Ağahüseyn, Ağacan, Ağalar, Ağamehdi, Gülağa, Mirağa, Ağayar, Ağakişi və
b. antroponimlərin yaranmasında iştirak etməklə yanaşı, vaxtilə dilimizdə titul
kimi də işlənmişdir. Ağa Məhəmməd şah İbrahim, Ağa Məhəmməd şah Qacar,
Abbasqulu ağa Bakıxanov və b. tarixi şəxsiyyətlər bu tituldan istifadə etmişlər.
M. Adilov türk mənşəli “ağa” titulu” haqqında yazır: “Əğa ünsürünün adam
mənası ən qədim türk sözlərindən olan “ağa” sözündə də özünü göstərir. “Ağa”
qədim türk dillərində “böyük” mənasında işlənmiş və deməli ağa tərkibi böyük
adam (sonralar danışan şəxsin özündən böyük ata, böyük qardaşı, əmi və s.)
mənasına malik olmuşdur [6, s. 61].
XVIII əsrdə yaranmış xüsusi mülkiyyətlə bağlı torpaq sahibi mənasında
da işlənən ağa leksik vahidinin ailədə “böyük, ilkin, ulu” anlamını ifadə
etdiyini B. Abdullayev və O. Mirzəyev də qeyd etmişlər [3, s. 10].
Azərbaycan dilinin qədim elementi ağa sözünə həmin anlamda “Kitabi-
Dədə Qorqud” dastanlarında da təsadüf olunur. Uşun qoca oğlu Səkrək
boyunda Zindanda qalan qardaşın qurtarmağa gedən Səkrəyin dilindən
oxuyuruq; “Ağam tutulam qələyə varmayınca, qalın Oğuz elinə gəlməyim yox
[33, s. 32].
Ağa sözünün adyaratma prosesindəki fəal iştirakı, dilimizdə xeyli
müddət ondan titul kimi istifadə edilməsi şübhəsiz ki, bu leksik vahidin ifadə
etdiyi məna ilə bağlıdır.