Press-reliZ 29 iyun 2010-cu IL Bakı, Azərbaycan



Yüklə 46,72 Kb.
tarix14.04.2017
ölçüsü46,72 Kb.
#13983
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
29 iyun 2010-cu il

Bakı, Azərbaycan


  • ELAN!

  • ELAN!

  • İNSAN HÜQUQLARI ÜZRƏ TƏŞKİLATLAR AŞPA-NIN AZƏRBAYCANLA BAĞLI QƏBUL ETDİYİ QƏTNAMƏSİNİ ALQIŞLAYIR

  • TOMAS HAMMARBERQ AZƏRBAYCANLA BAĞLI HESABAT AÇIQLAYIB

  • HƏBSDƏ OLAN BLOQÇU EMİN MİLLİNİN ATASI VƏFAT EDİB

  • YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU “XURAL” QƏZETİNİN BAŞ REDAKTORUNU XÜSUSİ İTTİHAM QAYDASINDA MƏHKƏMƏYƏ VERİB

  • ATASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

  • ELAN!'>VİCDAN MƏHBUSLARINA DƏSTƏK MARAFONU


ELAN!

30 İYUN SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində www.sehm.az portalının redaktoru Hafiz Babalı 22 iyun tarixində qəbul edilmiş dövlət əmlakının özəlləşdirilməsinin tənzimlənməsi üsullarından birinin qaydalarını müəyyən edən ”İxtisaslaşdırılmış pul hərraclarının keçirilməsi qaydaları”nın neqativ cəhətlərindən bəhs edən mətbuat konfransı keçirəcək.

Tədbirə jurnalistlər və bu sahə ilə bağlı ekspertlər və aidiyyəti qurumların nümayəndələri dəvətlidirlər.



ELAN!

30 İYUN SAAT 13.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində tələbə-jurnalist Elmin Bədəlovun Hüquqlarının Müdafiə Komitəsi jurnalistin Azərbaycan Dövlət Neft Akademiyasından qanunsuz xaric olunması ilə bağlı iddiasına əsasən çıxarılmış məhkəmə qərarından verilmiş apellyasiya şikayəti üzrə keçirilən proseslərə jurnalistlərin buraxılmaması ilə bağlı mətbuat konfransı keçirəcək.

Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri, diplomatik korpus və aidiyyəti dövlət qurumlarının nümayəndələri dəvətlidirlər.


İNSAN HÜQUQLARI ÜZRƏ TƏŞKİLATLAR AŞPA-NIN AZƏRBAYCANLA BAĞLI QƏBUL ETDİYİ QƏTNAMƏSİNİ ALQIŞLAYIR

Bu gün (29 iyun) ARTİKL 19, İnsan Haqları Evi Fondu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Norveçin Helsinki Komitəsi Avropa Şurası Parlament Assableyasının Azərbaycanla bağlı qəbul etdiyi Qətnamə ilə bağlı birgə bəyanat verib. Adları çəkilən təşkilatlar AŞPA-nın Azərbaycanla bağlı Qətnaməsini alqışlayır, davamlı monitorinq aparmağa çağırır. Bəyanatda deyilir:

“İyunun 24-də Avropa Şurası Parlament Assamleyası (AŞPA) Azərbaycanda demokratik institutların fəaliyyəti üzrə 1750 nömrəli qətnamə qəbul etmişdir. ARTİKL 19, İnsan Haqları Evi Fondu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Norveçin Helsinki Komitəsi qətnamənin qəbul edilməsini alqışlayır. Biz Azərbaycan hökumətini qətnamədə göstərilən tövsiyələri həyata keçirməyə və AŞPA-nı Azərbaycanda insan haqları üzrə vəziyyətin monitorinqini davamlı şəkildə aparmağa çağırırıq.

Biz, 21-24 iyun Avropa Şurası nümayəndəliyində iştirak edən və bu bəyanatı imzalayan təşkilatlar, narahatlıqla qeyd edirik ki, Azərbaycan İnsan Haqları üzrə Avropa Konvensiyasına qoşulduqdan on ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu ölkədə insan haqları geniş və ciddi şəkildə pozulur. AŞPA-nın 24 iyun sessiyasında müzakirə edilən hesabatda (12270 saylı sənəd) da əks olunduğu kimi ifadə azadlığı, toplaşma və birləşmə azadlıqları Azərbaycanda xüsusilə məhdudlaşdırılır. Azərbaycanda keçirilən seçkilər daim Avropanın azad və ədalətli seçki standartlarına uyğun olmur.  

Biz qətnamədə əks olunan təklifləri tam dəstəkləyir və diqqəti xüsusilə ifadə azadlığı və seçki islahatlarına dair təkliflərə yönəltmək istəyirik. Biz Azərbaycan hökumətini bu təkliflərə riayət etməyə və noyabrda keçiriləcək Parlament seçkilərini Avropanın azad və ədalətli seçki standartlarına uyğun keçirməyə çağırırıq. Xüsusilə də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarını icra etməyə və onu dərhal azad etməyə və gənc bloggerlər, vicdan məhbusu kimi tanınan Emin Millinin və Adnan Hacızadənin həbsilə bağlı işi daha dərindən və ədalətlə tədqiq etməyə çağırırıq. 

ARTİKL 19, İnsan Haqları Evi Fondu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Norveçin Helsinki Komitəsi AŞPA-nı  Avropa Şurası üzv ölkələrinin vəzifə və öhdəliklərinin yetirilməsi üzrə Komitə vasitəsilə Azərbaycan üzrə monitorinqləri davam etdirməyə çağırır. Biz istərdik ki, Azərbaycan üzrə yeni həmməruzəçilər Cozef Debono Qrex və Pedro Aqramunt Font de Mora öz mandatlarına ciddi yanaşaraq ölkənin mövcudAvropa Şurası standartlarına riayət etməsinin monitorinqini aparsınlar və  Avropa İnsan Hüquqları Konvensiyası üzrə Azərbaycanın öhdəlikləri barədə hesabatlılığın hazırkı səviyyəsini qoruyub saxlasınlar. Avropa Şurasının tam hüquqlu üzvü kimi Azərbaycan hakimiyyəti üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. “


TOMAS HAMMARBERQ AZƏRBAYCANLA BAĞLI HESABAT AÇIQLAYIB

Bu gün (29 iyun) Avropa Şurasının İnsan Haqları Komissarı Tomas Hammarberq hesabat açıqlayıb. Bu il martın 1-dən 5-dək Azərbaycanda olan və Naxçıvan Muxtar Respublikasına da baş çəkən Hammarberqin hesabatı söz azadlığı, sərbəst toplaşma, hüquq-mühafizə işçilərinin davranışı məsələlərini əhatə edir. “Azərbaycanda söz azadlığı məhdudlaşdırılır, ciddi irəliləyişlər lazımdır” – deyə hesabatda vurğulanır. Tomas Hammarberq jurnalistlərə və insan haqları müdafiəçilərinə təhdidlərdən, zorakılıqdan, bu halların tam araşdırılmamasından narahat olduğuna diqqət çəkib: ”Hakimiyyət tənqidi fikir söyləyən jurnalistləri və başqalarını istənilən zorakılıqdan daha yaxşı qorumalıdır. Belə hərəkət edənlər lazımi cəzasını almalıdır”.

Tomas Hammarberq qeyd edib ki, Eynulla Fətullayev, Emin (Milli) Abdullayev və Adnan Hacızadə kimi baxışlarına, fikirlərinə görə həbs olunanlar dərhal azadlığa buraxılmalıdır. Komissar vurğulayır ki, qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmaq üçün diffamasiya maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır. O, jurnalistlərin professionallığının artırılmasının vacib olduğunu deyib və həmçinin Mətbuat Şurasının dərc etdiyi reket qəzetlər siyahısından narahatlıq ifadə edib və bu təcrübəyə yenidən baxmağı təklif edir.

Tomas Hammarberq, hakimiyyətə BBC, “Azadlıq” Radiosu, “Amerikanın Səsi” və “Avropa+” radio stansiyalarını FM dalğalarına qaytarmağı da tövsiyə edib.

Komissar hakimiyyətin QHT-lərin qeydiyyatını asanlaşdırmaq yönündə addımlarını təqdir edir, ancaq sərbəst toplaşma azadlığını məhdudlaşdıracaq son qanunvericilik dəyişikliklərindən narahatdır. Hakimiyyət QHT-lərin fəaliyyətinə ciddi nəzarətdən çəkinməlidir. Təşkilatları qeydiyyatdan çəkindirməmək üçün qeydiyyat üçün tələblər və prosedurlar, həmçinin dini icmaların yenidən qeydiyyatı sadə olmalıdır” – deyə hesabatda vurğulanır.

Hesabatda həmçinin Komissar hüquq-mühafizə işçiləri ilə bağlı bütün işgəncə iddialarının müstəqil və səmərəli araşdırılmasına, müvafiq sanksiyaların tətbiqinə, polisin Bənənyar sakinlərilə pis rəftarına aid bağlı bütün iddialar səmərəli şəkildə, beynəlxalq standartlara uyğun araşdırılmasına çağırır və yerli məhkəmə qərarlarının icra olunmamasından narazılıq ifadə edir.

Hammarberq onu da vurğulayır ki, Naxçıvanda şikayət edən şəxslərin psixiatrik müəssisələrə məcburi yerləşdirmə halları olduğundan, belə xəstəxanalara yerləşdirmə ancaq tibbi ekspertizaya əsaslanan məhkəmə qərarları ilə olmalıdır.

Hesabata Azərbaycan rəsmilərinin cavabı da hesabata əlavə olunub.

Hesabatı ingilis dilində tam oxumaq üçün bu linkə müraciət edin: https://wcd.coe.int/ViewDoc.jsp?id=1642017
HƏBSDƏ OLAN BLOQÇU EMİN MİLLİNİN ATASI VƏFAT EDİB

Bu gün (29 iyun) həbsdə olan gənc bloqçu Emin Millinin atası Paşa Abdullayev vəfat edib. Emin Millinin vəkili Elton Quliyev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, iyunun 29-u gecə səhhəti pisləşən Paşa Abdullayev bir neçə saat sonra dünyasını dəyişib. Mərhum Neftçala rayonunun Oryat kəndində dəfn olunub.

Vəkil əlavə etdi ki, Salyan rayonunun Xələc qəsəbəsində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Emin Millinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada atasının yas mərasimində iştirakına icazə verilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edilsə də, blogçu dəfndə iştirak üçün buraxılmayıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Mehman Sadıqov RATİ-yə bildirib ki, Penitensiar Xidmətdə Emin Millinin atasının yasında iştirakı ilə bağlı məsələyə baxılır və hələlik heç bir qərar verilməyib.

Mehman Sadıqovun günün sonuna yaxın “Azadlıq” radiosuna bildirdiyinə görə, Emin Milliyə atasının yasında iştirak etmək üçün 3 günlük icazə verilib.

Qeyd edək ki, əsəb xəstəliyi, yüksək qan təzyiqi və böyrək çatışmazlığından əziyyət çəkən 75 yaşlı Paşa Abdullayev oğlunun həbsindən bir müddət sonra Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş və müalicəsini paytaxtdakı 1 saylı Klinik Xəstəxanada davam etdirmişdi.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.
YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU “XURAL” QƏZETİNİN BAŞ REDAKTORUNU XÜSUSİ İTTİHAM QAYDASINDA MƏHKƏMƏYƏ VERİB
Bu gün (29 iyun) Nərimanov rayon məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmə prosesi keçirilib. Prosesdə xüsusi ittihamçının nümayəndəsi Vaqif Hüseyn və cavabdeh Əvəz Zeynallı iştirak edirdilər.

Hakim tərəflərə hüquqlarını izah etdikdən sonra cavabdeh Əvəz Zeynallı bildirdi ki, sözügedən iddia üzrə hazırlıq iclası keçirilən zaman Azərbaycanda olmadığı üçün iclasda iştirak etməyib. O, xüsusi ittiham qaydasında iddia onun iştirakı olmadan icraata götürülməsinə etiraz etdi və bildirdi ki, işlə tam tanış olmayıb.

Hakim dəfələrlə cavabdehə “iddiaya səbəb olan müsahibəni siz vermisinizmi?“, “müsahibədə Rauf Arifoğluna “mətbu şərəfsiz ” və s. sözləri deməyinizi təsdiq edirsinizmi” kimi suallar verdikdən sonra, Əvəz Zeynallı “siz Rauf Arifoğlunun vəkili kimi çıxış edirsiniz” – deyərək hakimə etiraz etdi.

Hakim cavabdehin işlə tanış olması üçün prosesin 2 iyul saat 17.30-a təyin olunduğunu elan etdi. Əvəz Zeynallı vurğuladı ki, cavabdehin iştirakı olmadan xüsusi ittiham qaydasında iddianı icraata götürdüyü və “xüsusi ittihamçının vəkili” kimi çıxış etdiyinə görə, növbəti prosesdə tərkibin dəyişdirilməsi ilə bağlı hakimə etiraz təqdim edəcək. O, əlavə etdi ki, hakim barəsində Məhkəmə Hüquq Şurasına da müraciət edəcək.

Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının “Millətim” qəzetinin 3 iyun tarixli sayında verdiyi müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edən Rauf Arifoğlu, cavabdehin Cinayət Məcəlləsinin 147.1 (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasının istəyib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur. “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.


ATASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

İyunun 26-da Hikmət Hacızadə 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan oğlu, gənc bloqçu Adnan Hacızadə ilə görüşüb. Bu barədə bu gün (29 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) H.Hacızadənin özü məlumat verib.

H.Hacızadə gənc bloqçunun saxlanma şəraitindən və səhhətindən şikayət etmədiyini bildirib.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.


VİCDAN MƏHBUSLARINA DƏSTƏK MARAFONU

  


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) qarşıdan gələn 22 İyul Milli Mətbuat Günü  ilə əlaqədar həbsdə olan 3 vicdan məhbusuna (”Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, bloggerlər Emin Milli (Abdullayev), Adnan Hacızadə) və onların ailələrinə maddi və mənəvi yardım göstərmək məqsədi ilə “Vicdan Məhbuslarına Dəstək” xeyriyyə marafonu keçirir. İyunun 22-dən iyul ayının 22-dək davam edəcək marafonda yığılmış məbləğ jurnalistlərin  ailələrinə paylanacaq. Marafonda iştirak etmək könüllüdür və 18 yaşına çatmış hər bir Azərbaycan və xarici ölkə vətəndaşları iştirak edə bilər. Marafonda həm fərdi həm də kollektiv şəkildə iştirak etmək mümkündür. Marafonda iştirak üçün minimal və maksimal məbləğ məhdudiyyəti yoxdur. Beləliklə marafonda imkanından asılı olmayaraq söz azadlığını dəstəkləyən hər bir şəxs iştirak edə bilər. Sonda marafonda yığılmış məbləğ və iştirakçıların adları RATİ-nin internet saytında və mətbuatda dərc ediləcək, həmçinin vicdan məhbuslarının ailə üzvlərinə təqdim olunacaq. Adının dərc olunmasını istəməyən marafon iştirakçısı şərti adla (kodlaşdırılmış ad) iştirak edə bilər. Şəffaflığın təmin edilməsi üçün qəbzin 1-ci hissəsi iştirakçıda, 2-ci hissəsi isə təşkilatçıda qalır.

Qeyd edək ki, hər üç şəxs hakimiyyəti tənqid etdiklərinə görə həbs olunduqları üçün, yerli və beynəlxalq ictimaiyyət onları vicdan məhbusu kimi tanıyıb. Eynulla Fətullayev 2007-ci ilin aprel ayından, Emin Abdullayev və Adnan Hacızadə isə 2009-cu ilin iyul ayından həbsdədirlər.

Marafonda iştirak etmək istəyən hər bir şəxs RATİ-nin (+ 994 12) 418-03-34, (+ 994  12) 418-55-34, (+ 994 77) 398-48-38, (+ 994 70) 398-48-38, (+ 994 55) 816 40 04) nömrəli telefonlara və irfs.az@gmail.com elektron ünvanına müraciət edə bilər.

MARAFONDA İŞTİRAK ET, VİCDAN MƏHBUSLARINA DƏSTƏK OL!


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
Yüklə 46,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin