9. İSTEHLAKÇILARIN MƏSULİYYƏTİ VƏ ONLARA ELEKTRİK ENERJİSİ VERİLİŞİNİN DAYANDIRILMASI ŞƏRTLƏRİ
9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.
9.2. “Elektrik qurğularının texniki istismar qaydaları”nda və “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nda nəzərə alınmamış xüsusi istehsalat şəraitində elektrik qurğuları istismar edildikdə (yeraltı partlayış təhlükəli istehsalatda, elektrikdartıcı qurğular və s.) istehlakçı bu cür elektrik qurğularının istismarı və onlara təhlükəsiz xidmət üzrə təlimatlara malik olmalıdır.
9.3. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent aşağıdakıları yerinə yetirməlidir:
9.3.1. ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə;
9.3.2. qəza zamanı enerjisistemdə yük çıxarıldıqda məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə;
9.3.3. enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, avtomat və qoruyucu qurğulara qoyulmuş işləmə hədlərinə (ustavka) riayət etməyə, ehtiyatın avtomatik qoşulması qurğularının quraşdırılmasını enerjitəchizatı müəssisəsilə razılaşdırmağa, onlarda müəyyən olunmuş müddətlərdə profilaktik sınaq və sazlama işlərini aparmağa;
9.3.4. enerjitəchizatı müəssisəsinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tələbinə əsasən istehlakçının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa;
9.3.5. “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki-nəzarət uçotunu təşkil və istismar etməyə;
9.3.6. elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə;
9.3.7 qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə;
9.3.8 elektrik enerjisi istehlakı rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaət ilə istifadəsinə, elektrik təsərrüfatının texniki vəziyyətinə və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsitələri əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə;
9.3.9. elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə. [30]
9.4. İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir.
9.4. İstehlakçının elektrik verilişi xətlərindən, paylayıcı qurğularından və transformator yarımstansiyalarından enerjitəchizatı müəssisəsinin başqa istehlakçılarına tranzitlə elektrik enerjisi ötürüldükdə, onların təmirə çıxarılması, həmçinin göstərilən elektrik qurğularının təmirdən sonra şəbəkəyə qoşulması yalnız enerjitəchizatı müəssisəsinin icazəsi ilə yerinə yetirilir.
9.5. İstehlakçı “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, həm-çinin kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir.
9.7. İstehlakçı ərazisindəki yarımstansiyaların enerjitəchizatı müəssisəsinə aid tranzit hissəsində operativ əməliyyatlar, şəbəkədə tikinti və təmir işləri aparmaq üçün enerjitəchizatı müəssisəsinin elektrotexniki heyətinin bu qurğulara buraxılmasını təmin etməyə borcludur. İşlər başa çatdıqda enerjitəchizatı müəssisəsi öz hesabına işlər aparılmış əraziləri və tikililəri lazımi vəziyyətə gətirməyə borcludur.
9.8. İstehlakçı (məişət abonenti istisna olmaqla) aşağıdakı məlumat və hesabatlan təqdim etməyə borcludur:
9.8.1. hesabat vermə qaydalarına uyğun olaraq, təsdiq olunmuş formalarla müəyyən edilmiş müddətlərdə elektrik enerjisinin sərfi, elektrik enerjisinin sərfi normalarının yerinə yetirilməsi və başqa göstəricilər haqqında enerjitəchizatı müəssisəsinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə hesabat verməyə;
9.8.2. enerjitəchizatı müəssisəsinin və ya Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tələbilə, enerjitəchizatı müəssisəsindən alınmış, subabonentlərə ötürülmüş elektrik enerjisinin miqdarını hesablayan elektrik sayğaclarının (uçot sistemlərinin) göstərişlərinin hər bir hesablaşma dövrünün sonuncu günündə 24 saatlıq qeydiyyatını aparmağa, nəticələri barədə enerjitəchizatı müəssisəsinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə məlumat verməyə;
9.8.3 ildə iki dəfədən az olmayaraq, xarakterik yay və qış iş günlərində, aktiv və reaktiv elektrik enerjisinin sərfi qrafiklərini enerjitəchizat müəssisəsinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə təqdim etməyə;
9.8.4. enerjitəchizatı müəssisəsinə gələn il üçün elektrik enerjisinin sərfi üzrə sifarişlər verməyə;
9.8.5. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və enerjitəchizatı müəssisəsinin rəsmi tələbi ilə aktiv və reaktiv elektrik enerjisinin gündəlik və aylıq sərfini, enerjisistemin maksimal və minimal yük saatlarında hər 30 dəqiqədən bir aktiv və reaktiv elektrik enerjisi sərfini hesablamağa və məlumat verməyə.
Elektrik enerjisinin gündəlik sərfinin və faktiki yüklərin (aktiv və reaktiv) qeydiyyatı nömrələnmiş və qaytanlanmış jurnalda aparılmalıdır.
9.9. İstehlakçı qidalandırıcı elektrik veriliş xətlərinin açılması, elektrik qurğularının və avadanlığın zədələnməsi ilə əlaqədar baş vermiş qəzalar, yanğınlar, həmçinin elektrik cərəyanının təsirindən insanların xəsarət alması haqqında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə məlumat verməlidir.
9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
9.11. İstehlakçıya elektrik enerjisinin verilişi və fasilələr elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onun enerjitəchizatı etibarlığının kateqoriyasına uyğun həyata keçirilir.
Elektrik enerjisi istehlakının məhdudlaşdırılması, həmçinin istehlakçının yük qrafikinin tənzimlənməsi üzrə tədbirlər bu Qaydalara və müvafiq təlimata uyğun həyata keçirilir.
9.12. Enerji Məsələlərini Tənzimləmə Agentliyi üç gün əvvəl rəsmi xəbərdar etməklə, aşağıdakı hallarda istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir:
9.12.1. istehlakçının elektrik qurğularının qeyri-kafi vəziyyəti qəza, yanğınların baş verməsinə, elektrotexniki heyətin, əhalinin həyatı üçün təhlükə yaratdıqda;
9.12.2. müəyyən edilmiş elektrik enerjisi sərfi rejimlərini pozduqda;
9.12.3. elektrik enerjisindən israfçılıqla və səmərəsiz istifadə etdikdə;
9.12.4. enerjitəchizatı müəssisəsinin və ya digər istehlakçının elektrik şəbəkəsinə özbaşına elektrikqəbulediciləri qoşduqda, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş göstəricilərdən artıq şəbəkəyə güc qoşduqda;
9.12.5. elektrikqəbulediciləri sayğacdan kənar elektrik şəbəkəsinə qoşduqda və ya elektrik enerjisi uçotunun sxemini pozduqda;
9.12.6. elektrik qurğularına xidmət üçün elektrotexniki heyət olmadıqda;
9.12.7. istehlakçının təqsirindən enerjitəchizatı müəssisəsinin və ya başqa istehlakçıların elektrik qurğularının normal fəaliyyətini pozan göstəricilərə qədər elektrik enerjisinin keyfiyyətini aşağı saldıqda;
9.12.8. elektrik qurğularındakı pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tələbləri vaxtında yerinə yetirilmədikdə;
9.12.9. istehlakçının (məişət abonenti istisna olmaqla) elektrik qurğularına və ya elektrik enerjisinin uçot cihazlarına Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələri buraxılmadıqda.
9.13. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər:
9.13.1. istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
9.13.3. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
9.13.4. enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
9.13.5. məhkəmənin qərarı ilə;
9.13.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. [31]
İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. [32]
Qeyd. Məişət abonenti hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrini buraxmadıqda qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
9.13-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. [33]
9.14. Ehtiyat qida mənbəyi olmadıqda, plan üzrə təmir işlərinin aparılması və yeni elektrik qurğularının qoşulması üçün istehlakçının elektrik şəbəkəsindən açılmasının sayı və müddəti enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasındakı elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilir. Bu məqsədlər üçün elektrik enerjisi verilişində fasilələrin dəqiq tarixini (sutkanı və saatını) razılaşdırmaq üçün enerjitəchizatı müəssisəsi üç sutka əvvəl istehlakçını nəzərdə tutulmuş açılma haqqında xəbərdar etməlidir.
İstehlakçı xəbərdarlıq aldıqdan sonra bir sutka müddətində elektrik enerjisi verilişində fasilələrin vaxtını razılaşdırmadıqda, enerjitəchizatı müəssisəsi bu vaxtı özü müəyyən edə bilər. Elektrik enerjisinin fasilələri imkan daxilində istehlakçının iş vaxtından kənar vaxtlarda, onu açılmaya qədər 24 saat əvvəl xəbərdar etməklə aparılmalıdır.
9.15. Qəzaların qarşısının alınması və ya ləğv edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə sonradan istehlakçıya açılmanın səbəbləri haqqında məlumat verməklə, enerjitəchizatı müəssisəsi istehlakçının (açılması insan həyatı üçün təhlükə yaradan, partlayışa, yanğına, məhsulun kütləvi zay olmasına, mürəkkəb texnoloji proseslərin pozulmasına və s. səbəb ola bilən elektrik qurğuları istisna olmaqla) elektrik qurğularını elektrik şəbəkəsindən açmaq hüququna malikdir.
9.16. İstehlakçı, müvafiq təlimata uyğun olaraq enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı və ya qəza vəziyyəti ilə əlaqədar tətbiq edilən məhdudiyyət və birbaşa açılma qrafiklərinə əməl etməlidir.
9.17. Büdcədən maliyyələşdirilən istehlakçı tərəfindən elektrik enerjisinin alqı-satqı müqaviləsindəki sərfiyyat göstəricilərindən artıq elektrik enerjisi sərf etdiyi hallarda, enerjitəchizatı müəssisəsi bu Qaydalara uyğun olaraq üç gün əvvəl xəbərdar etməklə ona artıq istifadə edilmiş elektrik enerjisi tam kompensasiya olana qədər məcburi məhdudlaşdırma tətbiq etmək hüququna malikdir.
9.18. Enerjitəchizatı müəssisəsinin yükün azaldılması haqqında verdiyi məhdudiyyət tələblərini istehlakçı şərtsiz və dərhal yerinə yetirməlidir. Enerjitəchizatı müəssisəsinin yükün azaldılması üzrə tələbi on dəqiqə ərzində yerinə yetirilməzsə, enerjitəchizatı müəssisəsi xəbərdar etdikdən sonra istehlakçını şəbəkədən tam və ya qismən aça bilər. Elektrik enerjisi təchizatında fasilələr yolverilməz olan istehlakçıların (insan həyatına, partlayışa, yanğına təhlükə yaranması, məhsulun kütləvi zay olması, mürəkkəb texnoloji proseslərin pozulması və s.) şəbəkədən açılmasına icazə verilmir.
9.19. İstehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır.
9.20. İstehlakçı aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır:
9.20.1. fors-major hadisə ilə əlaqədar;
9.20.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar.
9.21. İstehlakçının təqsirindən enerjitəchizatı müəssisəsi ilə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsi hallarında istehlakçı onun qidalandığı elektrik qurğusuna hesablaşma dövründə buraxılmış elektrik enerjisinin keyfiyyəti aşağı düşmüş hissəsinin dəyərinin 25 faizi miqdarında enerjitəchizatı müəssisəsinə ödəniş ödəyir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən enerjitəchizatı müəssisəsinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.) istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisə-si qarşısında maddi məsuliyyət daşıyır.
9.22. Elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsinə təqsirkar tərəf və aşağı keyfiyyətli elektrik enerjisi ilə (faizlə ölçmənin müddətinə) işləmə müddəti “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun olaraq, statistik və ya qeydedici cihazların ölçülərinin nəticələri ilə müəyyənləşdirilir. Ölçülərin nəticələri enerjitəchizatı müəssisəsinin, istehlakçının və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələrinin tərtib etdiyi aktla rəsmiləşdirilir.
Dostları ilə paylaş: |