Mövzu 2. Azərbaycan dili anlayışı. Ümummilli lider H.Əliyev və Azərbaycan dili
Plan: 1.Azərbaycan dilinin mənşəyi, geneoloji və tipoloji təsnifi 2.Azərbaycan dilinin və əlifbasının tarixi inkişafı 3.Ümummilli lider H.Əliyev və Azərbaycan dili Azərbaycan dili, məlum olduğu kimi, ən qədim zamanlardan Avrasiyada yayılmış türk dilləri ailəsinə daxildir. 1936-cı ildən intensiv olaraq Azərbaycan dili adlandırılan bu dil qədimlərdən XX əsrin 30-cu illərinə kimi “türk dili”, “tatar dili”, “Qafqaz-tatar ləhcəsi” və digər adlarla adlandırılmışdır.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqqlütinativ) dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir. Qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur. Dilimiz dildaxili və dilxarici təsirlərin nəticəsində inkişaf edərək müasir səviyyəyə çatmışdır. Respublikamızda 10 milyondan artıq, dünyada isə 50 milyondan artıq insan Azərbaycan dilində danışır. “Azərbaycan dili” anlayışının tarixi baxımdan araşdırılması bir sıra ciddi problemlər meydana çıxarır. Bunlar, əsasən, aşağıdakılardır: a) “Azərbaycan” sözünün mənası, b) “Qədim Azərbaycan dili” anlayışının məzmunu və ya hansı mənşədən olan dili əks etdirməsi məsələsi.
Azərbaycan adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Bəzi tarixçilər bu adın ölkədə olan atəşgahlar və odla əlaqədar yarandığını yazırlar. Bildirirlər ki, azər (atur, atər) pəhləvi dilində “od” deməkdir və pat (pad-bad) “keşikçi, qoruyan”, kan, ya qan da (ərəbcə tələffüzdə -can) “yer” və ya nisbət şəkilçisidir. Yəni atəşgahları qoruyan yer. Ərəblər gəldikdən sonra “q” səsi “c” kimi tələffüz olunduğuna görə , “Azərbaycan” demişlər.İslam tarixçisi Təbəri və Yaqut Həməvi bu fikri müdafiə etmişlər. Tədqiqatçı M.Zəkiyev “Ön və Orta Asiya. Qafqaz, Qara dənizin şimalı. İdil-Ural və Qərbi Sibirdəki qədim türklər” məqaləsində göstərir ki, Qafqazda ən qədim zamanlardan ar/ir, as/az, bi/pi/bey, sün/san/şan/can və b. adlarla tanınan, bugünkü azərbaycanlıların əcdadları olan tayfalar yaşamışlar. Sonralar onların qarışması nəticəsində asar/azar/azər tayfa birləşmələri əmələ gəlmişdir”. Məlumdur ki, “Azərbaycan dili” linqvonimi “Azərbaycan” toponimi, “Azərbaycan xalqı” etnonimi ilə ideya-məzmunca sıx bağlıdır, burada “Azərbaycan” anlayışı əsas istinad nöqtəsidir. Azərbaycanın tarixi ərazisində qədim dövrlərdən bəri mövcud olmuş dövlətlərdən (Aratta, Manna, Midiya, Albaniya, Aran) heç birinin deyil, məhz Atropatena // Adurbadaqan//Azərbaycan adı ölkənin, xalqın və dilin adına çevrilmişdir. Bu “Azərbaycan” adının tarixən həm ölkə daxilində, həm də ölkənin xaricində geniş yayılmasından irəli gəlir, bu populyarlıq ilk növbədə siyasi-ideoloji səbəblərlə əlaqədardır. “Azərbaycan“ anlayışının tarixi, ənənəvi elmi-publisistik baxışlara görə “Atropatena”dan başlayır. Məlum olduğu kimi, “Atropatena” dövlətinin banisi Atropat Madanın satrapı idi, belə güman etmək olar ki, Atropat Madanın irsi hakimi olmuşdur. Makedoniyalı İsgəndərin dövləti onun sərkərdələri arasında parçalandıqdan sonra Atropat müstəqil hökmdar oldu. Yeni dövlətin yaradıcısı Atropat olduğundan o, Mada-Atropatena (Mada dilində Mada-Atropatakan (a), yəni “Atropata məxsus olan ölkə” adlanırdı. Beləliklə, Azərbaycan adı Atropatena dövlətinin adından əmələ gəlmişdir.
“Azərbaycan” sözünün türk mənşəli olması barədə digər interpretasiyalar mövcuddur. Tədqiqatçı T.Hacıyev yazır ki, Azərbaycan toponimi az (türk tayfası) + ər (igidlər məzmununda söz) + bay (“ər” sözünün mənasını gücləndirir) + can (qan-məkan anlayışı bildirən morfem) tərkibindən ibarətdir. Lakin bu tipli interpretasiya-etimologiyaların doğruluğu şübhəlidir. Hər şeydən əvvəl ona görə ki, “Azərbaycan” sözünün keçdiyi tarixi yolla, mənbələrlə təsdiq olunmur. İkincisi, türk dilinin söz yaradıcılığı texnologiyaları üçün səciyyəvi olmayan, olduqca mürəkkəb bir model üzərində qurulmuşdur. Üçüncüsü, həmin izahda sözün (oykonimin) semantik strukturu kifayət qədər “dağınıq”, qeyri-mükəmməl görünür.
“Azərbaycan” sözünün qədim “az/as” tayfasının adı ilə bağlılığı daha inandırıcıdır. “Azər” sözünün ikinci hissəsi “ər”dir. Buradan da “Az+ər”-“Azər”, “Azərilər ölkəsi”, “Azərilər yurdu” adları yaranmışdır. “Azər” sözünə sonra “bay” (varlı, zəngin, bəylər bəyi), daha sonra “kan/qan” (“xan” sözünün qədim şəkli) hissələri birləşmiş və Az+ər+bay+kan—Azərbaykan, buradan müasir Azərbaycan sözü alınmışdır. Beləliklə, Azərbaykan (Azərbaycan) tərkibi dörd sözün Az, ər, bay, kan/qan birləşməsindən ibarətdir və bu sözlərin dördü də qədim türk sözüdür.