Torpaqların yaranması landşaftyaratma faktoru kimi. Orqanizmlərin və
onların dağılma məhsullarının dağ süxurları və onların aşılanma məhsulları ilə
qarşılıqlı əlaqələrinin təsirindən landşaftın torpaq örtüyü formalaşır. «Qandaşıyıcı
sistem» rolunu oynayan su ilə yanaşı torpaqlar bitkilərin, heyvanların inkişafında
və insanların həyatında böyük əhəmiyyət daşıyır. Onlar landşaft sferasının bütün
komponentlərinin qarşılıqlı əlaqəsi olan alınma təbəqəsinin ən yuxarı səthini təşkil
edir. Torpaq elə mürəkkəb təşkilatı mühitdir ki, özünün məxsusi hava və su recimi,
kimyəvi tərkibi, faunası, florası və məhsuldarlığı vardır.
Torpağın bütün təbii komponentlərlə sıx əlaqəsi oldugu üçün ona
V.V.Dokuçayev «landşaftın güzgüsü» adını vermişdir. Torpağ kənd və meşə
təsərrüfatının məhsulunu almaq üçün vacib vasitədir.
Torpağın yaranması - mürəkkəb və uzunmüddətli bir prosesdir. Onun sürəti
torpaqyaratma faktorları hesab olunan litoloci-geomorfoloji və bioiqlim
xüsusiyyətlərinin birləşməsidir. Torpağın formalaşması istilik və nəmliyin
münasibətindən, biogenozun xarakteri və ana süxurun tərkibindən, səthin
mailliyindən, miqrasiyanın və aşınma məhsullarının akkumulyasiyasının
xarakterindən aslıdır. Torpaqyaratma süxurların (ana süxur) torpağa çevrilməsi
prosesində onlar genetik torpaq səviyyələrinə bölünür və onların toplusu torpaq
profilini yaradır. Hər bir torpaq səviyyəsi digərindən mineral və kimyəvi tərkibi,
morfoloci, fiziki və digər cəhətləri ilə fərqlənir. Səviyyələri A,V,S ilə işarə edirlər
və yarımsəviyyələrə bölürlər. Məsələn, yuxarı qumus səthi A hərfi, illyuvial
səviyyə (ölmə səviyyəsi) - V hərfi ilə və ondan aşağıdakı ana süxur S ilə işarələnir.
Bitki və heyvan qalıqlarının biokimyəvi çevrilmələrin təsirindən torpaqların tünd
rəngə düşmüş hissəsinə humus (latınca, “humus”-“torpaq”) deyilir. Humusda
(çürüntüdə) bitkilərin əsas qida elementləri-azot, fosfor, kükürd və s. mövcuddur.
downloaded from KitabYurdu.org
Humus torpağın yuxarı qatında müxtəlif miqdarda yerləşir və onun
məhsuldarlığının vacib göstəricisidir. Qara torpaqlarda humusun miqdarı 10-12%,
qatın qalınlığı 80-100 sm qədər olur.
Yer səthindən ana süxura qədər şaquli kəsik torpağın profili adlanır. Onun
öyrənilməsi torpağın aqronomik xüsusiyyətlərini, onun məhsuldarlığını təyin
etməyə imkan verir.
Quru rayonlarda açıq-şabalıdı, qonur səhra, boz torpaqlar, subtropik zonada-sarı və
qırmızı rəngli torpaqlar inkişaf edir. Dağ sistemində özünəməxsus bitki örtüyü
olur.
Bitki və heyvanat aləmi. Yerin landşaft sferasında maddələrin və enercinin
dövranı ilə öz aralarında və digər təbii komponentlər arasında əlaqəsi olan bitki və
heyvanat aləminin böyük rolu vardır. Onların toplusuna biogeosenoz və ya
ekosistem deyilir və təbii landşaftın üzvi hissəsini təşkil edir, onun xarici
görünüşünü sərtləndirir. Müasir həyat landşaftda bioloci dövran formasında
mövcuddur, yəni orqanizmlər mikroblarla fotosintez yolu ilə sadə birləşmələrə
qədər (karbon qazı, su və s.) çürüyür, bitki və heyvanlar tərəfindən udulur, yenidən
mürəkkəb üzvi maddələrin tərkibinə «daxil olur». Başqa sözlə, eyni bir element
dəfələrlə canlı orqanizmlərin üzvi birləşməsini yaradır, sonra yenidən mineral
vəziyyətə keçir.
Landşaft strukturunun formalaşmasında və onun fotosintez yolu ilə
evolyusiyasında biosferanın fitosfera (bitki orqanizmləri) hissəsi təsir edir.
Kütləsinə görə fitosfera zoosferadan 10 minlərlə dəfə böyükdür və bir geoloci
dövrdən digərinə keçdikcə fasiləsiz inkişaf edir. Yerin canlı maddələrinin
tərkibində fotosintezli orqanizmlərin miqdarı canlı maddələrin cəminin 99%-ni
təşkil edir. Birinci yerdə meşə bitkiləri dayanır, ümumi fitokütlənin 82%-i
qədərdir, sahəsi isə 50 mln km2-dir (quru hissənin 39% qədər). Səhra tipli
landşaftın fitokütləsi 0,8%-dir (sahəsi 29 mln km2). Yer üzərindəki bitkilər 4
landşaft yaratma qrupuna bölünür:
1) Meşə-ağac əkililərini birləşdirən bitki tipi. Geniş mənada isə, meşə
ağaclarının yerləşdiyi landşaftdır. Burada bir neçə yarusa rast gəlinir: ağacların
downloaded from KitabYurdu.org
yuxarı yarusu, kollar, ot örtüyü, mamır və şibyə yarusu. Meşələr iqlimə,
sudövranına, eroziyaya və s. təsir edir.
2) Çöl tipi -qurusevən ot bitkilərindən ibarət olur. Burada müxtəlif adlı otlara
rast gəlinir müxtəlif rəngli parlaq çiçəkli bitkilərin rənglərinin dəyişməsi xarakterik
cəhətdir. Meşəçöl çöllərinin bir növüdür.
3) Tundra tip landşaft -alçaqboylu otlar, yarı-kollar, meşəsizlik, spor
bitkilərlə xarakterizə olunur. Ot bitkilərindən əsasən cil, qaymaqçiçəyi, kollardan
isə ladan ağacı, ardıc, söyüd və s. rast gəlinir.
4) Səhra tipinə uzunmüddətli quruluğa dözən bitkilər aiddir. Onların güclü
kök sistemi, xırda, nazik yarpaqları olur. Bəzən yarpaqlar iynə kimi və ya heç
olmayırlar. Budaqların və yarpaqların üstü mumlu təbəqə ilə örtülü olur. Geniş
yayılan bitkilərə yovşan, astraqal, saksaul və s. misal ola bilər.
Landşaftın ayrılmaz bir hissəsi heyvanlardır ki, bəzi növləri miqrasiya
edərək müxtəlif landşafta aid olurlar. Ümumiyyətlə, hər bir landşaft tipi müəyyən
heyvan növlərinin toplusu ilə xarakterizə olunur. Heyvanların bu ümumiliyi
ərazinin landşaft-ekoloci şəraitlərinin oxşarlığının təsiri altında yaranır.
Biogenosenoz landşaftın elə özünütənzimləyən hissəsidir ki, burada
bitkilərlə canlı orqanizmlər arasındakı qarşılıqlı münasibətlər təxminən eyni
səviyyədə qalır. Bitki və heyvanların populyasiyası arasındakı qarşılıqlı əlaqələri
mürəkkəbdir və landşaftdakı biokimyəvi dövranın bir çox tərəfləri hələlik
öyrənilməyibdir. Landşaftın biogeosenoloci xarakterinə insanın təsiri onun külli
miqdarda canlı orqanizmləri məhv etməsində, yeni bitki və heyvan növlərinin
yaradılmasında və yetişdirilməsində özünü göstərir. Müasir dövrdə insanın landşaft
ehtiyatlarından istifadəsi və təbii mühitdə dəyişiklik etməsi zamanı hər bir tip
landşaftın, antropogen təsiri nəzərə almaqla, biokimyəvi qarşılıqlı əlaqələrinin
regional xüsusiyyətləri fundamental və hərtərəfli tədqiq edilməlidir.
downloaded from KitabYurdu.org
|