AVQUSTUN İMPERATORLUĞU DÖVRÜ
Beləliklə Roma respublika quruluşu öz yerini yeni dövlət formasına - imperiya
siyasi rejiminə verdi. Əlbəttə, respublikanın məhvini təkcə kimlərinsə iradəsi ilə baş
verdiyini güman etmək, bu həyati əhəmiyyət kəsb edən məsələni yolverilməz şəkildə
sadələşdirmək, bəsitləşdirmək olardı. Avqustun özünə görə heç nə dəyişməmişdi,
əksinə o, dövlətə - respublikaya azadlığı qaytarmış və dövləti öz hakimiyyətindən
Senatın və xalqın sərəncamına vermişdi. Bu fikrini o, böyük ciddi-cəhdlə özünün
"İlahi Avqustun əməlləri" kitabında sübut etməyə, inandırmağa çalışır. Guya, onun
bütün fəaliyyəti respublikanın bərpa edilməsinə və "bərpa edilmiş respublika"
yaratmağa həsr edilmişdi. Guya diktaturadan xilas edilən dövlət yenidən respublika
məkanına qaytarılmışdı, dövlətə özünün ilkin və ən köhnə forması verilmişdi.
Bunu təsdiq edənlər o cəhəti əsas götürürdülər ki, Avqust dövlətə diktaturasız
və çar hakimiyyəti olmayan quruluş bəxş etmişdi. Lakin digər müəlliflər onu da qeyd
etməyi lazım bilirlər ki, Avqust tribun hakimiyyətini götürməklə təkcə çar adından
imtina etmişdi, əslində isə görünməmiş hakimiyyətə malik idi.
Əslində Avqust hakimiyyəti vətəndaş müharibələri vasitəsi ilə ələ keçirdikdən
sonra elə bir siyasi quruluş bərqərar etmişdi ki, bu quruluş sonralar açıq tiraniyaya
çevrildi. Çünki bu quruluşun özündə belə eybəcərliyə çevrilmək imkanları var idi, bu
quruluş Senatı və xalq yığıncaqlarını saxlasa da, onların hüquqlarını elə
məhdudlaşdırmışdı ki, əslində respublika quruluşu kabusa çevrilmiş, real qüvvə, real
hakimiyyət isə məhz printseps və imperatorda təcəssüm olunurdu. Hər şey yalnız
imperatorun şəxsi ləyaqətlərindən və ya eyiblərindən asılı olaraq qalırdı, onun
hakimiyyətini azacıq da olsun məhdudlaşdıran, onu tiraniyadan, xalqa zülm və terror
tətbiq etməkdən çəkindirmək üçün heç bir təsirli vasitə qalmamışdı. Ona görə də
əlacsız qalan romalılar belə tiranlardan xilas yolunu siyasi vasitələrdə deyil, yalnız
sui-qəsdlərdə, qətllərdə və hərbi dövlət çevrilişlərində görürdülər.
Tiraniya özünə qarşı müxalif olan bütün siyasi qüvvələri və siyasi vasitələri
sıradan çıxardığından, məhv etdiyindən siyasi məkanda ona qarşı duran və ya
müqavimət göstərən heç nə qalmır. Bu vaxt əlacsız qalan rəqiblər antidemokratik
yollardan istifadə etməyə başlayır və tiranları yalnız onların özlərinin istifadə etdiyi
üsullar və priyomlarla kənarlaşdırmaq, aradan götürmək, başqa sözlə onları fiziki
cəhətdən məhv etmək kimi vəhşi bir vasitəni tətbiq etməyə məcbur olurlar. Karl
Marksın Rusiya imperatoru Böyük Pyotr haqqında dediyi "barbarlığı barbar
metodları ilə sıxışdırıb çıxardığı" barədəki sözlər, qədim romalıların bütün
vasitələrdən məhrum olduqlarından, tiranları məhv etmək üçün ən iti silah olan
qətldən istifadə etmək yolunu tutduqlarını daha düzgün ifadə edir. Onlar bir nəfər
qaniçənin qətlini həyata keçirməklə, kütləvi qətllərə son qoymaq istəyirdilər.
Ona görə də Avqust nə qədər ilahi donuna bürünsə də, öz əməllərində özünü
respublika tərəfdarı kimi görməyə və belə qələmə verməyə çalışsa da, Yuli Sezara da
bütünlüklə müyəssər olmayan bir işi gördü və Romada təkhakimiyyətliliyi bərqərar
etdi. Roma respublikası yarım minilliyə bərabər bir tarix yaşadıqdan sonra məhz
Avqustun əli və iradəsi ilə ölümə məhkum edildi, respublika quruluşu Avqustun
siyasi oyunları nəticəsində bütünlüklə süqut etdi. Qədim Roma respublikası nəinki
özünün nəcib ənənələrindən, həm də əsl mahiyyətindən məhrum oldu. Respublika
174
quruluşunun mühüm dayağı olan Senat öz razılığı və öz qərarı ilə Avqustun şəxsində
təkhakimiyyətlilik quruluşunu yaratdı və əslində elə bil ki, tiraniyaya aparan Appi
yolu tikdi.
Təkhakimiyyətlilik əlverişli mühitdə mütləq tiraniya adlanan övlad doğur və
bu övlad sonradan atası Kronosu da məhv etməklə, hakimiyyətə bütünlüklə öz
təbiətini təlqin edir. Hamı yaxşı bilirdi ki, Senat qalsa belə ikihakimiyyətlilikdən
danışıq gedə bilməz, hakimiyyət yalnız Avqustun icad etdiyi yeni hakimiyyət budağı
olan printsepsin və ya imperatorun əlində cəmləşmişdir. Laqeyd seyrçi olan Senat
imperatorun hərəkətlərinə heç bir təsir edə bilmədiyindən, arabanın beşinci təkəri
rolunu oynayırdı, bütün dövlət hakimiyyəti adlanan döyüş arabası isə bir nəfərə
mənsub idi. Avqust əslində bütün Roma magistratlarını öz əlində cəmləşdirmişdi. O,
həm prokonsul imperiyaya, həm də tribun hakimiyyətinə malik idi. Axı əvvəllər
konsul heç vaxt eyni zamanda həm də tribun ola bilməzdi və əksinə. Beləliklə
Avqust, hakimiyyətin bütün budaqlarını özündə təcəssüm etdirirdi.
Axı o vaxtlar Romada məhkəmə hakimiyyəti də konsullara və senatorlara
məxsus idi. Əlbəttə, Avqustun prinsipatının Yuli Sezar diktaturasından müəyyən
fərqləri də var idi. Yuli Sezar ellinist tipli monarxiya yaratmaq istəyirdi. Avqust isə
Pompeyin icad etdiyi, lakin bəhrəsini görmədiyi prinsipatdan istifadə etməyə başladı.
Prinsipat adlanan siyasi sistemə görə bütün hakimiyyət formal olaraq senata məxsus
idi, onun qarantı, "qoruyucusu" isə printseps idi. Buradan da guya belə çıxırdı ki,
burada heç bir monarxiya yoxdur, bərpa olunmuş respublika quruluşu təşəkkül
tapmışdır. Ancaq belə izahlar, formal cəhətlər, quruluşun üstünə geyindirilən toqa
onun mahiyyətini gizlədə, ört-basdır edə bilmirdi. Əslində bu vaxtlar mövcud olan
Senat hakimiyyət orqanından daha çox, heykəli daha əzəmətli etmək məqsədini
güdən passiv pyedstala bənzəyirdi. Çünki printseps onun fəaliyyətini daim nəzarətdə
saxlayırdı.
Yaxud da əgər iki hakimiyyətdən, - Senatla prinsepsin hakimiyyətindən söhbət
gedirsə, bu süvari ilə atın bərabər hüququnu qələmə vermək kimi nəzərə çarpırdı.
Senat adlanan atı cilovlayıb minən Avqust təkcə onu istədiyi yerə çapmırdı, həm də
hər şeyə nəzarət etmək imkanı əldə etmişdi. O, öz əlində klassik Roma respublikası
dövründə ağlasığmayan səlahiyyətləri birləşdirmişdi - öz əlində adi və qeyri-adi
magistratları, ali kahin funksiyasını cəmləşdirmişdi.
Avqustun dövründə siyasi təbliğata xüsusi əhəmiyyət verilməyə başlandı və bu
dövlət tədbiri rolunu oynadı. Bu təbliğat Avqustu allah kimi qələmə verirdi, onun
şərəfinə məbədlər ucaldılırdı. Avqustun dövründə dövlət aparatı çox genişlənməyə,
onun nüfuzu isə artmağa başladı. Bu dövrdə dövlət aparatı Romanın respublika
quruluşunun seçkili orqanlarını əvəz etməyə və sıxışdırıb aradan çıxarmağa başladı.
İmperatorun təyin etdiyi vəzifəli şəxslər seçkili magistratları əvəz edirdi. Avqust
artıq seçkili magistratlar əvəzinə şəhərlərə prefektlər təyin etməyə başladı və sonralar
bu artıq adi praktikaya çevrildi. Bundan sonra isə Avqust prokuratorları, leqatları,
əyalətlərdə prefektləri, həmçinin yeni, imperatorun dostları və yol yoldaşları adlı
vəzifələrə adamlar təyin etməyə başladı. Özü də bu vəzifələrə o, özünün sədaqətli
adamlarını təyin edirdi.
Avqust Mari və Sulla dövründən başlanan ordunun siyasi qüvvəyə
çevrilməsini heç də yaddan çıxarmırdı. Lakin sülh dövründə ordunu əvvəlki kimi
175
sərbəst buraxmaq, bu dövrün özünü təhlükə altında qoya bilərdi. Ona görə də
ordunun ram edilməsi ən vacib məsələlərdən biri idi. Bunu həll etmək üçün Avqust
sülh dövrü üçün daimi ordu yaratdı və onun həcmi müharibə dövründəki ordunun
həcminə bərabər idi. Ordunu cilovlamaq üçün o, zabit və mülki karyeraları qarşılıqlı
surətdə əlaqələndirdi və əslində yeni bir hərbi islahat həyata keçirdi. Atlı
zümrəsindən olan adamlara, heç bir hərbi xidmət keçmədən zabit vəzifələrini
tutmağa icazə verdi.
Bundan başqa Avqust əyalətləri Senat və imperator əyalətlərinə böldü.
İmperator əyalətləri siyahısına işğal edilmiş və həmsərhəd olan əyalətlər daxil edildi.
Avqustun prinsipatı dövründə əyalətlər vahid siyasi rejimin hissəsinə çevrildi,
əvvəllər isə onlar Roma şəhərinin əlavəsi, Roma xalqının mülkü hesab olunurdu. Bu
özünü həm də əyalətlərin idarə olunmasının dəyişilməsində, vergi yığılmasının
islahatlara
uğramasında göstərirdi. Əyalətlərdə publikanların özbaşınalığı
məhdudlaşırdı. Əyalətlərdəki sui-istifadələr barədəki işlər senatda baxılmağa
başlandı. Əyalət adamları bir başa öz şikayətlərini Avqusta göndərmək hüququ
qazandılar.
Əgər Sezar rejimi ilə Avqust rejimi müqayisə edilsə, birinci hələ tam
formalaşmamışdı, ayrı-ayrı tədbirlərdən ibarət idi. Ona görə də onların ömrü uzun
olmurdu. Cari vəzifələrin tələbi ilə meydana gəldiyindən, onlarla birlikdə də aradan
çıxırdı. Avqust isə hərtərəfli düşünülmüş yeni dövlət sistemi yaratdı və bu sonralar
tarixdə "Avqust prinsipatı" adlanmağa başladı. Vaxtilə Yuli Sezarın dediyi:
"Respublika heç nədir, bədəni və sifəti olmayan boş addır" kəlmələrini Avqust tam
gerçəkliyə çevirə bildi.
Oktavian Avqust Mark Tulli Tsitseronun və Qay Antoninin konsulluq etdiyi
63-cü ildə doğulmuşdu. Onun atası Qay Oktavi gənc yaşlarından varlı olmuş,
əyalətdə çox uğurla canişinlik etmişdi və Makedoniyadan qayıtdıqdan sonra öz
namizədliyini konsulluğa irəli sürə bilmədən, qəflətən ölmüşdü. Anası Atiya isə
Mark Ati Balbın və Qay Sezarın bacısı Yuliyanın qızı idi. Lakin bədxahlar onun
valideynlərinin aşağı zümrədən olduğunu iddia edib deyirdilər ki, "sənin anan ən pis,
kobud üyüdülmüş undan bişirilmişdi. Onun xəmirini isə, pul dəyişən çirkli əlləri ilə
yoğurmuşdu". O, dörd yaşında olanda atasını itirmişdi. On iki yaşında isə nənəsi
Yuliyanın dəfn mərasimində matəm nitqi söyləmişdi. Artıq on altı yaşında o, Sezarın
Afrika yürüşündə iştirak etməsə də, hərbi mükafat almışdı. Babası Yuli Sezar
İspaniyaya Qney Pompeyin oğlanları ilə vuruşmağa gedəndə, o, xəstəlikdən yenicə
qalxmasına baxmayaraq, sərkərdənin arxasınca yollanmışdı. Sonra Sezar onu
Apolloniyaya - Epirdəki bu şəhərə təhsil almağa göndərmişdi. Sezarın qətli xəbərini
alan kimi və özünün varis olduğunu bildikdə, çox tərədüddən sonra Romaya qayıtdı
və anasının şübhələrinə, atalığının isə etirazlarına baxmayaraq, varisliyi qəbul etdi.
Bu dövrdən də o, qoşun toplayıb dövləti idarə etməyə başladı, əvvəlcə on iki il
ərzində (42-30-cu illər) Mark Antoni və Mark Lepidlə birlikdə, bundan sonra isə qırx
dörd il ərzində təkbaşına Roma dövlətini idarə etdi.
Bütün ömrü boyu o, beş vətəndaş müharibəsi aparmışdı - bunlar Mutina,
Filippi, Peruziya, Siciliya və Aktsi müharibələridir. Onlardan birincisi və axırıncısını
Mark Antoniyə qarşı, ikincisini Bruta və Kassiyə qarşı, üçüncüsünü Mark Antoninin
qardaşı Lutsi Antoniyə qarşı, dördüncüsünü isə Pompey Maqnın oğlu Sekst Pompeyə
176
qarşı aparmışdı. Mark Antoniyə qarşı ilk döyüşündə o, qalib gəlsə də, həlak olan iki
konsulun öldürülməsində ondan şübhələnirdilər. Onun Mark Antoni ilə olan ittifaqı
yalnız siyasi məqsədlər nöqteyi-nəzərindən bağlandığından heç vaxt möhkəm və
səmimi olmamışdı. Onlar əvvəlindən çürük olan bu ittifaqı saxlamaq üçün bir-birinə
güzəştlərə gedir və müxtəlif sazişlər bağlayırdılar.
Nəhayət, Avqust Antoni ilə bütün əlaqələri kəsdi və onu Roma vətəndaşına xas
olmayan biabırçılıqda ittiham etmək üçün Antoninin Romada qalan vəsiyyətini xalq
qarşısında açdırıb oxutdurdu. Bu vəsiyyətində o, Kleopatradan olan uşaqlarını öz
varisləri elan edirdi. Bu vaxt o, Antoninin bütün qohumlarına və dostlarına, o
cümlədən iki konsula Antoninin yanına Misirə getməyə icazə verdi. Bir qədər sonra
isə Aktsi yaxınlığındakı dəniz döyüşündə Antonini məğlub etdi. Sonrakı il isə o,
Aleksandriyanı mühasirəyə alıb, Antoni və Kleopatranın gizləndikləri bu şəhəri
tutdu. Lakin onun bu iki düşməni özlərini öldürmüşdü və Avqust onları ehtiramla
dəfn etdi, onların tikintisi başa çatmamış sərdabəsini tikdirib qurtardı. Burada o, həm
də müqəddəs yerdən çıxardılımş tabutdakı Böyük Aleksandrın cəsədini gördü və ona
itaət əlaməti olaraq cəsədin üstünə qızıl əklil qoydu və çoxlu gül tökdü. Ona
Ptolomeylərin sərdabələrinə baxmağı da təklif etdikdə dedi ki, o, ölüləri deyil, çarı
görmək istəyirdi. İlk dəfə olaraq o, Misiri əyalətə çevirdi, bu münbit ölkənin və taxıl
anbarının isə Roma üçün böyük əhəmiyyəti var idi.
Avqust qanuni və mühüm əsas olmadan heç bir xalqa qarşı müharibə
başlamırdı. Onun bu ləyaqətinin şöhrəti çox uzaqlara yayılmışdı. Hətta hindlilər və
skiflər Avqustun yanına elçilər göndərib, ondan və Roma xalqından dostluq xahiş
edirdilər. Parfiyalılar isə, onun tələbi ilə Ermənistanı ona verdilər, Mark Krassdan və
Mark Antonidən götürdükləri bayraqları qaytardılar, hətta könüllü olaraq girovlar
təklif etdilər və özlərinə Avqustun bəyəndiyi çarı seçdilər. Onun hökmranlığına
qədər Roma yaranandan Yanus Kvirin məbədinin qapısı bir və ya iki dəfə bağlı
olmuşdusa, onun dövründə quruda və suda sülh bərqərar olması rəmzi kimi üç dəfə
bağlı saxlandı. Avqust bunları özünün "İlahi Avqustun əməlləri" kitabında xüsusi
iftixarla qeyd edir.
Məğlubiyyətlərə gəldikdə Avqust iki dəfə ağır və biabırçı məğlubiyyətin
acısını dadmış oldu. Bu məğlubiyyətin hər ikisi Almaniyada baş vermişdi.
Avqust hərbi işlərdə çoxlu dəyişikliklər və yeniliklər apardı, intizamı isə çox
böyük ciddiyyətlə saxlayırdı. Düşmən qarşısından geri çəkilən koqartadakı hər
onuncu adamı edam etdi, başqa sözlə detsimatsiya cəzası tətbiq etdi, qalan əsgərlərə
isə yalnız yük heyvanlarına yedizdirilən arpadan bişirilmiş çörək yedizdirdi, çünki
yürüşdə olan əsgərlərə ancaq buğda çörəyi verilirdi. Hətta cərgəni tərk etmiş
senturionu da sıravi əsgər kimi ölüm cəzası ilə cəzalandırırdı.
Onun fikrincə, nümunəvi sərkərdə tələsik və ehtiyatsız hərəkət etməməlidir. O,
"tələsmədən təcili olmaq lazımdır" zərb məsələni tez-tez təkrar edirdi. Avqust hesab
edirdi ki, "ehtiyatlı sərkərdə ağılsız sərkərdədən yaxşıdır". Ona görə də o, heç vaxt
qələbəyə əmin olmadan müharibəyə başlamırdı, daha doğrusu o, bunu nəzərə alırdı
ki, məğlubiyyətdə uduzduğundan, qələbə vaxtı daha çox qazanacaqdır. Böyük
təhlükələr hesabına kiçik fayda götürməyə çalışanları o, qızıldan olan tilovla balıq
tutanlarla müqayisə edirdi, tilov qırılsa, heç bir ov itkinin əvəzini ödəməyəcəkdir.
177
Avqust çox gənc yaşlarından siyasi fəaliyyətə başladığından, yüksək vəzifələrə
də çox erkən malik oldu. İyirmi yaşında o, konsulluğu ələ keçirdi. Məhz ələ keçirdi,
çünki legionlarla Romaya yaxınlaşan Oktavian, qoşunlar adından elçilər vasitəsilə bu
vəzifəni tələb etdi və centurion Korneli senatorlar tərəddüd etdikdə, qılıncla onları
hədələmişdi. Bütövlükdə o, on üç dəfə konsul seçilmişdi. Tribun hakimiyyətini isə o,
ömürlük qəbul etmişdi. Bundan başqa o, ömürlük senzor hakimiyyətindən istifadə
edirdi, buna görə üç dəfə əhalinin siyahıya alınmasını keçirmişdi, əslində isə o,
senzor deyildi. O, iki dəfə respublika quruluşuna qayıtmağa cəhd etsə də, bundan
imtina etdi və hakimiyyəti bölünmədən özündə saxlamağı qət etdi. O, bunu nəinki
səhv hesab etmirdi, hətta özünü ən yaxşı dövlət quruluşunun yaradıcısı hesab edirdi
və güman edirdi ki, onun qurduğu dövlətin əsası gələcəkdə heç vaxt dəyişilməyəcək,
sarsılmayacaqdır.
Avqust abadlıq, şəhərsalma məsələlərinə də böyük qayğı göstərirdi. Roma
daşqınlardan və yanğınlardan əziyyət çəkirdi. O, öz kitabında qürurla qeyd edirdi ki,
Romanı kərpicdən tikilmiş şəhər kimi qəbul edib, mərmərdən olan şəhər kimi qoyub
gedir. Şəhərin təhlkəsizliyi üçün də o, bir sıra tədbirlər həyata keçirdi. O, ilk dəfə
polis qüvvələri təsis etdi və yeni eranın 6-cı ilində yarımhərbi yanğın dəstəsi yaratdı.
Çoxlu ictimai binalar tikdirdi. Xalq kütləsi və çoxlu məhkəmə iclasları üçün iki
meydanın kifayət olmadığını görüb o, Forumu tikməklə üçüncü meydan düzəltdi. O,
Apollona və Yupiterə məbədlər tikdirdi. Şəhəri daşqınlardan qorumaq üçün Tibrin
məcrasını təmizlədi və genişləndirdi.
O, Sezar tərəfindən tətbiq edilən təqvimi bərpa etdi və altıncı ay adlanan
(təqvimdəki iki ay - yanvar və fevral əlavə olunmamışdan ayların sıra düzümünə
müvafiq olaraq bu ay belə adlanırdı) özünün ilk konsulluq dövrü şərəfinə Avqust ayı
adlandırdı.
O, Roma dövlətinin möhkəmlənməsində xüsusi xidmətləri olan rəhbərlərin
xatirəsinin əbədiləşdirilməsinə də böyük diqqət verirdi ki, qoy vətəndaşlar gələcəkdə
belə xadimlərdən nümunə götürsünlər. O, hakimlərin yaş senzini beş il azaldaraq, 30
yaşdan qoydu. Özü isə mühakimələri böyük ciddiyyətlə aparırdı və hər şeyi diqqətlə
ayırd etməklə yanaşı, yumşaqlıq da göstərirdi.
Avqust bir sıra köhnə qanunları dəyişdirdi və bir sıra yeni qanunlar dərc etdi.
Bunlar zinət haqqında, zinakarlıq və pozğunluq haqqında, pulla ələ alma haqqında,
bütün zümrələr üçün nikah qaydaları haqqında idi. O, üç illik dul qalmağa icazə
verdi, nikah bağlama müddətini qısaltdı və boşanmaları məhdudlaşdırdı. O, senatın
tərkibində də dəyişikliklər etdi. Sezarın ölümündən sonra müxtəlif yollarla
senatorluğu ələ keçirənlərin hesabına onların sayı min nəfərdən çox idi. O,
senatorların həddi-buluğa çatmış gənc oğlanlarına, dövləti idarə etmək təcrübəsi
qazanmaq üçün ataları ilə birlikdə senatın iclaslarında iştirak etməyə icazə verdi.
Bəzi adamları o, cəzalandırırdı ki, onlar kiçik faizlə pul götürüb onu böyük
faizlə borc verirlər. Avqust bunu xüsusilə vacib sayırdı ki, Roma xalqı pozulmamış,
yadelli və qul qanı ilə qarışmadan təmiz qalsın. Ona görə də o, Roma vətəndaşlığı
verilməsini azaltdı və qulların azadlığa buraxılmasını xeyli məhdudlaşdırdı.
O, xalqın pozulmaması üçün digər məsələlərə də diqqət verirdi. Bir dəfə kimsə
şərabın çatışmamasından və baha olduğundan gileyləndikdə, Avqust ona ciddi tərzdə
demişdi. "Mənim kürəkənim Aqrippa çoxlu su kəmərləri çəkdirmişdir ki, heç kəs
178
susuzluqdan əziyyət çəkməsin". Şəhərdə məhsul qıtlığından çörək təchizatında
çətinlik yarandıqda o, bütün qul alverçilərini qulları ilə birlikdə şəhərdən qovdu,
təchizat qaydaya düşdükdə isə o, pulsuz çörək verilməsini həmişəlik qadağan etmək
istədi. Çünki bunun ucbatından əkinçilik tənəzzülə uğrayırdı. Lakin o, bu tədbirə əl
atmadı, ancaq çörək verilməsinin miqdarını dəyişdirməklə kifayətləndi.
İtaliyada o, iyirmi səkkiz yeni koloniya yaratmaqla ölkənin əhalisini artırdı. O,
Afrika və Sardiniyadan başqa bütün əyalətlərdə olmuşdu. Müharibədə əldə etdiyi
çarlıqları isə o, əvvəlki hökmranlarına qaytarırdı, yaxud da digər yadellilərə verirdi.
O, müttəfiq çarları qohumluqla birləşdirirdi, onların qarşılıqlı nikahına xüsusi fikir
verirdi, bu çarlıqlara öz dövlətinin bir hissəsi kimi baxırdı. Ağıldan kəmlərə və az
yaşlı uşaqlara himayəçi təyin edir, bir çox çar uşaqlarını öz uşaqları ilə bir yerdə
tərbiyə edir və onlara təhsil verdirirdi. Avqust özü dəqiqliyi çox sevirdi, məktublarda
daim tarixi göstərməklə yanaşı günün, hətta gecənin saatını da göstərirdi.
Xalq dəfələrlə Avqusta diktator hakimiyyəti təklif etdikdə, o, diz üstə çöküb
yalvarırdı ki, onu bundan xilas etsinlər. "Hökmran" sözündən o, təhqir və biabırçılıq
kimi qorxurdu. Təkcə özünə həsr edilmiş məbədlərin tikilməsinə razılıq vermirdi,
ona qoyulmuş gümüş heykəli isə əritdirib, ondan pul kəsdirdi. O, konsul olduqda
piyada, konsul olmadıqda isə örtülü təxti-rəvanda gəzirdi. O, adamlarla da özünü çox
sadə aparırdı. Bir dəfə çox utancaq xahiş edənə zarafatla demişdi ki, o, öz xahişini
filə qəpik-quruş verən kimi verir. O, senatdan gedəndə, senatorların ayağa
qalxmasına razılıq vermirdi. O, çoxlarının ailə şənliklərində iştirak edirdi.
Bütün bu xüsusiyyətlərinə görə, Avqustu çox sevirdilər. Hər il onun ad gününü
iki gün dalbadal qeyd edirdilər. Onun evi yananda, yeni ev tikdirmək üçün əhalinin
hamısı ona pul yığdıqda o, hər pul topasından ancaq bir denari götürdü. Xalq ona
vaxtilə Tsitserona verilən "vətənin atası" fəxri adını verdi. Horatsi Avqustun dili ilə
yazırdı ki, "onun qanından olan heç kəs bir daha əsgər olmayacaqdır".
Onun şəxsi həyatına gəldikdə Avqustun Skriboniya adlı arvadından Yuliya
adlı qızı olmuşdu, lakin sonrakı, çox sevdiyi arvadı Liviya Druzilladan onun övladı
olmamışdı. Qızı Yuliyanı o, əvvəlcə öz bacısı oğlu Martsellə, o, vəfat etdikdən sonra
isə Mark Aqrippaya ərə vermişdi. Bunun üçün o, öz bacısından kürəkənini ona görə
güzəştə getməyi xahiş etmişdi, çünki Aqrippa əvvəlcə Martsellin bacılarından birinə
evlənmişdi və ondan uşağı var idi. Aqrippa öldükdən sonra isə o, qızını öz ögey oğlu
Tiberiyə ərə verdi, bunun üçün Tiberi ikinci uşağa hamilə olan arvadını boşamağa
məcbur oldu. Avqustun Aqrippadan üç - Qay, Lutsi və Aqrippa adlı oğlan nəvəsi,
Yuliya və Aqrippina adlı iki qız nəvəsi var idi. Gələcəkdə bir imperatorun - Qay
Kaliqulanın bacısı, digər imperatorun, Klavdinin arvadı, üçüncü imperatorun,
Neronun anası olan Kiçik Aqrippinanın özünün anası Böyük Aqrippina əvvəlcə
Avqustun bacısının nəvəsi Germanikə ərə getmişdi. Qay və Lutsini isə Avqust
oğulluğa götürmüş və onları uşaqlıqdan dövlət işlərini öyrənməyə cəlb etmişdi.
Bunun üçün o, bu nəvərlərini təyin edilmiş konsullar kimi əyalətlərə və qoşunlara
göndərirdi. Lakin heç də onun ailə həyatını xoşbəxt saymaq olmazdı. Öz qızı və
nəvəsi, hər iki Yuliya özlərini ən pis davranışlarla biabır etdiklərindən, Avqust onları
sürgünə göndərdi. Qay və Lutsi adlı nəvələrini qısa müddətdə - 18 ay ərzində itirdi.
Bundan sonra o, Forumda kuriyaların iclası qarşısında üçüncü nəvəsi Aqrippanı və
ögey oğlu Tiberini oğulluğa götürdü. Lakin bir az sonra alçaq və qəddar xasiyyətinə
179
görə nəvəsi Aqrippanı da sürgünə göndərdi. Yaxın adamlarının biabırçılığı Avqusta
onların ölümündən daha ağır təsir edirdi. Sürgün edilmiş qızı Yuliyaya şərab
verilməsini qadağan etmişdi. Kiçik Yuliyanın sürgündə olarkən doğduğu uşağı isə
qəbul etməkdən imtina etdi. İki Yuliyadan söhbət gedəndə o, deyirdi ki, yaxşı olardı
ki, mən nikahsız yaşayaydım və övladsız öləydim. Qızı Yuliyanı və nəvələri Aqrippa
və Yuliyanı o, özünün üç yarası adlandırırdı.
O, dostluq etməyi çox sevirdi və dostluğa sədaqətini kiçik müstəsna ilə
qətiyyən pozmurdu. Ən yaxın dostları olan Aqrippa və Metsenat haqqında
gileylənərək deyirdi ki, Aqrippa səbirsizdir, Metsenat isə susmağı bacarmır.
Doğrudan da guya Martsellə üstünlük verildiyini güman edən Aqrippa, hər şeyi atıb
Romanı tərk etdi. Metsenat isə Murena qəsdinin açılmasından xəbər tutduqda, bu
sirri öz arvadına demişdi.
Lakin Avqustun özünün əxlaqındakı qüsurlar barədə də Romada çoxlu söz-
söhbətlər gəzirdi. Hətta belə deyirdilər ki, o, Sezardan oğulluğu öz bəkarətini qurban
verməklə əldə edə bilmişdi, hətta Sekst Pompey onu qadına bənzər adlandırırdı.
Digər tərəfdən o, qadınlara qarşı biganə deyildi və arvadbaz adam kimi tanınırdı.
Onun dəbdəbəli qonaqlıqları, şəraba aludəçiliyi və bahalı ev əşyalarına meyli barədə
söz-söhbət kəsilmirdi. O, zərlə oyuna da xüsusi maraq göstərirdi. O, gənc qızları
xüsusən çox sevirdi və onları Avqusta hər yerdən öz arvadı tapıb gətirirdi. Yeməyə
gəldikdə o, olduqca az və könülsüz yeyirdi. İri üyüdülmüş undan bişirilmiş çörəyi,
xırda balığı, sulu pendiri və yetişməmiş ənciri sevirdi. Yalnız aclıq hiss edəndə
yeyirdi. Öz məktublarında o, göstərirdi ki, arabada gedərkən çörəklə xurma yedi,
başqa məktubunda isə yazırdı ki, təxti-rəvanda kuriyadan gedərkən bir loxma çörək
və bir neçə qalın qabıq üzüm giləsi yedim. O, bəzən öyünürdü ki, yəhudilərdən daha
sərt post (oruc) tutur. Şərabı da o, az içirdi.
Avqust natiqlik qabiliyyətinə və nəcib elmlərə gənc yaşlarından xüsusi maraq
göstərirdi. O, hətta hərbi yürüşlər vaxtı da oxumaq, yazmaq, əzbər şeir söyləməyə
vaxt tapırdı. O, ilk dəfə olaraq yazılı mətnlərlə çıxış etməyə başladı. Hətta özəl
söhbətlərə, arvadı Liviya ilə danışıqlarına o, əvvəlcədən yazılı qeydlərlə hazırlaşırdı.
O, bir neçə nəsr əsəri də yazmışdı. Onun dövründə Romanın məşhur şairləri Vergili
və Horatsi yazıb yaratmış, lirik şair Ovidini isə Qara dəniz sahilindəki ucqar Toma
şəhərinə sürgün etmişdi. Sonralar Konstansa adlanan bu şəhərdə məşhur orta əsr din
islahatçısı Yan Hus edam edilmişdi.
Uzun ömür yaşayan Avqust ölüm anında onun yanına gələn dostlarından
soruşmuşdu ki, o, həyat komediyasını yaxşı oynaya bilmişdirmi? Sonra o, dostlarının
hamısını buraxdı və arvadı Liviyanın qolları arasında "Liviya, xatırla, biz necə bir
yerdə yaşadıq. Yaşa və əlvida!" sözlərini deyib canını tapşırdı. O, özünün arzu etdiyi
kimi əziyyət çəkmədən öldü. Senatorlar onun dəbdəbəli dəfn olunmasını təklif
edirdilər. Senatorlar çiyinlərində onun cəsədini Mars çölünə aparıb, orada
yandırdılar. Bəziləri onun anadan olmasından ölənə qədər olan dövrü Avqust əsri
adlandırmağı təklif etdi. Onun vəsiyyəti açılıb senatda oxundu. Birinci dərəcəli
varisləri kimi o, Tiberini və Liviyanı təyin etmişdi, Tiberiyə var-dövlətinin üçdə ikisi,
Liviyaya isə üçdə biri çatmalı idi. Onlar həm də onun adını qəbul etməli idilər. Roma
xalqına o, qırx milyon sestertsi pul qoyub getmişdi. Qızı və nəvəsi Yuliyaların onun
sərdabəsində dəfn edilməsini o, qadağan etmişdi.
180
77 il ömür sürən Oktavian Avqust yeni eranın 14-cü ilində vəfat etdi. O,
ömrünün dörddə üçə qədərini, başqa sözlə 56 ilini Romaya hökmranlığa həsr etmişdi.
O yalnız bir titulu - vətənin atası - pater patriae - titulunu qəbul etmişdi.
Avqustun ölümündən bir az əvvəl onun arvadı Liviya Druzillanın oğlu və
özünün oğulluğu Tiberi Almaniyadan hərbi yürüşdən qayıtmışdı və İllirikə yola
düşəndə atalığının ağır vəziyyətdə olduğunu eşidib, geri dönmüşdü. Tiberi Avqustun
yeganə sağ qalan oğlan nəvəsi Aqrippa zorakılıqla öldürülənə qədər, imperatorun
ölümünü gizlətmişdi. Avqustun göstərişi, Liviyanın iradəsi və ya Tiberinin xəbəri
olub-olmamasından asılı olmayaraq gənc Aqrippa boğulub qətlə yetirilmişdi. Bundan
sonra Tiberi tribun hakimiyyətindən istifadə edərək senatı yığdı, guya qəhərdən,
hönkürtüdən danışa bilmədiyindən öz çıxışını oxumaq üçün oğlu Druza verdi. Sonra
Avqustun vəsiyyəti oxundu, bu vəsiyyətə görə varis Tiberi Sezar elan olunurdu. Ali
hakimiyyəti o, bir anda tərəddüdsüz olaraq qəbul etsə də, sözdə özünü elə göstərirdi
ki, hakimiyyətdən imtina edir, bununla da süni komediya effekti yaranırdı. Bu vaxt
Senat diz üstə ona yalvarmağa başladı ki, o, bu vəzifələrdən imtina etməsin. Nəhayət,
guya öz iradəsinin əksinə olaraq, bu ağır qul xidmətindən şikayətlənməklə,
hakimiyyəti qəbul etdi. Lakni o, imperator rütbəsindən, "vətənin atası" adından
imtina etdi. Varis kimi qəbul etdiyi Avqust adından da o, yalnız çarlara və
hökmdarlara məktub yazdıqda istifadə edirdi.
|