Car-Balakən, Şamaxı, Təbriz və digər ərazilərdə xalq hərəkatı başladı. 1707-ci ildə
başlanana Car-Balakən üsyanının əsas səbəbi sosial zülm idi. Lakin şah qoşunları onu
amansızlıqla yatırdı, Car kəndi yandırıldı. 1711-ci ildə Car-Balakəndə üsyan yenidən başlandı.
Üsyançılar silahlanıb Şamaxıya hücum etdilər, döyüşdə qalib gəldilər və Şirvan bəylərbəyini
öldürdülər. Şah Sultan Hüseyn Keyxosrovu Şirvana yeni bəylərbəyi təyin etdi.
Muğan əhalisi də mərkəzi hakimiyyətdən üz döndərdi. A.Volinski qeyd edir ki, onlar şahın
göndərdiyi hakimi qəbul etmədilər, hakimi öz aralarından seçdilər. 1709-cu ildə Şəki, Şirvan və
Təbrizdə sənətkar və yoxsulların üsyanı baş verdi. 1709-1715-ci illərdə Soucbulaq və Muğanda
sosial zülmə qarşı kəndli üsyanları olmuşdur.
Şirvan və Cənubi Dağıstanda üsyana Müşkür mahalından olan din xadimi Hacı Davud
başçılıq edirdi. 1719-cu ildə müşkürlü Hacı Davud üsyan qaldırdı, Dərbənd, Şirvan və Xudata
hücum etdi və buna görə 1719-cu ildə Səfəvi hakimiyyəti tərəfindən həbs olundu.
1720-1721-ci illərdə Şirvan və Cənubi Dağıstanda üsyan yenidən alovlandı və həbsdən
qaçan Hacı Davud üsyana rəhbərlik etməyə başladı. Hacı Davud qazıqumuxlu Surxay xanla
birləşərək 1720-ci ildə Şabran və Xudat qalasını tutdu. Bundan sonra üsyançılar Şamaxını,
Bakını və Dərbəndi tutmağa çalışsalar da, onların cəhdləri nəticəsiz qaldı. Bu şəhərləri öz gücü
ilə tuta bilməyən Hacı Davud 1721-ci ilin 22 aprelində Rusiyaya müraciət edib hərbi yardım
istədi. Hacı Davud müraciətində həmçinin Rusiya təbəəliyini qəbul etmək istəyini və Rusiyaya
canla-başla xidmət edəcəyini də bildirdi. Həştərxan general-qubernatoru A.P.Volinskinin
məsləhəti ilə çar I Pyotr Hacı Davudun təklifini rədd etdi.
Min nəfərlik Dağıstan süvariləri ilə birləşən Hacı Davud öz qüvvələri ilə 1721-ci il
avqustun 10-da Şamaxıya hücüm etdi, əhalinin köməyi ilə şəhəri tutdu. Bəylərbəyi Keyxosrov
xan və 800 Səfəvi tərəfdarı öldürüldü. Üsyançılar müqavimətə rast gəlmədən Gəncəyə qədər
irəliləsələr də, Gəncədə məğlub olub geri qayıtdılar. 1721-ci ilin oktyabrında Hacı Davud və
Surxay xan Osmanlı sultanı III Əhmədə (1703-1730) müraciət edərək Osmanlı təbəəliyini qəbul
etməyə hazır olduqlarını bildirdilər və Sultandan qoşunlarla kömək etməyi xahiş etdilər.
Rusiyadan fərqli olaraq III Əhməd onların müraciətinə müsbət cavab verdi və Hacı Davuda
Şirvan xanı titulu verildi.
XVIII əsrin 20-ci illərinin əvvəlində Şimali Azərbaycanda və Dağıstanda
Səfəvi hakimiyyətinə qarşı yönəlmiş üsyanın iştirakçıları kəndlilər, yerli feodallar, rühanilər idi.
Bu üsyan müəyyən dərəcədə dini xarakter daşısa da, mahiyyət etibarı ilə şah zülmünə qarşı
sosial hərəkat idi.
1722-ci ildə Əfqan tayfaları Səfəvilərə qarşı üsyan qaldırdılar. Səfəvilərin paytaxtı
İsfahanı 8 ay mühasirədə saxladılar, şəhəri yalnız həmin ilin sentyabrın 23-də tutdular. Səfəvi
şahı Sultan Hüseyn üsyanın başçısı Mir Mahmud xanın düşərgəsinə gəldi, taxt-tacı və digər şah
nişanlarını ona təslim etdi. Şah Sultan Hüseyn və bütün ailə üzvləri əsir alındı. Şahın böyük oğlu
Təhmasib əfqanlara təslim olmadı, Azərbaycana qaçdı, Astarabadda özünü II Təhmasib adı ilə
şah elan etdi. Şah Sultan Hüseyn II Təhmasibi şah kimi tanımadı. Rusiya Səfəvilər dövlətindəki
ikitirəlikdən istifadə etməyi və Azərbaycan torpaqlarını ələ keçirməyi qərara aldı.
Dostları ilə paylaş: |