Narkomanlıq-xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və ya fiziki asılılıqla ifadə olunan xəstəlikdir.
Psixi asılılıq sindromuna narkotik vasitələrə psixi (obsessiv) meyilin olması və intoksikasiya zamanı psixi komfortun əldə olunması aiddir. Psixi meyil daimi narkotik haqqında fikirlər, narkotik qəbulu zamanı əhval-ruhiyyənin artması, əks halda isə narazıçılıq, əzginlik hissi ilə müşahidə olunur. Meyil xoşagəlməz həyəcan, narkomanlarla görüş, narkotiklər haqqında söhbət etdikdə güclənir.
Qeydə alınmış narkomanların yaş qruplarına nəzər saldıqda isə görərik ki, onların 4 nəfəri (narkomanların ümumi sayında xüsusi çəkisi 0,01%) 15-17 yaş, 1344 nəfəri (4,74%) 18-24 yaş, 3893 nəfəri (13,72%) 25-29 yaş, 4147 nəfəri (14,61%) 30-34 yaş, 4296 nəfəri 35-39 yaş, 3415 nəfəri (12,03%) 40-44 yaş, 3023 nəfəri (10,25%) 45-49 yaş, 2531 nəfəri ( 8,92%) 50-54 yaş, 2227 nəfəri (7,85%) 55-59 yaş, 2014 nəfəri (7,09%) 60-64 yaş, 1482 nəfəri (5,32%) isə 65 və daha yuxarı yaşda olan şəxslər təşkil etmişdir.
Narkomaniya bəşəriyyətin 18-30 yaş aralığında ən qorxulu və təhlükəli bəlasına çevrilib. Eyni zamanda, bəşəriyyətin ən qorxulu xəstəliklərinin mənbəyi də elə narkomaniyadır. Qorxulu, ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, Sibir meşələrindəki bataqlıqlara bənzəyir ki, orada yaşayan heyvanlar o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma, əksinə, hər hərəkətində daha da batır. Bu da elə bir şeydir. Narkotikadan istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil. Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. O bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə bu bataqlıqda məhv olub gediblər.
Narkotik, ilk növbədə, narkomanın sağlamlığına ziyan vurur. Narkomaniyaya aludəçilik orqanizmin zəifləməsi, bədənin arıqlaması və fiziki gücün düşməsi ilə nəticələnir. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomaniyanın yaratdığı ən geniş yayılmış xəstəlik "Hepatit B"dir ("Hepatit B" xəstəliyi qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir). Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsi ilə daxil olur və vena vasitəsi ilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşır. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də "HİV" və "QİÇS" xəstəliyinə.
Narkomaniyanın ictimai təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasında, onlarda ruh düşgünlüyünün, intellektual səviyyənin, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasındadır. Narkotiklərdən istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin, o cümlədən cinayət əməllərinin törədilməsi hallarına tez-tez rast gəlmək olur. Buna görə də narkomaniyanı kriminogen amil hesab etmək olar. Narkotik vasitələrin qəbuluna ehtiyac gücləndikcə, onun davranışının kriminal səbəbi artır. Narkomanın eqoizmi, onun bütün niyyət və hərəkətləri hər hansı bir yolla onun üçün zəruri olan narkotik dozanın əldə edilməsinə yönəldilir və onu hüquqazidd hərəkətlərə sövq edir. Bu halda narkomaniyanın xüsusi təhlükəliliyi narkotiklərdən istifadənin yalnız şəxsiyyəti məhv etməsindən deyil, həmçinin narkomaniyanın özünün cinayətlər törədilməsinin səbəblərindən biri kimi çıxış etməsindən ibarətdir.
İlk növbədə, insanın psixikasına narkotiklərin dağıdıcı, pozucu təsiri çox zaman güclü qısqanclıq, seksual patologiya doğurur ki, bu da bir sıra hallarda zorlamaya gətirib çıxarır. Bir çox hallarda qadın narkomanların özləri seksual manyakların, digər cinayətkarların qəsd obyektlərinə çevrilirlər.
BMT-nin ekspertləri tərəfindən hazırlanmış narkotiklər haqqında ümumdünya məruzəsinə əsasən, 2021-ci ildə qadağan edilmiş narkotikləri azı bir dəfə qəbul edən şəxslərin sayı 230 mln-a yaxın, yəni planetin əhalisinin 5%-ə ( 15-64 yaş arasında olan) qədər olmuşdur. 2019-cu ildə il ərzində 125 milyondan 203 milyona qədər insan azı bir dəfə kannabis və onun törəmələrini qəbul etmişdir. Bu da yaşı 15-64 arasında olan yer kürəsi əhalisinin 2,8-4,5 faizini təşkil edir. Problemli narkoistehlakçıların, yəni heroin və kokain asılılığından əziyyət çəkənlərin sayı 27 mln nəfər, yəni dünyada 15-64 yaş həddində olan əhalinin 0,6%-ni təşkil etmişdir. BMT-nin narkotiklərlə və cinayətkarlıqla mübarizə üzrə idarəsinin məlumatlarına görə hər il dünyada narkotik vasitələr və psixotrop maddə istehlakçılarının sayı orta hesabla 15 mln artdığı da göstərilir.
Statistik rəqəmlər son illərdə Azərbaycanda narkomaniyanın və narkocinayətkarlığın vəziyyəti və dinamikasında artımın müşahidə olunduğunu göstərir. Respublikamızda narkomaniya və narkobiznesin yayılmasına qarşı görülən qətiyyətli tədbirlərə baxmayaraq, bu sahədə əməliyyat şəraiti, mövcud kriminogen durum hələ də mürəkkəb olaraq qalmaqdadır.
Azərbaycanda 2020-ci il daxil olmaqla Narkoloji Dispanserdə qeydiyyata alınan narkomanların sayı 34115 nəfər olmuş, onların da 539 nəfərini, yəni 1,9%-ni qadınlar təşkil etmişdir. Narahatlıq doğuran amillərdən biri də ölkədə toksikomanlar qrupunun yaranmasıdır. Belə ki, göstərilən müddətdə toksikoman diaqnozu ilə 130 nəfər qeydə alınmışdır.
Narkomaniyaya qarşı mübarizə tədbirləri nə qədər gücləndirilsə də o, yoluxucu xəstəlik kimi yayılmaqda davam edir. Qeyd edilməlidir ki, respublikamızda narkomaniya ilə mübarizə sahəsində heç də az iş görülməmişdir, lakin bununla qətiyyən kifayətlənmək və arxayınlaşmaq olmaz. Cəmiyyətimizin, ayrı-ayrı ictimai birlik və təşkilatların ən müxtəlif dövlət strukturlarının, xüsusən də hüquq-mühafizə orqanlarının bu istiqamətdə səylərinin birləşdirilməsi və gücləndirilməsi əsas amildir.
Çünki yerləşdiyi geosiyasi məkana görə narkobizneslər Azərbaycana daha çox meyillidirlər. Onlar ölkəmizi narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün münasib dəhliz hesab edirlər. Odur ki, bu cür cinayətkarlığa qarşı mübarizə gündən-günə daha təsirli, peşəkar aparılır. Hüquq-mühafizə orqanlarının keçirdikləri uğurlu əməliyyatlar daim ictimaiyyətə açıqlanır.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi narkotik vasitələr sahəsində ən müasir avadanlıqla təchiz edilmiş, elm və texnikanın son nailiyyətlərinin və yeni texnologiyaların tətbiqi nəticəsində hər il məhkəmə və istintaq orqanlarının yüzlərlə sualı cavablandırılır.
Regionlarda fəaliyyət göstərən məhkəmə və hüquq-mühafizə orqanlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ekspertizasının keçirilməsində rastlaşdıqları çətinlikləri aradan qaldırmaq, onların həmin xidmətlərə əlçatanlığını asanlaşdırmaq və bu işdə operativliyi təmin etmək məqsədilə nazirliyin Ekspertiza Mərkəzinin Gəncə, Şirvan və Şəki regional bölmələri yaradılmışdır. Yeni bölmələr ixtisaslı kadrlarla komplektləşdirilmiş və müasir avadanlıqlarla təchiz edilmişdir.
Bundan başqa, narkotik vasitələrin tərkibində olan kənar qarışıqların tədqiqi üsulları, narkotiklərin ekspert tədqiqatının elmi-metodiki və prosessual əsasları, beynəlxalq nəzarətdə olan narkotik vasitələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin diaqnostikası və müasir tədqiqat üsulları, yüngül təsirə malik olan narkotik bitkilərin tədqiqat metodikası, amfetamin sırasına aid olan stimuləşdirici və yeni psixoaktiv maddələrin tədqiqi, bitki mənşəli narkotik vasitələrin məhkəmə ekspertizasının bəzi xüsusiyyətləri və digər mövzularda elmi-tədqiqat işləri yerinə yetirilmişdir.
Müasir dünyada narkomaniya ona qarşı yeni mübarizə üsullarının yaranmasından daha sürətlə yayılır. Buna görə də bu bəla ilə sistematik profilaktik mübarizə aparılması çox vacibdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev demişdir: “Coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq, elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki, narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir”.
Göründüyü kimi, bütün hallarda narkomaniya və narkobiznes təhlükəli cinayətlərdir. Odur ki, buna qarşı ümummilli mübarizə mütləq lazımdır. Bu mübarizə həyatımızı, gələcəyimizi, sərvətimizi, sağlamlığımızı, dövlətçiliyimizi qorumağa xidmət edir.
Dostları ilə paylaş: |