birbaşa şəhər kənarındakı on bir otaqlı malikanəyə köçürüldü. Bu malikəni oğlu,
həmin o tarixi gecə – qaçaq düşmüş konservatorların dəbdəbəli evləri qumara
qoyulan gecə, qələbə çaldığı Federasiya tərəfdarlarının başçılarından udmuşdu.
Lakin bu imperiya vaxtından qalan qədim ev qətiyyən Bendisyon Alvaradonun
ürəyinə yatmırdı: «Buralara baxanda, senyor, elə bilirəm, Roma papasının
arvadıyam». Odur ki, qadın evin, ağalar yaşayan hissəsində yox, altı nəfər
sədaqətli, ayağıyalın qulluqçularıyla birlikdə xidmətçilərin otağında yaşayır,
vaxtının çox hissəsini həyətin kənarındakı sərin otaqda - quş qəfəslərinin və tikiş
maşınının önündə keçirirdi. Bu yarıqaranlıq zirzəmiyə bənzər otağa, demək olar,
heç vaxt isti toxunmurdu, axşamlar ağcaqanadlar da burda bir elə zəhlə tökmürdü.
Bendisyon Alvarado burda, kimsəsiz həyətdən içəri sızan zəif işığın altında sakitcə
öz işləri ilə məşğul olur, tikiş tikir, quşları, hər biri qu quşuna çönənəcən, akvarel
rəngləri ilə rəngləyir, tamarinlərin təmiz havasını ciyərlərinə çəkə-çəkə öz-özünə:
«Yazıq balam, bu nə zülümdü çəkir?!... Andıra qalmış o dəniz ordusu onu saray
dustağı eləyib. Yanında ana yox, qədirbilən arvad yox. Ayda aldığı ütük üç yüz
pesoya görə canını əldən salıb. Yorulub əldən düşəndə, ağrısı kürəyindən çıxanda,
kim onun başına sığal çəkəcək?!.. Yazıq balam!..» - deyə deyinirdi.
Ana bu sözləri elə-belə demirdi. Axı, oğlu, demək olar, günaşırı - bütün şəhər
siesta saatlarında bürküdən boğulanda anasına baş çəkməyə gəlir, onun xoşladığı
şirniyyatlardan gətirir, dəniz piyadalarının əldəqayırma başçısı qismində payına
düşən miskin qazancından, gətirdiyi bu şirniyyatı, təsadüfən nahar süfrəsinin
üstünə atdığı salfetin altından çırpışdırdığından, xərclədiyi hər qəpiyin, yeməyinin
qalığının belə, lənətə gəlmiş qrinqoçuların öz hesab kitabçalarına qeyd etməsindən
gileyli-gileyli danışır, qeybət qırıb ürəyini boşaldırdı. Bu yaxınlarda isə, deyirdi,
zirehli gəminin komandiri, başa düşmək olmurdu, astronomlar idi, ya xəritəçilər
idi, kimlər idisə, sürüyüb özüylə saraya gətirmişdi. Onlar ona Allahın salamını belə
verməmiş, onu adam yerinə qoymadan, dinməz-söyləməz, yerölçənlərlə otaqları
eninə-uzununa ölçə-ölçə, ağızlarının içində nə isə hesablaya-hesablaya, onun
üstünə tərcüməçi vasitəsi ilə: «Çəkil burdan! İşıqdan keç! Mane olma!» - deyə
çımxırmışdılar. O da deyilənlərə sakitcə əməl edib, «çəkil» deyəndə, çəkilmiş,
işığın qabağını kəsməmək, əl-ayağa dolaşıb mane olmamaq üçün az qala küncə
qısılmışdı. O birilər isə elə hey ölçüb-biçir, onu burdan-ora, ordan-bura qova-qova,
34
hər bir şeyi, hətta eyvanların hər pəncərəsindən içəri dolan işığın düşmə dərəcəsini
belə hesablayırdılar.
«Hələ bu harasıdır, ana!» Sonra məlum oldu ki, onun iki aşnasını da saraydan
qovub çölə atıblar, çünki admiral Qrinqonun fikrincə, «bu əyrimçə qızlar
prezidentə layiq deyilmişlər…» Bu səbəbdən prezident elə vəziyyətdəydi ki,
anasıyla xudahafizləşib evdən çıxanda, oğlunun, çönüb özünü boş otaqlara
salmasını, orda qabağına keçən qulluqçularla gizlənpaç oynamasını hiss eləyəndə,
quşlarını didişdirib qarmaqarışıqlıq saldı ki, yarıqaranlıq otaqlardan eşidilən
biabırçı səslər – oğlunun yalvarışları, qulluqçunun boğuq səslə: «Əl çəkin, yoxsa
ananıza deyərəm!» - deməsi, quşların cikkiltiləri, qanad şıppıltıları içində əriyib
itsin və qonşular bu işdən xəbər tutmasın. Bendisyon Alvarado, qanadlı
sakinlərinin halına acımadan, bədbəxt quşları elə hey çimdikləyirdi ki, səslərini
kəsməsinlər, bircə heç kim oğlunun qaynar nəfəsini - qadınları soyundurmadan,
özü də soyunmadan, küçük zingiltisiylə zingildəyib, acı tənhalıq yaşı yanağını
islada-islada, özünü ayaqüstü rahatlayan bu kəmhövsələ, zəif kişinin səsini
eşitməsin. Bütün bu vay-həşirdən hürkən toyuqlar otaqlara doluşub özlərini sərin
künclərə soxdular. Hava isə sərinləmək bilmirdi ki, bilmirdi. Hava, elə bil ərinmiş
şüşə idi. «Can bala, avqustun bu cəhənnəm istisində, günorta saat üçdə bu nə
sevgibazlıqdı?!»
Xarici dövlətlərin qoşunları ölkədən çıxıb gedənəcən prezident çox kasıb idi,
ixtiyarı da öz əlində deyildi. Qoşun isə ölkəni çox tez bir zamanda, müqavilə
müddəti başa çatmamış tərk etdi. Səbəbi çox sadə idi: ölkəni taun bürümüşdü.
Taundan qorxuya düşmüş qoşun, zabitlər yaşayan kottecləri hissə-hissə söküb yük
maşınlarına yığır, çəmənliyə sərdikləri sintetik, mavi gölməçələri xalça kimi
bürmələyib döşəmələrdən qoparır, bizim çayların bulanıq suyundan istifadə
eləməmək üçün, özləriylə gətirib gəldikləri su sisternlərini boşaldıb zirzəmilərə
yığır, tikib ucaltdıqları hərbi qospitalların ağ binalarını, kazarmaları partladırdılar
ki, heç kim onların inşaat sirrlərini öyrənə bilməsin. Bircə, isti iyun gecələri, tez-
tez admiralın qorxunc ruhu görünən limanda yırğalanan qədim, zirehli gəmiyə
toxunmadılar. Hərbi donanmadan onlara yadigar qalan bircə bu zirehli gəmi oldu.
Qalan nə vardısa, hamısını yığışdırıb öz yel qatarlarında apardılar. İstirahət
avadanlıqlarını, xırda müharibələr üçün gətirdikləri ləvazimatları da yığışdırıb
özləriylə apardılar. Bütün bunları aparmazdan əvvəl öz vicdan borclarını yerinə
yetirməyi də unutmadılar – ölkə rəhbərini qarşılıqlı mehriban münasibətlərinə görə
medalla təltif etdilər, sonra isə: - «Vəssalam! İndi bu murdar məmləkətdə tək qal!
Görərik bizsiz neyləyəcəksən!» - deyib elə çığırdılar ki, səsləri ölkəni başına
götürdü. Və getdilər. «Getdilər, ana, cəhənnəm oldular axır!» Və nəhayət ki, o,
pilləkənlərlə ilk dəfə, daha naxıra girən öküz kimi yox, ağa kimi qalxa-qalxa, heç
kimdən qorxmadan, heç nədən çəkinmədən, ucadan əmrlər verməyə, bütün təklif
və xahişlərə şəxsən özü nəzarət eləməyə başladı: «Xoruz döyüşlərinə icazə vermək
olar?» - «Mən razı!» «Çərpələng necə, göyə çərpələng buraxmaq olar?» - «Olar!»
O, qəsbkarların qadağan etdiyi bütün əyləncələri yenidən bərpa etdi və qadağaları
ləğv etdikcə, öz hökmranlığının əzəmətini duydu, sonradan görəndə ki, onun bir
sözünü iki eləyən yoxdu, hakimiyyəti doğrudan-doğruya təkbaşına, şəxsən özü
idarə eləməyə - ilk növbədə milli bayrağın zolaqlarının yerini dəyişib yuxarı zolağı
35
aşağıda, aşağı zolağı yuxarıda yerləşdirdi, dövlət gerbindəki firqə qapağını,
başıaşağı çevrilmiş əjdahayla əvəz eləməyi əmr etdi. Ona görə ki, biz artıq
xaltasızıq, ana! «Yaşasın taun!»
Xarici qəsbkarlar ölkədən çıxıb gedənəcən keçirdikləri miskin həyat - biabırçı
asılılıq və kasıbçılıq, hətta arada bir dilənçi vəziyyətinə düşməkləri Bendisyon
Alvaradonun heç cür yadından çıxmır, Patrisio Araqonesin ölümüylə qurulan
tamaşadan sonra da, oğlu tabutdan xortlayıb üsyanı yatırdandan sonra da, bolluq və
müvəffəqiyyət dənizində üzəndə də Bendisyon Alvarado yenə ehtiyac içində
yaşadıqlarından danışıb şikayətlənirdi. O günlər, əvvəl-əvvəl heç nədən xəbəri
olmayan Bendisyon Alvarado, onu dinləməyə hövsələsi çatanlara, prezidentin
anası ola-ola, bu cındır tikiş maşınından savayı heç nəyi olmadığından, oğlunun
müflis vəziyyətindən şikayətlənirdi: «Siz onu faytonda görürsünüz, senyor, onu
məşəllərlə müşayiət edirlər, amma, yazıq balamın qəbristanlıqda ovuc boyda yeri
belə yoxdur. Ayağını uzadıb ölməyə özü üçün bir qarış torpaq belə almayıb, balam.
Bu da işdi, senyor?.. Bu qədər əlləş-vuruş, bu da axırı...» Bir qədərdən sonra isə
arvad daha oğlunun dərdlərindən söz açmırdı, çünki oğlu daha öz dərdlərini
anasıyla bölüşmürdü, ona heç nə barədə danışmırdı, həmişə elədiyi kimi, arada bir
vaxt tapanda yanına qaçıb dövlət işlərində qurduğu kilkəli torlardan, gizli
sirlərindən söz açmırdı. Ümumiyyətlə, qəsbkarlar ölkədən çıxıb gedəndən sonra
oğlu çox dəyişmişdi, hərdən Bendisyon Alvaradoya elə gəlirdi ki, oğlu ondan da
qocadır, ona elə gəlirdi ki, oğlu, hansı möcüzəyləsə, vaxtı da qabaqlayırd. Axır
vaxtlar anası hiss eləməyə başlamışdı ki, oğlunun nitqi də get-gedə anlaşılmaz,
qocasayağı əlaqəsiz olub, o, sözlərdə büdrəyir, fikirləri, sapı qırılmış muncuq kimi
pərən-pərən düşür, hərdən bir də ağzının suyu axır... Onda Bendisyon Alvaradonun
ürəyi əzilirdi, ananın oğula yox, qızın ataya yazığı gələn kimi, ürəyinin başı
sökülürdü. Ürəyi ən çox da, bir dəfə oğlu, qucağı hədiyyələrlə, paketlərlə, karton
bağlamalarla dolu içəri girib, bağlamaların hamısını birdən açmaq istəyəndə və
Bendisyon Alvarado qayçını axtarıb tapanacan, bağlamaların ipini dişiylə
didişdirib, dırnaqlarını karton qutuların künclərində sındıranda, sonra hövsələsi
daralıb, hər şeyi stolun üstünə səpələyərək, təntənənin həyacanından boğulan
nəfəsi təngiyə-təngiyə: «Bir bax, burda nələr var, ana! Görürsən? Bu akvariumdakı
– diri su pərisidi, bu, oyuncaq mələkdi, doğurçu mələk boydadı, ora-bura uçub
zəng çalacaq; bax bu, okean balıqqulağıdır, görürsən nə boydadı?.. Bunu qulağına
tutsan, ordan adi balıqqulaqları kimi, okeanın səsi yox, bizim milli himni
eşidəcəksən! Əla şeylərdi, düzdü, ana?.. Görürsən, dövlətli olmaq necə şeydi?!...» -
deyəndə ağrımışdı. Oğlunun bu əcayib sevinci onda Bendisyonu açmamışdı və o,
dinməz-söyləməz, quşları rənglədiyi fırçasının quyruğunu çeynəyə-çeynəyə,
oğluna baxa-baxa qalmışdı, uzaq keçmişi, oğlunun hakimiyyətdə nəyin bahasına
qalmasını xatırlamışdı… bütün o məşəqqətlərin nəticəsi indi göz qabağındaydı...
«O vaxt, indiki vaxtlar kimi deyildi, senyor, hakimiyyətin möhkəmliyini budu bax,
ovcunun içi kimi hiss edəsən. O vaxt hakimiyyət, balamın sözü olmasın, ovcunun
içində o yan-bu yana diyirlənən şüşə kürəcik kimi bir şey idi, sabalo balığı kimi
sürüşüb, Allahın nəzərindən qaçıb, bu qarmaqarışıq sarayın içində sülənə-sülənə
sivişib aradan çıxmaq istəyirdi elə bil. Bütün bu qarmaqarışıqlıqda, onu Federasiya
uğrunda döyüşdə qalib gələn bir sürü tamahkar - bir vaxtlar, şair-general Lautaro
36
Munyos kimi diktatoru yıxmaqda ona kömək eləyənlər izləyir, ona, sarayın
divarlarından kənara çıxmağa imkan vermirdilər. Bu xidmətlərinə görə keçmiş
həmfikirləri, feodalların ölkəsindən sürüb gətirdikləri mal-qaranı və bir sıra
torpaqları tələb edirlər, ölkəni də onlar bir neçə muxtar vilayətə bölüb, hərəsi
birinin başında oturdu və belə ərz elədilər ki, uğrunda qanlarını tökdükləri
Federasiya elə bu deməkdi. «Qanımız və canımızla, mənim generalım!» Sonra da
bu vilayətlərdə otura-otura özlərindən monarx düzəltdilər, öz qanunlarını
yaratdılar, ad günlərini milli bayram elan elədilər, şəxsi imzalarıyla pul əskinazları
buraxdılar, qızıl və gümüşlə işlənmiş parad mundirlərində gəzməyə başlaldılar,
qılıncların qınını qızıldan düzəltdirdilər, üstünə briliyantlar düzdürdülər, başlarına,
tovuz quşunun lələklərindən düzəldilmiş üçkünc papaqlar taxdılar. Məlum
məsələydi ki, bütün bunları onlar, vitse-kral dövrünün qədim litoqrafiyalarından
baxıb götürürdülər. Onlar kəndçi idilər, senyor, yöndəmsiz, yonulmamış kəndçi,
saraya da dəvətsiz-filansız gəlib soxulurdular, özlərini də heç sındırmırdılar:
«Dövlət – bizik, mənim generalım, ölkə bizim hamımıza mənsubdur. - deyirdilər. -
Ölkə də, uğrunda ölümə getdiyimiz bu saray da, elə deyil?» Onlar tək gəlmirdilər,
özləriylə arvadlarını da – bir sürü arvad gətirib gəlirdilər. Çəkməsiz-filansız, iyli
corablarda gəzən bu bir yığın qulduru, sözün əsl mənasında vəhşiləri şəxsi qarovul
müşayiət eləyirdi. Xristian dilində demək olar, danışa bilmirdilər, amma aşıq-aşıq,
kart və digər oyunları fırıldaqla aparmağın, istənilən silahla davranmağın
ustasıydılar. Ardı-arası kəsilməyən, çağrılmayan bu yöndəmsiz qonaqlara görə
prezident sarayı qaraçı köçünü xatırladırdı, senyor. Burda bir iy vardı, elə bil çaylar
bütün üfunətli sularını axıdıb buralara tökmüşdü. General ştabının zabitləri sarayın
bütün mebelini öz evlərinə daşıyıb aparmışdılar. Axı bu, respublikanın əmlakı idi,
senyor!» Onlar hökumət imtiyazlarını dominoda - gecə-gündüz bu xarabada səliqə-
səhman yaratmaqdan ötrü əldən-dildən düşə-düşə, azca da olsa, ortanın zir-zibilini
təmizləməyə çalışan Bendisyon Alvaradonun deyintisini qulaqardına vura-vura
bölüşdürdülər. Federalçıların liberal hərəkatının, getdikcə eybəcər bir şeyə
çevrildiyini, hər şeyin dağılıb məhv olduğunu görən yeganə adam Bendisyon
Alvarado idi…
Federalçıların bu bayram əhvalından, yüksək dövlət vəzifələrini kartda
bölüşdürmələrindən, fahişələri royalın dilləri üstə uzatmaqlarından əsəbiləşən
Bendisyon Alvarado, onları süpürgəylə də qovub saray otaqlarından çıxara
bilmirdi. Albastr amforlarına çölə çıxdıqlarını görəndə isə: «Yox, senyor, bu, sizin
üçün unitaz da deyil, qarşok da deyil… bu, amfordur, onu dənizin dibindən tapıb
çıxarırlar…» - deyəndə belə, onlar elə hırıldayır, yenə öz işlərinə davam edir, bu
nadir amforları bulayıb eybəcər vəziyyətə salırdılar: «Ağzı üstə yerə yıxdığımız
xozeynlərin acığına, senyora! Qoy özlərindən amfor-mamfor düzəltməsinlər!»
Onları heç cür saxlamaq olmurdu. General Adriano Tusmanı Allah saxlaya
bilmədiyi kimi. Prezidentliyinin onilliyi günü, generalın içib nə hoqqalar çıxardığı
çox adamın yadındadı. «Bizim heç ağlımıza belə gəlməzdi ki, o, nə hoqqa çıxara
bilər!» O, yüngül parçadan qar kimi ağappaq formada, mənə söz verdiyi kimi,
silahsız-filansız gəlmişdi. Onu, adi vətəndaş geyimi geymiş fransız mühafizəçiləri
– xarici legiondan çırpışdırdığı əsgərlər müşayiət edirdi. Qucağı da, generalın
Kayennadan, nazirlər və saray arvadları üçün gətizdirdiyi hədiyyələrlə dolu idi.
37
Tusman özü isə bir-bir hər qadının ərinin qabağında əzilib büzülə-büzülə,
hədiyyəni təqdim eləmək üçün icazə istəyə-istəyə verirdi. Bu ədanı da ona
fransızlar öyrətmişdi, guya fransız saraylarında belə eləyirdilər. Qadınların
hədiyyələri paylanandan sonra Adriano Tusman zalın küncündəki mizin arxasında
əyləşib rəqslərə tamaşa eləyə-eləyə, başını yelləyə-yelləyə zövq almağa, bu
rəqslərdən xoşlandığından və ümumiyyətlə, bu avropalıların rəqsindən çox xoşu
gəldiyindən danışmağa başladı. İlk baxışda elə bil o sakit idi, dinməz-söyləməz bir
tərəfdə oturub rəqsə tamaşa edirdi, amma mən gördüm ki, onun cangüdənlərindən
biri altdan-altdan elə hey onun badəsini şampanla doldurur.
Bir də gördüm, Tusman bu qazlı içkidən qızarıb elə kökə düşdü ki, ağ kitelinin
düymələrini bir-bir açmağa sonra hıçqırmağa, arada bir gəyirməyə başladı, sonra
başını lap itirdi. Bir də gördüm, rəqslər arada kəsilmişdi, yerindən durub şalvarının
qabağını açdı və budu ha, hamını, hər yeri «sulamağa» başladı. Bu qoca əyyaş
qadınların ipək paltarlarını, tovuz lələyindən yelpiklərini, çəkmələrini də islatdı!
Məlum məsələdi ki, aləm bir-birinə dəydi, bir haray-həşir qopdu ki, gəl görəsən.
Tusmanınsa heç nə vecinə deyildi, camaatın üst-başını islada-islada, özü üçün
oxuyurdu: «Bu mənəm, üzü dönük sevgilim, qoy bağçanın güllərinə su səpim... Ah
gözəl güllər!» Heç kim də onun yaxasından tutub qırağa çəkməyə ürək eləmirdi.
«Elə mən özüm də ürək eləmirdim. Hərçənd ki, mənim gücüm o biri generallara
çatardı, amma ikisi birləşsəydi, ağlım kəsmir ki, əlimdən bir iş gələrdi.» Hə, belə-
belə işlər, hələ onda heç kim prezidentin qranit kimi möhkəm olduğunu, hər şeyin
mahiyyətini dəqiq gördüyünü, hamının qarnının altındakını bildiyini, beşcə
dəqiqədən sonra nə edə biləcəyini, səbrinin və qəddarlığının həddini, dahiyanə
pusub gözləmək və vaxtı çatanda məhv eləmək qabiliyyətini, demək olar, bilmirdi.
Həmin o dəhşətli gün ona, ordu komandiri Narsiso Lopesin anis arağından ölüncə
içib tualetdə əcnəbi bir zabitə qəmiş olaraq, onu təcrübəli fahişə kimi, qeyri-təbii
cinsi əlaqəyə məcbur etməyini, özünə gələndə isə acığından və pərtliyindən, zabiti
iclas zalına sürütləyib orda nizəsiylə, kəpənəyi divara yapışdıran kimi, bahar
mənzərəsi təsvir olunmuş divara oxladığını, bədbəxt zabitin düz üç gün həmin o
divardan asılıb qaldığını, heç kimin də qorxudan meyidə yaxınlaşa bilmədiyini
hesabat verəndə, prezidentin gözlərinə nəhayətsiz bir kədər qonmuşdu, dodaqları
ağarmış, qılıncının üstünə qonan incə əli titrəmişdi. Əslinə qalanda isə, bu
hadisədən ən az narahat olan, elə prezidentin özü idi, əsas məsələ bu idi ki, «təki
ətrafındakılar birləşib ona qarşı çıxmasınlar». Onların qalan hərəkətlərinə isə o, bir
o qədər də əhəmiyyət vermirdi. Bu hərəkətlər gec-tez hamının diqqətini cəlb
edəcəkdi və gec-tez bu can bir qəlb arxadaşlar bir-birini məhv edəcəkdi. Elə də
oldu. Günlərin bir günü ona xəbər çatdı ki, general Xesukristo Sançesi öz şəxsi
mühafizəçiləri stulla öldürməyə məcbur olublar, çünki sən demə, necə olubsa,
Sançesi pişik dişləyibmiş və onu quduzluq tutubmuş – zavallı Sançes! Bu xəbərin
ardınca daha bir xəbər yayıldı ki, general Lotario Sereno çayda batıb. Deyilənə
görə çayı atla keçərkən, qəfildən ata nə isə olub və yazıq at durduğu yerdə kəllə-
mayallaq aşaraq, general Sereno gözünü açıb-yummağa macal tapamamış, suyun
dibinə gedib – bədbəxtçiliyə bir bax! Bir az keçmişdi ki, bir təzə xəbər də yayıldı:
«General Naseriqo de Lopes öz biabırçı homoseksuallığına dözə bilməyib və
dinamiti bir yerinə soxaraq, özünü partladıb, mənim generalım, özü də tikə-tikə
38
olub!» Onların hamısı beləcə, bir-birinin ardınca gedirdi, o isə kədərli üzüylə hər
biri üçün: «Yazıq!» deyirdi və heç kimin ağlına belə gəlmirdi ki, bütün bu qəfil
ölümlər bilavasitə onun gizli əmriylə həyata keçirilir. Hər ölən haqqında hörmətlə
rəsmi xəbərlərdə belə məlumat verilirdi: «vəzifə borcunu yerinə yetirərkən həlak
olub». Hər biri də xüsusi təntənə ilə milli qəhrəmanların qəbristanlığında dəfn
edilirdi. «Qəhrəmansız vətən, qapısız ev kimi bir şeydir, senyor!»
Onda ki, bütün ölkə üzrə, müharibə illərinin od-alovundan onunla çiyin-çiyinə
keçən generallardan cəmi altısı qaldı, o, onların hamısını – ağac spirtini barıtla
qarışdırıb içən ən təhlükəli və xəbis general Xasinto Alqarabia daxil olmaqla,
hamısını bir nəfər kimi öz ad gününə - prezident sarayında qurulmuş qonaqlığa
dəvət elədi, senyor! «Özümüz olacağıq, – onlara dedi – bizdən, silahdaşlardan
savayı heç kim olmayacaq! Keçmişlərdəki kimi, silahsız-filansız bir yerə yığışıb
kef edəcəyik! Hamımız birlikdə, süd qardaşları kimi baş-başa!» Onlar da gəldilər,
senyor, sövdələşdikləri kimi, silahsız – sursatsız gəlib banket zalına girdilər, amma
cangüdənlərini də gətirmişdilər, onlar qonşu otaqda oturmuşdular.
Qonaqlar əliboş gəlməmişdilər, ona cürbəcür gözəl hədiyyələr gətirmişdilər:
«Hamımızı birləşdirən yeganəmizə!» Onun bu dəvətinə hətta general Saturno
Santos da səs vermişdi – əfsanəvi Saturno Santos, heç kimə inanmayan, xainqəlbli
xalis hindu oğlu – qış-yay ayağı yalın gəzən, həmişə də: «əsil kişi ayağının altında
torpağı hiss eləməlidi.» - deyən Saturno. Həmin qonaqlığa o, arandakı oyuğundan
çıxıb gəlmişdi. Ora da eləcə ayağı yalın, üstündə əndirəbadi heyvan şəkilləri
çəkilmiş əcayib pançoda, həmişəki kimi də təmtək, mühafizəçisiz, amma silahlı
gəlmişdi. Silahı da təhvil verməkdən ona görə boyun qaçırmışdı ki, dediyinə görə,
bu silah onun üçün döyüş silahı yox, onun əmək alətidi. «O mənə qızılquş
bağışladı, ana, namuslu döyüş münasibətilə, üzbəüz, mərd döyüşə görə əsil döyüş
quşu bağışladı. Özüylə arfa da gətirib gəlmişdi, ana… çovğunları yatırdıb bol
məhsul bitirən müqəddəs arfanı. O arfanı o, sidq-ürəkdən, xüsusi bir incəliklə çala-
çala, yadımıza kövrək müharibə illərini, müharibənin vahiməli başlanğıcını saldı.
Bu xatirələr, qoturluq gicişməsi kimi canımıza yeridi, burnumuza müharibənin iyi
də gəldi. Bizi uzaq günlərə çəkib aparan döyüş atı haqqında mahnısıyla lap
ürəyimizin başını sökdü və biz hamımız cuşa gəlib xorla, ürəkdən oxumağa
başladıq: «...Körpüdən gözü yaşlı qayıtdım...» Onlar, içinə gavalı basılan
hinduşkanı, qızardılmış qabanı bircə göz qırpımında gəvələdilər… yedilər, içidilər,
oxudular. Hər biri də içikini, öz şəxsi flyaqasından içirdi. Bircə general Saturno
Santosla o heç nə içmirdi və demək olar ki, yemirdilər, çünki onların hər ikisinin
həyatları boyu dillərinə içki dəyməmişdi, yeməyi də, adətən aclığı öldürmək üçün
yeyirdilər. Hərbi mahnılarından sonra generallar dostlarının şərəfinə gözləri
yaşara-yaşara çar Davidin sübh dualarını oxudular, sonra səfir Panelin bir vaxlar
prezidentə hədiyyə elədiyi «Ad günün mübarək!» mahnısınacan, bütün təbrik
mahnılarını bir-bir oxudular. Qədim silahdaşlarını – qəm-kədərə batmış qanıqara
qocanı az qala yalaya-yalaya, anqırışa-anqırışa oxuya-oxuya, elə hey içdilər-
içdilər. Məclis başa çatanda isə, sübhə yaxın o, köhnə kazarma vərdişiylə əlində
çıraq, bütün sarayı gəzdi, bir-bir otaqlara baş çəkdi, öz döyüş dostlarına bir də, son
dəfə baxdı: Saturno Santosdan başqa onların altısı da içkinin təsirindən keyləşib
ağırlaşaraq, bir-birini qucaqlaşıb yatmışdılar. Özləri quru döşəmənin üstünə
39
sərilmişdilər, mühafizəçiləri də yanlarında əyləşmişdi. Bircə Saturno Santosdan
savayı. Bircə onun mühafizəçisi yox idi. O birilərin mühafizəçiləri isə bir-birindən
gözünü çəkmirdilər, çünki döşəmədə qardaş kim qucaqlaşıb dərin yuxuya getmiş
generalların həm də bir-birindən dəhşətli dərəcədə qorxduqlarından xəbərdar idilər.
Onların hər biri beləcə prezidentdən də qorxurdu, prezident isə öz növbəsində
onlardan qorxurdu, çünki, belə hesab edirdi ki, iki nəfərin birliyi – artıq qiyam
deməkdir. O, bir müddət yatanlara baxıb öz yataq otağına yollandı, çırağı qapısının
yanındakı qırmağa keçirib kilidi üç dəfə açarladı, üç qıfılı bağlayıb üç zənciri çəkib
üzü üstə döşəməyə düşdü, üzünü balışa basan kimi ovuclarına basıb uzandı və elə
həmin dəqiqə saray, gecə qarovulunun yaylım atəşlərinin gurultusundan titrəməyə
gəldi. Bir! İki!.. «Vəssalam… və hər şey səs-küysüz, güllə-baransız, ah-naləsiz,
birdəfəlik həll olundu!» Və gurultudan sonra qalan, barıtın havadan asıla qalan
səssiz dumanı oldu.
Səhəri gün isə yuxudan ayılanda o, bir daha heç kimin və heç nəyin, onun
möhtəşəm hakimiyyətinə zərrə qədər xələl toxundura bilməyəcəyindən əminliyini
hiss edib rahatlandı. Əsgərlər ayaqlarını qanlı gölməçələrlə şappıldada-şappıldada
axşamkı qonaqlığın tör-töküntüsünü təmizləyirdilər, bu dəhşətli hadisədən az qala
ağlını itirmiş Bendisyon Alvarado başını tutub, əhəngləndikcə qan sızan divarlara
baxırdı. Divarlar qanla tərləyirdi. Xalıları sulu paltarı sıxan tək, nə qədər burub
sıxırdılarsa, qanın ardı kəsilmirdi, dəhlizlər boyu qıpqırmızı şırımlarla axır,
otaqlara dolurdu… Son müharibənin igid qəhrəmanlarının qətlini ört-basdır
eləməkdən ötrü səylə yuyulub silinən, divarlardan qaşınan qan, azalmaq əvəzinə,
əksinə, elə bil get-gedə bir az da artıb çoxalırdı. Bu qanlı qətl barıdı rəsmən elan
olundu ki, müharibə veteranlarını, hansısa naməlum səbəbdən birdən-birə ağıllarını
itirmiş öz mühafizəçiləri öldürüblər. Daha sonra öldürülənlərin milli bayrağa
Dostları ilə paylaş: |