğrayan, iki dəfə işi bəd gətirən adam ya özü,
ya da başqaları "Allah üçüncüdən qorusun", "Allah üçüncüdən saxlasın" deyir.
Deməli, üçüncüdə əvvəlki ikidən daha dəhşətli bir işin, hadisənin baş verəcəyi
gözlənilir.
Üç sayına mənfi münasibət məişətimizdə sayıla biləcək qədərdir. Bu sayın
müsbət anlamlı, "sevimli", "uğurlu" olması isə qəbul olunmuş həqiqətdir.
Dostları ilə paylaş: