AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
MƏDƏNİYYƏT
TARİXİ
VƏ
NƏZƏRİYYƏSİ
Dərslik
(əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
Dərslik Azərbayjan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası
«İnjəsənət və musiqişünaslıq» bölməsinin 07.10.2005-ji il tarixli
əmrilə təsdiq edilmişdir (protokol № 01)
BAKI - 2010
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
2
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin
12 oktyabr 2005-ci il tarixli, 700 №-li qərarı ilə təsdiq edilmişdir
Rəyçilər: AMEA-nın «Memarlıq və İncəsənət» İnstitutunun şöbə müdiri, AMEA-nın
müxbir üzvü, sənətşünaslıq doktoru, professor
İNQİLAB KƏRİMOV;
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
professoru, filologiya elmləri doktoru
GÜLTƏKİN SULTANOVA;
Bülbül ad.Bakı OİMM-nin direktoru, fəlsəfə elmləri doktoru, professor
NİGAR CƏRULLA qızı;
Azərbaycan Dövlət Neft Akademiyasının
professoru, fəlsəfə elmləri doktoru
ŞƏHRƏDDİN MƏMMƏDOV
Elmi redaktor : Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının «Humanitar və ictimai
elmlər» kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, filologiya elmləri namizədi,
professor VALİDƏ İMRAN qızı MƏMMƏDOVA
Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi
redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010, 876 səh.
İSBN 5-86106-104-1
Dərslik mövcud proqram əsasında yazılaraq mədəniyyətin nəzəri problemlərini və dünya
mədəniyyətinin əsas dövrlərini əhatə edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
əməkdaşlarının hazırladığı bu dərslik tələbələr, magistrlar, aspirantlar, tədqiqatçılar, müəllimlər və
müvafiq problemlərlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
2008
029
4901000000
−
Qrifli nəşr.
©M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova
© Sabah, 2008.
© Təkrar nəşri, 2010
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
6
ÖN SÖZ
ADMİU-nun «Mədəniyyətşünaslıq» kafedrası tərəfindən 2003, 2006-ci illərdə nəşr edilmiş
«Kulturologiya» və «Mədəniyyətin tarixi və nəzəriyyəsi» adlı dərsliklərdə müvafiq problemlər müəyyən
dərəcədə öz əksini tapmışdır. Bu illər ərzində ərzində fənnin proqramı təkmilləşdirilmişdir. Bu baxımdan,
hazırkı dərslik yeni, daha geniş proqram əsasında tərtib edilmişdir.
Müasir tarixi şəraitdə dünya mədəniyyətinin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Bu gün
dünyada gedən dərin sosial hadisələr, o cümlədən qloballaşma problemi bunu daha zəruri tələbata çevirir. Çünki
Yer kürrəsinin bir hissəsində baş verən hadisələr tez bir zamanda hamıya məlum olmasa da, planetin bütün ölkə
və xalqlarına təsir edir. Bu inteqrasiya bütün tarixi dövrlərdə olmuş və sakini olduğumuz müasir günlərdə daha
geniş vüsət tapmaqdadır. Buna şərait yaradan ən başlıca amil radio, televiziya, peyk əlaqələri, internet və digər
müasir texnologiyalardır ki, məhz bunların nəticəsində dünyada vahid informasiya məkanı yaradıla bilmişdir.
Bəşəriyyət qarşısında iqtisadi, xammal, ərzaq, ekoloji, demoqrafik və digər bu kimi qlobal problemlər
dayanmaqdadır. Bütün bunların həlli dünyanın iqtisadi, elmi-texniki, intellektual və mənəvi resurslarının bütün
ölkə, xalq, hətta hər bir kəsin gücündən birgə razılaşdırılmış şəkildə istifadəsini tələb edir. Ölkə, xalq və
insanların birliyinə nail olmanın ən optimal vasitələrindən biri isə məhz mədəniyyətlərin bir-biri ilə əlaqəsi, bir-
birinə nüfuz edərək inteqrasiyasıdır. Digər xalqların mədəniyyətləri, onların özünəməxsus xüsusiyyətləri və
cəhətləri ilə tanışlıq öz milli mədəniyyət və incəsənətinin daha dərindən dərki üçün çox böyük əhəmiyyət kəsb
edir. Təkcə digər mədəniyyətləri öyrənməklə işi bitmiş hesab etmək olmaz. Burada həm də doğmalıq, yaxınlıq
axtarmaq məqsədəuyğundur. Müasir sivilizasiya üçün zəruri və aktual olan mədəniyyətlərin dialoqu yalnız bu
yolla mümkündür.
Göründüyü kimi, dünya mədəniyyəti tarixinin, müasir mədəniyyətlərin rəngarəngliyinin, müxtəlif ölkə və
xalqların mədəni özünəməxsusluğunun öyrənilməsi və mənimsənilməsi sayəsində bəşəri birliyə, hər bir fərdin
özünüinkişafına, sivilizasiyanın irəliləyişi yollarında müasir qlobal problemlərin həllinə nail olmaq mümkündür.
Bunsuz insanların planetar birliyi yarana bilməz.
Hazırkı dərsliyin tərtib edilmə zərurəti məhz haqqında qeyd etdiyimiz bu mədəni-sosial tələblərdən
doğmuşdur. Dərsliyin əsas vəzifəsi tələbələri mədəniyyətin nəzəri problemləri, dünyadakı ölkə və xalqların
mədəniyyətinin tarixi inkişaf mərhələləri, həmçinin müasir vəziyyəti haqqında biliklərlə təmin etməkdir. Bu
vəzifədən çıxış edərək dərslik dünyanın bütün regionları, o cümlədən Afrika, Amerika, Şərq ölkələri
mədəniyyətlərinin tarixi və müasir inkişafı prosesini də əhatə edir.
Dərslikdəki materiallar tələbələrə mədəni-tarixi prosesin inkişaf xronologiyası məntiqi əsasında çatdırılır.
Burada başlıca diqqət ölkə və xalqların incəsənət, elm, təhsil, əxlaq və məişətinin tarixi inkişafı və digər
mədəniyyət sahələrinə verilir. Dərslik müəllifləri mədəniyyətin bu başlıca sahələrinə diqqəti gücləndirməklə
tələbələrin dünyanın ayrı-ayrı ölkə və xalqlarının mədəniyyəti haqqında aydın və konkret təsəvvürünün
formalaşmasına çalışmışlar. Bu dərsliklə tanış olan hər bir kəs – istər tələbə, istərsə də mədəniyyətlə maraqlanan
hər bir oxucu yaşadığı dünyanın mədəni xəzinəsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəkdir.
Dərslik ixtisasından asılı olmayaraq bütün tələbələrin mədəniyyət haqqında ümumi biliklərinin
zənginləşməsinə xidmət edəcəkdir.
Əsasən incəsənət profilli təhsil müəssisələrinin dinləyiciləri üçün nəzərdə tutulan bu dərslikdən dünya
mədəniyyəti ilə maraqlanan bütün insanlar faydalana bilərlər.
Hazırki dərslik əlavələr edilmiş, redaktə olunmuş ikinci nəşridir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
7
I
BÖLMƏ
MƏDƏNİYYƏTİN
NƏZƏRİYYƏSİ
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
8
1.1. «Mədəniyyət tarixi və Nəzəriyyəsi»nə giriş
Mədəniyyətin tədqiqi çox qədim fəlsəfi ənənələrə malik olmaqla bir sıra elm sahələri - arxeologiya,
etnoqrafiya, psixologiya, tarix, sosiologiya üzrə tədqiqatçıların diqqətini cəlb etmişdir. Lakin XX əsrdə bu
sahənin ayrıca bir elm olmaqla, nəzəri obyekt kimi formalaşması mədəniyyət haqqında elmin təşəkkülünə təkan
verdi ki, burada da ABŞ alimi Lesli Uaytın (1900-1975) xidmətlərini xüsusi qeyd etmək lazımdır. Hazırda
kulturologiyanın təşəkkülü və formalaşması mərhələsi mədəniyyət nəzəriyyəsinə üç movqedən yanaşmasını
müəyyən edir. Bunlardan birincisi, kulturologiyaya mədəniyyəti öyrənən fənlərin kompleksi kimi baxır. Bu
zaman mədəniyyət tarixi inkişaf mövqeyindən və sosial cəhətdən mövcudolma aspektindən tədqiq olunaraq
mədəniyyət haqqında biliklər sistemini formalaşdırır.
İkincisi, kulturologiyanı mədəniyyəti öyrənən fənlərin xüsusi bir bölməsi kimi təqdim edən,
kulturologiyaya fəlsəfi aspekdən yanaşmağı vacib bilən yanaşmadır. Əks mövqe də mövcuddur: mədəniyyətin
fəlsəfəsi kimi o, mədəniyyətlərin rəngarəngliyini (tipologiyası, mədəni özünüdərketmə amili olmadan
mədəniyyət haqqında biliklərin sistemləşməsi) oyrənir.
Üçüncü yanaşma isə, kulturologiyanı müstəqil elmi fənn kimi tədqiq edir. Bu zaman mədəniyyət
nəzəriyyəsinin sosial-humanitar biliklər sistemindəki mövqeyi təqiq olunur.
Zənnimizcə, bütün bu elmi yanaşmaları ümumiləşdirməklə «Mədəniyyət nəzəriyyəsi»nin mahiyyətini
onun mədəniyyəti dərindən və hərtərəfli şəkildə öyrənilməsi, məzmun və mahiyyətinin üzə çıxarılması, hansı
səviyyə və formalarda olması, tiplərinin öyrənilməsinin tədqiqi ilə izah etmək daha məqsədəuyğundur.
Bəşər tarixində mədəniyyətlər çoxluq təşkil edir: bir sıra mədəniyyət tipləri mövcuddur. Hər bir
mədəniyyət özünün spesifik səmərəliliyi, bundan irəli gələn mənəviyyat, əxlaq və incəsənətində təzahür tapır.
Mədəniyyətlər unikal və təkrarolunmazdır.
Belə bir sual çıxır: mədəniyyətlərin inkişaf dərəcələrini necə qiymətləndirməli? Bəlkə bu mədəniyyətlərin
eyni səviyyədə qəbulu məqbuldur?
Qeyd etmək istərdik ki, bir çox kulturoloqlar məhz sonuncu nöqtədən çıxış edirlər.
Lakin fikirimizcə, mədəniyyətin özünə xas qiymət və dəyər meyarları mövcuddur. Ona görə də,
mədəniyyətin inkişaf səviyyəsi onun azadlığa, ləyaqətə olan münasibəti, şəxsiyyətin yaradıcı özünüreallaşması
imkanları ilə müəyyən olunur. Bir mədəniyyətin digər mədəniyyətə təsiri labüddür. Mədəniyyətlərin bu
dialoqunun yeganə mənbəyi - insandır.
Bu baxımdan «Mədəniyyət nəzəriyyəsi» fəslində mədəniyyətin bəzi nəzəri məsələləri, xüsusilə,
«mədəniyyət» anlayışının izahı, mədəniyyət və sivlizasiya, mədəniyyət və təbiət, mədəniyyətdə mentalitet
problemi, elitar və kütləvi mədəniyyət, habelə respublikada mədəniyyətin inkişaf problemləri nəzərdən keçirilir.
1.2. «Mədəniyyət» anlayışına tarixi və müasir yanaşmalar
Mədəniyyət nəzəriyyəsi «mədəniyyət» anlayışının tərifi və şərhi ilə başlayır. «Mədəniyyət» anlayışının
izahında ilk diqqət bu terminin çoxmənalılığı və çoxəhəmiyyətliliyinə verilir. «Mədəniyyət» anlayışının tərifi
yüzlərlədir. Həmin anlayışın tərifi öncə bu terminin mənşəyi ilə bağlıdır. «Mədəniyyət» anlayışının tədqiqi,
onun həm elmi, həm də həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin - antropologiya,
arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə, mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və
digər sahələrin öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının fikirlərini eyni məxrəcə
gətirən amillərdən birini, məhz «mədəniyyət» anlayışının təyinatının eyni məzmunda izahı təşkil edir.
Beləliklə, «mədəniyyət» - latınca «kultura» (cultura) sözündən olub, işləmə, qulluqetmə, yaxşılaşdırma,
həmçinin tərbiyə, inkişaf, tərəqqi deməkdir. Bu anlayışın mənşəyi isə «kolo», «kolere» (kolo, kolere)
sözlərindən gələrək torpaqşünaslıqla məşğul olma, torpaqla işləmək, burada çalışmaq, «kultus» - «təzədən
işlənmiş» mənalarını ifadə edir. Qədim latın dilində həmin söz məhz bu mahiyyəti kəsb edərək «aqri kultura»
(aqri kultura) mənasını, yəni torpağı əkinə hazırlamaq fikrini izah edirdi. Bu fikri qətiləşdirməkdə bizə kömək
edən əsas informasiya mənbəyi dövrümüzə gəlib çatan Mark Porsi Katonun kənd təsərrüfatı məsələlərinə həsr
edilən eyni adlı «De aqri kultura» əsəridir.
«Kultura» sözünə qədim romalılar özünəməxsus şəkildə tərif vermişlər. Digərlərindən fərqli olaraq onlar
«kultura»ya insan fəaliyyətinin ümumiləşdirilmiş tərifini vermişlər. Bu, fəaliyyətin müxtəlif sahələrini əhatə
etməklə «texne», «mimesis», «paydey» təsəvvürləri ilə əlaqədar idi. «Kultura»nı hər hansı bir obyektin insan
tərəfindən dəyişdirilməsi, yenidən yaradılması kimi qəbul edirdilər. Bu mənada «kultura» anlayışını nəzəri
termin kimi ədəbiyyata ilk dəfə b.e.ə. 45-ci ildə roma natiqi, ritorikanın görkəmli banisi, filosof Mark Tulli
Siseron gətirmişdir. Onun «Tuskulan söhbətləri» əsərində bu anlayış məcazi mənada işlədilmişdir. Belə ki,
Siserona görə, «kultura» insan zəkasının reallaşmasının özünəməxsus təzahürüdür. Kəndlilər torpağı becərib,
ona qulluq edib, məhsul yığdıqları kimi, insanlar da beyinlərini hərəkətə gətirərək, ruhunu təkmilləşdirərək əsil
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
9
mədəniyyət yaradırlar. Məhz bu xüsusiyyətinə görə M.T.Siseronun məşhur ifadəsi belə səslənir: «Düşüncə
mədəniyyəti- fəlsəfədir.»
Tarixi inkişafın sonrakı mərhələlərində mədəniyyətin digər sahələrinə aid terminlər formalaşmağa başladı:
«sivilizasiya», «təhsil», «tərbiyə», «tərəqqi», «inkişaf» və s.
Qədim xalqlardan biri hesab edilən və Şərq sivilizasiyasının aparıcı dirəklərindən olan çinlilər və hindlilər
də «mədəniyyət» anlayışını öz fəlsəfi nəzəriyyə və təlimlərinə müvafiq mənalandırmışlar. Belə ki, qədim
çinlilərdə bu söz «jen», Hindistanda «dharma» anlayışı ilə, türklərdə isə «kultür» formasında ifadə olunur. Çox
qəribədir ki, mənşəcə soy kökü türk olan bizim xalqın dilində «kultura» anlayışı «mədəniyyət» sözü ilə ifadə
olunaraq ərəb dilindən gətirilib. Belə ki, ərəb dilində «mədinətun» anlayışı «şəhər» sözü ilə bağlıdır. Bu, xam
vəziyyətində olanın insan əli ilə dəyişdirilməsi, təkmil formaya salınması mənasını verir. Bununla yanaşı, şəhər
münasibətləri, şəhərin həyat tərzi səhra əhalisinin, bədəvilərin kobudluğuna, onların qaba həyat tərzinə qarşı
istiqamətləndirilirdi. «Kultura», «mədəniyyət» anlayışlarının «şəhər» sözü ilə əlaqələndirilməsi digər tərəfdən
antik polislə bağlı idi. Belə ki, polis – qədim sivilizasiyada tərəqqinin sinonimi kimi işlənərək şəhərin azad
vətəndaşları kimi qəbul olunurdu. Onların əsas borcunu şəhərin qayda-qanunlarına tabe olmaq, onları qorumaq,
xidməti işlərdə layiqincə qulluq etmək, xalq yığıncaqlarında yaxından iştirak təşkil edirdi. Belə şəhərlərdə
mədəniyyət «tərbiyə», «kult» (sitayiş ayin), «becərmə» mənalarını ifadə edirdi. Digər tərəfdən «kultura»
ifadəsinin başqa etimologi mənalarından birini şərəf, sitayiş, kult təşkil etdiyindən onu, həm də «dini sitayiş»
anlamında qəbul etmək zəruridir. «Kultura» sözünün dinlə, dini sitayişlə bağlılığına istinad edən bir çox
müəlliflər, xüsusilə, müasir dinşünas alim A.Men belə hesab edir ki, hər bir mədəniyyətin tamamlanması üçün
«inam» hissi və əqidəsi başlıca yer tutmalıdır. Bir çox müəlliflər isə, belə hesab edirdi ki, dini əqidəsi, inamı
olmayanı mədəni hesab etmək düzgün deyil. «Mədəniyyət» sözünün təhlilində bu fikirlərin hansının düzgün
olub-olmamasından asılı olmayaraq bir fikir diqqətəlayiqdir ki, həmin anlayışın mahiyyətinin düzgün dərk
edilməsində yuxarıda söylənənlərin hər birinin özünəməxsus obyektiv qiyməti vardır.
İstər fəlsəfə tarixində, istərsə də digər humanitar elm sahələrində «mədəniyyət»lə bağlı problemlərə
toxunan tədqiqatçılar bu hadisəni ictimai-tarixi proses kimi təhlil edərək onun mahiyyət və məzmununun dərin
şərhini vermişlər. Məhz elə buna görədir ki, müasir kulturologiyada «kultura» və ya «mədəniyyət»in yüzlərlə
tərifi məlumdur. Bu, hər şeydən əvvəl həmin fenomenin çoxhüdudluğu, çoxaspektliliyi ilə izah edilir.
«Mədəniyyət» anlayışının müasir anlamı ilk dəfə Almaniyada öz təsdiqini tapmışdır. Artıq XVIII əsrin
axırlarında bu söz alman ədəbiyyatında iki mənada – birincisi, bilik və peşələrin köməkliyi ilə təbiət üzərində
hökmranlıq, ikincisi isə, şəxsiyyətin mənəvi zənginliyini bildirirdi. «Kultura» sözünün bu mənaları yavaş-yavaş
bütün Avropa dillərinə daxil oldu.
Mədəniyyət fenomeninin müxtəlif aspektlərdən tədqiqi müasir kulturologiyada özünəməxsus yer tutan
sahələrdən birinə çevrilmişdir. Bu tədqiqatları birləşdirən vahid amil onun tarixi proses kimi qəbul edilməsidir.
Mədəniyyətin qeyri-biologi təbiətə malik olması və irsən əldə edilmiş ictimai əxlaq vasitəsilə həyata keçirilməsi
fikri ilə bu sahə üzrə məşğul olan bütün tədqiqatçılar razıdır. Ümumiyyətlə, mədəniyyəti ictimai- tarixi proses
kimi tədqiq edən kulturoloqlar bu fenomenə müxtəlif aspektlərdən yanaşmışlar ki, bunları da aşağıdakı kimi
təsnif etmək mümkündür:
Mədəniyyətə antropoloji mövqedən yanaşma bu fenomenin insan təbiətinin təzahürü kimi şərhini nəzərdə
tutur.
Mədəniyyətə fəlsəfi-tarixi aspektdən yanaşma isə onun fəaliyyət prosesi kimi dərkini nəzərdə tutur.
«Hərəkət», «fəaliyyət» reallığın, tarixin bilərəkdən dəyişdirilməsi kimi başa düşülür. Mədəniyyət haqqında daha
geniş yayılmış təsəvvür insan fəaliyyətinin nəticəsi ideyasıdır. Bu ideyanı müxtəlif aspektdən şərh edənlər də
var. Belə ki, bəzi tədqiqatçılar mədəniyyəti yalnız yaradıcı fəaliyyəti özündə əks etdirən fəaliyyət növü kimi
dəyərləndirirsə, bir qisim tədqiqatçılar isə, reproduktiv fəaliyyəti də (yenidən hazırlama, üzünü çıxartma,
təkrarlama) mədəni fəaliyyət kimi qiymətləndirir.
Mədəniyyət fenomeninə sosioloji yanaşma onun ictimai həyatın təşkili amili kimi başa düşülməsinə
imkan yaradır. cəmiyyət mədəni dəyər və sərvətləri yaradır, onlar isə öz növbəsində həmin cəmiyyətin inkişafını
müəyyənləşdirir; dil, inam, estetik zövq və tələbatlar, biliklər, peşəkarlıq, müxtəlif adət və ənənələr.
Bütün bu ənənəvi yanaşmalardan başqa mədəniyyətin öyrənilməsində aksioloji (və ya dəyərləndirmə)
yanaşma da tədqiqatçılıqda mühüm mövqe tutur. Mədəniyyətə bu mövqedən yanaşma həmin fenomenə
müəyyən dəyər və sərvətlərin kompleksi kimi dərkini nəzərdə tutur. Mədəniyyətin strukturu və ona yanaşmada
dəyərlərin rolu qiymətləndirici məqamlarına görə müstəsnalıq təşkil edir. Bunlar ideal təsəvvürləri ilə
uyğunlaşdırılaraq insan həyatına məna verirlər.
Beləliklə, mədəniyyəti aksioloji mövqedən dərk etmək bəşəriyyət tərəfindən məqsədyönlü yaradılmış,
qorunmuş və inkişaf etdirilmiş dəyər və sərvətlər toplusunun tanınması deməkdir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
10
1.3. Mədəniyyət və sivilizasiya
Mədəniyyətlə bağlı olan anlayışlardan biri də «sivilizasiya»dır. Bu termin latın dilindəki «sivilis»
sözündən götürülərək «vətəndaş», «mülk», «dövlət» mənalarını ifadə edir. Dilimizdə bu termini çox vaxt
«inkişaf», «tərəqqi» mənalarında işlədirik. Əlbəttə, «sivilizasiya» anlayışı özünün ilkin mənasında məhz bu
məzmunu, yəni «tərəqqi»ni ifadə edir. Çox zaman bizə elə gəlir ki, «tərəqqi» yalnız müasiri olduğumuz bu günə
aiddir. Amma əslində tarix boyu mədəniyyət və sivilizasiya anlayışları bir-birinə bağlı olmuşdur. Məsələn,
qədim sivilizasiyalar haqqında şahidlik edən abidələr bunun bir daha canlı nümunəsidir. Bəzən isə,
sivilizasiyanın modern texnikası ilə bağlılığına güvənilir. Əslində sivilizasiya, ilk növbədə insanların şüurunda,
beynində olmalıdır. Məhz bu xüsusiyyətinə görə görkəmli filosof İ.Kant qeyd edirdi ki, sivilizasiya insanın öz
həyatı və davranışını nizama salandan sonra başlayır.
Sivilizasiya inkişafın ən yüksək mərhələsi, eyni zamanda süqutun başlanğıcıdır. Bunu sübut etmək üçün
tarixi mərhələlərin bir-birini əvəz edərək süqutlarının nümunəsi kifayətdir. Belə ki, onların süqutuna səbəb bu
mərhələlərin özünəxas ən yüksək inkişafı, xüsusilə, təsərrüfatın tərəqqisi idi. Tarixi inkişaf prosesinə uyğun
olaraq sivilizasiyaların da formaları mövcuddur: quldarlıq, feodalizm, kapitalizm və s.
İnkişafın bu tarixi dövrlərində sivilizasiya ilə mədəniyyət eyni addımlamış və vəhdət təşki edərək bir-
birini tamamlamışdır. Sivilizasiya mədəniyyətin zəruri taleyidir. Görkəmli alman filosofu və kulturoloqu
O.Şpenqlerə görə mədəniyyət potensialın açılması, imkanların gerçəkləşməsidirsə, sivilizasiya mədəni varlığın
böhranı və sonudur. Yaxud, «Sivilizasiya mədəniyyətin qocalığıdır». Əgər bu ifadənin dərindən təhlilinə diqqət
yetirsək məntiqi bir cavab əldə edərək, insan müdrikliyə qocalıqda çatdığı kimi, mədəniyyət də sivilizasiyaya
sonda çatır.
Görkəmli rus kulturoloqu N.A.Berdyayev isə yazır ki, hər bir mədəniyyətin sivilizasiyaya çatması
labüddür. Bu, mədəniyyətin taleyidir. O, ölümlə nəticələnir. Bəs mədəniyyət sivilizasiyadan nə ilə fərqlənir?
Görkəmli kulturoloqun fikirincə mədəniyyət öz əsasına görə dini, sivilizasiya isə, dini deyildir. Mədəniyyətin
kökü dini inamdan, ayindən gəlirsə, sivilizasiyada dünyəvi, bəşəri güc daha mühüm amildir. Mədəniyyət milli,
sivilizasiya isə beynəlmiləldir. «Sivilizasiya bəşəri bir şəhərdir».
Sivilizasiya haqqında fikirlərə L.Morqanın əsərlərində də rast gəlirik. O, bəşəriyyəti üç əsas mərhələyə
bölməklə tarixi inkişafın sonuncu, üçüncü mərhələsini «barbarlıq», vəhşilikdən sonrakı tərəqqi kimi adlandırır
ki, bu da sivilizasiyadır.
Mədəniyyət və sivilizasiya anlayışlarını müxtəlif aspektlərdən tədqiq edənlərin hamısını bir nöqteyi-nəzər
birləşdirir ki, bu da bir neçə məqam ilə izah edilir. Bunlar ilk növbədə aşağıdakılardır: birincisi «mədəniyyət»
anlayışı «sivilizasiya» anlayışına nisbətən daha genişdir. Belə ki, «mədəniyyət» anlayışı həm bir tayfa və ya
birliyə, həm də miqyası olduqca geniş əraziyə aid ola bilər,. Məsələn, «Azərbaycanlıların mədəniyyəti» və ya
«Avropa mədəniyyəti» və s; ikincisi, «mədəniyyət» özündə elmi-texniki tərəqqi ilə yanaşı, nəsillərdən ötürülən
mənəvi - humanist varisliyi də əhatə edir, «sivilizasiya»da isə maddi-istehsal üstünlüyü daha qabarıq şəkildə
özünü büruzə verir; üçüncüsü, «mədəniyyət» irqi və insan qruplarının milli-etnik xüsusiyyətləri ilə izah edilirsə,
«sivilizasiya» daha ümuminsani, qlobal miqyası özündə əks etdirir; və nəhayət, dördüncüsü, «mədəniyyət»
anlayışı dini başlanğıca malikdirsə, «sivilizasiya»da bunlar labüd deyildir.
Bütün bu deyilənlərdən belə bir qısa nəticə əldə etmək olar ki, mədəniyyətin kökündə daha çox mənəvi
əsaslar, ideyalar durursa, «sivilizasiya»nın kökündə maddi amillər üstünlük təşki edir.
İnsanlar mənən sivilizasiyaya çatmalıdırlar ki, maddidə onu həyata keçirə bilsinlər. Mədəniyyətin
müxtəlif sahələrində, məs. incəsənətdə - musiqi, boyakarlıq, heykəltəraşlıq və digər növlərdə modern cizgilərin
meydana gəlməsi texniki tərəqqi ilə incəsənətin qaynayıb-qarışmasına dəlalət edir. Xüsusilə rəssamlıqda mey-
dana gələn yeni – XX əsrin özünəxas xüsusiyyətlərini əks etdirən cərəyanlar (sürrealizm, modernizm, kubizm)
sanki inqilab etmişlər. Bunun özü mədəniyyətdə sivilizasiyadır.
Ancaq qəribəsi budur ki, mütəfəkkirlərin bir qismi müasir dövrümüzdə «mədəniyyətdə sivilizasiya»
anlayışına müxtəlif aspektdən yanaşırlar. Onların bir qismi sivilizasiyanın bu günümüzə, digərləri isə, keçmişə
aid olduğunu qeyd edirlər. Artıq yaşadığımız XXI əsrdə keçmiş əsrin mədəniyyəti və sivilizasiyası haqqında
daha aydın təhlil vermək asan olacaqdır.
1.4. Mədəniyyətin tədqiqində müxtəlif məktəb və nəzəriyyələr
İki əsrə qədər tarixi olan kulturologiyanın humanitar bilik sahəsi kimi formalaşmasında nəzəri
konsepsiyaların böyük rolu olmuşdur. Bu kulturoloji nəzəri məktəblər mədəniyyət nəzəriyyəsinin bir elm kimi
formalaşması, habelə təkmilləşməsində əhəmiyyətli yer tutmuşdur. Mədəniyyətin tədqiqində klassik kulturoloji
məktəb və nəzəriyyələr kulturologiyanın nəzəri bünövrəsini təşkil edir. Nümunəvi əhəmiyyət kəsb edən bu klassik
konsepsiyalardan İ.Q.Gerder, N.Y.Danilevski, O.Şpenqler, Z.Freyd, P.Sorokin, A.Toynbinin nəzəriyyə və
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
11
məktəblərinin adları mütləq sadalanmalıdır. Həm forma, həm də məzmun keyfiyyətlərinə görə bu nəzəriyyəçilərin
kulturoloji təlimləri böyük əhəmiyyət kəsb edir.
Alman filosofu İohann Qotfrid Gerder (1744-1803) Keniqsberq Universitetinin ilahiyyat fakültəsində
təhsil alarkən İ.Kantın mühazirələrini dinləmiş və öz dövründə həyata şəxsi mütərəqqi baxışı ilə fərqlənmişdir.
Onun fikirincə, insan təkamülün sonuncu məhsuludur. İnsanı digər canlılardan fərqləndirən də məhz
mədəniyyətdir. Gerderə görə mədəniyyət həm təbiət, həm də insan təbiəti üzərində tikilini xatırladır ki, bu da
eyni zamanda tarixi inkişafın nəticəsi və səbəbi kimi dəyərləndirilməlidir. Alman filosofuna görə mədəniyyətin
ən mühüm elementləri dil, elm, peşə, sənətkarlıq, incəsənət, ailə münasibətləri, din və dövlətdir. Məhz bu
xüsusiyyətlərinə görə Gerder mədəniyyəti hər hansı bir cəmiyyətin özəyi, başlanğıcı kimi qiymətləndirir.
Gerderin mədəniyyət haqqındakı məşhur ifadəsindən biri təxminən aşağıdakı kimidir: «Əgər insan digərləri ilə
bir yerdə yaşayırsa, deməli o, artıq mədəniyyətdən aralı, təcrid olunmuş hesab edilə bilməz, - mədəniyyət ona
forma bəxş etməklə yanaşı, əksinə, onu eybəcərləşdirə də bilər, ənənələr insanı özünə cəlb etməklə onun başını
və bədəninin bütün üzvlərini formalaşdırır»( Qerder İ.Q. – İdei k filosofii istorii çeloveçestva. M., 1977,
str.231.).
Gerder mədəniyyətin tarixinə müxtəlif, bir-birindən təcrid olunmuş unikal mədəni dəyərlərin, sərvətlərin
yaranma tarixi kimi yanaşır. Bu və ya digər mədəniyyətin inkişafı zahiri meyarlarala deyil, daxili stimulu ilə
ölçülməlidir. Hər bir mədəniyyətin mövcudluğunun əsas məqsədi, Gerderə görə, xoşbəxtlik həyəcanlarının
bütövlüyü və zənginliyindədir. Ona görə də, təkamülün əsas məqsədi, heç də əqlin təkmilləşməsində, ictimai
institutların «daha əlverişli qurulmasında» deyil, humanistliyin geniş vüsətindədir. Gerder mədəniyyətin ən ali
məqsədini məhz bu ideyada – humanizmin yayılmasında görür.
İ.Gerderin mədəniyyət konsepsiyasında özünəməxsus yer tutan məsələlərdən biri də mədəni tərəqqi
haqqındakı kulturoloji baxışlardır. Bu məsələ alman filosofu üçün o qədər də asan deyil. O belə fikirləşirdi ki,
heç bir mədəniyyət özünün ardıcıl, eyni miqyaslı səviyyədə inkişaf tərəqqisi ilə öyünməməlidir; cəmiyyətdə elm
və incəsənətin ayrı-ayrı sahələri kamillik səviyyəsinə çata bilər, lakin bu vəziyyət insanların tamahkarlıq və
digər əxlaqsızlığının aradan qaldırılması üçün əsas meyar hesab edilmir. Bir fəaliyyət sahəsindəki tərəqqi,
inkişaf üstünlüyü, digər fəaliyyət üçün zəmin ola bilmir. Ona görə də mədəniyyətin hərtərəfli tərəqqisi, alman
filosofunun məntiqi nəticəsinə görə qeyri mümkündür.
İ.Q.Gerderin mədəniyyət haqqındakı mütərəqqi fikir və ideyaları özündən sonra gələn digər kulturoloji
nəzəriyyə və kosepsiyalar üçün – zəngin mənəvi irs və mənbə rolunu oynayır.
Mədəni təkamül haqqındakı nəzəriyyələrin digər nümayəndələrindən biri də başqa bir alman filosofu
Qeorq Vilhelm Hegel (1770-1831) sayılır. O, öz konsepsiyasında dünyəvi mənəvi mədəniyyət tarixinə xüsusi
cəhdlə yanaşmışdır. Hegelin «ruh» haqqındakı təlimi onun fəlsəfi sisteminin qayəsini təşkil etməklə, həm də
kulturoloji nəzəriyyəsinə də birbaşa təsir göstərmişdir. Estetikaya dair əsərlərində Hegel dünyəvi incəsənətdə
simvolik, klassik, romantik formaların bir-birini əvəz etməsi qanunauyğunluqlarına da diqqət yetirmişdir.
Özünün 1807-ci ildə yazdığı ilk fəlsəfi əsərlərindən biri olan «Ruhun fenomenologiyası» adlı kitabında
Hegel mədəniyyəti Allah tərəfindən törədilən «bəşəri zəka»nın insandan asılı olmayan yaradıcı qüvvələri üzə
çıxarmasının qanunauyğun inkişafı kimi qiymətləndirir. Zəka müxtəlif ölkə və xalqların bir-birini əvəz edən
mədəniyyət formalarında təzahhür edir. Bu, ilk növbədə insanların dil və nitqində özünü əks etdirir. Fərdin
mənəvi inkişafı «bəşəri ruh»un özünüdərkinin mərhələsini yaradaraq elm, mənəviyyat, din, incəsənət, siyasi-
hüquqi sistem proseslərinin idarəedilməsini təmin edir.
Hegelə görə, mədəniyyətin mahiyyəti insanın bioloji başlanğıclarının üstünlüyü və ya görkəmli
şəxsiyyətlərin yaradıcı təxəyyülü ilə deyil, fərdin özündə təbiət və tarixi birləşdirən dünyəvi kamilliyə
münasibəti ilə ölçülür. Bu bütövlük və kamillik «bəşəri əql», «bəşəri ruh», «mütləq ideyanın» törəməsi olduğun-
dan yalnız maksimal bilik sayəsində ona nail olmaq mümkündür.
«Təfəkkürün hərtərəfli, əhatəli inkişafı mədəniyyətin mütləq dəyəridir» fikri Hegelin mədəniyyət haqqında
söylədiklərindəndir.
XIX əsrin kulturoloji məktəbləri içərisində Nikolay Yakovleviç Danilevskinin (1822-1885) nəzəriyyələri
də dünya kulturologiyasında özünəməxsus yer tutmuşdur. Danilevski «Rusiya və Avropa» adlı əsərində
mədəniyyətə məkan-zaman prizmasından yanaşmışdır. Bu mənada Danilevski tərəfindən irəli sürülən əsas
müddəaların qısaca məzmunu ondan ibarətdir ki, mədəniyyətin inkişaf tarixində vahid qanunvericilik norması
olmasa da, öz qanunlarına müvafiq yanaşan və bir-birinin yaşamasına kömək edən ayrı-ayrı mədəniyyət
tarixlərinin ümumi toplusu mövcuddur. Hər bir mədəniyyət özünəxas mövcudluq, forma, xarakteristika və
taleyə malikdir. Həm də hər bir mədəniyyət digərlərilə ölçüyə gələ biləcək ekvivalent muxtariyyat sisteminə
məxsusdur. Mədəniyyətlər öz inkişaf proseslərində müəyyən dövrlər keçirlər.
Danilevskinin bu müddəalarından belə bir ümumi nəticəyə gəlmək olar ki, bəşəriyyətin yeganə
mədəniyyəti – bir-birinə sıx şəkildə çulğalanmış bütöv və mürəkkəb mədəni təşkiletmə formalarının
ansamblıdır.
N.Y.Danilevski xalqların inkişafını tarixi fazaların qanunauyğunluqları ilə arqumentləşdirməyi qəbul
etmədiyindən tarixin «qədim», «orta», «yeni» dövr və mərhələlərə bölünməsini düzgün hesab etmir. Müəllif bu
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
12
məqsədlə, tərəqqiyə özünün «morfoloji prinsip»i aspektindən yanaşaraq bütün xalqların eyni istiqamətə doğru
irəliləyişini tərəqqi hesab etmir. Onun fikirincə, heç bir sivilizasiya tarixdə və ya müasirlərindən ən uca nöqtədə
durması ilə fəxr etməməlidir.
Kürreyi – ərzi öz həyati dəyər və qüvvələrinə, potensiallarına görə müxtəlif etnik qruplaşmalar əhatə edib
və etməkdədir. Onları üç əsas qrupda təsnif etmək olar. Bunlardan birinciləri digər qruplaşmaların tərəqqisinə
münbit şərait («etnoqrafik material») yaradan və daha əhatəli şəkildə mədəni-tarixi tip kimi formalaşmağa
imkan tapmayan xalqlardır. Digərləri, məsələn, sivilizasiyanı dağıdan hunlar, türklər və monqollar «Allahın
nöqsanları»dır. Yalnız üçüncülər unikal keyfiyyətləri ilə seçilən müstəqil-tarixi tipdir. Bu tiplərin inkişaf
dinamikasında bioloji anologiya amilləri də mühüm rol oynayır. Danilevskinin fikirincə, mədəni-tarixi tip
təşəkkül tapır, inkişaf edir, ya öz əcəli, ya da daha güclü və gənc birliklərin səyi nəticəsində ölümə məhkumdur.
Muəllifin hesablamalarına görə, hər mədəni-tarixi tipin yaşama, ömürsürmə dövrü 1500 ili əhatə edir. O,
bəşəriyyət tarixində 10 müstəqil mədəni-tarixi tip müəyyənləşdirmişdir: misir, yəhudi; çin; haldey və ya qədim
semit; hind; iran; roma; yeni semit və ya ərəb; alman-roman və ya avropa. Bunlara daha ikisini – amerikan və
peruanı də əlavə etmək olar. Bu təsnifatdan göründüyü kimi, görkəmli kulturoloq slavyan mədəni-tarixi tipi
haqqında söz belə açmır.
Yuxarıdakı təsnifatda adları qeyd olunan mədəni-tarixi tiplərin əsas beş qanunu da Danilevski tərəfindən
yaradılmışdır. Qanunda belə qeyd olunur ki, ayrıca müstəqil dil və dillər qrupuna xas olan xalq, tayfa, qəbilələri
ən dərin fəlsəfi düşüncələri olmadan belə mədəni-tarixi tip hesab etmək mümkündür.
İkinci qanunda isə deyilir ki, mədəni-tarixi tip sivilizasiyası üçün siyasi müstəqillik məcburi və zəruridir.
Üçüncü qanunda göstərilir ki, bir tarixi-mədəni tipin sivilizasiya başlanğıcı digər tipin xalqlarına ötürülmür. Hər
bir mədəni-tarixi tip bu qanunu əvvəlki və müasir sivilizasiyaların özünə yad təsirlərin az və çox səviyyələrində
üzə çıxarır. Danilevskinin bu qanunu digər nəzəriyyəçi-kulturoloq tərəfindən çox kinayə ilə qarşılandı. Çünki bu
qanunda müəllif mədəniyyətin varislik mexanizminin üç mühüm variantda mümkünlüyünü zəruri hesab edirdi:
birincisi köçürülmədir ki, burada mədəni-tarixi tipin digərinə köçürülməsi nəzərdə tutulur (yunanların öz
mədəniyyət ocaqlarını Qara dəniz sahillərində olduğu kimi); ikincisi - ötürülmə (İskəndəriyyə mədəniyyətinin
Misirə ötürülməsi kimi); üçüncüsü isə, ölməkdə olan sivilizasiyanın yeni mədəniyyət üçün əlverişli münbit
şərait yaratmasıdır. Dördüncü qanunda hər bir mədəni-tarixi tipin sivilizasiya səviyyəsinə məxsusluğu zərurəti
irəli sürülür. Beşinci qanunda isə. mədəni-tarixi tipin inkişaf prosesi bitkilərdə olduğu kimidir. Onun inkişafına
doğru irəliləyiş yolu uzun, onun çiçəklənmə və məhsulvermə dövrü nisbətən qısadır ki, bu da mədəniyyətin
süqutu üçün zəmin rolunu oynayır.
Danilevskinin mədəni-tarixi tiplər haqqındakı konsepsiyası kulturologiyanın nəzəri əsaslarının tərtibində
müstəsna rol oynayır.
Mədəniyyətin morfologiyası haqqında nəzəriyyə yaradan digər dünya kulturoloqlarından biri də alman
alimi Osvald Şpenqler (1880-1936) hesab edilir. Onun «Avropanın qürubu» adlı əsəri müəllifə dünya şöhrəti
gətirdi. İlk çağlarda Şpenqler plagıatlıqda günahlandırılaraq Danilevskinin müddəalarından çıxış etməkdə və
kulturoloji elmi nəticələrini oğurlamaqda təqsirləndirildi. O, əsər nəşriyyatdan çıxdıqdan sonra burada böyük
haqsızlıq olduğunu sübüt etdi. O, özünü Höte və Nitsşenin sələfi adlandıraraq bununla fəxr edirdi.
O.Şpenqlerin metodoloji prinsiplərindən birini təbiət və tarixin məhdudluğu haqqında fikirlər təşkil edir.
Onun fikirincə, dünyanı həm təbiət kimi, həm də tarix kimi dərk etmək mümkündür. Birinci halda, məkan
fiksasiyasına istiqamətləndirilmiş vəziyyət nəzərdə tutulur. Riyazi prinsipləri rəhbər tutaraq qanunları
formalaşdırmaq və formulları tərtib etmək mümkündür. Bu qaydaları R.Dekart, İ.Kant, İ.Nyuton da əsas
götürürdü. Rasionallıq yalnız cansızları, həyatdan məhrum olmuşları, mexaniki strukturları yarada bilər.
Dünyaya canlı orqanizm kimi yanaşdıqda o, tamam özgə mənzərə bəxş edir. Dünya tarix kimi zamana
istiqamətləndiyindən burada baş verən fasiləsiz proseslər tale ideyasının formalaşmasına zəmin yaradır.
Şpenqlerə görə, mədəniyyət – sözün əsil mənasında canlı bir orqanizmdir. O, «tarixi şəxsiyyət» olub,
təkrarolunmaz «fizioqnomik xasiyyətlər»in kompleksini birləşdirir. Ona görə də mədəniyyət tarixi hadisə olaraq
xalqın taleyini müəyyən edir və xalqın taleyi ilə müəyyən olunur. Şpenqler öz ritmi, taktı olan səkkiz mühüm
mədəniyyət növünü təsnif edir; misir, hind, babil, çin, «apollon» (yunan-roma), «sehrli, magik» (bizans-ərəb),
«faust» (Qərbi Avropa) və mayyaların mədəniyyəti. Bununla yanaşı, müəllif rus-sibir mədəniyyətinin təşəkkülü,
formalaşmasını da istisna etmirdi.
Danilevski kimi, Şpenqler də metaforaya istinad edir: canlı orqanizmlər kimi, mədəniyyətlər də doğulur,
yetkinləşərək köhnəlir və süquta uğrayır. Danilevskidən fərqli olaraq alman kulturoloquna görə bu yanaşma tsikli
1000 ili ahətə edir. Şpenqlerə görə, mədəniyyətlər bir-biri ilə qovuşmazdırlar. Köhnə mədəniyyətdən qalan hər nə
varsa, yeni mədəniyyət onu öz ritmi, taktı və inkişaf istiqamətinə cəlb edir. Hər bir mədəniyyət özünün ilkin elementi
olan «ruhu» ilə çıxış edir. Bu «ruh», həmçinin xalqın sosial-siyasi marağını ifadə edir. Özünün aktiv yaradıcı
fəaliyyətində mədəniyyət sivilizasiya fazasına daxil olur. Şpenqlerin fikirincə, müasir Qərbi Avropa mədəniyyəti
özünün bu çağını yaşayır.
Mədəniyyətdən sivilizasiyaya keçid bütün xalqların keçdiyi qanunauyğun mərhələdir. Bu mərhələnin səciyyəvi
xüsusiyyətlərində Şpenqler bəzi məqamlara diqqət yetirir. Onun fikirincə, poetik bədii yaradıcılıq öz növbəsini
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
13
idmana verir; siyasət sahəsi daha üstünlük kəsb edir; əgər mədəniyyət dərinliyə nüfuz edirsə, sivilizasiya «eninə»,
yəni siyasi üstünlüyün qazanılmasına meyl edir, (siyasi ekspansiya), elm incəsənət, siyasət və iqtisadiyyata tabe olur.
Bədii sahədəki yeniliklər böyük sensasiya və qovğalarla qarşılanır və s. Şpenqlerin fikirincə, sivilizasiyanın bu
keyfiyyətlərindən qorxmaq və çəkinmək deyil, əksinə, onlarala barışmaq lazımdır.
Müasir kulturoloji nəzəriyyə və konsepsiyalarda Z.Freydin (1856-1939) fikirləri müstəsnalığı ilə fərqlənir.
Freydçi kulturologiyanın dərk edilməsində başlıca amil sublimasiya kateqoriyasıdır; yəni razılıq və təsdiqin
alınmasında vacib olan gərginlik məkanının – instinktiv impulsun – psixi enerjinin dərkidir. Freyd mədəniyyət
problemlərini bir sıra əsərlərində şərh etmişdir. Bunlardan «Yuxu və mif» (1907), «Leonardo da Vinçi», «Uşaqlıq
xatirələri» (1910), «Totem və Tabu» (1913), «Kütlə psixologiyası və insan Məninin təhlili» (1921) və b. Freyd
kulturologiyasının vacib zəmini biogenetik qanundur; yəni ontogenez (orqanizmin fərdi inkişafı), filogenez
(orqanizmlərin tarixi inkişafı), daha doğrusu, vaxtilə insan təkamülü prosesində baş verənlərin fəaliyyətinin
təkrarlanması.
Mədəniyyətin mövcudluğu və təkamülü qanunauyğunluqlarının təhlilində Freyd pozitiv mövqedən çıxış
edərək orqanizmlərin real mövcudluq təcrübəsinə əsaslanırdı. Fərdiyyət – ümuminin maketidir, lakin ümumi
özü fərdilikdən irəli gəlir. Bu prinsipini Freyd, həmçinin etnoqrafiya, dinşünaslıq, sosiologiya, etika, estetika və
o cümlədən kulturologiyaya da şamil etmişdir.
Beləliklə, insan və onun psixikası şüur və rasional səviyyəyə uyğun deyil. Onun altında şüur kompleksi
yerləşir ki, bu da fərdi həvəs və istəklərin həyati enerjisini yaradır. Freyd tərəfindən bu səviyyə «O» (Ld)
adlandırılır. Həyati rol oynayan səviyyələrdən birini də «Fövqəl-Mən» (Super-Ego) oynayır. Bu səviyyə insanın
fərdi həyatının təsirini əhatə edən səviyyədir. Bu səviyyə filogenetik keçmişin (irsi tarix) təsiri ilə
proqramlaşdırılır ki, buraya da qadağa və normalar aiddir. Üçüncü, orta səviyyə isə, «Mən» (Ego) şüurudur ki,
çox hallarda bu səviyyə insanın arzu, cəhd və istəklərini ifadə edir. «Mən» «Fövqəl Mən» və «O» arasında asılı,
tabeçi bir hissədir.
Beləliklə, Freydə görə mədəniyyət ontologiyalaşı (daha doğrusu o, məişətçilik statusu əldə edir). İnsan
mədəniyyətində Freyd fövqəltəbii, mistik və tərbiyəvi heç bir əlamət görmür; mədəniyyətin inkişafı bioloji
təkamüldən heç də zərrə qədər fərqlənməyən bir hadisədir ki, o da canlıların ümumi qanununa tabedir. Freydə
görə mədəniyyət tərbiyə vasitəsilə deyil, irsiyyətin bioloji mexanizmi ilə ötürülür.
Özünün «Mədəniyyətdən narazılıq» adlı əsərində Freyd mədəniyyətə insan mahiyyəti üçün onun vacib,
zəruri və təbii nöqteyi nəzərindən yanaşır. Başqa sözlə, «Mədəni insan»ın öz məqsəd və arzularını tam şəkildə
həyata keçirməyə qadirolma cəhdlərinə malik ola bilməsi imkanları öyrənilir.
Z.Freyd insan mədəniyyəti üçün aşağıdakı tələbləri mühüm sayır: təmizlik, gözəlliyə ehtiram) intizam;
Psixi fəaliyyətin ali formalarına intellektual, elmi və bədii nailiyyətlərə hörmət. Bütün bu tələblər insanlar
arasındakı münasibətləri tənzimləməyə vasitədir. Freyd insan mədəniyyəti haqqında belə bir qənaətə gəlir ki,
mədəniyyət insanın təbii tələbatlarına az cavab verir, o, insanın azadlığını məhdudlaşdırır. İnsan mədəniyyəti bir
çox istək və həvəslərin uzaqlaşdırılması əsasında formalaşdığı üçün burada tələbatların tam şəkildə
ödənilməsindən söhbət gedə bilməz. Əslində mədəniyyət insanı bədbəxt edir. O, məhdudiyyətlər sistemidir.
Freydin nəticə çıxardığı müddəalar bunlardır.
Müəllifə görə, insan təbiətin ona bəxş etdiyi həvəs və istəklərə çatmağa cəhd göstərir. Əsil xoşbəxtlik
bundadır! Mədəniyyət ya patoloji meyl yaradaraq həvəs və istəyi təhtəlşüur səviyyəsində sıxır, ya da həvəsi
əvəz edən başqa bir vasitə axtarır.
Mədəniyyətin tərəqqisi mahiyyətinə qadağaların çoxalması, təzyiqin yüksəlməsi daxildir. Tarixi planda
Freydə görə ilkin mədəni akt qohumlar arasındakı cinsi əlaqələrin qadağasında və arxaik dövrlərdə «oğullar»
tərəfindən «atanın» öldürülməsindən sonrakı peşimançılıqdan başlanır. Bunlar insanların sürü formasında
yaşadığı dövrə təsadüf edir.
Beləliklə, Freydin mədəniyyət anlayışına aşabıdakı aspektlər daxildir:
- Mədəniyyət sublimasiyanın nəticəsidir;
- Mədəniyyət sosiallaşmanın əsrlərələ sınanmış vasitəsi kimi çıxış edərək bu təcrübəni fantaziya, yuxu,
mif, oyun və s. kimi təzahür etdirir;
- Mədəniyyət aqressivliyin qoruycusu mexanizmi kimi çıxış edir;
- Mədəniyyət ictimai qüvvə kimi insan fərdiyyətinin təzahürünə istiqamətləndirilir.
Freydin kulturoloji konsepsiyası kulturologiya nəzəriyyəsinin inkişafında özünəməxsus rol oynayır.
XX əsrdə kulturoloji məktəbin görkəmli simalarından biri də Pitirim Aleksandroviç Sorokindir (1889-
1968). Onun mədəniyyət problemlərinə həsr olunmuş dördcildlik məşhur əsəri «Sosial və mədəni dinamika»
adlanır. Əsərdə müəllifin sosioloji ideyaları kulturoloji konsepsiyanın əsasıda ifadə olunur.
Ən qədim zamanlardan mədəniyyəti tədqiq edən P.Sorokin sistemli metoddan (çarpaz, tematik) istifadə
edərək bu və ya digər tarixi mərhələlərin ardıcıl şərhini əks etdirir. Müəllif özünün nəzəri nəticələrini cədvəl və
qrafiklərlə ifadə edərək statistik materiallarla şərh edir. Müəllifin sonda gəldiyi fikrə görə, hər bir cəmiyyət
özündə üç mühüm aspekti – əşyalar aləmini (konkret əşyalar), subyektiv aləmi (insan) və transsubyektiv aləmi,
(ruhi mahiyyət, ideyalar, fikir, düşüncə) kəsb edən sosial-mədəni sistemdir. Cəmiyyəti onun simvolik
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
14
(fovqəlüzvi) komponentinə – digər dəyər, norma və mənəvi sərvətlərinə görə təyin etmək və başa düşmək olar
ki, bu da mədəni xassədir. Mədəniyyət – bir-biri ilə qarşılıqlı əlaqədə olan insanların mənsub olduqları dəyərlər,
normalar toplusudur. P.Sorokinin fikirncə, mədəniyyət geniş mənada özünün inkişaf mərhələsində cəmiyyətin
əldə etdiyi topludur. Bu inkişaf prosesində müxtəlif mədəniyyət sistemləri formalaşır: dini, etik, estetik, hüquqi
və s. Bütün bu mədəni sistemlərin başlıca xüsusiyyəti onların ali səviyyədə birləşmə tendensiyasıdır. Bu
tendensiyaların inkişafı prosesində mədəni fövqəl-sistemlər formalaşır. Sorokinin sözlərinə görə, bu mədəni
fövqəltəbii sistemlər «özünün mentallığı, həqiqət və biliklərin xüsusi sistemi, müstəqil fəlsəfi və dünyagörüşü,
dini və «müqəddəslik» nümunələri, hüquqi təsəvvürləri, incəsənət formaları, davranış kodeks və qanunları,
sosial münasibətlərin üstünlük təşkil edən formaları, iqtisadi, siyasi təşkilatları, mentalitet və davranışına xas
xüsusi şəxsiyyət tiplərinə xasdır».
Müəllif dəyərləri hər hansı bir mədəniyyətin əsası və özəyi hesab edir. Dəyərlərin dominantlıq xüsusiyyətlərinə
görə Sorokin mədəni fövqəlsistemləri üç tipdə təsnif edir: ideasional, idealist və hissi.
Mədəniyyətin ideasional sistemi yeganə reallıq və dəyərlənən nümunəsi olan Allahın fövqəlhissi və
fövqələqli prinsipinə əsaslanır. Mədəniyyətin bu tipinə Sorokin ilk öncə, orta əsrlər Avropa mədəniyyətini aid
edir. Müəllifin sözlərinə görə, bu mədəniyyətdə «hakim əxlaq və ənənələr, həyat tərzi, təfəkkür tərzi ali və son
məqsəd olan Allahla vəhdət təşkil edir». Sorokin bu mədəniyyət tipinə həmçinin, Hindistanın Brahman
mədəniyyətini, b.e.ə. VIII və VI əsr yunan mədəniyyətini, Budda və Laoist mədəniyyəti aid edir.
Mədəniyyətin idealist sistemini isə Sorokin ideasional və hissi sistem arasındakı mədəniyyət kimi qəbul
edərək onun dəyərinin Aya, Göyə, Yerə istiqamətlənməsini söyləyir. Obyektiv reallığın bir qisminin fövqəlhiss,
bir qismini isə hisslər təşkil etdiyindən bunların sonsuz rəngarəngliyi nəzərə çarpır. Sorokin bu tipdən olan
mədəniyyətə b.e.ə. V-IV əsrlərdə qədim yunan və XIII-XIV yüzilliklərin Qərbi Avropa mədəniyyətini aid edir.
Mədəniyyətin müasir tipi Sorokinə görə hissi mədəniyyətdir. O, aşağıdakı prinsipə əsaslanır: «Obyektiv
gerçəklik, onun mahiyyət və mənası hiss ediləndir». «Yalnız gördüklərimiz, eşitdiklərimiz, dərk etdiklərimizi öz
duyğu orqanlarımız vasitəsilə mənimsədiyimizə görə, onlar real və ideal məna kəsb edəndir!». Hissi
mədəniyyətin formalaşması XVI əsrdən başlayaraq XX əsrin ortalarınadək davam edir. Bu mədəniyyət
dindənəəə. Əxlaq və ideasional mədəniyyətin digər dəyərlərindən azad olmağa cəhd göstərir. Bu mədəniyyətin
əsas qəhrəmanları – fermerlər, fəhlələr, evdarlar və hətta cinayətkarlardır.
Müasir «hissi» mədəniyyət Sorokinə görə qürub etməkdədir. Lakin bu heç də insan mədəniyyətinin tamamilə
süqutu demək deyildir. Müəllifin fikirincə, heç bir mədəniyyət sonsuz deyil, özünün imkan dairəsinə görə bütün
mədəniyyətlər məhduddur. Onun dediyinə görə, insan yaşadıqca mədəniyyət də olub və olacaqdır.
Beləliklə, mədəniyyətin yaranması, inkişafı tarixində onu müxtəlif mövqelərdən şərh edən kulturoloqların
nəzəriyyə, təlim və konsepsiyalarını ümumiləşdirən yeganə cəhət ondan ibarət idi ki, mədəniyyət – bəşəri,
dünyəvi bir ictimai hadisə olmaqla cəmiyyətin həyatında mühüm rol oynamış, insan əqlinin, zəkasının məhsulu
kimi dəyərləndirilməlidir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
15
Dostları ilə paylaş: |