Xalq qəzeti.- 2008.- 20 aprel.- S. 2.
Orucov E.
Ulu öndər mədəniyyətimizin hamisi idi
Möhtərəm Prezidentimiz İlham Əliyevin bu yaxınlarda ulu
öndər Heydər Əliyevin 85 illiyinin qeyd olunması ilə bağlı
imzaladığı sərəncam biz sənət adamlarını da ürəkdən
sevindirmişdir. Bu ümumxalq bayramına ölkəmizin hər yerində
böyük hazırlıq işləri görülür. Biz rəssamlar da ulu öndərin
yubileyinə, sözsüz ki, əliboş qatılmayacağıq.
Hər dəfə ümummilli liderimiz Heydər Əliyev haqqında
düşüncələrə dalanda mənə elə gəlir ki, cəmiyyətin də inkişafında
əbədiyyət qanunları mövcuddur. Fərq ondadır ki, həmin qanunları
təbiət yox, insan yaradır. Bu qanunlar kəşf olunmur. Onu böyük
şəxsiyyətlər, işıqlı zəka sahibləri formalaşdırır. Mən onları Tanrı
tərəfindən seçilmiş insanlar adlandırardım. Dünyanın mizan-
tərəzisi məhz onların çiyinləri üzərində qərar tutur.
Belə insanlarla bir zəmanədə yaşamaq, onların həyat və
fəaliyyətlərinin canlı şahidi olmaq da hər kəsin qismətinə düşmür.
Bu baxımdan mən həmişə özümü xoşbəxt saymışam ki, gəncliyim
məhz böyük öndərimiz Heydər Əliyevin hakimiyyəti illərinə
təsadüf etmişdir. Odur ki, gözlərimizin qarşısında canlı tarix
yaratmış bir şəxsiyyət barədə fikirlərimi bildirməyi özüm üçün,
sadəcə, vətəndaşlıq borcu hesab edirəm. Çünki Heydər Əliyev elə
şəxsiyyətdir ki, insanların onun həyat və fəaliyyətinə münasibəti
siyasi mənsubiyyətindən, əqidəsindən və dünyagörüşündən asılı
olmayaraq birmənalıdır. Bunun səbəbi aydındır. İctimai-siyasi,
sosial-iqtisadi, elmi-mədəni həyatın elə bir sahəsi yoxdur ki,
orada Heydər Əliyevin adı ilə bağlı olmayan bir məqam tapılsın.
Fikir verin: bütün sahələrdə çalışan insanlar onu “öz adamları”
hesab edirlər. Ona görə də mən “Heydər Əliyev Azərbaycan
mədəniyyətinin və incəsənətinin hamisi idi” kəlməsini yazmaqdan
çəkinmirəm. Çünki biz mədəniyyət xadimləri bu dahi
şəxsiyyətdən həmişə qayğı və diqqət görmüşük.
Tariximizin 1969-cu ildən 2003-cü ilədək zaman kəsiyini
əhatə edən dövrü elədir ki, burada hər hansı təftişçi baxış
mümkün deyildir. Heydər Əliyev böyük bir zaman kəsiyini tarixi
fakta çevirmiş şəxsiyyətdir və məhz buna görə də onun adı
dünyanın nəhəng siyasətçiləri, dövlət xadimləri ilə bir sırada
çəkilir. O, müstəqil Azərbaycan dövlətinin memarıdır.
Mən bu qənaətdəyəm ki, Azərbaycan xalqını, ümumiyyətlə,
bəşəri dəyərlərin daşıyıcısı olan hər bir kəsi Heydər Əliyevə
bağlayan ən mühüm psixoloji amillərdən biri məhz bu böyük
şəxsiyyətin işıqlı zəka sahibi olması idi. Mən ulu öndərimizin
keçirdiyi görüşlərdən hazırlanan reportajları gözlərimin önünə
gətirdikcə düşünürəm: onunla təmasda olanların hamısı
heyranlığını gizlədə bilmirdi. Müxtəlif ölkələrdən gəlmiş
musiqiçilər, mədəniyyət xadimləri, rəssamlar, incəsənət ustaları
da Heydər Əliyevin böyüklüyünü etiraf edib, onunla söhbətdən
mənəvi zövq aldıqlarını gizlətmirdilər. Mən “Heydər Əliyev tarix
üçün kimdir?” sualının cavabını araşdırmağa və həmin suala
cavab tapmağa cəhd göstərməsəm də, bir incəsənət adamı kimi
hiss edirəm ki, ulu öndərimiz üzərinə düşmüş missiyanı uğurla
başa vurmuş tarixi fenomendir.
Tanrı tərəfindən seçilmişlər adlandırılan həmin şəxslərə
münasibətdə zaman və məkan kateqoriyasını önə çəkib, fərqli
prizmadan yanaşmağın tərəfdarı deyiləm. Belə bir fəlsəfi kəlam
var: “İstəmək, etməyin yarısıdır, amma hamısı deyildir”.
Dəfələrlə vurğulamışıq və indi də təkrar etmək
məcburiyyətindəyik: Azərbaycan xalqı bütün varlığı ilə öz
dövlətinin yaranmasını, müstəqilliyinin bərpa edilməsini
istəyirdi.Amma bu istəyi reallaşdırmaq, illüziyadan həqiqətə,
fakta çevirmək üçün mütləq və mütləq lider gərək idi. Bax, həmin
liderlik missiyası ulu öndərimizin boynunda idi. Ona bu
məsuliyyətli yükü tarix vermişdi və Heydər Əliyev əfsanəvi
Danko kimi ürəyini məşələ çevirib xalqını qaranlıqlardan
qurtarmalı, onu işıqlı sabaha aparmalı idi. O, bunu etdi. Özü də
heç bir təmənna ummadan, umacaqsız yerinə yetirdi. Çünki o,
tarixin nə olduğunu yaxşı bilirdi. Çünki o, böyük və qarmaqarışıq
bir epoxanın şahidi idi. Onda Tanrı vergisi ilə yanaşı, böyük həyat
təcrubəsi də vardı. O, istedadla təcrübəni, nəzəriyyə ilə praktikanı
bir müstəvidə birləşdirə bilirdi.
İstedadlı rejissor Vaqif Mustafayevin çəkdiyi və bir çox
kinofestivallarda qalib çıxmış “Əsil məhəbbət haqqında”
filmindən bir epizodu xatırlayıram. Zərifə xanım Əliyeva royalda
ifa edir, Heydər Əliyev ”Küçələrə su səpmişəm” xalq mahnısını
oxuyur. Bu anda onun sifətində uşaq təbəssümü var. Sanki mahnı
oxuyan kəs böyük məkrlərdən, hiylədən qurtulub, Simurq quşu
kimi çətin məqamda öz xalqının dadına çatan, onu
parçalanmaqdan, qardaş qırğınından xilas edən nəhəng siyasətçi
yox, indicə özünü saxlaya bilməyib şairanə hisslərini büruzə
verəcək bir sənətçidir. Halbuki o, bəlkə də bu anda rəhbərlik
etdiyi respublikanın hansısa problemini həll etmək üçün yollar
axtarırmış.
Ötən il mətbuatda maraqlı bir yazıya rast gəldim. Mərhum
maestro Niyazi Sosialist Əməyi Qəhrəmanı adı aldıqdan sonra
danışırmış ki, mənim bu ada layiq görülməyim üçün Heydər
Əliyev Moskvada çox əziyyət çəkib. Sovet İttifaqında
dirijorlardan yalnız Yevgeni Svetlanov həmin ada layiq görülüb.
Mənim Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməyim
mümkün olası iş deyildi...
SSRİ dövründə bütün İttifaq təəccüb içindəydi.
Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, şair və
yazıçıları dalbadal Sosialist Əməyi Qəhrəmanı adına layiq
görülürdülər və onların sırası böyüyürdü. Bu böyük işin bir
müəllifi vardı: Heydər Əliyev!
Mənim işim elədir ki, xarici ölkələrdə tez-tez oluram. Mötəbər
sərgilərdə həmişə Heydər Əliyevdən söhbət salırlar. Həmişə də
yüksək çinli insanlar onu hörmət və məhəbbətlə yad edirlər.
Bu gün hər bir azərbaycanlının qəlbində Heydər Əliyev
abidəsi ucalıb. Ona xalqın sevgisi tükənməzdir. Heydər Əliyev
yolu bitmiş yol deyildir. Onun əvvəli və sonu yoxdur.
Bu gün Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı,
respublika Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi
siyasət bütövlükdə xalqın işıqlı sabahına yönəlib. Onun
mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi xüsusi qayğı və
diqqət isə razılıqla qarşılanır. Təhsil, səhiyyə, mədəniyyət və
digər sosial sahələrdə həyata keçirilən tədbirlər bir daha sübut edir
ki, Azərbaycan sivil dünyaya aparan yolun üzərindədir. Görülən
işlər daha gözəl həyatdan, firavan gələcəkdən xəbər verir. Bax, bu
anda bir daha inanırsan ki, ümummilli liderimiz təməlini
qoyduğu, yaratdığı müstəqil dövlətdə hər şeyi gələcək üçün
hesablayıb.,
Xalq qəzeti.- 2008.- 25 aprel.- S. 5.
Hacızadə A.
Sergey Morozov: Dahi lider Heydər Əliyevin
xatirəsinin əbədiləşdirilməsi xalqlarımızı
yaxınlaşdıracaqdır
“Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin abidəsinin ucaldılması planı artıq həyata keçirilir və
düşünürəm ki, onun xatirəsinin əbədiləşdirilməsi Rusiya və
Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinin,
qorunub saxlanmasının, inkişafının və
mədəni-iqtisadi
əməkdaşlığın mühüm bir təzahürü olacaqdır”.
Bunu Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Sergey
Morozov bildirmişdir. O qeyd etmişdir ki, Heydər Əliyevin
abidəsinin Ulyanovskda ucaldılması
təşəbbüsünü ÜAK
Ulyanovsk regional bölməsinin rəhbəri İslam Hüseynov bölmənin
üzvləri adından Millətlər Şurasında irəli sürmüşdür. S.Morozov
demişdir: “Şura bu gözəl təşəbbüsü dəstəkləmişdir. Abidəni
Zasviyajsk rayonunda Jiqulyovskaya və Fruktovaya küçələrinin
kəsişməsində ucaltmaq qərara alınmışdır.
Oktyabr ayında abidənin ucaldılması və ətraf ərazinin
abadlaşdırılması ilə bağlı açıq dinləmələr keçirilmiş və
xalqlarımız arasında dostluq əlaqələrini inkişaf etdirmək məqsədi
ilə bu ideyanı dəstəkləmək təklif olunmuşdur. Abidənin müəllifi
tanınmış heykəltəraş Sergey Bobrakovdur. O, Yuri Qaqarinin
Moskvadakı abidəsinin də müəlliflərindən biridir. Abidə üzərində
iş may ayında başa çatacaqdır. Hündürlüyü təxminən 5 metr
olacaq abidənin açılış mərasimi 2008-ci ilin yayında, Azərbaycan
nümayəndə heyətinin iştirakı ilə keçiriləcəkdir.
Ulyanovsk vilayətinin qubernatoru xatırlatmışdır ki, onun 2006-cı
ildə Azərbaycana səfəri çox maraqlı, zəngin və yaddaqalan
olmuşdur. O demişdir: “Bir sıra görüşlər keçirdim. Prezident
İlham Əliyev məni qəbul etdi. Bu görüşlər Azərbaycan ilə
Ulyanovsk vilayəti arasında sosial-iqtisadi, mədəni əməkdaşlığı
fəallaşdırmağa imkan verdi”.
S.Morozov vurğulamışdır ki, Azərbaycan Respublikası hazırda
Ulyanovsk vilayəti ilə ticarət dövriyyəsinin həcminə görə MDB
ölkələri arasında dördüncü yeri tutur. O demişdir: “Xalqlarımız
gələcəklərini sıx əməkdaşlıq şəraitində qururlar və biz
tərəfdaşlarımızla bütün istiqamətlərdə qarşılıqlı surətdə faydalı
əməkdaşlığı inkişaf etdirməyə səy göstəririk. Bunun üçün hər cür
şərait, o cümlədən Azərbaycan diasporunun fəal mövqeyi var”.
Sergey Morozov Azərbaycan diasporunun vilayətdə fəaliyyətini
yüksək qiymətləndirərək bildirmişdir ki, İslam Hüseynovun
başçılıq etdiyi bu çoxsaylı milli diasporlardan biri Ulyanovsk
vilayətinin iqtisadi və mədəni həyatında əhəmiyyətli rol oynayır.
Vilayətin başçısı demişdir: “Bu təşkilat azərbaycanlıları
birləşdirə, milli ictimai təşkilatlarla, habelə vilayətin dövlət
qurumları ilə sıx əlaqələr yarada bilmişdir. Regionda
xeyriyyəçiliyə xüsusi diqqət yetirilir və 2008-ci il Ulyanovsk
vilayətində mənəviyyat və xeyirxah işlər ili elan olunmuşdur.
Sevindirici haldır ki, Azərbaycan diasporu bu tədbirlərdə real
işlərlə iştirak edir”.
Xalq qəzeti.- 2008.- 27 aprel.- S. 6.
Bəstəkarlar İttifaqında dahi liderin 85
illik yubileyinə həsr olunmuş konfrans
keçirilmişdir
Aprelin 28-də Azərbaycan Bəstəkarlar İttifaqında
ümummilli liderin 85 illik yubileyinə həsr olunmuş “Heydər
Əliyev və Azərbaycan musiqisi” mövzusunda konfrans
keçirilmişdir.
Tədbiri açan ittifaqın idarə heyətinin sədri, xalq artisti,
professor Firəngiz Əlizadə bildirmişdir ki, xarici və daxili siyasət
sahəsində çox böyük uğurlara nail olan ulu öndər Heydər Əliyev
ölkənin mədəni həyatını da diqqətdən kənarda qoymamış, milli
mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermişdir. Sovet
dövründə məhz onun təşəbbüsü ilə Moskva və Leninqraddan
musiqi müəllimləri Azərbaycana dəvət olunurdular. Sonralar milli
klassik musiqimizin təbliğində böyük rol oynamış musiqiçilər
məhz onun xeyr-duası ilə Moskvaya göndərilirdilər.
F.Əlizadə demişdir ki, ümummilli lider Heydər Əliyevin
mədəniyyət sahəsində strateji xarakter daşıyan siyasəti hazırda
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bəstəkarlar İttifaqı idarə heyətinin katibi, əməkdar incəsənət
xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov “Heydər
Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı” mövzusunda məruzə
etmişdir.
Sonra ittifaqın idarə heyətinin katibi, xalq artisti, professor
Aqşin Əlizadə, xalq artisti, professor Musa Mirzəyev məruzələrlə
çıxış etmiş, xalq artistləri Oqtay Zülfüqarov, Nəriman Məmmədov
və başqaları Heydər Əliyev ilə bağlı xatirələrini bölüşmüşlər.
Xalq qəzeti.- 2008.- 29 aprel.- S. 6.
Tahirov K.
Heydər Əliyev çağdaş kitabxana quruculuğunun
banisidir
Azərbaycan xalqının böyük oğlu, türk dünyasının tanınmış
lideri, ulu öndərimiz Heydər Əliyev bütün şüurlu ömrünü dünyalar
qədər sevdiyi Azərbaycanın inkişafına, onun çiçəklənməsinə həsr
etmişdir. Azərbaycanlı olduğu ilə həmişə fəxr edən ümummilli
liderimiz iqtisadiyyatın, elmin, mədəniyyətin və sosial həyatımızın
bütün sahələrində sürətli inkişafı təmin edən kompleks tədbirlərin
həyata keçirilməsinin öndəri olmuş və onun diqqət və qayğısı
sayəsində müstəqil Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri
sırasına çıxmasına əlverişli şərait yaranmışdır.
Bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də sürətli
inkişaf və çiçəklənmə prosesi məhz Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrdə başlanmışdır. Ulu öndərimizin
mədəniyyətimizə, mədəni dəyərlərimizə və mədəniyyət işçilərinə
xüsusi diqqət və qayğısı danılmazdır. Müstəqil Azərbaycanda
mədəni quruculuq işlərinin memarı olan Heydər Əliyev üçün bu
sahə həmişə prioritet sahə olmuşdu. Bu gün biz fəxrlə qeyd edə
bilərik ki, Azərbaycan mədəniyyətinin inkişafına və mədəni
sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına
böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Azərbaycanda
çağdaş kitabxana quruculuğunun da banisidir. Tam məsuliyyətlə
demək olar olar ki, müasir dövrdə böyük vüsət alan çağdaş
kitabxana quruculuğunun özülü məhz 70-ci illərin əvvəllərində ulu
öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı
dövrdə qoyulmuşdur. Bu dövrdə bir sıra şəhərlərdə və rayon
mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika
kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların
hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi,
kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur.
Həmin dövrdə Azərbaycanda kitabxana binalarının məhz ayrı-ayrı
kolxoz və sovxozların vəsaiti hesabına inşa olunması daha çox
yayılmışdı və bu iş ulu öndərimizin şəxsi nəzarəti altında həyata
keçirilirdi. Astarada, Bərdədə, Salyanda, Dəvəçidə, Qusarda,
İsmayıllıda və respublikamızın digər şəhər və rayon mərkəzlərində
rayon və şəhər mərkəzi kitabxanalarının yerləşdiyi müasir tipli
binalar məhz həmin dövrdə tikilmişdir.
Müasir dövrdə müstəqil Azərbaycanda kitabxana
quruculuğunda mühüm amil olan mərkəzləşdirilmiş kitabxana
sistemləri 70-ci illərdə təşkil olunmuşdur. 1974-cü ildə ulu öndərin
imzaladığı qərəra əsasən yaradılan mərkəzləşdirilmiş kitabxana
sistemləri həmin dövr üçün ən mütərəqqi bir iş üsulu idi və 70-80-ci
illərdə Azərbaycanda kitabxana işinin inkişafında yeni bir mərhələ
olmuşdur. Heydər Əliyevin iradəsi ilə respublikada bu çox vacib iş
keçmiş SSRİ-də ön yerlərdə həyata keçirilmişdi. Bu gün mövcud
olan Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin,
AMEA-nın, həmkarlar ittifaqları təşkilatlarının kitabxana şəbəkələri
məhz həmin dövrdə bitkin bir sistem kimi formalaşmışdır. İndi
ölkəmizdə uğurla fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana
sistemləri də məhz həmin dövrdə yaranmışdır.
Bu dövrdə respublikamızda kitabxana şəbəkələrinin inkişafı və
formalaşması istiqamətində xeyli işlər görülmüş, ayrı-ayrı
nazirliklərin kitabxana şəbəkələri formalaşmış, kənd kitabxana
şəbəkəsi xeyli genişlənmişdir. Faktlara müracət etsək görərik ki,
əgər 1970-ci ildə Azərbaycanda bütün idarə və sistemlərin
kitabxana şəbəkəsinə cəmi 7,5 min kitabxana daxil idisə, 1981-ci
ildə onların sayı 9 minə çatmışdı. Kitabxana fondlarının
formalaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində kitabxana fondlarının həcmi də xeyli artaraq
1970-ci ildəki 54,3 min nüsxədən xeyli artaraq 1981-ci ildə 93,0
min nüsxəyə çatmışdı.
90-cı illərin əvvəllərində respublikada yaranan xaos
və səriştəsizlik şəraitində Azərbaycan ərazisində kitabxanalar da
böyük təhlükələrlə üzləşmişdi. Elmin, mədəniyyətin inkişafında və
mədəni sərvətlərimizin mühafizəsində buraxılmış səhvlər təbii ki,
ölkə kitabxana şəbəkələrini də dağılmaq təhlükəsi ilə üz-üzə
qoymuşdu.
Məhz bu dövrdə ulu öndərimizin xalqın tələbi ilə yenidən
Azərbaycana rəhbərlik etməyə başlaması bötövlükdə elmimizi,
mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana
şəbəkələrinin də məhvinin qarşısını almış oldu. Ulu öndərin
qətiyyəti nəticəsində bir çox keçmiş sovet respublikalarından fərqli
olaraq, Azərbaycanda kitabxana şəbəkələri nəinki dağıldı və ixtisara
düşdü, əksinə qismən də olsa inkişaf etdi, möhkəmləndi, ən
başlıcası isə onlar mühafizə olunaraq saxlanıldı.
Bu gün böyük fəxrlə demək olar ki, hazırda özünün sürətli və
möhtəşəm yenidənquruculuq və modenrnləşmə dövrünü yaşayan
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının sürətli
inkişafı konsepsiyasının əsası da 90-cı illərin ortalarında ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ulu öndərimiz ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı
ilk illərdə yəni 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya baş
çəkmişdir.
- 1995-ci ilin iyunun 3-də Azərbaycan Qadınları Milli
Komitəsinin, Respublika “Kitab” Cəmiyyətinin və ABŞ-ın “Stark
enterprauz” firmasının təşəbbüsü ilə çap olunan “Vətənə, dövlətə,
xalqa sədaqət andı” kitabının təqdimat mərasimində iştirak etmişdir.
- 1996-cı il mart ayının 5-də İsraildə çıxan “Heydər Əliyev:
Siyasi portretin cizgiləri» kitabının təqdimat mərasimində iştirak
etmişdir.
- 1997-ci il noyabrın 5-də “Azərbaycan qaçqınları»
fotoalbomunun təqdimat mərasimində iştirak etmişdir.
- 1997-ci il noyabrın 20-də Amerikada nəşr edilən “Azərbaycan
interneşnl» jurnalının 5 illiyinə həsr olunmuş təqdimat mərasimində
iştirak etmişdir.
Azərbaycan xalqının dünyaya bəxş etdiyi dahi şəxsiyyətin bu
kitabxanaya hər bir gəlişi bu möhtəşəm elm və mədəniyyət,
ocağının inkişafında mühüm rol oynamış və onun gələcək inkişafı
perspektivlərinin müəyyən olunmasında ən vacib amilə
çevrilmişdir.
Belə ki, 1995-ci ilin iyununda “Vətənə, xalqa, dövlətə sədaqət
andı» kitabının təqdimatı mərasimində iştirak etmək üçün
M.F.Axundov adına Milli Kitabxanaya gələn ulu öndərimiz bu
mədəniyyət məbədinin qayğıları ilə yaxından maraqlanmış və onun
fondlarında köhnə nəşrlərin daha çoxluq təşkil etdiyini xüsusilə
vurğulamışdır.
Bu amili nəzərə alan ulu öndərimiz Milli Kitabxanaya öz şəxsi
kitabxanasından 400-ə qədər yeni kitab hədiyyə etmiş və hamını bu
mədəniyyət məbədinə kömək etməyə çağırmışdır: “Mən indi
kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar
fondda öz yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli
olan ayrı-ayrı mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim
özümün deyil, müxtəlif müəlliflərin kitablarıdır və kitabxananın
böyük xəzinəsində öz yerini tutarlar. Zənnimcə, gələcəkdə bu
təşəbbüs də davam edə bilər. Elə imkanı olan ayrı-ayrı adamlar
kitabxanamızı zənginləşdirmək üçün yəqin ki, ona kitab
bağışlayacaqlar”.
Xalqımızın böyük oğlunun “Bu kitabxanaya kömək etmək
hamının borcudur” kimi müdrik fikrinə diqqətlə yanaşan ölkəmizin
ziyalıları, alimləri, yazıçı və şairləri bir-birinin ardınca Milli
Kitabxanaya yeni-yeni kitab kolleksiyaları hədiyyə etməyə
başladılar və tezliklə kitabxanamızın fondu əhəmiyyətli dərəcədə
yeni kitablarla zənginləşməyə başladı.
Təkcə, 1995-ci ildə M.F.Axundov adına kitabxananın fonduna
11,5 min nüsxə yeni ədəbiyyat daxil olmuşdu. Milli Kitabxanaya öz
şəxsi kitabxanasından kitablar hədiyyə edən müəlliflərdən xalq
yazıçısı Elçinin, xalq şairi Bəxtiyar Vahabzadənin, xalq yazıçısı
Çingiz Abdullayevin, akademik Ziya Bünyadovun və digər yazıçı
və şairlərimizin, alim və ziyalılarımızın adlarını çəkmək olar.
90-cı illərin ortalarında respublikamızın Dövlət büdcəsinin nə qədər
məhdud olması, təbii ki, hamının xatirindədir və ciddi çətinliklərə
baxmayaraq, Milli Kitabxananın problemlərinə böyük qayğı ilə
yanaşan ulu öndərimiz ikinci dəfə bu kitabxanaya səfər edərkən bu
elm ocağının ehtiyaclarını diqqətlə dinləyərək xarici ölkələrdə çap
olunan ədəbiyyatın və dövrü mətbuatın alınması məqsədilə əlavə
məqsədli vəsaitin ayrılmasını vacib hesab edərək yerindəcə Nazirlər
Kabinetinə müvafiq göstəriş vermişdir.
Ulu öndərin bu göstərişinə müvafiq olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul etmiş və
həmin ildən başlayaraq hər il M.F.Axundov adına kitabxanaya
xarici ədəbiyyat və dövrü nəşrlər almaq üçün 5000 ABŞ dolları
valyuta vəsaiti ayrılmışdır. O dövrün çətinliklərini yaşayan hər kəs
1995-1996-cı illərdə bu vəsaitin necə böyük bir məbləğ olduğunu
daha yaxşı hiss edirlər. Müqayisə üçün bildirmək istəyirəm ki, o
dövrdə heç həmin kitabxananın büdcəsi bütövlükdə 5000 ABŞ
dolları qədər deyildi.
Ümummilli liderimiz Milli Kitabxanaya baş çəkərkən çox
böyük nostalji hissləri yaşadığını söyləyərək və öz çıxışlarında Milli
Kitabxananın fəaliyyətini yüksək qiymətləndirərək onu
respublikamızın ən əhəmiyyətli mədəniyyət mərkəzlərindən biri
hesab edirdi və burada çalışan insanların əməyini çox yüksək
qiymətləndirirdi: “Bu gün biz buraya - Azərbaycan Respublikasının
mədəniyyət mərkəzlərindən biri olan Mirzə Fətəli Axundov adına
Dövlət Kitabxanasına gəlmişik. Mən vaxtilə bu kitabxanaya
dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından
keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Bu
kitabxanaya, buruda çalışan insanlara hörmət və ehtiramımı
bildirmək istəyirəm”.
Ulu öndərin kitabxana işinə hədsiz qayğısının ən bariz
nümunəsi 1998-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu
olmuşdur. Bütövlükdə Azərbaycanda kitabxana quruculuğu
tarixində tamamilə yeni bir mərhələ olan bu qanun müstəqil
Azərbaycanda kitabxana qanunvericiliyinin və quruculuğunun
əsasını qoymuşdur.
MDB ölkələrində kitabxana işinə dair qəbul olunan qanunlar
içərisində ən mükəmməl qanunlardan biri olan Azərbaycan
Respublikasının “Kitabxana işi haqqında» Qanunu Dövlət
Kitabxana Şəbəkəsinin formalaşdırılması, kitabxana sahəsinə dair
normativ-hüquqi bazanın yaradılmasında, kitabxana işçilərinin
sosial müdafiəsinin möhkəmləndirilməsində mühüm rol
oynamışdır.
Ulu öndərin imzası ilə qüvvəyə minən bu qanunun Milli
Kitabxananın statusunun formalaşmasında, onun qiymətli
fondlarının dövlət tərəfindən xüsusi əhəmiyyətli mədəniyyət
sərvətləri kimi etibarlı mühafizəsində, bina və əmlakının
toxunulmaz olduğunun təsbit olunmasında, Milli Kitabxananın
ləğvinin qadağan olunmasının qanunvericilik qaydasında təsdiq
olunmasında əvəzsiz əhəmiyyəti olmuşdur.
“Kitabxana işi haqqında” Qanunun bütöv bir bölməsinin Milli
Kitabxanaya və onun məsələlərinə həsr olunması xüsusilə
diqqətəlayiqdir. Burada Milli Kitabxananın fəaliyyətinin bütün
sahələri tam şəkildə əhatə olunmuş, onun inkişafının prioritetləri
müəyyənləşdirilmişdir. Məhz bu qanunun müddəalarına müvafiq
olaraq 2000-ci ilin mayında Azərbaycan Respublikasının Nazirlər
Kabineti “Azərbaycan Respublikasının Milli Kitabxanasının
Əsasnaməsinin təsdiq olunması barədə” qərar qəbul etmişdir.
Nəhayət, 2005-ci ildə bu qanunvericiliyin tələbləri əsasında
M.F.Axundov adına Dövlət Kitabxanasına “Milli Kitabxana”
statusu verilmişdir. Ümummilli liderimizin xüsusi tapşırığı əsasında
hazırlanmış və qanunvericilik təşəbbüsü qaydasında onun
tərəfindən Milli Məclisə təqdim olunmuş “Kitabxana işi haqqında”
qanun və onun qüvvəyə minməsi barədə ulu öndərin imzaladığı 12
mart 1999-cu il tarixli sərəncam ölkəmizdə kitabxana şəbəkələrinin
yenidən qurulması, onların yeni tələblərə uyğun fəaliyyətinin
təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi
işində mühüm rol oynamışdır.
Təsadüfi deyildir ki, ondan sonra qəbul edilmiş heç bir
qanunun qüvvəyə minməsi barədə sərəncamlar belə əhatəli və
hərtərəfli olmamışdır. Bu sərəncamı müstəqil Azərbaycanda
kitabxana quruculuğunun proqram sənədi də adlandırmaq olar.
Bu gün böyük cəsarətlə demək olar ki, ölkəmizdə kitabxana işi
sahəsində uğurla aparılan möhtəşəm quruculuq işləri – Milli
Kitabxananın tamamilə yenidən qurulması, təchizatı və
modernləşdirilməsi işləri, Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramının təsdiq olunması istiqamətində görülən işlər də bu
siyasətin məntiqi davamıdır. Ulu öndərimizin Milli Kitabxanamıza
xüsusi qayğısının bariz nümunələrindən biri 2000-ci ildə
kitabxanamızın binasında əsaslı yenidənqurma işlərinin aparılması
və texniki təchizatının gücləndirilməsi barədə verdiyi tapşırıq
olmuşdur. 2000-ci ilin may ayında Nazirlər Kabinetində bu
sətirlərin müəllifinin iştirakilə keçirilən müşavirədə Avropa
Şurasının ayırdığı dövlət qrantı hesabına Ərazilərin Bərpası və
Yenidən Qurulması Agentliyinin xətti ilə bərpa olunması nəzərdə
tutulan 3 ən mühüm müəssisə seçilərək ulu öndərə təqdim
olunarkən ulu öndər “M.F.Axundov adına Dövlət Kitabxanasını
götürün, Azərenerji və Bakı Şəhər İcra Hakimiyyəti özləri vəsait
taparlar» dedi. Bu gün Milli Kitabxanada oxucular üçün yaradılan
bu gözəl şərait, kitabxanamızın saytının, elektron kataloqunun,
elektron kitabxanasının yaradılması və onun virtual rejimdə bütün
dünyaya yayılması məhz ulu öndərin kitabxanaya qayğı və
diqqətinin nəticəsi hesab oluna bilər.
Ulu öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən
Prezidentimiz cənab İlham Əliyevin ölkədə kitabxana işinə
qayğısından danışmamaq mümkün deyil. Hörmətli Prezidentimizin
2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» sərəncamı
Azərbaycanda kitabxana işinin inkişafında xüsusi rol oynadı. Hətta
mən deyərdim ki, bu sərəncamla kitabların 25 min nüsxə tirajla çap
olunması və bütün kitabxanalara hörmətli Prezidentimizin hədiyyəsi
kimi verilməsi oxucuların yenidən kitabxanalara qayıtması üçün
real şərait yaratdı.
Bu gün artıq 300 addan çox kitab çap olunaraq bütün kitabxanalara,
o cümlədən kənd kitabxanalarına da göndərilmişdir. Bu da
kitabxanalarımızın fondlarının əsas özəyini təşkil edir. Xüsusilə
qeyd etmək lazımdır ki, bu dünya miqyasında analoqu olmayan bir
hümanitar aksiyadır və kitabxana ictimaiyyəti tərəfindən çox
yüksək qiymətləndirilir.
Son 3 ay ərzində hörmətli Prezidentimizin mədəniyyətimizin
inkişafına diqqətini və qayğısını sübut edən onlarla sərəncam
imzalaması və bunlardan birinin Azərbaycanda kitabxana
fəaliyyətinin yaxşılaşdırılması haqqında olması dövlət rəhbərimizin
Heydər Əliyev siyasətini ləyaqətlə davam etdirdiyinin bariz
nümunəsidir.
Bu sərəncamda Milli Kitabxananın inkişafına xüsusi diqqət
yetirilməsi, onun modernləşdirilməsi, texniki təchizatının
gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində xüsusi tədbirlərin işlənib hazırlanması və həyata
keçirilməsi barədə verdiyi göstəriş tezliklə bizim Milli
Kitabxananın dünyanın ən modern kitabxanaları səviyyəsinə
qalxması və burada oxucular üçün hər cür şəraitin yaradılması ilə
nəticələnəcəkdir.
Dostları ilə paylaş: |