Xalq qəzeti.- 2008.- 4 may.- S. 6.
Bayramova A.
Milli mədəniyyətimizin himayədarı
Zəngin milli-mənəvi dəyərlərimizdən bəhrələnən qədim
Azərbaycan mədəniyyəti böyük inkişaf yolu keçmişdir. Mədəni
irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, təbliğində,
dünya miqyasında tanınmasında Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin müstəsna tarixi xidmətləri olmuşdur.
Azərbaycan mədəniyyətinin ən böyük nailliyyətləri görkəmli
siyasət və dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz
buna görə də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri
mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar.
Mən, konkret olaraq Azərbaycanda musiqinin və muzey işinin
inkişafında Heydər Əliyevin rolundan danışmaq istərdim. Onun bu
sahədə göstərdiyi xidmətləri misilsizdir.
Görkəmli mədəniyyət xadimlərimizə ulu öndər tərəfindən göstərilən
diqqət və qayğı daim hiss edilmişdir. Onlara fəxri adların, qocaman
musiqiçilərə təqaüdlərin, dövlət təltiflərinin verilməsi, gənc
musiqiçilərə xüsusi qayğı, istedadları tapıb üzə çıxarmaq, onları
dəstəkləmək, yeni yaradıcılıq uğurlarına ruhlandırmaq Heydər
Əliyevin bir dövlət başçısı kimi böyük xidmətlərindəndir.
Keçən əsrin 70-80-cı illərində Heydər Əliyevin təşəbbüsü ilə hər
həftənin cümə günləri simfonik konsertlərə getmək, klassik
musiqiyə qulaq asmaq ənənə halını almışdı. Bu konsertlərin
əksəriyyətində ümummilli lider şəxsən iştirak edirdi.
Doxsanıncı illərdə simfonik orkestrin musiqiçilərindən və balet
ustalarından bir çoxu ehtiyac üzündən ölkəni tərk etdikləri zaman
Heydər Əliyev bunun qarşısını almaq, Azərbaycanın klassik musiqi
sahəsində əldə etdiyi əvəzsiz nailiyyətləri qorumaq məqsədilə təcili
tədbirlər görərək, onların əmək haqlarını bir neçə dəfə artırmışdır.
Görkəmli mədəniyyət xadimlərimizin yubileylərini dövlət
səviyyəsində keçirtməklə, ev muzeylərini açmaqla və bu tədbirlərdə
şəxsən iştirak etməklə Heydər Əliyev onların yaradıcılıqlarına
yüksək qiymət verirdi.
Onun şəxsi təşəbbüsü və iştirakı ilə dahi bəstəkar, professional
Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyovun 90 (1975), 110
(1995), görkəmli bəstəkar Müslüm Maqomayevin 90 (1975), 110
(1995), professional vokal sənətinin banisi Bülbülün 100 (1997),
görkəmli opera müğənnisi Şövkət Məmmədovanın 100 (1997),
görkəmli bəstəkar Qara Qarayevin 60 (1978, Bakı, Moskva), 85
(2003), görkəmli bəstəkar Tofiq Quliyevin 80 (1997), məşhur
musiqiçi, violonçel ustası və dirijor M.Rostropoviçin 70 (1997) illik
yubiley mərasimləri və digər tədbirlər keçirilmişdir. Heydər
Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə onun şəxsi
təşəbbüsü və fəaliyyəti nəticəsində respublikamızda muzey işi
nəzərəçarpacaq dərəcədə inkişaf etmişdir. Həmin dövrdə və ulu
öndərin təkrar hakimiyyətə qayıdışından sonrakı illərdə incəsənət
və ədəbiyyat nümayəndələrinin yeni muzeylərinin açılması işi
ardıcıl surətdə davam etdirilmişdir. Belə ki, 1975-ci ildə Səməd
Vurğunun və Üzeyir Hacıbəyovun, 1977-ci ildə keçmiş SSRİ
məkanında ilk vokalçı muzey – Bülbülün muzeyi (Heydər Əliyevin
iştirakı ilə 1982-ci ildə tamaşaçılar üçün ekspozisiyası açılmışdır),
Cəfər Cabbarlının (1982), Nəriman Nərimanovun (1977) ev
muzeyləri, mənim rəhbərlik etdiyim Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyinin filialları olan Niyazinin mənzil
muzeyi (1994), Vaqif Mustafazadənin ev muzeyi (1994) açılmışdır.
Respublikamızda fəaliyyət göstərən muzeylərə metodik kömək
göstərmək məqsədilə muzey işi üzrə elmi-metodiki mərkəzi (1980),
muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, muzey
sərvətləri və xatirə əşyalarının bərpa mərkəzi təşkil olunmuşdur.
Ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan İttifaq
respublikaları arasında muzey işi üzrə geridə qalırdısa, 1981-ci ildə
artıq buna son qoyuldu. Bu, SSRİ muzeyləri üzrə göstəriciləri təhlil
edəndə aşkar olur. Əgər bir sıra səbəblərə, Rusiya və Ukraynanı
müqayisədə nəzərə almasaq, Azərbaycanın 53 muzeyi olaraq ölkə
üzrə orta göstəricini ötmüşdü.
1994-cü il sentyabr ayının 18-də görkəmli Azərbaycan dirijoru və
bəstəkarı Niyazinin ev muzeyinin təntənəli açılışında iştirak edən
ümummilli lider Heydər Əliyev onun həyat və yaradıcılığından
ətraflı danışmış, muzeyin rəy kitabına ürək sözlərini yazmışdir:
“Azərbaycanın böyük mədəniyyət xadimi, bəstəkarı, dirijoru,
ictimai xadimi Niyazinin ev muzeyinin açılmasını təbrik edirəm.
Bu, respublikanın həyatında əlamətdar hadisədir, dövlətin, xalqın
mədəniyyətə ehtiramı rəmzidir. Ümüdvaram ki, Niyazinin həyat
yolunu, yaradıcılığını əks etdirən muzey eksponatları xalqımızın
yüksək mədəniyyətə, incəsənətə malik olmasını təbliğ edəcək,
gələcək nəsillərə Azərbaycan xalqının zəngin tarixini,
mədəniyyətini tanıdacaqdır. Muzeyə öz fəaliyyətində uğurlar
diləyirəm”. Həmin tədbirdə Heydər Əliyev qeyd etmişdir:
“Azərbaycanda mədəniyyət və elm xadimlərimizə həsr olunmuş ev
muzeylərinin yaradılmasına 70-ci illərdə başlanmışdır. Bu da
həqiqətdir. Yadımdadır, böyük bəstəkarımız, gözəl insan,
Azərbaycan xalqının fəxri və tacı olan Üzeyir Hacıbəyov 1948-ci
ildə vəfat etmişdir. Fikir verin, 48-ci ildə. Amma onun həyat yolunu
və yaradıcılığını əks etdirən, şəxsən ona məxsus olan muzey 74-cü
ilədək yaradılmamışdı. Halbuki, Üzeyir bəyin yaşadığı ilk ev də,
"Monolit" adlandırılan bina da yaşadığı mənzil də məlum idi, onun
xidmətləri də məlum idi. Bu muzeyin yaradılmasına təşəbbüs
göstərdiyim üçün özümü xoşbəxt hesab edirəm. Bununla da biz
Azərbaycan xalqının həyatında gözəl bir ənənənin bünövrəsini
qoyduq".
Heydər Əliyev dünya səviyyəli görkəmli musiqiçi, violonçel ifaçısı
və dirijoru, əslən Bakıdan olan M.Rostropoviçin yaradıcılığını
yüksək qiymətləndirmiş, onu Azərbaycana dəvət etmişdir.
M.Rostropoviç ardıcıl olaraq Bakıda konsertlər, ustad dərsləri
vermişdir. Onun dirijorluq etdiyi konsertlər Azərbaycanın musiqi
həyatını daha da zənginləşdirmişdir. Ulu öndər 1997-ci ildə L. və
M.Rostropoviçlərin ev muzeyinin yaradılması haqqında sərəncam
imzalamışdır.
Sevindirici haldır ki, Heydər Əliyevin təməlini qoyduğu
mədəniyyətə dövlət səviyyəsində qayğı və diqqət ənənəsi bu gün də
davam etdirilir.
O, əsl sənəti qiymətləndirməyi bacarırdı. Belə bir faktı oxucuların
nəzərinə çatdırmaq istərdim. Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin nəzdində Qədim Musiqi Alətləri Ansamblı
fəaliyyət göstərir. Ansamblın yaradılmasının təşəbbüskarı Məcnun
Kərimovdur. Ansamblın bənzərsiz cəhəti ondadır ki, musiqiçilər
orta əsrlərdə istifadə olunmuş, tədricən unudulmuş və sonralar
M.Kərimov tərəfindən bərpa olunmuş musiqi alətlərində ifa edirlər.
Bunlar çəng, barbət, çəqanə, çoğur, tənbur, səntur, rübab, rud, ney
kimi musiqi alətləridir.
Bu ansambl 80-cı illərdə ictimai əsaslarla fəaliyyət göstərirdi.
Heydər Əliyev tədbirlərin birində ansamblın çıxışını görmüş,
unikallığını, dərin kökləri olduğunu duymuş və rəhbərin göstərişi
ilə kollektiv Dövlət ansamblı statusu almışdır. 1996-cı ildən
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində
fəaliyyət göstərən ansambl musiqi mədəniyyətimizi ölkə daxilində
və beynəlxalq səviyyədə layiqincə təmsil edir. Bu gün ümummilli
lider Heydər Əliyevin mədəniyyət, incəsənət sahəsində gördüyü
böyük işləri respublikamızın Prezidenti cənab İlham Əliyev və
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva layiqincə
davam etdirirlər. Prezident İlham Əliyevin mədəniyyət xadimlərinə
qayğı və diqqəti həmişə duyulur. İncəsənət xadimlərinin fəxri
adlara layiq görülməsi onları Azərbaycan mədəniyyətini daha
yüksək səviyyədə inkişaf etdirməyə, təbliğ etməyə ruhlandırır.
Prezidentin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması
haqqında” 6 mart 2007-ci il tarixli sərəncamı muzey işinə qayğı və
diqqətin bariz nümunəsidir. Hazırda Azərbaycan tarixi, Ədəbiyyat,
İncəsənət muzeylərində əsaslı təmir işləri aparılır. Bu il mayın 7-də
Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyein 85-
illik yubileyinə həsr olunmuş təmirdən sonra yeni ekspozisiyanın
açılışı olacaqdır.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi,
Azərbaycan İstiqlal Muzeyi üçün yeni binanın tikilməsi nəzərdə
tutulmuşdur. “Neft”, “İdman və olimpiya hərəkatı” muzeylərinin
yaradılması haqqında Prezident İlham Əliyev sərəncam vermişdir.
Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı
yolunda çox böyük işlər görür. Onun muğam mədəniyyətinin
ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan muğam layihələri
- bu layihələr çərçəvəsində Azərbaycanda Beynəlxalq Muğam
Mərkəzinin yaradılması və s. işlər Azərbaycan muğamını,
musiqisini yaşatmağa, onun inkişafına, bütün dünyada təbliğinə
xidmət edir. Bu işlərin nəticəsi olaraq Azərbaycan muğamı
YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin
incisi elan edilmişdir. YUNESKO-nun Baş direktoru Koişiro
Matsuuranın imzası ilə diplom muzeyimizin ekspozisiyasında
nümayiş etdirilir.,
Xalq qəzeti.- 2008.- 6 may.- S. 8.
Bədəlov Ə.
Heydər Əliyev və Azərbaycanda informasiya-
kommunikasiya texnologiyalarının inkişafı
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin
anadan olmasının 85-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev
və Azərbaycanda informasiya-komunikasiya texnologiyalarının
inkişafı” mövzusunda yığıncaq keçirilmişdir.
Yığıncağı Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm
xadimi, professor Seyfəddin Qəndilov açaraq tədbir iştirakçılarını
salamladı, ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik
irsinin öyrənilməsi istiqamətində ölkəmizdə gördüyü işlərdən, onun
zəngin təcrübəsindən danışdı. Natiq qeyd etdi ki, hazırda
respublikamızın hər yerində, o cümlədən Dövlət İdarəçilik
Akademiyasında ulu öndərin 85 illiyi ilə əlaqədar silsilə tədbirlər
keçirilir. Akademiyanın əməkdaşları bu tədbirlərdə fəal iştirak edir
və qonşu Gürcüstanda keçiriləcək yubiley tədbirlərinə də
qatılacaqlar. Son illərdə informatika və kommunikasiya
texnologiyaları sahəsində görülmüş bir çox işlər nəticəsində
ölkəmiz regionda lider dövlətə çevrilmişdir. Təməli ulu öndər
tərəfindən qoyulmuş bu uğurların qazanılmasında ölkə Prezidenti
İlham Əliyevin bu sahəyə xüsusi fikir verməsi diqqətə çatdırıldı.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının İnformatika
Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
texniki elmlər doktoru, professor Rasim Əliquliyev çıxış edərək,
İKT-nin inkişafı və hərtərəfli tətbiqi sahəsində Azərbaycanda bir
çox nailiyyətlər əldə olunduğunu qeyd etdi. O, hazırda elektron
hökumətdən tutmuş iqtisadiyyatın bütün sahələrini əhatə edən
“Elektron Azərbaycan” Dövlət Proqramının həyata keçirilməsi
barədə geniş məlumat verdi. DİA-nın İnformasiya Texnologiyaları
Mərkəzinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor
Azad Abbaszadə bu sahədə həyata keçirilmiş tədbirlərdən və
gələcək dövlət məmurlarına informasiya texnologiyaları
öyrənilməsinin vacibliyini vurğuladı.
DİA-da YAP-nın sədri Mayil Əliyev ümummilli lider Heydər
Əliyevin başçılığı ilə yaradılmış bu partiyanın ölkəmizin ictimai-
siyasi həyatındakı rolundan danışdı. Sonra partiyaya yeni qəbul
olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olundu.
S. Qəndilov bildirdi ki, ümummilli lider Heydər Əliyevin 85 illik
yubileyi ərəfəsində ulu öndərin irsinin təbliğində fərqlənmiş Dövlət
İdarəçilik Akademiyasının əməkdaşlarından professor Azad
Abbaszadə, dosentlər Mustafa İsgəndərzadə, Musa Quluzadə,
aspiranturanın II kurs tələbəsi Cavid Bədəlov, prezident
təqaüdçüsü, tələbə Ruslan Cumayev və Akademiyanın Tələbə-Elmi
Cəmiyyətinin sədri İsfəndiyar Hacıyev rektorluğun fəxri fərmanı ilə
təltif olunmuşlar. Sonra o, təltif olunanlara fəxri fərman və gül
dəstəsi təqdim etdi.
Xalq qəzeti.- 2008.- 7 may.- S. 11.
Qarayev Ə.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin böyük hamisi
idi
Azərbaycan xalqının dünya şöhrətli ümummilli lideri Heydər Əlirza
oğlu Əliyev dahi insan, böyük dövlət xadimi kimi misilsiz
xidmətləri ilə tarixi şəxsiyyətlər panteonunda öz yeri və mövqeyi
olan siyasət nəhənglərindəndir.
May ayının 10-da ümummilli liderimizin anadan olmasının 85 illiyi
dünya miqyasında qeyd ediləcək. Ulu öndərin şah əsəri olan
müstəqil Azərbaycanda isə yubiley tədbirləri, şənliklər, elmi
konfranslar, simpoziumlar, təqdimatlar, toplantılar, konsert
proqramları bir aydan çoxdur ki, davam edir. Mənim üçün qiymətli
olan budur ki, təşəbbüslərin böyük əksəriyyəti yerlərdən
qaynaqlanır. Təşkilatlar, kollektivlər, ayrı-ayrı insanlar, kütləvi
informasiya vasitələri, hökumət və qeyri-hökumət qurumları təbii
bir istəklə Heydər Əliyevə bəslədikləri dərin məhəbbəti ifadə etmək
üçün təşəbbüs göstərirlər. Bu bir daha onu göstərir ki, həqiqətən də
xalqımızın ulu öndərimizə məhəbbəti, sevgisi sonsuzdur.
Azərbaycanın tarixində görkəmli şəxsiyyətlər, qəhrəmanlar, dövlət
xadimləri çox olmuşdur. Onların hər birinin öz yeri, öz çəkisi var.
Lakin Heydər Əliyev tariximizin ən uğurlu təcrübələrini, milli-
mənəvi dəyərlərimizi müdrik bir həssaslıqla birləşdirərək
millətimizin və xalqımızın keçib gəldiyi yolu bütövləşdirmiş, ən ali
milli sərvətin - müstəqil Azərbaycan dövlətinin banisi olmuşdur.
Heydər Əliyevin dövlətçilik amalı XX yüzilliyin 90-cı illərində
dəyəri heç bir tarixi hadisə ilə müqayisəyə gəlməyən nəticə
vermişdir.
Heydər Əliyev milli varlığımızı, tariximizi bütövləşdirmiş, yaxın və
uzaq gələcəkdə uğur qazanmağın, Azərbaycanı inkişaf etdirməyin
aydın yollarını göstərmiş, ən dəqiq taktika və strategiyanı müəyyən
etmişdir.
Ağıllı insanlar, əslində bütün xalqımız bu unikal dəyəri zaman-
zaman dərk etdiyinə görə millətimizin Heydər Əliyevə sevgisi və
ehtiramı ildən-ilə artır.
Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirməyin
əsaslarını yaratmış bir şəxsiyyətdir. O, Azərbaycan mühitində
xalqın, millətin tərəqqisində tarixi, milli-mədəni köklərə bağlılıq,
qarşılıqlı anlaşma, milli birlik, yaradıcı münasibət, çağdaşlıq və
dünyanı dərk edərək yaşamaq, qanunçuluğa və demokratik
dəyərlərə sayğı və digər təməl meyarları reallaşdırmağın
mümkünlüyü haqqında düşüncə sistemi yaratmışdır. Bu sistemin
bütün cəhətləri canlı, dinamik həyatla, gerçəkliklə, gündəlik işlə
bağlıdır.
Heydər Əliyevin varlığını təcəssüm etdirən qısaca xülasədən çıxan
nəticə budur ki, xalqın ona bəslədiyi sonsuz məhəbbət dahi bir
şəxsiyyətin halal haqqının qarşılığıdır. Başqa sözlə, ümumxalq
sevgisi ulu öndərimizin halal haqqıdır. Mən inanıram ki, xalqımız
Heydər Əliyevə bəslədiyi sevgi işığında daha da yüksələcək,
Azərbaycan dövləti bütün humanist məqsədlərini reallaşdıracaq,
dünyanın ən azad, ən demokratik, maddi və mənəvi baxımdan ən
zəngin dövlətləri sırasında öz layiqli yerini tutacaqdır.
Azərbaycan dövlətinə və xalqımıza ümummilli liderimizin rəhbərlik
etdiyi 35 illik bir dövrdə siyasi, iqtisadi, sosial və mədəni sahələrin
hər birində görülən işlər, əldə edilən nailiyyətlər o qədər çoxşaxəli
və tutumludur ki, hər bir istiqamət üzrə günlərlə danışmaq, geniş
təhlillər aparmaq, kitablar yazmaq olar. Əslində cəmiyyətimiz
Heydər Əliyev irsini dəyərləndirməkdə davam edir.
Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə sadə xalq
kütləsi halal əmək sərf edərək gün-güzəran, dolanışıq sahibi
olmuşdur. Ölkənin kənd təsərrüfatı, sənaye, tikinti-abadlıq sferası
ildən-ilə yüksəlmiş, iqtisadi uğurlar xalqın həyat səviyyəsinə
davamlı təsir göstərmişdir. Əlbəttə bütün bunları araşdırmaq bu
sahələrə bələd olan mütəxəssislərin işidir.
Bu yubiley günlərində ölkəmizin bütün yaradıcı şəxslərini, ziyalı
insanlarını qürurlandıran budur ki, ulu öndərimiz xalqın
yüksəlişində iqtisadi, siyasi, sosial münasibətlərlə bir sırada elm və
təhsilin, mədəniyyətin, milli şüuru formalaşdıran bütün digər əsas
faktorların rolunu az qala bazis səviyyəsində dəyərləndirmiş, məhz
bu yanaşma nəticəsində müstəqil dövlətçilik ideyası elmi əsaslar
qazanmışdır.
Tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəsi
də ulu öndərimizin adı ilə bağlıdır. Heydər Əliyev mədəniyyəti
xalqın böyük sərvəti hesab edirdi. Elə buna görə də o, mədəni-
mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə
məxsus əsərlərin yaradılması üçün nəinki mümkün olanları, hətta
mümkün olmayanları da edirdi.
Azərbaycan mədəniyyətində mövcud olan böyük simalar və onların
yaratdığı ölməz əsərlər tariximizin heç bir mərhələsində Heydər
Əliyev zamanında olduğu qədər yüksək qiymətləndirilməmişdir.
“Kitabi - Dədə Qorqud” dastanları, xalq yaradıcılığının parlaq
nümunələri və simaları, Xaqani, Nizami dühası, Əcəmi
Naxçıvaninin “Mömünə Xatun” möcüzəsi, “Qobustan”,
“İçərişəhər”, “Atəşgah” abidə kompleksləri, Nəsimi, Füzuli, Vaqif,
Cavid, Mirzə Cəlil, Müşfiq, Vurğunun ədəbi-bədii düşüncəsi,
Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadənin rəng
düzümü, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi,
Rəşid Behbudov, Müslüm Maqomayevin musiqi dünyası - bütün bu
dəyərli irs xəzinəsi ulu öndərimizin diqqət və qayğısı sayəsində
xalqımızın dərk olunmuş dünya duyumuna çevrilmiş, dünyada
Azərbaycan düşüncəsinin zənginliyini nümayiş etdirmişdir.
Heydər Əliyev dahi idi, buna görə də xalqımızın dahi sənətkarlarını
və onların yaratdığı dahiyanə əsərləri heç kim onun qədər böyük
məhəbbətlə, qədirbilənliklə dəyərləndirə bilməzdi. Heydər Əliyevin
xalqın müdrik yetirmələrinə sonsuz məhəbbəti Azərbaycana,
Vətəninə nəhayətsiz sevgisindən qaynaqlanırdı. Heydər Əliyev
böyük yaradıcı şəxsiyyətdir. O, yer üzündə yaşayan 40 milyonluq
bir xalq üçün “Fəxr edirəm ki, mən azərbaycanlıyam ” amalını
yaratmışdır. Bu sözlər xalqımızın, millətimizin ruhunun adı və
ünvanıdır. Heydər Əliyev müasir Azərbaycan xalqının ruhunun
yaradıcısıdır. Dahi insanlar olub, var, yenə də olacaqlar. Amma,
tariximizdə xalq ruhunu Heydər Əliyev qüdrətində formalaşdıran,
səfərbər edən ikinci bir şəxsiyyəti bəyan etmək mümkünsüzdür.
Heydər Əliyev Azərbaycanın sivil dünya ilə inteqrasiyasına,
xalqların iqtisadi, siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi
möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri
kimi baxırdı. Və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və
optimal yollarından biri olaraq mədəni dəyərlərin qarşılıqlı dərkini
və təbliğini əsas götürürdü.
Heydər Əliyevin sayəsində Azərbaycan ədəbiyyatı, musiqisi,
rəngkarlığı, xalq sənətkarlığı, kino və teatr sənəti dünya şöhrəti
qazanmış, xalqımızı ləyaqətlə təmsil etmişdir.
Çox fərəhlidir ki, bu yubiley günlərində xalqımız, o cümlədən
yaradıcı insanlar, sənət adamları, turizm ictimaiyyəti ulu öndərin
mədəniyyətin inkişafı naminə gördüyü saysız-hesabsız işləri böyük
bir minnətdarlıq duyğusu ilə yenidən xatırlayır, Heydər Əliyevin
ruhu qarşısında hesabat verirlər.
Artıq bir aydan çoxdur ki, mədəniyyət və turizm ictimaiyyəti -
yazıçılar, şairlər, rəssamlar, musiqiçilər, teatr və kino xadimləri
Heydər Əliyev tərəfindən yaradılmış, ondan yadigar qalan
mədəniyyət saraylarında, konsert, sərgi salonlarında, tamaşa
zallarında xalqla görüşərək ulu öndərə ehtiramlarını yaradıcılığın
dili ilə ifadə edirlər. Tədbirlərimiz çoxdur, sərgilər, konsert, tamaşa
proqramları, poeziya məclisləri, kitab təqdimatları, elmi
toplantılar... Bu günlər Heydər Əliyevin dühasından ilham alan
sənətkarlarımız xalqımızın ulu öndərimizə bəslədiyi məhəbbətlə
üzbəüzdürlər. Məncə, bu mənəvi birlik ümumən Azərbaycan
mədəniyyətinin təntənəsi sayılmalıdır.
Ümummilli liderimizin yüksəliş yolunu böyük uğurla yeni
nailiyyətlərə doğru aparan möhtərəm Prezidentimiz İlham Əliyevin
mədəniyyət və turizm sahəsində hərtərəfli inkişafı üçün göstərdiyi
diqqət və qayğı, bu sahədə qəbul etdiyi qərarlar bir daha təsdiqləyir
ki, Heydər Əliyevin milli-mədəni intibah amalı bu gün də yaşayır,
ümummilli təkamülə təminat yaradır.
Heydər Əliyevin mənalı həyatı, böyük xidmətləri və zəngin irsi
gələcək nəsillərımızə milli düşüncə məktəbi olmuşdur. Bu gün hər
bir Azərbaycan vətəndaşının Heydər Əliyev siyasi məktəbinin
yetirməsi və onun layiqli davamçısı olan cənab İlham Əliyevin
ətrafında sıx birləşməsi, onun siyasi xəttini müdafiə etməsi təsadüfi
deyildir.
Heydər Əliyev mənalı ömür yolunda tarixi şəxsiyyət, böyük dövlət
xadimi kimi xalqın tale yükünü çiyinlərində daşımış, onun
müstəqilliyə, azadlığa və xoşbəxtliyə qovuşması uğrunda fədai
mübarizəsi aparmış, doğma Azərbaycanı bir dövlət kimi zamanın
ağır sınaqlarından, tufanlarından çıxartmış, dünya tarixində bir lider
kimi tanınmışdır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dediyi
kimi Heydər Əliyev “...30 ildən artıq Azərbaycanın məsuliyyətini
öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin
sınaqlarından çıxaran vətəndaş, şəxsiyyət, lider olmuşdur”.
ABŞ prezidenti Corc Buş “Heydər Əliyev kimi liderlə işləmək şansı
əldə etməsini” minnətdarlıqla xatırlayarkən demişdir: “Heydər
Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət
olmuşdur... Amerika Birləşmiş Ştatları ilə bəhrələndiyi dostluq
əlaqələrinin qurulmasında, Azərbaycan müstəqilliyinin
qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır”.
Heydər Əliyevin ölkə daxilində və xaricdə dərin inam və qətiyyətlə,
məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal,
genişmiqyaslı siyasət inkişaf etmiş ölkələrlə sıx əməkdaşlığın
qarantı olmuşdur.
Heydər Əliyev incəsənət xadimləri ilə görüşlərinin birində
demişdir: “Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki
nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün
iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm”.
Bu tarixi nailiyyətlərin, xalqımızın həyatında baş verən misilsiz
yeniliklərin təşkilatçısı və himayədarı Heydər Əliyev idi. Köhnə
libasını dəyişən, qədim milli mədəniyyətimizin kökləri üstündə
çiçəklənən yeni Azərbaycan mədəniyyəti Heydər Əliyev dühasının
bəhrəsi idi.
Heydər Əliyev demişdir: “Ədəbiyyatımızın, incəsənətimizin,
mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri
də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni
yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”.
Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin
bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması,
ölkəmizin şöhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə
malik olması bu müdrik fikri təsdiq edirdi.
Heydər Əliyevin 85 illik yubileyi böyük bayramımızdır. Bu bayram
münasibəti ilə bütün xalqımızı təbrik edirəm!
Dostları ilə paylaş: |