Didaktika bütün məktəb fənləri üçün ümumi olan təlim nəzəriyyəsini və prinsiplərini müəyyənləşdirir. Biologiyanın tədrisi metodikası isə ayrıca elm kimi məktəb biologiyasının spesifikliyi ilə şərtlənən təlim və tərbiyənin forma və metodların məzmununu, nəzəri, o cümlədən praktiki problemlərini işləyib hazırlayır.
Təbiət elmləri dialektika ilə də əlaqədardır. Şagirdlər tədricən sinifdən-sinfə keçdikcə onların bioloji aləmi düzgün başa düşür, materiyanın inkişafını və hərəkətini dərk edir. Həqiqi mənada bioloji elmlərin elmi şəkildə tədris olunması dialektik materalizm əsasında qurulur. Müasir Azərbaycan Respublikasının biologiya elminin metodika elmi təlim və tərbiyənin vahid sistemi olub, təlimin forma və metodlarının tamlığına əsaslanır. Müəllimin və şagirdlərin bütün tədris işləri daimi və planlı inkişaf yolunda olmalıdır. İlkin olaraq şagirdlərdə bioloji anlayışlar haqqında təsəvvürlər yaranır, sonra tədricən onlarda sistemli bioloji anlayışlar inkişaf edir. Dünyagörüşü, mühakimə, bacarıq və vərdişlər formalaşır. Təlim üsulları və tərbiyənin tədricən inkişafı şagirdlərin tədris fəaliyyətinin yüksəldilməsinə yönəldilir. Məqsədyönlü inkişaf edən tədris prosesi şağirdlərin yaş xüsusiyyətlərinə uyğun qurulmalıdır. Əks halda tədris prosesinin effekti aşağı düşər, yaxud mənasız əyləncəyə çevrlə bilər.
Azərbaycan Respublikasının biologiya elminin tədrisinin müasir metodikası başqa elmlərin metodikası kimi dialektikanın qanunlarına uyğun inkişaf edir. Dialektik materializm bioloji təlim prosesinin əsas qanunauyğunluqlarını açmağa və onun təşkili formalarını müəyyənləşdirməyə imkan verir. Həmçinin baş verə biləcək metodiki səhvləri qabaqcadan araşdırır. Səhvlər vaxtında araşdırılmalıdır. Belə olmadıqda bəzi hallarda şagirdlər sinifdən-sinfə keçdikcə səhvlər toplanır və son anda biologiyanın metodikası lazım olan effekti verə bilmir.