Qərbi azərbaycanlı soydaşlarımız torpaq, yurd nisgilinə birdəfəlik son qoyulacağına əmindirlər
1988-ci ilin sonları.... Bugünkü orta və yaşlı nəslin yaxşı xatırladığı günlər. Qədim oğuz torpağında humanizm göstərərək uzun illər əvvəl yer verdiyimiz, sonradan burada məskunlaşaraq özlərinin qondarma dövlətini quran, bu torpaqlarda at oynadan vandalların “böyük Ermənistan” yaratmaq xülyasını gerçəkləşdirmək üçün orada yaşayan azərbaycanlıları sıxışdıraraq dədə-baba yurdlarından qovmasını qoca dünya görmürdü sanki.
Ən acınacaqlı hallardan biri ölkəmizdə rəhbərlikdə olanların şəxsi ambisiyaları, Moskva qarşısında itaət göstərmələri və buna görə onlar da İrəvanda baş verənləri “görməmələri” idi. Bir neçə ay davam edən bu “görməzliklər” qədim oğuz yurdunun aborigen sakinlərinin axırıncı nəfərinədək ordan çıxarılmasını “təmin etdi”. Beləliklə, 250 min azərbaycanlı vəhşicəsinə Qərbi Azərbaycandan qovuldu.
Oradan gələnlərə ilk qucaq açanlardan biri də Naxçıvan oldu. Bu qədim yurd yerinə pənah gətirmiş soydaşlarımızı Naxçıvan böyük mehribanlıqla qarşıladı, qara günün ömrü az olar, – deyib öz qoynunda onlara yer verdi...
...35 il keçir o prosesin başlamasından. Bir qərinədən artıq bu zaman kəsiyində çox sular axıb, çox sular durulub, lakin nədənsə dünya yenə də bunu görmür... 35 il ərzində tarixi həqiqətləri ən uca tribunalardan bəyan edən dövlətimiz bu müddətdə çox şeylərə nail olub. Güclü ordu və iqtisadiyyat formalaşdırıb, mənfur ermənilərin tapdağında olan Qarabağı azad edib. 44 gün ərzində dünya bunu görə bildi. Ancaq yenə də erməni havadarları haqq işimizə qara ləkə yaxmaq istəyindən əl çəkmirlər.
Bu gün ölkəmizin ictimai-siyasi həyat gündəmində dayanan məsələlərdən biri də Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtma məsələsidir. Bununla bağlı olaraq “Şərq qapısı” qəzetinin əməkdaşları muxtar respublikamızda məskunlaşmış Qərbi Azərbaycandan gəlmiş soydaşlarımızla görüşür, onlarla həmsöhbət olurlar.
Kəngərli rayonunun Çalxanqala kəndində yaşayan, buradakı məktəbdə riyaziyyat müəllimi işləyən Çərkəz Qalayev də onlardan biridir. Çərkəz müəllimin tərcümeyi-halı barədə qısa məlumat verərək bildirim ki, müsahibim 1962-ci ildə Vedi rayonunun Şidli kəndində anadan olub. Naxçıvan Dövlət Universitetini (ovaxtkı Akademik Yusif Məmmədəliyev adına NDPİ) bitirib. Vedi rayonunun Şirazlı kəndində müəllim işləyib. Müsahibimin söhbəti:
– Qərbi Azərbaycandan zorla çıxarılanda 26 yaşım varıydı. Naxçıvana gəlməyi ona görə seçdim ki, bunu həm öz yerlilərim istəyirdilər, həm də Naxçıvanda ali təhsil aldığım müddətdə bu qədim diyarın insanlarını yaxından tanımışdım. Bura üz tutduq, bizi öz əzizləri kimi qəbul etdi naxçıvanlılar. Ancaq doğulub boya-başa çatdığımız torpağın ətri üçün indi də burnumuzun ucu göynəyir. Bu ağrını məhz naxçıvanlıların bizə olan doğma münasibəti sakitləşdirir. Ancaq Vətən Vətən olaraq qalır...
Burada yadıma ölkə Prezidenti cənab İlham Əliyevin Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə dedikləri düşür: “1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir.
Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir”.
Çərkəz müəllimin ölkəmizdə bu istiqamətdə gedən hadisələrə münasibətini bilmək istəyirəm. Deyir ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətini gücləndirmək, bir sıra taleyüklü məsələləri birlikdə həll etmək, layihələr hazırlamaq məqsədilə icmaya verilən qərargahda ölkə başçısı cənab İlham Əliyevin söhbəti hər birimizi gələcəyə böyük ümidlərlə baxmağa bir daha ruhlandırdı. Bu ümidlər qüdrətli Azərbaycan Ordusunun erməni vandalları üzərində qazandığı Şanlı Qələbədən sonra yaranıb. Biz elə 10 noyabr Bəyanatından sonra inandıq ki, “Dəmir yumruq” bu məsələni də gec-tez həll edəcək, hər bir azərbaycanlı qaçqının ürəyindən torpaq, yurd həsrəti götürüləcək. O günün uzaqda olmadığını deyən həmsöhbətim bildirir ki, bizə burada hərtərəfli şərait yaradılıb. Bu gün Çalxanqala buraya gələnlərdə, kəndi görənlərdə qəsəbə təəssüratı yaradır. Yollarımız ən müasir üslubda yenidən qurulub. 270 şagirdin təhsil aldığı 360 şagird yerlik məktəb binası Naxçıvan şəhərindəki məktəblərin binası ilə eynidir. Xidmət və kənd mərkəzləri, uşaq musiqi məktəbi də eləcə. Hər birimiz torpaq sahəsi ilə təmin olunmuşuq. 37 qaçqına isə yeni evlər tikilib. Rastlaşdığımız hər bir çətinlik yerindəcə həll edilir. 5 övladım var. Hamısını boya-başa çatdırıb, ev-eşik sahibi etmişəm. Elə mənim kimi digər həmyerlilərim də. Onu da deyim ki, Çalxanqalanın məhsuldar torpaqları, iqlim şəraiti burada kənd təsərrüfatının bir sıra sahələrini inkişaf etdirməyə imkan verir.
Burada doğulub boya-başa çatan gənclər barədə soruşuram.
– Onlar Qərbi Azərbaycanı görməsələr də, həm evlərdə, həm məktəbdə onlara yaşanmış həqiqətlər barədə ətraflı məlumat verilir ki, tariximizi yaxşı bilsinlər, dost ilə düşməni tanısınlar, öz gələcək həyat yollarında atacaqları addımları indidən müəyyənləşdirsinlər. Bunun üçün məktəbdə sinifdənxaric və məktəbdənkənar tədbirlərin bir hissəsi tariximizə, onun qaranlıq qalmış və təhrif edilmiş səhifələrinə həsr olunur.
Çərkəz müəllimlə söhbətdə bir qənaəti təsdiq etdim ki, ölkəmizin apardığı siyasəti ürəkdən dəstəkləyir, Azərbaycan Prezidentinin tutduğu yolun xalqımıza daha firavan gələcəyi üçün olduğunu, müstəqilliyimizin və dövlətçiliyimizin əbədiliyinə hesablandığını yaxşı dərk edirlər. Onlar inanırlar ki, Qərbi Azərbaycan məsələsinin həlli xalqımızın birliyindən asılıdır. II Qarabağ müharibəsində gördüyümüz dövlət-xalq birliyini davam etdirməliyik ki, qarşıya qoyduğumuz məqsədə nail olaq. “Dəmir yumruq” yerindədirsə, bu heç də çətin deyil.