Press-reliZ 25 fevral 2010-cu IL Bakı, Azərbaycan



Yüklə 24.65 Kb.
tarix10.06.2017
ölçüsü24.65 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
25 fevral 2010-cu il

Bakı, Azərbaycan



  • ELAN!

  • ƏYYUB KƏRİMOV APELLYASİYA ŞİKAYƏTİ VERİB

  • ANTV-ONLAYN VƏ ŞAHVƏLƏD ÇOBANOĞLU BEYNƏLXALQ MÜKAFAT ALIBLAR

  • TƏLƏBƏ-JURNALİSTİN NEFT AKADEMİYASINA QARŞI İDDİASINA MARTIN 5-DƏ BAXILACAQ

  • LALƏ ŞÖVKƏT “ÖLKƏ” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

  • QƏNİMƏT ZAHİDİN AZAD EDİLMƏSİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLİB


ELAN!

26 FEVRAL 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində vətəndaş İlahə İlyasova ev problemi ilə əlaqədar müraciət etdiyi hüquq-mühafizə orqanlarının qanunsuz əməlləri və özünə qarşı olan hücumlara görə həyatının təhlükədə olması ilə əlaqədar mətbuat konfransı keçirəcək. Mətbuat konfransında İlahə İlyasovanın vəkili Elçin Sadıqov və hüquq müdafiəçisi Novella Cəfəroğlu iştirak edəcəklər. 

 Tədbirə  jurnalistlər, hüquq müdafiəçiləri, diplomatik korpus nümayəndələri və ali məktəb rəhbərləri dəvətlidirlər.



ƏYYUB KƏRİMOV APELLYASİYA ŞİKAYƏTİ VERİB
“Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimov Daxili İşlər Naziri Ramil Usubovun iddiası əsasında Yasamal Rayon Məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti verib. Xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun özü verib. O, birinci instansiya məhkəməsinin çıxardığı hökmü tam qanunsuz hesab etdiyini və ləğv olunmasını istədiyini bildirdi.

Xatırladaq ki, Daxili İşlər naziri Ramil Usubov “Femida 007” qəzetində  “Məktubbazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək Ə. Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırmış və Yasamal rayon Məhkəməsi isə bu iddiaya əsasən Ə.Kərimovun aylıq gəlirinin 15 faizinin dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırılması barədə hökm çıxarıb.


ANTV-ONLAYN VƏ ŞAHVƏLƏD ÇOBANOĞLU BEYNƏLXALQ MÜKAFAT ALIBLAR
Jurnalist Şahvələd Çobanoğlu və AN onlayn televiziyası Gerd Buserius adına “Şərqi Avropada azad mətbuat” mükafatına layiq görülüblər. Bu barədə “Turan” informasiya agentliyinə məlumat verən fondun nümayəndəsi Hamman Frauke bildirib ki, müxalif qəzetlərdə tənqidi yazılar və ifşaedici məqalələr dərc edən Şahvələd Çobanoğluna 10 000 avro təqdim edilib. O həmçinin AN onlayn televiziyasına da 10 000 avro təqdim edildiyini bildirib və qeyd edib ki, Azərbaycanda bu yeganə müstəqil İnternet-telekanal dövlət televiziyası ilə görmək mümkün olmayan verilişlər nümayiş etdirir.

Qeyd edək ki, AN onlayn televiziyasının rəhbəri Emin Milli və layihə iştirakçısı Adnan Hacızadə həbsdədir.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

TƏLƏBƏ-JURNALİSTİN NEFT AKADEMİYASINA QARŞI İDDİASINA MARTIN 5-DƏ BAXILACAQ
Azərbaycan Dövlət Neft Akademiyasının sabiq 4-cü kurs tələbəsi, “Poliqon” informasiya agentliyinin redaktoru Elmin Bədəlovun universitetin rektoru Siyavuş Qarayevə qarşı şikayətinə martın 5-i saat 16:00-da Nəsimi Rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə baxılacaq.  Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Bədəlov məlumat verib.

  Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək, pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün 17 fevralda Nəsimi Rayon Məhkəməsinə müraciət edib.


LALƏ ŞÖVKƏT “ÖLKƏ” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət “Ölkə” qəzetinin redaksiyasını, baş redaktor Rəfael Becanovu və Orxan Sultanəli təxəllüslü yazı müəllifini məhkəməyə verib. ALP-dən “Yeni Müsavat” qəzetinə bildirilib ki, “Ölkə” qəzeti Lalə Şövkətə “KQB” agenti böhtanı atdığına görə, o, Yasamal rayon məhkəməsinə müraciət edib.

Məsələ ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) açıqlama verən “Ölkə” qəzetinin baş redaktoru Rəfael Becanov da bu məlumatla mətbuat vasitəsilə tanış olduğunu bildirib. O həmçinin qeyd edib ki, iddiaya səbəb olmuş məqalədə Lalə Şövkətin agent olması göstərilməyib: “Məqalədə Müsavat partiyasının başqanı İsa Qəmbərin bəzi siyasətçilərin İran və Rusiyanın agenti olması ilə bağlı fikirlərinə Lalə Şövkətin reaksiyası şərh edilib” deyən Rəfael Becanov ədalətli məhkəmə araşdırması aparılacağı təqdirdə iddianın təmin edilməyəcəyinə inandığını bildirib.

Xatırladaq ki, Ölkə qəzetinin 11-17 fevral tarixli buraxılışında “ “Madam”ləqəbli agent kimdir” başlıqlı yazı dərc olunub. ALP lideri L.Şövkət həmin məqalədə barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını iddia edərək cavabdehlərin atılmış böhtana görə təkzib verməsini, üzr istəməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimələnməsini tələb edib. İddia ərizəsində göstərilib ki, cavabdehlərdən məhkəmə qərarı ilə tutulacaq bütün məbləğ Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın hesabına köçürülsün.
QƏNİMƏT ZAHİDİN AZAD EDİLMƏSİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLİB
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin əfv edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən E. Behbudov bildirdi ki, müraciətə hələlik cavab verilməyib. “Q.Zahid özünü təqsirli bilmədiyindən, belə bir müraciət etməyib. Lakin mən onun sadə vətəndaş olmadığını, ölkədə nüfuzlu bir qəzetin rəhbəri olduğunu qeyd edərək, prezidentdən humanizm göstərərək, onu əfv etməsini xahiş etmişəm” – deyə E.Behbudov əlavə etdi.

Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.

“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
: groups -> 19747944
19747944 -> Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan
groups -> Points Of Concern re: Council Bill 42-2015 a bill to create a Military Installation Overlay Zone (mioz) around Joint Base Andrews Our Objective: Council Bill 42-2015 the mioz bill – Concluding this is not a good bill. Why
19747944 -> Press-reliZ 17 mart 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 20 Aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 01 iyul 2010-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 21 Aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 29 aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 29 iyun 2010-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 26 noyabr 2009-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 16 aprel 2010-cu IL Bakı, Azərbaycan




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə