Çexoslovakiya 1970-1980-ci illərdə. “Məxməri” inqilab
1969-cu ilin ikinci yarısından başlayaraq iqtisadiyyatın mərkəzləşdirilmiş idarəçilik metodlarına keçildi. Dövlət büdcəsinin formalaşdırılması haqqında xüsusi qanun qəbul edildi. 70-ci illərin birinci yarısında qiymətlər donduruldu, həmçinin güzəştli qiymətlərlə Sovet kreditləri, xammalı və materialları alındı. Nəticədə 1971-1975-ci illəri əhatə edən beşillik sosializm quruculuğu bütün dövrünün ən uğurlu beşilliyi oldu. Əhalinin real gəliri 28 faiz artdı, zəhmətkeşlərin orta əmək haqqı yüksəldi. 1971-ci ildə ÇKP-nin XIV qurultayında işlənilmiş sosial proqrama uyğun olaraq, analara verilən müavinət xeyli artırıldı, gənc ailələrə güzəştli istiqrazlar və uşaq doğularkən yardım verilməsi qərarı qəbul olundu. Bütün bu tədbirlər 1973-1975-ci illərdə əhalinin xeyli artmasına şərait yaratdı. 1976-cı ildə pensiya təminatı haqqında qanun qüvvəyə mindi ki, qanuna əsasən 3 milyondan çox adamın təqaüdü artırıldı.
İqtisadiyyata rəhbərlikdə planlaşdırma pinsiplərinə qayıdılması 70-ci illərdə çoxlu vəsaitin bir sıra obyektlərin tikintisinə yönəltmək imkanı verdi və 70-ci illərdə Çexoslovakiyada inkişaf etmiş sosializm quruculuğunun simvoluna çevrilmiş bir sıra obyektlərin tikilməsi ilə nəticələndi. Bunlara misal olaraq Praqa-Brno-Bratislava avtomagistralını, Praqa metrosunun birinci növbəsini, Praqa mədəniyyət sarayının tikintisini, Bratislav qradının yenidən qurulmasını, Dünay çayı üzərində Bratislavaya gedən körpünün salınmasını göstərmək olar.
1976-cı il məlumatına əsasən Çexoslavakiyada kənd təsərrüfatının 94 faizi sosialist bölməsinin payına düşürdü. Ölkənin kənd təsərrüfatı sahəsində 213 dövlət müəssisəsi, iki mindən çox kooperativ tipli kənd təsərrüfatı istehsal birlikləri mövcud idi. Bunların sayəsində 1976-cı ildə ölkənin kənd təsərrüfatı istehsalı həcmi müharibədən əvvəlki səviyyədən 36, o cümlədən heyvandarlıq məhsulları 66 faiz artmışdır. Ümumən ölkənin kənd təsərrüfatı ərzaq ehtiyacının təqribən 85 faizini ödəmək gücündə idi. 1960-1975-ci illərdə ölkədə milli gəlir iki dəfə artmışdır. ÇSSR-in dövlət və kooperativ bölmələrində çalışan fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 1960-cı ildə 1365, 1970-ci ildə 1937, 1975-ci ildə isə 2304 kron olmuşdur.
Lakin 70-ci illərin sonlarında yenidən iqtisadi inkişafda çətinliklər özünü göstərməyə başladı. 80-cı illərdə Çexoslovakiyanın Qərb ölkələri ilə müqayisədə texniki geriliyi göz qabağında idi. Sosialist ölkələrinin müəssisələri ilə tərəfdaşlıq münasibətlərinin etibarlı olmaması istehsal olunan məhsulların maya dəyərinin artmasına, dünya bazarlarında rəqabət qabiliyyətinin aşağı düşməsinə səbəb olurdu. Milli gəlirin artım sürətinin aşağı düşməsinə baxmayaraq ölkə hələ də həyat şəraitinin səviyyəsinə görə sosialist ölkələri arasında ADR-dan sonra ikinci yeri tuturdu.
70-ci illərdən, daha dəqiq desək ÇKP MK-nın 1969-cu il aprel plenumundan sonra ictimai həyatın bütün sahələrində keçmiş idarəçilik metodlarının zorla bərpası baş verdi. 60-cı illərin Çexoslovakiya böhranını yaradan səbəblər inzibati yolla aradan qaldırıla bilməzdi. Struktur dəyişikliklərini həyata keçirmək lazım idi, lakin bunun üçün partiya və dövlət rəhbərliyində nə siyasi iradə, nə də anlaşıqlıq var idi. Başlıca vəzifə mövcud rejimi saxlamaq və möhkəmləndirmək idi. “Normallaşma” prosesində “praqa baharı” dövründə özünün fallığı ilə seçilən humanitar ziyalılar daha çox ziyan gördü, onların çoxu tutduğu vəzifəni və əsas işini itirdi. Xaricdən ölkələrinə müdaxiləni qardaş köməyi hesab etməyənlər də ziyan çəkdi. Lakin Çexoslovakiya şəraitində Q.Qusakın özünün də bilavasitə qurban olduğu 50-ci illərin sərt repressiya tədbirlərinə qayıtmaq mümkün deyildir.
SSRİ-nin aşkarlıq və yenidənqurma dövrünə qədəm qoyması ilə ÇSSR-in ictimai və siyasi həyatında durğunluq ab-havası dəyişməyə başladı. Qonşu Macarıstanda uğurla həyata keçirilən iqtisadi islahat böyük maraq doğurdu. Çexoslovakiya ictimaiyyəti M.Qorbaçovun ölkəyə səfəri ilə əlaqədar və M.Yakeşin 1987-ci ilin sonunda ÇKP MK-nın birinci katibi seçilməsindən sonra siyasi həyatın demokratikləşəcəyinə böyük ümid özünü doğrultmadı.
80-cı illərin sonlarına yaxın “Xartiya-77”-nin ətrafında toplaşan müxtəlif qeyri-formal təşkilatların sayı artdı. 1989-cu ilin əvvəllərində onların sayı 35-i keçmişdir. Dövlətin kilsə siyasətinə qarşı kardinal Tomaşek tərəfindən dəstəklənən etiraz kampaniyası keçirildi. Dindarların konstitusiya hüquqlarına hörmətlə yanaşmağı tələb edən petisiyaya 600 min adam imza atdı. Həmçinin V.Qavelin də azad olunması uğrunda imzalar toplanmağa başlandı.
17 noyabr nümayişləri Çexoslovakiyada “məxməri”, yaxud “zərif’ adı almış inqilabın başlanğıcını qoydu. İlk əvvəl onun iştirakçıları son dərəcə dinc yolla hərəkət edən tələbələr idi. Onlar hökumət binalarını və ÇKP-nin obyektlərini tutmağa təşəbbüs etmirdilər, polislə toqquşmadan qaçırdılar. Praqanın iri müəssisələri tələbələri müdafiə edirdilər. Bir çox qəzet demokratik hərəkatın tərəfinə keçdi.
İnqilabın beyin mərkəzi olan Vətəndaş Forumu qısa müddətdə ÇKP-nı mövqeyindən sıxışdıra bildi. Bir milyondan çox üzvü olan partiyanın siyasi mübarizə aparmağa qabiliyyəti olmadığı məlum oldu, partiya-dövlət aparatı iflic olmuşdu. Vətəndaş Formunun qoyduğu məqsəd — cəmiyyəti demokratizmə və humanizmə qaytarmaq, ölkədə çox geniş müdafiə olundu. 1989-cu il noyabrın 21-də Federal hökumətin sədri L.Adametslə “Vətəndaş For-mu”nun (VF) sədri V.Qavel arasındakı danışıqlarda qərara alındı ki, ziddiyyəti demokratik yolla həll etsinlər.
Dostları ilə paylaş: |