Qanla yazılmış şərəfli tarix Milli birlik və həmrəylik günü olan 20 Yanvar şahidlərin düşüncələrində və yaddaşında belə qalıb



Yüklə 18.19 Kb.
tarix16.06.2017
ölçüsü18.19 Kb.
Qanla yazılmış şərəfli tarix
Milli birlik və həmrəylik günü olan 20 Yanvar şahidlərin düşüncələrində və yaddaşında belə qalıb

Şəhidlər xiyabanı...

Əsrləri yola salan Bakının müqəddəs məkanlarından biri - xalqımızın qan yaddaşına yazılan şəhidlik tarixinin şahidi və şəhidlərinin məzarlarının qazıldığı torpaq! Milyonlarla insanın 26 ildir ki, üz tutduğu bu müqəddəs məkanda milli azadlıq mücahidlərinin şəhidlik şərəfinə ucalanları yatır.

Builki ziyarət də əvvəlkilər kimi, xalqımızın milli birliyini əks etdirməkdədir. Dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın, eləcə də paytaxt Bakının dinindən və dilindən asılı olmayaraq sakinlərini bir araya gətirən, xalqımızın hüzn günündə ağrı-acılarını bölüşənləri qarşılayan Şəhidlər xiyabanı yenə də qərənfil libasına büründü. Bu il xiyaban sanki bir özgə qiyafədə idi. Ziyarətçiləri qəm-qüssəli, hüznlü olsalar da, Şəhidlər xiyabanı əzəmətli, qonaq qarşılayan ev sahibi kimi, nikbin görünürdü.

BDU-nun professoru Şahlar Əsgərov o günləri belə xatırladı: “19 yanvar 1990-cı il tarixində axşam saat 20 radələrində zəng gəldi ki, qonşumuz İbrahim Fərəcovun Moskvada yaşayan oğlu Əli həkim qəflətən rəhmətə gedib, cənazə təyyarə ilə gecə Bakıya gətiriləcək. Qardaşım Yaqubla (Ali Məhkəmənin sabiq sədr müavini) tez Binəyə - hava limanına yola düşdük. İnsanlar meydanlara toplaşırdılar. Şəhərdə narahatlıq olsa da, heç bir maneəyə tuş gəlmədən hava limanına çatdıq. Tanış qohum-əqraba çox idi. Həsən Ağayev polis olduğu üçün şəhərdəki ab-hava barədə bizə məlumat verdi. Vəziyyət ciddi idi. Amma hələ “nisbi sakitlik” hökm sürürdü. Gecə saat 2-yə qalmış gördük ki, Mərdəkan-Bakı yolunda tanklar sağa-sola güllə yağdıra-yağdıra şəhərə tərəf gedir. Vəhşiliyin ilk qurbanı olan “QAZ-24” markalı volqa maşını özünu hava limanına güclə çatdırdı. Maşının arxa şüşəsi yox idi. Onlarla güllə maşını dəlmə-deşik etmişdi. Sərnişin ölmüşdü. Sürücü isə ağır yaralanmışdı. Moskvadan təyyarə gəldi, cənazəni göndərə bilmirdik, çünki şəhərdə fövqəladə vəziyyət elan olunmuşdu. Hava limanında səhəri ayaqüstə qarşıladıq.

Yanvarın 20-si səhər saatları idi. Qonşum, xalq artisti Rasim Balayev ailəsi ilə birlikdə Moskvadan gəlmişdi. Xahiş etdi ki, onu Mərdəkana aparım, çünki maşını orada idi. Mərdəkana yaxınlaşmamış əsgərlər bizi yoxladılar və maşınımı buraxmadılar. Rasim Balayev düşüb Mərdəkandan olan bir taksiyə oturdu. Bir mərdəkanlı dedi ki, insanları öldürüblər, istəmirlər ki, kənar adamlar görsünlər. Meyitə, xəstəyə yaxınlaşmağa imkan vermirlər. Mərdəkanda təcili yardım maşınını da gülləbaran etdilər. Həm həkimi, həm də sürücünü güllələdilər.

Əli həkimin cənazəsini birtəhər rayona yola saldıq. Özümüz isə sovetlərə nifrət yağdıra-yağdıra Bakıya qayıtdıq. O gecə həyatımın ən qaranlığı, ən ədalətsizi və ağrılısı idi. O gün sovet quruluşu xalqların nifrətinə tuş gəldi. İşə baxın ki, mərhum həkimin atası İbrahim Fərəcov II Dünya müharibəsinin əlili və veteran idi. Müharibə vaxtı Moskvanı müdafiə edərkən yaralanmışdı. İndi isə onun, hətta, oğlunun cənazəsini gülləyə tuturdu Moskvadan gətirilən qoşun. Ədalətsizlik bax, bu idi! O gecə imperiya çökdü, öz zülməti ilə. Zülmət gecədən sıyrılıb çıxan azadlıq günəşi isə parladı: Azərbaycanın müstəqillik tarixi bərpa olundu. Xalqımız azadlıq günəşini qarşıladı. Budur, həmin tarixdən 26 il keçir. Ona görə də 20 Yanvar tariximizin ən şanlı, şərəfli səhifəsidir, hüznlü, matəmli olsa da...”

Ayaqüstü söhbətdən məlum olurdu ki, Şəhidlər xiyabanı “yaşa dolduqca” onun ziyarətçiləri “gəncləşir”. Amma şəhidlər qocalmır, yaşa dolmur. Onların hamısının doğum günü 20 Yanvardır sanki. Yəni onlar qocalmayacaq, dünyalarını dəyişməyəcəklər. Axı, daşa dönmüş ömür-günlərinin üstünə yaş gəlmir...

Xiyabanın ziyarətçiləri arasında o müdhiş günlərin şahidləri də az deyil. Milli azadlıq hərəkatı onların vətənpərvər hisslərini alovlandıranda Bakını və xalqımızı imperiya əsarətindən xilas etmək, erməni daşnaklarının torpaqlarımıza göz dikməsinə rəsmi Moskvanın, hətta, rəvac verməsinə etiraz səslərini qaldırmaq üçün ayağa qalxmışdılar. O zaman L.Şmidt (indiki Səttarxan) və B.Sərdarov adına maşınqayırma zavodlarında da belə vətənpərvərlər çox idilər. Elə imperiya cəlladlarının vəhşiləşmiş, qəddar baxışları və odsaçan silahları ilə də onlar daha çox üz-üzə gəlmişdilər.

B.Sərdarov adına Binəqədi Maşınqayırma Zovodunun sex ustası Müzəffər Əliyev o dəhşətli günlərdən “salamat” çıxan şahidlərdəndir. Azərbaycan Neft Akademiyasının məzunu sözünə o Qanlı Şənbəyə gedən yoldan başladı: “Xalqımız kimi, kollektivimiz də o müqəddəs günlərdə milli birlik, həmrəylik nümayiş etdirdi. Buna görə 70 illik imperiyaya qalib gəldik! Bu əzmkarlıq düşmənlərimizi qorxudurdu. Ona görə də xalqımızın üstünə ağır hərbi texnika ilə gəldi. Azadlıq meydanından xiyabanadək çiyinlərimizdə gətirilən Vətən sevdalı cəsurlarımızı cismən məhv etmək olardı, amma onları yolundan döndərmək qeyri-mümkün idi. Şəhidlər xiyabanı xalqımızın qürur yeridir! Hüzn və qəm-qüssə kimi baxmaq günahdı 20 Yanvara! Şənbə gecəsi biz bir qrup fəal Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi istiqamətindən gələn qoşun növü ilə üz-üzə qalacağımızı ağlımıza da gətirmirdik. Amma sovetlərin “saqqallı əsgərlər”inin vəhşi baxışları və odsaçan silahları bizi qorxutmadı da. Əliyalın olsaq da, onlara qalib gəldik! Onların qorumağa çalışdığı 70 illik imperiyanı diz çökdürdü azadlıq mücahidlərimiz. Allah şəhidlərə rəhmət eləsin!”

“TvPress” informasiya agentliyinin baş redaktoru Lalə Mehralı isə 20 Yanvar dəhşətlərini çətinliklə xatırlayır, çünki o zaman 7 yaşı olub. Amma sonrakı illərdə Şəhidlər xiyabanının əbədi sakinlərinin vətənpərvərliklərinə heyran qalaraq, hətta, İlhamla Fərizənin məhəbbətlərinin simvola çevrilməsi barədə fikirlərini gənc nəsilə də yetirib: “20 Yanvar o zamankı sovet hakimiyyəti rəhbərlərinin öz vətəndaşlarına qarşı amansız, qeyri-insani münasibəti idi. Keçmiş SSRİ-nin prezidenti M.Qorbaçovun ölkəyə və xalqlara xəyanəti nəticəsində digər müttəfiq respublikalarda da buna oxşar hadisələr baş verdi. Məqsəd məlum idi: xalqlar azadlıq, rəsmi Moskva isə çökməkdə olan imperiyanı qoruyub saxlamaq istəyirdi. Burada, əlbəttə, erməni xəyanətini də unutmaq olmaz. Onu da qeyd edim ki, əgər hadisə baş verdiyi vaxt ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, bu cür qanlı gecəyə aparan yollar bağlanardı. 20 Yanvar şəhidi İlham və onun ölümünə dözməyib iki gün sonra intihar edən həyat yoldaşı Fərizə əbədi məhəbbət simvoludurlar. Yalnız böyük məhəbbət bağları hamilə bir qadını intihara sövq etdirə bilərdi. O gecənin ən böyük əhəmiyyətli nəticəsi isə milli müstəqilliyimizdir. Azərbaycanın bu gün dünyada müstəqil dövlət kimi tanınmasında o gecənin əvəzsiz rolu var”.

Ziyarətçilərin ildən-ilə çoxalması ilə yanaşı, dünyanın bir çox yerlərindən, xüsusən də qardaş Türkiyədən insanların axın-axın gəlmələri heç də təsadüfi deyil. Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən ASKED-in (Avrasya Senet, Kültür ve Edebiyyat Derneyi) bir qrup üzvünün həm ötən ilin may ayında və builki ziyarətdə olmaları, əslində, ulu öndər Heydər Əliyevin “Türkiyə-Azərbaycan: bir millət-iki dövlət” müdrik kəlamına söykənir. Kollektiv halında Şəhidlər xiyabanını ziyarət edənlərin arasında Türk dünyasının tanınmış qələm və söz adamları az deyildi. Savaş Ünal, Gonçe Aydemir, Raifa Serhankızı, Qabil Ədalət, Necibe İlkin, Nazmiyye Hicran, Əli Vahid Çaylı, Elmir Madetoğlu, Zeyneb Derbendli, Aqil Kəngərli, Dilbər Sultanova, Senem Sebayel, Ali Kucuk, Arifa Aslan, Mücella Pakdemir, Mustafa Yılmaz, Ayşegül Dincbaş, Azər Türkoğlu, Gülnarə Sadik, Elli Atayurd, İlqar Türkoğlu və Mayıl Məmmədli də var idi. Qürurverici haldır ki, onların hər biri bu hüzn və matəm libaslı ziyarəti həm də türk xalqlarının milli birliyinin rəmzi sayırlar.

6 saylı Bakı Peşə Məktəbi ilə İncəsənət Gimnaziyasının şagirdləri, “Hədəf” kursunun müdavimləri, Rabitə Kollecinin yataqxanasında məskunlaşan Füzuli rayonunun 47 saylı məcburi köçkün orta məktəbinin, eləcə də YAP Səbail rayon Gənclər Təşkilatının kollektivləri də ziyarətçilərin arasında, xalqımızın hüzn və matəm günlərində birlikdə olmalarından qürur duyduqlarını vurğulayırdılar.

20 Yanvardan ötən 26 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliliyi ilə yanaşı, qəlbləri riqqətə gətirən, gəncliyin yenilməzliyini, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən susdurula bilməməsini görürsən. Əlbəttə, hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik, əyilməzlik dərsi keçir.



Şənbə gecəsi qanla açılsa da, azadlığın şəfəq kimi saçıldığı günə çevrildi. İmperiya cəlladlarının vəhşi simaları xalqımızın məğrurluğu altında əriyib yoxa çıxdı. Tankların, ağır texnikanın altnda xıncım-xıncım olsaq da, qanımıza bələnən hər qərənfildən bir qəhrəmanlıq obrazı boy verdi. Bu hadisə Azərbaycan xalqının iradəsini, yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Tariximizin bu səhifəsi incəsənət əsərlərində öz əksini tapdıqca o, yaddaşlarda daha dərin izlər buraxdı. Qürur və fəxr yerimiz olan Şəhidlər xiyabanı Vətənə, torpağa, anaya, könül sevdasına məhəbbətin ünvanına çevrildi...
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan. - 2016.- 22 yanvar.- S. 9.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə